Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-440/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Kürdəmir rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Kürdəmir rayonu, Kürdəmir şəhəri, X11 küçəsi ev 36 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,781 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 15 may 2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:10-da Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi ilə Qoqol küçəsinin kəsişməsində saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,781 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, 21:10-da Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi ilə Qoqol küçəsinin kəsişməsində olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışdır. Xidməti vəsiqələrini göstərməklə özlərinin polis olduqlarını təqdim etdikdən sonra, ondan özünü təqdim etməyini tələb etmişdirlər. O, anket məlumatlarını şifahi təqdim etmiş və bundan sonra onun özünü narkotik vasitənin təsiri altında şübhəli apardığını bildirmişlər, o isə səmimi olaraq narkotik maddənin üzərində olduğunu demiş və onu şöbəyə dəvət etmişdirlər. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişdirlər. O, könüllü olaraq müdafiəçi istəmiş və ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Baxışda iştirak etmək üçün videoçəkiliş aparan bir nəfər mütəxəssis dəvət edilmişdir. Ona müdafiəçinin iştirakı ilə, üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, üzərində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd ağ kağızda bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edilmiş, o isə hər hansı bir əşya olmadığını bildirmişdir. Üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Ondan təqdim etdiyi 01 ədəd bükümün içərisindəkinin nə olduğu soruşulmuş, o, həmin bükümün içərisindəkinin narkotik maddə olan “metamfetamin” olduğunu demiş və harada, nə vaxt, necə aldığını izah etmişdir. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuşdur. Bükümlər zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmişdir. Bundan sonra qeyd edilənlər zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. xx.xx.2024-cü il tarixdə Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinə gətirildiyi və polis şöbəsində olduğu zaman ona qarşı heç bir zorakılıq olmamışdır O, heç bir zaman narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Sadəcə olaraq narkotik vasitə aludəçisidir və öz şəxsi istifadəsi üçün əldə etmişdir. O, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında tanımadığı şəxsdən 20 manata Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” deyilən ərazidə öz şəxsi istifadəsi üçün əldə etmişdir. Onun heç bir qohum və tanışı olmadığından azadlığa buraxıldığı gündən hazıradək müxtəlif ünvanlarda gündəlik kirayə yaşamışdır. Təsadüfən Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” deyilən ərazidə piyada hərəkətdə olan zaman psixotrop maddə ala biləcəyi bir nəfər şəxs axtarmaq qərarına gəlmiş, həmin zaman bir nəfər tanımadığı şəxsin narkotik vasitə satdığından şübhələnmiş, həmin şəxsə yaxınlaşaraq “narkoman” olduğunu, bədənində güclü ağrılar olduğunu bildirmiş və həmin şəxsdən kömək istəmişdir. Həmin şəxs ona psixotrop maddə sata biləcəyini bildirmişdir. O, həmin şəxsə istədiyini bildirdikdə həmin “şüşə” adlanan psixotrop maddəni ona 20 manat müqabilində satmışdır. O, həmin psixotrop maddəni əldə etdikdən sonra istifadə etməmiş və üzərində gələcəkdə istifadə etməyi üçün saxlamaqla daşımışdır. Həmin tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi ilə Qoqol küçəsinin kəsişməsində piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onu Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinə gətirmişdirlər. Bu səbəbdən də o, həmin psixotrop maddəni istifadə edə bilməmişdir. Onun üzərində başqa heç bir əşya olmamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 15 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Daha sonra isə, o və Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 15 may 2024-cü il tarixdə saat 20:40-da Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi ilə Qoqol küçəsinin kəsişməsinə Şahid1la birlikdə yollanmış və birlikdə həmin ünvanda gözlədikdən sonra Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini sonuncuya təqdim etmiş, daha sonra isə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib üzərinə baxış keçirilməsi məqsədilə polis şöbəsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə gətirildikdən sonra inzibati binanın xidməti otaqların birində təhqiqatçı tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarının cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra isə şübhəli şəxs Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş bükümün içərisindəkinin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. Həmin şəxs 01 ədəd ağ rəngli kağıza bükülmüş, içərisində şəffaf, kristal şəkilli psixotrop maddənin “metamfetamin” olduğunu bildirmiş, ondan həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə həmin şəxs uzun müddətdir ki, psixotrop maddə istifadə etdiyini, həmin bükümü tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra 01 ədəd ağ rəngli kağızda olan psixotrop maddəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmiş və ya ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixoloji təzyiq olmamışdır. İş materiallarında olan Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Nazim Müzəffərli tərəfindən tərtib edilmiş, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, Nəsimi RPİ-nin KTQ-nın ekspert mütəxəssisi X7 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 15 may 2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim etmiş və təqdim etdiyi bükümün içərisindəki maddənin “metamfetamin” olduğunu bildirmişdir. Həmçinin verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümü “Kubinka” ərazisində öz istifadəsi üçün tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Onun təqdim etdiyi maddə zərfə qoyularaq qablaşdırılmış və “190” saylı möhürlə möhürlənərək götürülmüşdür (i/v 50-52). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2024-cü il tarixli, 3-16-16/2-6/2761 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 190” möhür əksi, “1. Təqsirləndirilən şəxs...” və.s adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,781 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İ) daxildir (i/v 60-62). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanınma haqqında” 07 iyun 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd büküm, ilkin çəkisi 0,781 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,731 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 115-116). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli 3360 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 123-124). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli tələbnamədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şirinov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 aprel 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i/v 121-122, 103-110). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 27-28). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)- 259/2024 saylı, 17 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i/v 96-99). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 110 (yüz on) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,781 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,731 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-440/2024 saylı 23 avqust 2024-cü il tarixli qərara əsasən 27 avqust 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 15 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,781 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,731 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-440/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-440/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver