Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-441/2021 27.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Ermənistan Respublikası, Krasneselo rayonu, Toxluca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan 2 övladı olan, ortaixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etmiş, daşımış, saxlamış və satmış, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram olan iki ədəd konvalyutda 20 həb “Azərbaycan Respublikası ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”in İİİ siyahısına daxil olan psixotrop maddə fenazepam tərkibli “Fenzepin” dərman preperatını və təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan dörd ədəd konvalyutda 100 həb Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxil olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə triheksifenidil tərkibli “Siklodol” dərman preperetını əldə edib, əczaçı işlədiyi ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin ünvan 3nə qanunsuz daşıyaraq aptekdə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdə, saat 12:40-da əməliyyat tədbirinə şərti alıcı kimi daxil edilmiş Şahid3 “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”-in İİİ siyahısında daxil edilən iki ədəd konvalyutda 20 həb olmaqla təsir maddəsinin ümumi miqdarı 0,02 qram fenazepam tərkibli “Fenzepin” dərman preparatını 06 manata satmış, bundan sonra polis əməkdaşları tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə aptekə baxış keçirilən zaman sonuncunun otaqda olan əl çantasından “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxil edilən dörd ədəd konvalyutda 100 həb olmaqla təsir maddəsinin ümumi miqdarı 0,2 qram triheksifenidil tərkibli “Siklodol” dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o ailəlidir, iki övladı vardır. 2 nömrəli Tibb Kollecinin tibb faküləsini bitirmişdir. Təxminən 2012-2013-cü il tarixdən bu günədək ünvan 4 ünvanında fəaliyyət göstərən “Hipokrat” aptekində əczaçı işləmişdir. Həmin aptek onun doğma əmisi X1 məxsus olmuşdur. Aptekin 5 illik lisenziya müddəti başa çatdıqdan sonra təxminən 2018-ci il tarixdən aptek “Zeytun” apteklər şəbəkəsinin tərkibində fəaliyyətini davam etdirmişdir. Həmin vaxtdan onu işə “Zeytun” apteklər şəbəkəsi qəbul etmişdir. O həmin apteklər şəbəkəsi ilə əmək müqaviləsi bağlamışdır. Onun əmək müqaviləsində vəzifəsi xəzinədar yazılmışdır. Lakin o faktiki olaraq aptekdən dərman satışını həyata keçirmişdir. “Zeytun” apteklər şəbəkəsinin tərkibində işlədiklərindən lisenziyanı da həmin apteklər şəbəkəsi vermişdir. Aptekdə lazımı dərmanları “Zeytun” apteklər şəbəkəsi tərəfindən verilmişdir. Belə ki, o lazımi dərmanların sifarişini onlara vermiş və onlar da həmin dərmanları gətirib təqdim etmişlər. Bəzi dəman vasitələrinin qiymətləri dövlət tərəfindən müəyyən edilmişdir. Bəzilərinin isə qiymətini o müəyyən etmişdir. Hər ayın sonunda “Zeytun” apteklər şəbəkəsi hesabı sıfırlamış və ayın sonunda o qalan borcu ödəmişdir. Qalan gəliri isə əmisi Şahid1 vermişdir. Onun əmək haqqını isə “Zeytun” apteklər şəbəkəsi kart vasitəsi ilə vermişdir. O ayda 300 manata qədər əmək haqqı alır. Aptekdə mülki dövriyyəsinə nəzarət edilən və qadağan edilən dərman vasitələrinin satılması ilə bağlı xüsusi lisenziyası yoxdur. Həmçinin əmisi də ona həmişə aptekdə qeyri-qanuni dərman vasitələrinin satılmasını qadağan etmişdir. Aptekdə mütəmadi olaraq uşaq “pampersi” alan adını və digər anket məlumatlarını bilmədiyi qadın yaxınlaşaraq uşağının xəstə olduğunu bildirmişdir. O pampers almağa imkanı olmadığını və bunun əvəzində onda “fenzepin” və “siklodol” adlı dərman vasitələri olduğunu onlara verə biləcəyini bildirmişdir. O da uzun illər aptek sahəsində işlədiyindən həmin dərmanların narkotik və psixotrop tərkibli mülki dövriyyəsi məhdudlaşdırılmış dərmanlar olduğunu bilmiş və buna görə də həmin dərmanları götürə bilməyəcəyini, çünki dərmanların satışının onların aptekdə qadağan olduğunu bildirmişdir. Lakin həmin qadın ağlayaraq ona köməklik etməsini xahiş etmiş, o, da ona köməklik etmək məqsədilə ondan içərisində 20 həb olan fenezepin və içərisində 100 həb olan siklodol dəman vasitələrini götürmüş və ona 2 nömrəli xəstə bezi” vermişdir. Bundan sonra bir müddət həmin dərmanlar onun çantasında qalmışdır. Sonradan o, bir iki bilster dərmanla yəqin ki, heç bir şey olmaz fikrində olaraq həmin dərmanları satıb qurtarmaq qərarına gəlmişdir. 16 aprel 2021-ci il tarixdə günorta vaxtı aptekə bir nəfər şəxs yaxınlaşaraq ondan “fenzepin” dərmanı istəmiş, o da əl çantasında saxladığı həmin iki konvalyutda 20 həb olan “fenzepin” dərmanını həmin şəxsə verdikdə sonuncu ona bir ədəd bir manatlıq və bir ədəd beş manatlıq olmaqla 6 manat pul vermişdir. O həmin pulu götürüb kassaya qoymuş və həmin şəxsə də rəsmi çek verə bilmədiyi üçün ona ağ kağıza “fenzepin 6 manat” yazaraq imza edib vermişdir. Bundan bir neçə dəqiqə sonra aptekə 3 nəfər mülki geyimli şəxs yaxınlaşmışdır. Onlar xidməti vəsiqələrini ona göstərərək BMCMİnin əməkdaşları olduqlarını bildirmiş və ondan dərman alan həmin şəxsin polis əməkdaşı olduğunu görmüş, polis əməkdaşları əməliyyat-axtarış tədbirlərin keçirilməsi haqında qərarla onu tanış edərək videoçəkiliş aparmaqla aptekə baxış keçirmək istədiklərini dedikdə onlara baxış keçirilməyə etirazının olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşı ona bir müddət əvvəl “fenzepin” dərmanını satığını bildirmiş, o da səmimi şəkildə həmin dərmanı satdığını deyərək kassdan ona verilmiş bir ədəd 1 manatlıq və bir ədəd 5 mantlıq pul əskinasını polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra aptekə baxış keçirilməyə başlanmış və aptekdə kompüter otağı kimi istifadə etdiyi otaqda olan stulun üstündə olan əl çantasından dörd ədəd konvalyutda olmaqla ümumilikdə 100 ədəd həb aşkar edilərək götürülmüdür. Bundan başqa, aptekdə qeyri-qanuni heç bir əşya və dərman preparatı aşkar edilməmiş və videoçəkiliş dayandırılmışdır. O polis əməkdaşları tərəfindən Baş İdarəyə dəvət edilmiş, idarəyə gəldikdən sonra qeyd etdikəri barədə protokol tərtib edilərək onun imzası ilə təsdiq edilmişdir. O həmin dərman vasitələri xüsusi icazə əsasında satıldığını bilmiş, qeyd edilən aptekdə “Fenzepin” və “Siklodol” dərman vasitələrini satmağından əmisi M.İsgəndərovun hər hansı bir iştirakı və ya məlumatı olmamışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan 2 övladı olmasını, əvvəllər məhkum olmamasını və barəsində verilmiş müsbət xasiyyətnaməni, hadisədən sonra psixoloji sarsıntı kemirilməsini və bu səbəbdən xəstəxanada müalicə almasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 2013-cü il tarixdə ünvan 5 ünvanında yerləşən 48 nömrəli obyekti icarəyə götürərək oranı aptek kimi işlətmişdir. Həmin aptekin adı “Hipokrat” olmuşdur. Aptekin 5 illik lisenziya müddəti qurtardıqdan sonra o, yenidən lisenziya ala bilməmiş və buna görə də “Zeytun” apteklər şəbəkəsinin tərkibində fəaliyyətini davam etdirmişlər. O aptekdə heç bir rəsmi vəzifə daşımamışdır. Hazırda aptekdə Təqsirləndirilən şəxs əczaçı-satıcı kimi işləyir. Aptekdə mülki dövriyəsi məhdudlaşdrılmış və ya dövriyyəsinə nəzarət edilən dərman vasitələrinin satılması ilə bağlı xüsusi icazəsi olmamışdır. Aptekdə satılan dərman vasitələrini, eləcə də tələbat olan dərman vasitələrini satışı Təqsirləndirilən şəxs müəyyən edərək müxtəlif depolardan sifariş vermişdir. O satıcı əczaçı işləyən Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq etmişdir ki, heç vaxt aptekdə mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik tərkibli dərman vasitələrini satmasın. Səhhəti ilə əlaqədar olaraq təxminən 10 gün olar ki, o, heç aptekə də baş çəkməmişdir. 16 aprel 2021-ci il tarixdə polis əməkdaşları onunla əlaqə saxlayaraq qeyd olunan aptekə baxış keçirdiklərini və oradan mülki dövriyyəsi məhdudlaşdırılmış dərman vasitələri aşkar edildiyi bildirilmiş, o polis əməkdaşlarının dəvəti ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Baş İdarədə olan zaman ona polis əməkdaşının satıcı Təqsirləndirilən şəxs 6 manat müqabilində 20 ədəd “Fenzepin” dərman həbi aldığını bildirmişdir. Bundan sonra aptekə baxış keçirmişlər və Mətanətin sumkasından 100 həb “Siklodol” dərman preparatı aşkar edilərək götürülmüşdür. O bir daha bildirmiş ki, onun əczaçı işləyən Təqsirləndirilən şəxs aptekdə qeyd edilən dərman vasitələrini satmasından heç bir xəbəri və məlumatı olmamışdır. O aptekdə rəsmi olaraq heç bir vəzifə daşımamış, aptek rəsmi olaraq “Zeytun” apteklər şəbəkəsinin tərkibində fəaliyyət göstərir. Təqsirləndirilən şəxsda işə həmin şirkət qəbul etmişdir. O sadəcə dərmanların alınması üçün qeyri-rəsmi maliyyə baxımından köməklik edir və əldə edilən qazancdan öz payını götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Baş İdarəyə 16 aprel 2021-ci il tarixdə ünvan 4 ünvanında fəaliyyət göstərən “Hippokrat” adlı aptekdə “Fenezepam” tərkibli “Fenzepin” psixotrop tərkibli dərman preperatının satılması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edildikdən sonra qeyd edilən aptekdə nəzarət qaydasında mal alınması növündə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmışdır. O keçiriləcək əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş, əməliyyat qrupunun tərkibinə idarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 da daxil edilmişdir. Tədbirdə istifadə olunması üçün DİN-in əməliyyat xərclərindən 1 ədəd bir manatlıq və 1 ədəd beş manatlıq pul əskinası olmaqla ümumilikdə 06 manat pul götürülərək protokol ilə ona təqdim edilmişdir. Hər iki pul əskinasının kserosurəti çıxarılaraq protokola əlavə edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə ünvan 4 ünvanında fəaliyyət göstərən “Hipokrat” adlı aptekin qarşısına gəlmişlər. 16 aprel 2021-ci il tarixdə tədbirin keçirilməsinə başlamış və saat 12:40 radələrində nəzarət qaydasında mal alma tədbirini həyata keçirmək üçün “Hipokrat” adlı aptekə daxil olmuşdur. Aptekdə işləyən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi qadına iki blister “Fenzepin” dərman vasitəsi lazım olduğunu bildirmişdir. Həmin şəxs ona 06 manat verməli olduğunu bildirmişdir. O əvvəlcədən seriya və nömrələri protckola qeyd edilmiş 01 ədəd bir manatlıq və 01 ədəd beş manatlıq olmaqla 06 manat pulu satıcıya vermişdir. Həmin şəxs də iki ədəd bilestrdə 20 həb “Fenzepin” dərman vasitəsi təqdim etmiş, həmçinin bir ədəd kağıza “fenzepin, 6 AZN” yazaraq imza edərək ona vermişdir. Bundan sonra o aptekdən çıxaraq əməliyyat qrupunun üzvlərinə yaxınlaşmışdır. Aldığı 20 həb “Fenzepin” dərman preparatını və satıcının ona təqdim etdiyi üzərində “Fenzepin, 6 AZN” yazaraq imza etdiyi kağızı da qrup üzvlərinə təqdim etmişdir. Bundan sonra onlar videoçəkiliş aparmaqla aptekə daxil olmuşlar. Aptekə daxil olan zaman aptekdə işləyən şəxsə özlərini təqdim edib BMCMİ-nin əməkdaşları olduğlarını və videoçəkiliş aparmaqla aptekə baxış keçirəcəklərini bildirmişlər. Aptekdə işləyən, bir müddət əvvəl “Fenzepin” dərman vasitəsini ona satan şəxs etiraz etmədikdən sonra o, özünü təqdim edərək orada satıcı işləyən Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onu əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişdir. Onlar bir neçə dəqiqə əvvəl satdığı “Fenzepin” dərman preparatını və üzərinə yazdığı kağızı ona təqdim edərək ondan dərman alan şəxsin tədbirə şərti alıcı kimi daxil edilmiş polis əməkdaşı olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs dərmanların müqabilində ona verilmiş bir ədəd 1 manatlıq və bir ədəd 5 manatlıq pul əskinaslarını kassadan götürüb təqdim etmişdir. Həmin pul vəsaitlərinin seriya və nömrələri əvvəlcədən seriya və nömrələri protokola qeyd edilmiş pul vəsaitləri ilə eyni olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aptekdə əlavə olaraq 100 həb dövriyyəsi qadağan olunmuş siklodol dərman preparatı olduğunu bildirmiş və aptekdə yerləşən otaqda olan stulun üstündə olan əl çantasından hər birində 25 həb olmaqla 4 ədəd blisterdə ümumilikdə 100 həb siklodol dərman preparatını təqdim etmişdir. Bundan başqa aptekdən dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs satdığı 20 həb fenzepam, aşkar edilmiş 100 həb siklodol dərman preparatının, eləcə də bir ədəd bir manatlıq, bir ədəd beş manatlıq pul əskinaslarının və qəbzin fotoşəkilləri çəkilmişdir. Bundan sonra 20 həb fenzepam və 100 həb siklodol dərman preparatları bir ədəd zərfdə qablaşdırılmış və üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. DİN-in əməliyyat xərclərindən götürülmüş bir ədəd 1 manatlıq və bir ədəd 5 manatlıq pul əskinaslarının fotoşəkilləri çəkildikdən sonra DİN-in müvafiq əməliyyat xərcləri üçün hesabına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində “Fenzepin, 6 AZN” yazaraq imza etdiyi kağız və çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid4 ondan əvvəl şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi elan olundu və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində iştirak edən Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan 06 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 155-156-cı vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 26-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizasının 17 aprel 2021ci il tarixli, 6/1514 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ünvan 6 ünvanında fəaliyyət göstərilən “Hippokrat” aptekində Təqsirləndirilən şəxs satdığı 20 həb “Fenzepin” dərman preparatı” yazısı olan zərfdə, üzərində “Fenzipin 0,001q” yazısı olan 2 (iki) ədəd konvalyutdaki ümumi 20 ədəd ağ rəngli həblər fenazepam tərkibli dərman preparatıdır və 20 ədəd həbdə fenazepam təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edir (üzərindəki göstəricilərinə əsasən bir həbdə 0,001 qr fenazepam olmaqla). Təqdim edilmiş, üzərində: “ünvan 6 ünvanında fəaliyyət göstərilən “Hippokrat aptekdə aşkar olunmuş 100 həb” “Siklodol” dərman preparatı” yazısı olan zərfdə, üzərində “Silkodol (triheksifenidil 2mq)” yazısı olan 4 (dörd) ədəd konvalyutdaki ümumi 100 ədəd ağ rəngli həblər triheksifenidil tərkibli dərman preparatıdır və 100 ədəd həbdə triheksifenidil təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir (üzərindəki göstəricilərinə əsasən bir həbdə 0,002 qr triheksifenidil olmaqla). Təqdim edilmiş “Fenzepin (yararlılıq müddəti: 04.20.do 0524)” və “Silkodol” adlı dərman preparatları üzərində qeyd olunmuş tarix göstəricilərinə əsasən yararlılıq müddətləri bitməmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş fenazepam tərkibli dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”in İİİ siyahısına daxildir. 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş triheksifenidil tərkibli dərman preparatları Güclü təsir edən və onların külli miqdarının siyahısı”na daxildir. Qeyd: təhqiqat zamanı 2 həb tədqiqata sərf edildi, qalıq: fenzipin – 18 həb, silkodol 98 həb. Cinayət işinin 27-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 74-81-ci vərəqələrində olan 05 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə aşkar edilmiş 20 həb psixotrop maddə fenezepam dərman preperatının ekspertiza tədqiqatdan sonrakı qalıq 18 həbi və 100 həb güclü təsir edən silkodol dərman preparatının ekspertiza tədqiqatdan sonrakı qalıq 98 həbi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilsin təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs əməliyyat tədbirinə şərti alıcı kimi daxil edilmiş Şahid3 06 manata 20 həb fenezepam dərman preperatını satdıqdan sonra ona verdiyi rində “fenzepin, 6 AZN” yazaraq imza etdiyi kağız istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilməklə cinayət işinin materiallarına əlavə edilmiş, əməliyyat tədbirində istifadə etmək məqsədilə DİN-in əməliyyat xərcləri üçün fondundan götürülümüş bir ədəd 5 manatlıq (C********) və bir ədəd 1 manatlıq (G********) olmaqla ümumilikdə 06 manat pul vəsaiti öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və DİN-in əməliyyat xərcləri üçün fonduna təhvil verilməsi nəzərə alınmış, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutların götürülməsi barədə 16 aprel 2021-ci tarixli protokol istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilməklə cinayət işinin materiallarına əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilməsi nəzərə alınmışdır. Cinayət işinin 72-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 28 aprel 2021-ci il tarixli, 1281 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 92-ci vərəqəsində olan AZ-İ seriyalı, 147114 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X5 arasında nikah 01 mart 2005-ci il tarixdə bağlanmış, nikahdan sonra arvada Novruzova soyadı verilmişdir. Cinayət işinin 88-ci vərəqəsində olan AZE seriyalı, 10788636 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 14 sentyabr 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası F.A.Novruzov, anası Təqsirləndirilən şəxsdır. Cinayət işinin 89-cu vərəqəsində olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 06 mart 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası F.A.Novruzov, anası Təqsirləndirilən şəxsdır. Cinayət işinin 93-cü vərəqəsində olan Xətai rayonu MKTB-nin 85 saylı MKİS tərəfindən verilmiş 05 may 2021-ci il tarixli, 584 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu, Gəncə prospeki, 1978 saylı evin 93 nömrəli mənzilində qeydiyyatdadır. Cinayət işinin 94-cü vərəqəsində olan Xətai rayonu MKTB-nin 85 saylı MKİS tərəfindən verilmiş 05 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə, daşıma, saxlama və satma, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədilə qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan 2 övladı olmasını, əvvəllər məhkum olmamasını, hadisədən sonra psixoloji sarsıntı kemirilməsini və bu səbəbdən xəstəxanada müalicə almasını və qeydiyyat yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və təyin edilmiş cəzaları həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, onun törətdiyi cinayəti etiraf etməsini, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə əməlindən səmimi peşmançılığını, himayəsində yetkinlik yaşına çatmayan 2 övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, hadisədən sonra psixoloji sarsıntı kemirilməsini və bu səbəbdən xəstəxanada müalicə almasını, qeydiyyat yeri üzrə müsbət xarakterizə edilməsini, və bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də, məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 18 həb psixotrop maddə fenezepam dərman preparatı və 98 həb güclü təsir edən silkodol dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, əməliyyat tədbirində istifadə etmək məqsədilə DİN-in əməliyyat xərcləri üçün fondundan götürülümüş bir ədəd 5 manatlıq (C********) və bir ədəd 1 manatlıq (G********) olmaqla ümumilikdə 06 manat pul vəsaitinin həmin Fonda təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 18 həb psixotrop maddə fenezepam dərman preparatı və 98 həb güclü təsir edən silkodol dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış əməliyyat tədbirində istifadə etmək məqsədilə DİNin əməliyyat xərcləri üçün fondundan götürülümüş bir ədəd 5 manatlıq (C********) və bir ədəd 1 manatlıq (G********) olmaqla ümumilikdə 06 manat pul vəsaitinin həmin Fonda təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-441/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-441/2021
27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver