Məhkəmə qərarları › İş №1(006)-435/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-435/2023

04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-435/2023 04.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1960-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 05, mənzil 36-da qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 05 saylı binanın, 34 nömrəli məzilinin giriş qapısının qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sağ çiyin nahiyyəsinə qəsdən bir dəfə yumruq zərbəsi ilə vuraraq sonuncuya sağ bazu oynağında hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ bazu oynağı və körpücüküstü nahiyələrinin geniş həcmli dərialtı hematomaları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 1998-ci il tarixdən qonşudur. Zahirlə aralarında əvvəlcədən bir neçə dəfə münaqişələri olmuş, lakin sonuncuya qarşı heç bir şəxsi qərəzliyi, düşmənçiliyi yoxdur. O, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı mənzildən çıxarkən İsrailin blokda olan dəmir parçasına ayaqqabısının palçığını sürtərək təmizlədiyini görüb İsrailə öz iradını bildirmiş, İsrail da onu təhqir etdiyi üçün əsəbləşərək sonuncunun sol çiyin nahiyəsindən bir dəfə möhkəm yumruq zərbəsi ilə vurmuş və liftə daxil olaraq çıxıb getmişdir. Bundan bir qədər sonra ona zəng edən polis əməkdaşı onu polis şöbəsinə dəvət etmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. İşə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 1998-ci il tarixdən onunla bir binada yaşayır. Zahirlə aralarında əvvəllər də bir neçə dəfə sonuncunun onun evinə su axıtmaq, səs-küy salmaq, divarları cızmaq, blokda liftin qarşısına siqaret kötükləri tullamaq və s. kimi hərəkətlərinə görə münaqişələri olmuşdur. O, xx.xx.2023-cü il tarixdə, saat 11:40 radələrində marketdən hər iki əlində sellofan torba ilə evə qayıtmış, liftlə 8-ci mərtəbəyə qalxmış, liftdən çıxaraq ayaqqabısını blokda olan dəmirə sürtərək təmizləyən zaman Zahir qəfildən mənzilindən çıxıb onu təhqir edərək onun ünvanına söyüş söymüşdür. Bu zaman o da Zahirin cavabını vermiş, həmin vaxt Zahir onun üzərinə hücum çəkib onun sağ çiyin nahiyəsinin oynaq hissəsindən qəsdən bir dəfə möhkəm yumruqla vurmuş, daha sonra yenə də onu təhqir edərək liftə daxil olub getmişdir. O, çiynində ağrı hiss etmiş, qolunu hərəkət etdirə bilməmiş və buna görə də “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1329 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sağ bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağı və körpücüküstü nahiyələrinin geniş həcmli dərialtı hematomaları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (İ cild, i.v.23- 25); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.33). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar