Məhkəmə qərarları › İş №1(006)-433/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-433/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-433/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Baxçalı evlər massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,165 qram təşkil edən narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 17 may 2021-ci il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 30/14 saylı ünvanın qarşısında olarkən özünü şübhəli apardığından Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin 01 ədəd sellofan bükümdə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iki ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 17 narkotik vasitə olan heroini 17 may 2021-ci il tarixdə, saat 15 radələrində “Papanin” adlanan ərazidən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manata almış, həmin narkotik vasitəni aldıqdan sonra onu yaşadığı evə gətirmişdir. Daha sonra isə 18 may 2021-ci il tarixdə, saat təxminən 11 radələrində həmin narkotiki əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoyub bayıra çıxmış və tanışı Kamranla saat təxminən 12 radələrində 3-cü mikrorayon bazarı tərəfdə görüşmüşdür, məqsədi onunla biraz gəzdikdən sonra təklikdə narkotik vasitədən istifadə etmək olmuşdur. Lakin həmin vaxt qəflətən onlara mülki geyimdə iki nəfər şəxs yaxınlaşmış və onlara xidməti vəsiqəni göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə həmin polis əməkdaşlarından biri ona “siz narkotik vasitənin qanunsuz əldə edilib istifadə edilməsində şübhəlisiz,” demiş, o da polis əməkdaşlarına narkotik vasitədən istifadə etməsini səmimi etiraf etmişdir. Kamran da həmçinin səmimi etirafını etmişdir. Bundan sonra polis əməkdaşları onlara Nəsimi RPİ-nin 20-ci PB-yə gedəcəklərini bildirmişlər. Onlar da buna etiraz etməyərək həmin bölməyə gəlmiş, oraya gəldikdən sonra onu Kamrandan ayrı bir otağa salmış, ona hüquq və vəzifələrini izah etmiş, daha sonra isə ona müdafiəçi dəvət etmişlər. Müdafiəçi gəldikdən sonra polis əməkdaşları ona videoçəkilişlə onun üzərinə baxış keçiriləcəyini bildirmiş, o da buna etiraz etməmiş və polis əməkdaşlarının və çəkiliş aparan şəxsin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşlarının, onun və mütəxəssisin anket məlumatları soruşulmuş, daha sonra hüquqları və vəzifələri elan edilmiş, ona üzərində qanunsuz əşya varsa təqdim etməyini demişlər. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitəni çıxarıb stolun üzərinə qoymuşdur. Bununla bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokola imza etmişlər. Eyni zamanda götürülmüş narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Ona sonradan məlum oldu ki, üzərindən götürülmüş maddə 0,165 qram narkotik vasitə heroindir. Daha sonra özünü təqsirli bilməsini, ailəli olmasını, hazırda məhkumluğunun olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1 öz ifadəsində göstərmişdir ki, 17 may 2021-ci il tarixdə saat 12:30 radələrində Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 30/14 saylı ünvanda baş verən oğurluq hadisəsi ilə bağlı o və əməliyyat müvəkkili Şahid2 həmin ünvanda olarkən iki nəfər şəxsin özünü şübhəli apardığını görüb onlara yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, onlarla söhbət zamanı həmin şəxslərin narkotik vasitə istifadəçisi olduğunu və üzərlərində narkotik vasitə olduğunu müəyyən etmişlər. Bundan sonra onlar həmin şəxsləri Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmiş və onlar da bundan imtina etməyərək bölməyə gəlmişlər. Həmin şəxsləri onlar bölmədə ayrı xidməti otaqlara salmışlar, onlara dövlət hesabına müdafiəçi təqdim edilmiş, videoçəkilişdən istifadə edilməklə üzərlərinə baxış keçiriləcəyi bildirilmişdir. Həmin şəxslər: Təqsirləndirilən şəxs və Şahid3 olmuşdur. Videoçəkiliş aparılarkən həmin şəxslərdən Təqsirləndirilən şəxs üzərindən yəni əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni 1 gün əvvəl “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata almışdır. Sonuncudan aşkar olunmuş maddə götürülmüş, zərfə qoyularaq DİN-nin 188 nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Möhürlənmiş zərf məhkəməekspertiza mərkəzinə göndərilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddə çəkisi 0,165 qram narkotik vasitə-heroindir. Şahid3 üzərindən isə heç bir narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin mənbəyinin müəyyən etmək məqsədilə əməliyat tədbirləri davam etdirilir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, 17 may 2021-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 30/14 saylı ünvanda baş vermiş oğurluq hadisəsi ilə bağlı o və əməliyyat müvəkkili Şahid1 həmin ünvanda olarkən iki nəfər şəxsin özünü şübhəli apardığını görüb onlara yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, onlarla söhbət zamanı həmin şəxslərin narkotik vasitə istifadəçisi olduğunu və üzərlərində narkotik vasitə olduğunu müəyyən etmişlər. Bundan sonra onlar həmin şəxsləri Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmiş və onlar da bundan imtina etməyərək bölməyə gəlmişlər. Həmin şəxsləri onlar bölmədə ayrı xidməti otaqlara salmışlar, onlara dövlət hesabına müdafiəçi təqdim edilmiş, videoçəkilişdən istifadə edilməklə üzərlərinə baxış keçiriləcəyi bildirilmişdir. Həmin şəxslər: Təqsirləndirilən şəxs və Şahid3 olmuşdur. Videoçəkiliş aparılarkən həmin şəxslərdən Təqsirləndirilən şəxs üzərindən yəni əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni 1 gün əvvəl “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata almışdır. Sonuncudan aşkar olunmuş maddə götürülmüş, zərfə qoyularaq DİN-nin 188 nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Möhürlənmiş zərf məhkəmə-ekspertiza mərkəzinə göndərilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddə çəkisi 0,165 qram narkotik vasitə-heroindir. Şahid3 üzərindən isə heç bir narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin mənbəyinin müəyyən etmək məqsədilə əməliyat tədbirləri davam etdirilir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, 17 yaşından zibil tullantılarını satmaqla gündəlik qazanc əldə edir. O, Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxındır ki, tanıyır. Onunla yaşadığı ünvanda tanış olmuşdur. Təqsirləndirilən şəxs da onun kimi zibil tullantılarını toplayıb satmaqla qazanc əldə edir. 17 may 2021-ci il tarixdə onlar Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 30/14 saylı ünvanda olarkən onlara iki nəfər şəxs yaxınlaşmış və onlara xidməti vəsiqəni göstərib polis əməkdaşları olduqlarını bildirmiş, sonra isə həmin polis əməkdaşlarından biri onlara “ siz narkotik vasitənin qanunsuz əldə edilib istifadə edilməsində şübhəlisiz,” demiş, Mərdan və o, polis əməkdaşlarına narkotik vasitədən istifadə etmələrini səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onlara Nəsimi RPİ-nin 20-ci PB-yə gedəcəklərini bildirmiş, onlar da buna etiraz etməyərək həmin bölməyə getmişlər. Bölmədə onu Mərdandan ayrı bir otağa salmış, ona hüquq və vəzifələrini izah etmişlər, daha sonra isə ona müdafiəçi dəvət etmişlər. Müdafiəçi gəldikdən sonra polis əməkdaşları tərəfindən ona “videoçəkilişlə sənin üzərinə baxış keçiriləcək” bildirildikdə o, buna etiraz etməmiş və polis əməkdaşlarının və çəkiliş aparan şəxsin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşlarının, onun və mütəxəssisin anket məlumatları soruşulmuş, daha sonra hüquqları və vəzifələri elan edilmiş, ona üzərində qanunsuz əşya varsa təqdim etməsi deyildikdə o, üzərində heçnə olmadığını bildirmişdir. Onun üzərinə baxış keçirilmiş, lakin heç bir şey aşkar edilməmişdir. Cinayət işinin 18-19-cu vərəqələrində olan 17 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 94-95-ci vərəqələrində olan 19 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 166-167-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi ilə bağlı qərar çıxarılmışdır. Cinayət işinin 172-174-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli məhkəmə iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, sonuncunun olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması, tutma protokolunun surəti məhkəməyə göndərilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsinə dair məhkəməyə məlumat verilməsi qərara alınmış və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 188-ci vərəqəsində olan Nəsimi RPİ-nin 20-ci PB-nin 09 oktyabr 2021ci il tarixli, 084-13585 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, İsmayıl Malik küçəsində saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 190-191-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli məhkəmə iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmiş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Cinayət işinin 197-198-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 48-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2021-ci il tarixli 6/1943 nömrəli məhkəmə fizikikimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №188” dairəvi möhür əksi, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,165 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,165 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş və 0,115 qram qalıq qalmışdır. Cinayət işinin 49-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,165 qram qəhvəyi rəngli maddə olan narkotik vasitə-heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalmış 0,115 qram qalıq isə Nəsimi RPİ-də saxlanılmışdır. Cinayət işinin 134-139-cu vərəqələrində olan 29 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator X1 ekspert komissiyasının 12.06.2021-ci il tarixli 1859 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 103-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 may 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Naxçıvan Hərbi Məhkəməsinin 22 mart 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 06 ay müddətə şərti sınaq müddəti təyin edilməklə 06 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş; 2) Naxçıvan Hərbi Məhkəməsinin 10 iyun 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 01 il müddətə şərti sınaq müddəti təyin edilməklə 08 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş; 3) Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 326.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 3.400 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; 4) Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 77-ci maddəsinə əsasən çəkilməmiş 2 il 2 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş; 5) Qaradağ Rayon Məhkəməsinin 16 noyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 76.6.3-cü maddələri tətbiq edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 6) Binəqədi Rayon Məhkəməsinin 02 may 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 326.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 iyun 2016-cı ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 05 ay 14 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 205-ci vərəqəsində olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, barəsində olan cinayət işi üzrə şahidlər Şahid2 və Şahid3 ifadələri ilə razıdır. Göstərilən şəxslərin ibtidai istintaqda verdikləri ifafdələrin məhkəmə iclasına elan edilməsinə etiraz etmir. Özünü elan edilən ittiham üzrə tam təqsirli bildiyini nəzərə alaraq məhkəmə istintaqının yekunlaşmasının məhkəmədən xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 20-ci PB-nin xidməti otaqların birində polis əməkdaşlarının və mütəxəssisin iştirakları ilə 17 may 2021-ci il tarixdə, saat 15:20 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman sonuncuya üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində narkotik vasitə olan kokos olduğunu bildirmiş və masaya yaxınlaşaraq, əlini ilkin olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə salaraq, orada olan özünə məxsus 1 ədəd şəffaf selofana bükülmüş tünd qəhvəyi rəngli spesifik iyə malik, maddəni çıxararaq, masanın üzərinə qoymuş, daha sonra sonuncu həmin bükümü açaraq, bükümün içərisində olan maddənin ona aid olmasını, təqdim etdiyi bükümün içərisində olan maddənin kokos olduğunu və həmin maddəni “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata almasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş və əlavə hər hansı qeyri-qanuni əşya və maddə aşkar olunmamış, sonuncunun könüllü təqdim etdiyi şəffaf selofana bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ailəli olmasını və hazırda məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 17 may 2021-ci il tarixdən 19 may 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 05 oktyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 12.06.2021-ci il tarixli 1859 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsində saxlanılan 0,115 qram narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 17 may 2021-ci il tarixdən 19 may 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0, 115 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun Beynəlxalq Bankın” Mingəçevir şəhər filialındakı hesablaşma hesabına (hesab No AZ03NABZ013501**********2944 bankın kodu 805272, VÖEN – **********1) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar