Məhkəmə qərarları › İş №1(006)-44/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-44/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-44/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə 05.03.2020-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanda yerləşən "Redens Atelyer" moda salonun zalında olan divanın üstündə Zərərçəkmiş şəxs əl çantasında olan pul kisəsindən sonuncuya məxsus olan 700 manat pulu gizli olaraq talayıb sonuncuyaa maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 05 mart 2020-ci il tarixdə təxminən saat 14 radələrində ünvan 2 ünvanda yerləşən "Redens Atelyer" moda evinin qarşısından keçən zaman həmin moda evinin şüşə qapısının açıq vəziyyətdə olduğunu görmüş və əli ilə qapını sakitcə açaraq salona daxil olmuşdur. Salonda həmin zaman başqa heç kim olmamışdır. O, əlində telefon zalda bir az gəzmişdir və müəyyən etmişdir ki, zalda adam yoxdur. O, zalda olan zaman tanımadığı bir nəfər yaşlı qadın da salonun qapısını bayırdan açaraq içəri baxmış, amma içəri daxil olmadan qayıdıb çıxıb getmişdir. Sonra o da salondan bayıra çıxmışdır və bir qədər sonra təkrar, yenə də zala daxil olmuşdur və zalda olan divanın üstündə qadın əl çantasını görüb, həmin əl çantasına baxan zaman çantada pul kisəsi görmüş, pul kisəsini açıb içərisində pul görmüş, həmin pulu, pul çantasından götürərək və pul kisəsini divanın üstünə ataraq oradan qaçıb uzaqlaşmışdır. Oğurladığı pulun 700 (yeddi yüz) manat olduğunu görmüşdür. Həmin pulun bir qismini xəstə qızının müalicəsi üçün dava-dərman alınmasına və bir hissəsini də yeyib-içməyə xərcləyib sərf etmişdir. Daha sonra özünü təqsirli bilməsini, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəməsini, ona qarşı şikayət və tələbinin olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini, yetkinlik yaşına çatmamış qız övladının olmasını nəzərə almasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, CD diskində olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 mart 2020-ci il tarixdə saat 14 radələrində icarəyə götürüb işlətdiyi ünvan 2 ünvanda yerləşən "Redens Atelyer" moda evində işdə olan zaman əl çantasını obyektin zalında olan divanın üstünə qoyaraq digər otaqda işi ilə məşğul olmuş, obyektin bayır giriş qapısının çırpıldığını eşidib dərhal zala keçmiş, zaldakı divanın üstünə qoyduğu əl çantasındakı pul kisəsinin açıq vəziyyətdə olduğunu görüb pul kisəsinin içərisinə baxmış və özünə məxsus olan 700 (yeddi yüz) manat pulunun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. O, göstərmişdir ki, qapının çırpılma səsini eşidib zala daxil olan zaman zalda heçkim olmamış, pulunun oğurlanmasını aşkar etdikdən sonra obyektdə quraşdılmış müşahidə kamerasının qeydə aldığı video görüntüyə baxış keçirtmiş və baxış zamanı bir nəfər təxminən 25-30 yaşlı cavan oğlanın obyektə daxil olaraq şübhəli hərəkətlər etməsini, zaldakı divanın üstündə ona məxsus olan əl çantasının içərisindən pul kisəsini götürərək pul kisəsinin zəncirini açıb, içərisindən pulu götürüb və sonra pul kisəsini masanın üzərinə ataraq zaldan çıxıb getdiyini müşahidə etmişdir. Video görüntüdə müşahidə etdiyi şəxsi ilk dəfə idi ki, görürdü, bu hadisəyə qədər onu görməmiş, tanımır, oğurluq cinatət hadisəsi zamanı onun 700 manat pulundan başqa heç bir əmlakı oğurlanmamış və ümumiyyətlə həmin hadisə nəticəsində ona cəmi 700 (yeddi yüz) manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, vurulmuş zərərin ödənildiyini və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 62-ci vərəqəsində olan 09 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş 14 sentyabr 2020-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə qərarı şıxarılmışdır. Cinayət işinə əlavə edilmiş 25 sentyabr 2020-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə edilmiş 22 yanvar 2021-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinə əlavə edilmiş 27 yanvar 2021-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə qərarı şıxarılmışdır. Cinayət işinə əlavə edilmiş 10 fevral 2021-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə edilmiş 17 mart 2021-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinə əlavə edilmiş 31 mart 2021-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 96-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertizası Mərkəzinin 01 iyul 2020-ci il tarixli, 1211 nömrəli məhkəmə- psixatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər-hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda üzvi emosional-ləbil-pozuntusu müəyyən edilir. Bunu anmnestik məlumatlar, əldə edilmiş tibbi sənəd və hal-hazırkı müayinənin nəticələri (anamnestik məlumatlara görə doqquzuncu sinifdə oxuyarkən onu maşın vurması, huşunu itirməsi, iki gün komada olmaqla 1 saylı X4 müalicə alması, bundan sonra onda əsəbilik, qıcıqlara qarşı həssaslıq, yaddaşında zəiflik halları meydana gəlməsi, bununla əlaqədar iki dəfə Bakı şəhəri 2 saylı X1 müalicədə olması, həmin xəstəxanada 22.02.2016-cı il tarixdən 24.02.2016-cı il tarixədək stasionar müayinədə olaraq onda "Mülayim ifadə olunmuş üzvü dissosiativ pozuntusu" diaqnozunun müəyyən edilməsi xəstəliyi ilə əlaqədar hərbi xidmətdən azad edilməsi, hazırkı müayinə zamanı bir qədər əsəbiliyi, emosional qeyri sabitliyi, yaddaşının nisbətən zəifləməsi və s. sübut edir. Bununla birlikdə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterin, və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs ona ittiham olunan əmol barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək və istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 16 may 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 104-107-ci vərəqələrində olan 14 iyul 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerindən götürülmüş və üzərində pulun oğurlamasının videogörüntülərini əks etdirən bir ədəd CD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 13-cü vərəqəsində olan 01 ədəd CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülərdə əks olunan yer ünvan 3 ünvanda yerləşən "Redens Atelyer" moda evidir. Diskdə ümumümilikdə 1 ədəd video fayl mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs 05 mart 2020-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanda yerləşən "Redens Atelyer" moda evinə daxil olan, obyektin zalında olan divanın üstündəki əl çantasında olan 700 (yeddi yüz) manat pul oğurlayır və oranı tərk edir. Cinayət işinə əlavə edilmiş zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinin 103-cü vərəqəsində olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 22 mart 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs anası isə Ramidə Vəlizadədir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskində olan video görüntülər və digər iş materialları ilə onun özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini və himayəsində yetkinlik yaşına çatmamış qız övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmamış qız övladının olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Ş.M.Dadaşova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (bir yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 istintaq orqanında iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (bir yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar