Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-440/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 nümayəndəsi və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş S.A.Fətişli xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək S.H.Zeynalovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, cinayət qanunvericiliyi ilə müəlliflik hüququ qorunmasına baxmayaraq S.H.Zeynalova (Sona Zeynallı) qanunvericiliyin tələblərinə zidd olaraq özünə məxsus olmayan müstəsna müəlliflik hüququ qanunla tanınmış, sözləri və musiqisi özünə mənsub ‘’Dəniz“ adlı musiqi əsərini müəllifilə razılaşmadan 07.05.2021-ci il tarixdən başlayaraq həmin musiqi əsərinə müəllifin şəxsi (qeyri-əmlak) hüquqlarını da, pozaraq “Mən Dənizəm” adı altında klip çəkdirərək internet informasiya resurslarında, kütləvi informasiya vasitələrində (YouTube və.s) yayımlayaraq iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirməklə ona 8000 manat maddi ziyan vuraraq cinayət əməlini törətmişdir. Belə ki, müstəsna müəlliflik hüququ ona mənsub “Dəniz” adlı musiqi əsərini X7 8000 manata satmaq barədə razılığa gəlsələr də, alıcı ona artıq həmin musiqi əsərinin S.H.Zeynalova tərəfindən ifa edilərək yayımlanmasını səbəb göstərərək həmin musiqi əsərini almaqdan haqlı olaraq imtina etmişdir. Bundan başqa S.H.Zeynalova müəlliflik hüququ əsasında ona mənsub olmayan yəni, Samirə müstəsna müəlliflik hüququ ilə mənsub olan “Dəniz” adlı musiqi əsərinin heç bir razılaşma və icazə olmadan klip çəkdirərək sonuncunun müəlliflik hüququnun mənimsənilməklə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Bununla da, ona hüquqazidd hərərkətləri ilə S.H.Zeynalova tərəfindən 8000 manat maddi ziyan, 10 000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 18 000 manat zərər vurulmuşdur. Həmçinin dəfələrlə o, S.H.Zeynalovaya müəlliflik hüququ əsasında özünə məxsus olan musiqi əsərini oxumamasını, internet infarmasıya resusrslannda paylaşmamasını tələb etsə də, sonuncu bu tələblərə məhəl qoymadan, həmin müsiqi əsərinə klip çəkdirdiyini, 2000 ödəsə bu halda onun xahişini nəzərə alacağını bildirmişdir. Bununla da S.H.Zeynalova qanunsuz və əsassız olaraq onun müəlliflik hüquqlarını məhdudlaşdıraraq öz hüquqazidd hərəkətlərindən çəkinməyəcəyini göstərmişdir. Yuxarıdakılara əsasən xüsusi ittiham qaydasında şikayətin təmin edilməsi, S.H.Zeynalovanın Azərbaycan Respublikası CM-ııin 165.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılİması, dəymiş zərərin yəni 18000 manat müəyyən edilməklə ittiham hökmünun çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs S.A.Fətişli ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs S.H.Zeynalova bildirmişdir ki, S.A.Fətişlinin şikayəti əsassızdır. Belə ki, “Mən Dənizəm” adlı musiqi əsərini ona sonuncunun dostu Racib İmanov tərəfindən bağışlanmış və sonuncu dəfələrlə ona müraciət edərək klip çəkilməsini təklif etsədə onun maddi imkanı olmadığı üçün həmin mahnı bir ilə yaxın müddətdə studioda qalmışdır. Heç kəs ona müqavilə bağlamağı təklif etməyib, belə olduğu halda həmin müqaviləni bağlamaqdan yayınmazdı. Sonradan onun tərəfindən həmin mahnıya klip çəkdirilmiş və həmin klipdə mahnının sözlərinin və müsiqisinin Samir gənc Şairə aid olduğu göstərilmişdir. Bununla da, o S.A.Fətişlinin müəlliflik şəxsi (qeyri-əmlak) hüquqlarını pozmamışdır. Yuxarıdakılara əsasən əməlində cinayət əlamətləri olmaması səbəbindən şikayətin icraata götürülməsinən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Q.M.Məmmədov bildirmişdir ki, S.H.Zeynalovanın istinad edilən əməlində cinayət əlamətləri yoxdur və şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165.1-ci maddəsinə əsasən müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa cinayət məsuliyyəti yaranır. Hazır ki, iş üzrə S.H.Zeynalova qeyd olunan maddənin hər hansı bir müddəasını pozmamış belə ki, “Mən Dənizəm” adlı musiqi əsərinə çəkdirilmiş video klipdə mahnının sözlərinin və müsiqisinin Samir gənc Şairə aid olduğu göstərdiyindən sonuncunun əməlində ona istinad edilən həmin Məcəlləsinin 165.1-ci maddəsinin tərkibi yaranmır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, iş materialların əlavə edilmiş DVD diskdə olan “Mən dənizəm” adlı musiqi əsərinə çəkdirilmiş video klipdən görünür ki, həmin mahnının sözlərinin və müsiqisinin Samir gənc Şairə aid olduğu göstərilir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Əsərin Qeydiyyatı Haqqında 12196 saylı Şəhadətnaməsindən görünür ki, əsərin adı “Dəniz”, qeydiyyat forması -yazılı, növü -musiqi əsəri, açıqlaması -dərc edilməmişdir, qeydiyyat nömrəsi 07/C-l 1734-21, qeydiyyat tarixi -20.04.2021-ci il, müstəsna müəlliflik hüququnun sahibi isə S.A.Fətişliyə (Samir Cəbrayıllı) aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165.1-ci maddəsinə əsasən müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki həmin maddənin dispozisiyası blanket xarakterli olduğu üçün bu maddənin tətbiqi zamanı müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarının nəzərə alınması zəruridir. Belə ki, şərh edilən cinayətin obyektiv cəhəti müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozmaqdan, bu əməllərin nəticəsində xeyli miqdarda ziyan vurulmasında və törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqənin olmasından ibarətdir. Həmin maddənin dispozisiyasında müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozmanın aşağıdakı növləri göstərilmişdir: 1) özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa mənimsəmə; 2) özgənin əsərini qanunsuz olaraq yenidən dərc etmə və ya yayma; 3) şərikli müəllifliyə məcbur etmə. Özgənin əsərini öz adı ilə nəşr etdirmə dedikdə, müəllifin yaratdığı elmi, ədəbi, bədii və ya başqa əsərin bu əsərin yaradılmasında özünün yaradıcı əməyi - iştirak etməyən şəxs tərəfindən öz adı və ya qeyri-müəyyən dairədə məlum təxəllüsü ilə dərc edilməsi, təqdim olunması və sair üsullarla istifadəyə (dövriyyə) buraxılması başa düşülür. Özgənin əsərini öz adı ilə nəşr etdirmə cinayətinun predmeti olan əsərə bütövlükdə müəlliflik hüququnu mənimsəməni nəzərdə tutulur. Özgənin müəllifliyini başqa cür mənimsəmə dedikdə, şərikli əsərin müəlliflərindən hər hansı birinin adının və ya soyadının göstərilməməsi, digər şəxslərin əsələrindən istinad mənbəyi göstərilmədən elmi yaradıcılıq fəaliyyətində istifadə olunması, şərikli müəlliflər tərəfindən yaradılmış əsərin həmin müəlliflərdən yalnız birinin adı ilə nəşr edilməsi və ya yenidən nəşr edilməsi və özgə əsərini öz adı ilə nəşr etdirməklə əlaqədar olmayan sair formada müəllifliyin mənimsənilməsi başa düşülür. Özgənin əsərini qanunsuz olaraq yenidən dərc etmə və yaymanın qanunsuzluğu onda ifadə olunur ki, əsərin yenidən dərc olunmasında və ya yayılmasında onun müəllifinin razılığı tələb olunduğu halda, əsər belə razılıq olmadan yenidən dərc olunur və ya yayılır. Əsərin qanunsuz olaraq yenidən dərc olunmasının və ya yayılmasının üsulları müxtəlif ola bilər (məsələn, sürətin çıxarılması, nəşr olunması, əsərin nüsxələrin yayılması, kirayəyə verilməsi, kütləvi nümayiş etdirilməsi və s.) və onlar təhlil olunan cinayət tərkibinin zəruri əlaməti hesab olunmur. Özgənin əsərini onun müəllifinin və ya həmin əsərə müəlliflik hüququnun digər sahibinin razılığı ilə dərc etdirmə, habelə ictimai varidata keçmiş əsəri yenidən dərc etdirmə və ya yayma bu cinayətin tərkibini yaratmır. Şərikli müəllifliyə məcbur etmə dedikdə, əsərin müəllifinə və ya müəlliflərinə həmin əsərin yaradılmasında yaradıcı əməyi ilə iştirak etməyən şəxsin və ya təqsirkarın özünün müəlliflər sırasına daxil edilməsi məqsədi ilə hər hansı qanunsuz təsir başa düşülür. Belə qanunsuz təsir həm psixi, həm də fiziki formada mövcud ola bilər. Göründüyü kimi şikayyətdə S.H.Zeynalovanın istinad edildiyi əməlində yəni mahnıya video klip çəkərkən maddənin dispozisiyasında göstərilən müddəalar öz təsdiqini tapmamış, həmçinin klipdə öz adı və ya qeyri-müəyyən dairədə məlum təxəllüsü ilə dərc edilməsi müəyyən edilməmiş, əsərin söz və müsiqisinin Samir gənc Şairə (şikayət verən şəxs X8) aid olduğu göstərilmiş, bundan başqa həmin əsəri şikayət vermiş şəxsin dostu tərəfindən S.H.Zeynalovaya bağışlanılması müəyyən edilmişdir. Göründüyü kimi şikayət ərizəsində S.H.Zeynalovaya istinad edilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147.2-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs S.H.Zeynalovanın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, S.H.Zeynalovaya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Q.M.Məmmədova məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-440/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-440/2021
05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver