Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-44/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkil X1 iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, 27 iyun 2023-cü il tarixdə saat 06:13-də tanışı Zərərçəkmiş şəxs Vaqif oğlu ilə birlikdə ünvan 2 ünvanda yerləşən “Eleon” hotelinin 309 nömrəli otağında olarkən Zərərçəkmiş şəxs çarpayıda yatmış vəziyyətdə olmasından istifadə edərək özgənin əmlakını gizli olaraq talama məqsədilə sonuncunun otaqda masanın üzərinə qoyduğu şalvarının cibindəki pul kisəsindən 2100 manat nağd pulu gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında elan “555 çay evi” adlı kafedə ofisiant olaraq işləmişdir. xx.xx.2023-cü il tarixdə həmin kafedə olan zaman bir nəfər müştərinin orada ona mütəmadi olaraq baxdığını görmüşdür. O da həmin şəxsin yanına getmiş və onunla birlikdə bir qədər söhbət etmişdirlər. Söhbət zamanı şəxsiyyəti sonradan ona məlum olan Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğunu müşahidə etmişdir. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs hesabı verən zaman ona Bakıya yeni gəldiyini, qalacaq yerinin olmadığını, ondan xoşunun gəldiyini və əgər istəsə onunla birlikdə otelə getmək istədiyini bildirmişdir. O da həmin şəxsə pulu olmadığı üçün 100 manat qarşılığında birlikdə otelə gedə biləcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşaraq ona 100 manat vermiş və onlar kafedən çıxaraq birlikdə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Eleon” adlanan otelə getmişdirlər Onlar otelə daxıl olduqda saat təxminən 04-05 radələri olmuşdur. Otelə daxil olub otaqlardan birinə yerləşdikdən sonra könüllü olaraq Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs yatdıqdan sonra borclarının çox olmasını düşünərək oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə, Zərərçəkmiş şəxs şalvarının cibindən bir ədəd pul kisəsini götümüş və həmin pul kisəsinin içərisinə baxdıqda orada 1500 manat pul olduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs yatdığından əmin olduqdan sonra həmin pulları götürmüşdür. Bundan sonra sakit şəkildə otaqdan çıxmış və daha sonra da oteldən çıxaraq oradan uzaqlaşmışdır. Həmin pulları sonrakı günlərdə şəxsi istifadəsi üçun xərcləmişdir. Lakin sonradan ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs oğurladığı pulları qaytarmaq istəsə də, sonuncu ilə üzləşmədiyindən pulları qaytara bilməmişdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olduğunu, oğurluğu maddi imkansızlıq ucbatından törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs 25 aprel 2024-cü il tarixdə məhkəməyə teleqram vuraraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 27 iyun 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən “Eleon” adlı oteldir. (i/v 7-11). İş materiallarında olan “Tutma haqqında” protokoldan və qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 iyul 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 42, 79-80). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 25 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 77-78). İş materiallarında olan “götürülmüş diskə baxış keçirilməsi haqqında” 05 avqust 2023cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cu il tarıxdə saat 06:13-də 15-20 yaşlarında, kiçik boylu, orta bədən quruluşlu, qara saçları, əynində ağ rəngli godəkçə, boz rəngli şalvar, ağ rəngli ayaqqabı, əlində qəhvəyi rəngli çanta və sellofan paket olan şəxs Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Eleon” adlı oteldə hadisənin baş verdiyi otel otağından çıxıb getməsi müşahidə olunmuşdur. Baxış zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bildirmişdir ki, müşahidə kamerasına düşmüş şəxs özüdür, məhz göstərilən tarixdə oğurluq hadisəsini maddi imkanı zəif olduğu üçün özü törətmişdir (i/v 94). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 83). İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 12 avqust 2023-cü il tarixli qərardan və “cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 12 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmiş və 14 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqa könüllü gəldiyindən icraat təzələnərək müstəntiqin icraatına qəbul edilmişdir (i/v 93-94, 102-103). İş materiallarında olan “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə dəyişdirilmişdir (i/v 106-107). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə tapşırılmış və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə saat 09:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və onun axtarışı elan edilməsi, onun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi və Qərarın icrasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin rəisi Rəşad Əhmədzadə tərəfindən məhkəməyə ünvanlanmış 17 aprel 2024-cü il tarixli, 3-13-51-1/2- 5071/24 saylı məktubdan və “axtarışda olan şəxsin tutulması barədə” 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə, saat 16:30 radələrində saxlanılaraq Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasından tərəfindən məhkəməyə ünvanlanmış 20 aprel 2024-cü il tarixli, 3-16-17/40/2-2827/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün qismən etirafı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs oğurluq əməli üzrə 2100 manat deyil, 1500 manat pul məbləğini oğurlamasını qeyd edərək, ittihamı bu hissədə qəbul etməmişdir. Lakin təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsində oğurluq əməli üzrə 2100 manat pulun onun tərəfindən oğurlanmasını etiraf etmişdir. Həmçinin təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinin müdafiə xarakterli olduğunu hesab edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 saylı qərarında qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayət görə cəza təyin olunması haqqındakı məsələ həll edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayan şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-ci maddəsi əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda vurğulanmış qanunvericiliyin normalarına, Azərbaycan Respublkası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin cəza institutu ilə bağlı mövqelərinə və nəzəri biliklərə söykənərək qeyd edir ki, bu və ya digər cəzaları, onların həddini və növünü təyin edənə qədər təqsirləndirilən şəxsin təyin edilmiş cəza vasitəsilə islah olunmasına əmin olmalıdır. Yəni bu əminlik, özü-özlüyündə proqnostik ideyaların təcrübədə təsdiq edilməsi və ya inkar edilməsinədək cəzanın gələcək nəticələrinin həqiqiliyinin idrakı üsullarıdır. Hüquq nəzəriyyəsinə görə hüquq, törədilmiş pozuntunun qarşılığında alınacaq cəza ilə özünü bərpa etməli, başqa sözlə, hüquqa və qanuna müxalif xüsusi iradənin öz-özünə mövcud olan məntiqli, azad, ümumi iradəyə, yəni hüquqa tabe edilməsi lazımdır. Cəza əslində törədilmiş cinayətə görə hüquqi baxımından verilən qanuni cavabdır. Lakin cinayətin səbəb olduğu ziyanla və cəza ilə təqsirkara verilən cəza arasında bərabərlik şəklindəki əvəzçıxma deyildir. Sadəcə olaraq cəza həmin şəxslərin islah edilməsi üçün nəzərdə tutulmuş sosial reabilitasiya vasitəsidir. Məhkəmə nəticə olaraq qeyd edir ki, cəzanın qarşısında müəyyən məqsəd qoyulmamışdan əvvəl, həmin məqsədə hansı vasitələrlə nail olunacağının aydınlaşdırılması, həmçinin onun reallığı və praktikada tətbiq edilə bilinəcəyi və cəzanın özünün obyektiv imkanları müəyyən edilməlidir. Məhz bu baxımdan məhkəmə hazırki cinayət üzrə sanksiyalar daxilində daha yüngül cəzanın olmasını qəbul olunmaz hesab edir. Belə ki, təqsirləndirilən şəxsin barəsində ibtidai istintaq dövründə bir dəfə və məhkəmə istintaqı dövründə iki dəfə axtarış elan edilməsi, həmçinin sonuncunun azadlıqda olduğu müddətdə yaşadığı həyat tərzi Təqsirləndirilən şəxs verilə biləcək yüngül cəzanı istisna edir. Əlavə olaraq qeyd edilməlidir ki, hazırki iş üzrə törədilmiş cinayətə təyin edilən cəza elə formada təzahür etməlidir ki, həmin cəzalar özü-özlüyündə “cəzaların böhranını” yaratmamış olsun. Çünki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmalı və onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-438/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 11 oktyabr 2023-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 56 (əlli altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-44/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-44/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver