Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-44/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1977-ci il tarixdə Saatlı rayonu, Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, işləməyən, Saatlı rayonu, Orta Muğan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 09, mənzil 52-də yaşayan, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid3 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncunun vasitəsilə tanıdığı Şahid2 qohumu Zərərçəkmiş şəxs 30.000 manat pulun müqabilində Sumqayıt şəhərində yerləşən 37 saylı bağçaya direktor vəzifəsinə təyin edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmış, Zərərçəkmiş şəxs ilkin olaraq məsələnin həlli üçün qardaşı Şahid1 vasitəsilə ona çatdırılması üçün Şahid2 göndərdiyi 10.000 manat məbləğində ünvan 1 ünvanda yerləşən 14 saylı notariat kontorunda 25 dekabr 2021-ci il tarixdə, saat 11:30 radələrində Şahid2lə borc müqaviləsi bağlamaqla ələ keçirib şəxsi ehtiyaclarına xərcləməklə verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən 10.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2000-ci ildən 2006-cı ilə qədər "xxxx" MMC-də hüquq şöbəsinin rəisi işləmişdir. 2007-ci ildən 2015-ci ilə qədər məhkəmələrdə nümayəndə qismində çıxış etmişdir. Daha sonradan müxtəlif tikinti şirkətlərində hüquqşünas işləmişdir. O, 10 il bundan öncə Şahid3la tanış olmuş, bəzi hüquqi məsələlərdə o, Vüsala bir neçə dəfə köməklik etmişdir. 2021-ci ilin sonlarında Vüsal ona zəng edərək tanışının qohumunu Sumqayıt şəhəri ərazisində yerləşən bağçalardan birinə müdir təyin olunmaq istədiyini ona bildirdikdə, o, bu işi düzəldə biləcəyini deyərək görüşüb söhbət etməyi təklif etmişdir. Bu məqsədlə təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində “20 Yanvar” dairəsinin yaxınlığında olan kafelərin birində Vüsal ilə görüşmüşdür. Vüsal onunla görüşə gələn zaman yanında Azər adlı şəxs də olmuşdur. Söhbət əsnasında Azər qohumu Arzu adlı qadının bağça müdiri olmaq istədiyini və buna 30.000 manat pul verə biləcəklərini söyləmişdir. O da məsələni danışıb onlara cavab verə biləcəyini demişdir. Sonra isə Azər ona bu qadının qardaşı Əmircan adlı şəxsin də onunla görüşmək istədiyini demiş, sonuncu da həmin yerə gəlib onunla söhbət edərək pul hazır olan kimi ona məlumat verəcəyini demişdir. Təxminən bir həftə keçdikdən sonra Azər ona zəng edərək pulun bir hissəsinin, yəni 10.000 manatın hazır olduğunu söyləyib görüşmək istədiyini bildirmişdir. 25 dekabr 2021-ci il tarixdə o, Azərlə metronun Moskva prospekti, 58 saylı ünvanda yerləşən notariat kontorunun qarşısında görüşüb bu pulu ondan almış və sonuncunun təkidi ilə notariusda borc müqaviləsi bağlamışdır. Azər yerdə qalan pulu işə qəbul edilməsinə dair əmr olduqdan sonra verəcəyini bildirmişdir. O da ilk öncə işin 15 gün ərzində, sonra isə 30 gün müddətində düzələcəyini demişdir. Vaxtın uzanmasının səbəbi də bütün bağçaların yerli icra hakimiyyətlərinin balansından çıxması və Təhsil Nazirliyinin tabeliyinə verilməsi olmuşdur. Lakin, iş alınmamış, o da aldığı pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Vurulmuş zərərdən 1.000 manat ödəmiş, qalan məbləği də ödəyəcək. Bir oğlunun 44 günlük Vətən müharibəsində iştirak edərək müxtəlif medallarla təltif olunmasını, digərinin hazırda hərbi xidmətdə olmasını nəzərə alaraq ona yüngül cəzanın təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 1991-ci ildən Sumqayıt şəhərində yerləşən 37 və 53 nömrəli uşaq bağçalarında müxtəlif vəzifələrdə işləmiş, sonuncu iş yeri 53 nömrəli uşaq bağçasında müdir vəzifəsi olmuşdur. Həmin bağçada 2019-cu ilin sonlarına kimi işləmiş, səhhətində yaranan narahatlıqla əlaqədar öz ərizəsi ilə işdən azad olunmuşdur. Sonradan yenidən Sumqayıt şəhərində yerləşən bağçaların birinə bağça müdiri kimi işə düzəlmək istəmiş, bununla əlaqədar müxtəlif yerlərə müraciət etmişdir. Təqsirləndirilən şəxs qohumları Şahid2 tanışı Şahid3 vasitəsilə tanımışdır. 2021-ci ilin dekabr ayının əvəllərində Vüsal qardaşı Əmircana zəng edərək Seymur adlı şəxsin olduğunu, həmin şəxsin vəkil olduğunu və onu bağça müdiri təyin etdirə biləcəyini bildirmişdir. Bu məqsədlə qardaşı Əmircan “20 Yanvar“ dairəsi yaxınlığında kafelərin birində Seymurla görüşmüş, Seymur bütün prosesləri danışmış, onun müdir təyin etdirmək üçün 30.000 manat pul verməli olduğunu, ilkin olaraq isə sənədlərlərlə birlikdə 10.000 manat pulun təcili verilməsini qeyd etmişdir. Qardaşı da Seymurun dedikləri ilə razılaşmış, lakin pulu özünə yox, Azərə verəcəyini, Azərin də ona çatdıracağını bildirmişdir. Təxminən dekabr ayının 23-də qardaşı Əmircan ondan götürdüyü 10.000 manat pulu Xırdalan yolunda Azərə vermiş, Azər isə 2021-ci ilin dekabr ayının 25-də Bakı şəhərində notariat konturunda Seymurla görüşüb sənədlərin surətini və 10.000 manatı notarius vasitəsilə Seymura vermişdir. Seymur pulu aldıqdan sonra yerdə qalan məbləği də onun təyinat əmri olduqdan sonra verəcəyini demişdir. Seymur ilk öncə 15 gün ərzində, sonradan isə 30 gün müddətində əmrinin olacağını demiş, lakin həmin vaxtdan çox müddətin keçməsinə baxmayaraq, əmr olmamış və onların pulunu da geri qaytarmamışdır. Hətta bir dəfə Seymur onu Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısına çağıraraq orada onu 02 saat gözlətmiş, sonra isə müxtəlif bəhanələr gətirərək görüşün başqa vaxt baş tutacağını bildirmişdir. Bundan sonra artıq o, Seymurun onları aldatdığını anlamış və ondan pulu geri istəyəndə, sonuncu onlara həmin pulun gah Prezident Administrasiyasında işləyən yaxın dostuna verdiyini, gah da Təhsil Nazirliyində başqa bir adama verdiyini deyərək bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs və onun yaxınları məhkəmə baxışı dövründə də dəfələrlə ona vurulmuş zərəri ödəyəcəklərinə söz versələr də, buna əməl olunmamış, yalnız 1.000 manat pul qaytarılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirdi ki, o, Seymuru qohumu Şahid2 vasitəsilə tanımışdır. Belə ki, bacısı Zərərçəkmiş şəxs əvvəllər Sumqayıt şəhərində yerləşən müxtəlif bağçalarda işləmiş, sonradan öz ərizəsi ilə işdən çıxmışdır. Sonradan Arzu Sumqayıt şəhərində yerləşən 37 saylı və ya digər bağçaya direktor kimi işə düzəlmək istəmişdir. Bu məqsədlə təxminən 2021-ci ilin dekabr ayının əvəllərində qohumu Azər ona zəng edib tanışı Vusalın Seymur adlı vəkil tanışının olduğunu, bacısı Arzunu bağça müdiri təyin etdirə biləcəyini bildirmişdir. Bununla əlaqədar onu onunla söhbət etməyə çağırmışdır. Onlar metronun “20 Yanvar“ stansiyasının yaxınlığında kafelərin birində Seymurla görüşmüşlər. Seymur bütün prosesləri ona danışmış, bu işlərin həll edilməsi üçün 30.000 manat pul verməli olduqlarını, ilkin olaraq isə sənədlərlərlə birlikdə 10.000 manat pulun təcili olaraq çatdırmaqlarını qeyd etmişdir. O, Seymurun dedikləri ilə razılaşmış, lakin pulu özünə yox, Azərə verəcəyini bildirmişdir. Dekabr ayının 23-də o, bacısı Arzudan götürdüyü 10.000 manat pulu Xırdalan yolunda Azərlə görüşüb ona vermişdir. Azər isə dekabr ayının 25-də Bakı şəhərində notariat konturunda Seymurla görüşüb qeyd edilən sənədlərin surətini və 10.000 manatı notarius vasitəsi ilə Seymura vermişdir. Seymur pulu aldıqdan sonra yerdə qalan məbləği də Arzunun əmri olduqdan sonra verəcəklərini demiş və onlar da Seymurun dedikləri ilə razılaşmışlar. Seymur ilk öncə 15 gün ərzində, sonradan isə 30 gün müddətində Arzunun əmrinin olacağını demişdir. Lakin həmin vaxtdan 05 ay keçməsinə baxmayaraq hər hansı bir əmr olmamış və pul da geri qaytarılmamışdır. Onlar Seymurdan pulu istəyəndə, sonuncu həmin pulun gah Prezident Administrasiyasında işləyən yaxın dostuna, gah da Təhsil Nazirliyində başqa bir adama verdiyini deyərək gündə bəhanələr danışmağa başlamışdır. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirdi ki, tanışı Şahid3 qohumu Zərərçəkmiş şəxs Sumqayıt şəhərində yerləşən 37 saylı bağçaya direktor kimi işə düzəlmək istədiyini demiş, sonuncu da geniş əlaqələrə malik olan Seymur adlı vəkil tanışının bu işlərlə məşğul olduğunu deyərək onunla əlaqə saxlamış, Seymur da görüşüb bu işi müzakirə etməyi təklif etmişdir. O da məsələni Arzuya söyləmişdir. 2021-ci ilin dekabr ayının əvəllərində Vüsal və o, metronun “20 Yanvar” stansiyasının yaxınlığında kafelərin birində Seymurla görüşmüş, Seymur işin həlli üçün 30.000 manat pul istəmiş və ilkin olaraq lazımi sənədlərlərlə birlikdə 10.000 manat pulun verilməsini qeyd etmişdir. Seymur onlardan pulu istədiyi zaman o, Arzunun qardaşı Əmircana zəng etmiş, sonuncu da bir müddət sonra həmin yerə gəlmişdir. Seymur bütün prosesləri Əmircana da demişdir. Əmircan Seymurla razılaşmış, lakin pulu Seymura yox, onlara verə biləcəyini söyləmişdir. Dekabr ayının 23-də Əmircan 10.000 manat pulu və sənədlərin surətini Xırdalan yolunda ona vermiş, o da Vüsal ilə birlikdə dekabr ayının 25-də Nəsimi rayonu, Moskva prospekti, 58 saylı ünvanda yerləşən 14 saylı notariat konturunda Seymurla görüşüb lazımi sənədlərin surətini və 10.000 manatı notarius vasitəsi ilə Seymura vermişlər. Seymur pulu aldıqdan sonra yerdə qalan məbləği əmr olduqdan sonra alacağını demişdir. Seymur ilk öncə 15 gün ərzində, sonradan isə 30 gün müddətində əmrin olacağını desə də, 05 ay vaxtın keçməsinə baxmayaraq, əmr çıxmamışdır. Sonra Seymurdan pulu geri tələb edəndə, sonuncu bu vəsaiti gah Prezident Administrasiyasında işləyən yaxın dostuna, gah da Təhsil Nazirliyində başqa bir şəxsə verdiyini deyib pulu qaytarmamışdır. İş materiallarında olan: • Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 25 dekabr 2021-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən Şahid2 Təqsirləndirilən şəxs borca 10.000 manat pul verir (l cild, i.v.10); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312ci maddəsi, Zərərçəkmiş şəxs haqqımnda da həmin Məcəllənin 312.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilmiş, habelə cinayət işinə əlavə edilmiş Şahid2 və Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surəti maddi sübut kimi tanınmışdır (İ cild, i.v.99-107); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı, məhkəmə hökmü və qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar cəzası 01 il 11 ay 28 gün müddətinə endirilmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə isə 02 ay 28 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. Daha sonra o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-331/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 01 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(103)-555/2023 saylı qərarına əsasən bu hökm ləğv edilmiş, o, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilmişdir (İ cild, i.v.88-90, 92-98, İİ cild); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan edilmiş, xx.xx.2023-cü il tarixdə o, tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild); • Vəsiqələrin surətlərinə əsasən X2 “Laçının azad olunmasına görə” və “Hərbi xidmətdə” fərglənməyə görə 3-cü dərəcəli” medallarla təltif edilmişdir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər də anoloji cinayətlərin törətməsini, bununla da onda belə hərəkətlərin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Bununla belə, məhkəmə cəza təyin edərkən onun övladının 44 günlük Vətən müharibəsində iştirak edərək müxtəlif medallarla təltif olunmasını da nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı andan – 29 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 29 may 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-44/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-44/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver