Məhkəmə qərarları › İş №1(006)-442/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-442/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-442/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 Müdafiəçi: «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən evdə qeydiyyatda olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024cü il tarixdə, saat 17:50 radələrində ünvan 1 ünvanda quraşdırılmış, "xxxx" ASC-yə məxsus ATM-ə yaxınlaşaraq orada plastik kart vasitəsilə pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs1 pulunun çıxarılması ilə bağlı köməklik göstərməyi təklif edib razılığını aldıqdan sonra sonuncudan elektron məlumat daşıyıcısı hesab edilən 6762 6111 0313 3483 nömrəli bank kartını götürüb bankomata daxil etmiş, 04 rəqəmli məxfi kodunu öyrənməklə kartın balansında olan pulun çıxarılması ilə bağlı müvafiq əməliyyatlar aparıb guya plastik kartda problem olduğu üçün banka müraciət etməli olması barədə Zərərçəkmiş şəxs1 həqiqətə uyğun olmayan məlumat verərək onun oradan uzaqlaşmasından istifadə edib apardığı əməliyyatlar nəticəsində bankomatdan təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 300 manat pulu gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa, o, eyni məqsədlə xx.xx.2024-cü il tarixdə, saat 13:46 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda quraşdırılmış "xxxx" ASC-yə məxsus ATM-ə yaxınlaşaraq orada plastik kart vasitəsilə pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs2 köməklik göstərməyi təklif edib razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs2 elektron məlumat daşıyıcısı hesab edilən 5103 0714 8267 1738 nömrəli bank kartını götürüb digər bankomatda təmassız oxutdurmuş, lakin bankomatdan problem olması səbəbindən kartı ona geri qaytarıb digər bankomatda istifadə etməsini məsləhət bilmiş, Zərərçəkmiş şəxs2 da həmin kartı ondan götürərək həmin sırada olan başqa bankomata salıb məxfi kodu daxil edən zaman o, həmin kodu görüb əvvəlki bankomatda istifadə edərək zərər çəmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus 885 manat məbləğində pulu gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Həmçinin o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,199 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Səbail rayonu ərazisində xırda talama növündə inzibati xətanı törətməsində şübhəli olduğundan Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən 28 fevral 2024-cü il tarixdə, saat 16:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq həmin bölməyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın cibindən bir bükümdə bu narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlarda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 09 fevral 2024-cü il tarixdə, saat 17:50-də Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatın yanında olan zaman yaşİı bir qadının, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 bankomatdan pul çıxarmaq istədiyini, həmin vaxt bankomatda pul nağdlaşdıran başqa bir qadından kömək istədiyini, lakin digər qadının tələsdiyi üçün sonuncuya kömək etmədiyini görüb ona yaxınlaşıb köməklik etmək istədiyini bildirmişdir. Həmin qadın da ona inanıb bank kartını ona vermiş, həmçinin kartın məxfi kodunu də demişdir. O da kartı bankomata daxil edib balansını yoxlamış, hesabda 400 manatdan artıq pulun olduğunu görüb 300 manat pulu nağdlaşdırmaq üçün əməliyyatı yerinə yetirib sonlandırmışdır. Həmin vaxt o, bankomatın pulları bir qədər gec nağdlaşdıracağını görüb əvvəlcə bankomatın öz-özünə xaric etdiyi kartı cəld şəkildə götürüb Zərərçəkmiş şəxs1na qaytarmış, kartda problem olduğunu üçün banka müraciət etməyi bildirmişdir. Sonuncu da onun dediklərinə əsasən bankın filialına doğru gedəndə o, bankomatdan nağdlaşdırdığı 300 manat pulu dərhal götürüb cəld şəkildə oradan uzaqlaşmışdır. Bundan başqa, o, 27 fevral 2024-cü il tarixdə, səhər saatlarında “Papanin” adlanan yerə gedərək orada adını və anket məlumatlarını bilmədiyi, sadəcə üzdən tanıdığı şəxsə yaxınlaşıb 20 manata öz şəxsi istifadəsi üçün bir ədəd bükümdə heroin almış, onun bir hissəsini istifadə etdikdən sonra qalanını əynindəki şalvarın sağ kiçik cibinə qoyub üzərində saxlamışdır. 28 fevral 2024-cü il tarixdə, saat 16 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib xırda talamada ondan şübhəli olduğunu deyərək onu 9-cu polis bölməsinə dəvət etmişlər. Orada o, həmin bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa, o, 02 iyun 2024-cü il tarixdə, saat 13:45 radələrində ünvan 4 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus bankomatların yanında olan zaman orta yaşlı bir qadının, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 oraya gedib soldan 3-cü sırada yerləşən bankomata yaxınlaşdığını və bank əməliyyatı etdiyini görmüşdür. O, dərhal həmin qadına yaxınlaşıb yalan danışaraq bankomatda səhv əməliyyat apardığını bildirmiş, daha sonra guya köməklik etmək bəhanəsi ilə bank kartını ondan götürüb cəld şəkildə kartı bankomatın kontaktsız qurqusunda oxutmuş, bundan sonra kartı qadına geri qaytarıb bankomatın normal işləmədiyini yalandan söyləyib onu digər bankomatdan istifadə etməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 da kartı götürərək 4-cü sırada olan bankomata kartı daxil edib məxfi kodu yığmış, o da bu kodu görərək cəld 3-cü sırada yerləşən bankomata onu daxil etmiş və 885 manat pulu nağdlaşdırıb oradan uzaqlaşmışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 09 fevral 2024-cü il tarixdə, saat 17:50 radələrində "xxxx" ASC tərəfindən verilmiş, üzərində 6762 6111 0313 3483 rəqəmlər həkk olunmuş təqaüd kartından pul çıxarmaq üçün Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşmışdır. Orada ondan başqa pul çıxarmaq istəyən bir neçə nəfər olduğuna görə dayanıb növbəsini gözləmiş, növbə ona çatanda bankomata yaxınlaşıb orada olan bir qadından pul nağdlaşdırmaq üçün ona köməklik etməsini xahiş etmişdir. Lakin, bu qadın pul nağdlaşdırmağı bacarmadığını deyərək oradan getmişdir. Bundan sonra orada dayanmış, adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq köməyə ehtiyacının olub-olmadığını soruşmuşdur. O da ondan köməklik etməsini xahiş edərək təqaüd kartını sonuncuya verib məxfi kodu demişdir. Təqsirləndirilən şəxs kartı bankomata daxil edib düymələri basmış, daha sonra kartı ona qaytarıb bloka düşdüyünü və bununla bağlı banka müraciət etməli olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs sözlərinə inanıb kartı almış və həmin ünvanda yerləşən "xxxx" ASC-nin filialına getmişdir. Lakin, bankın iş saatının bitdiyini görüb geri qayıtmış və kartı oradan keçən əvvəllər tanımadığı başqa bir şəxsə verib ona köməklik etməsini xahiş etmişdir. Bundan sonra həmin şəxs kartı bankomata daxil edib balansını yoxlamış, hesabda cəmi 100 manat pulun olduğunu bildirərək onu nağdlaşdırıb ona vermişdir. O, yaşadığı evə getdikdən sonra başına gələnləri övladlarına danışmış, övladları da onun kart hesabını yoxlayıb həmin tarixdə, saat 17:50 radələrində kart hesabından 300 manat pulun nağdlaşdırıldığını bildirmişlər. Hazırda ona dəymiş ziyanla da bağlı heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, "xxxx" ASC tərəfindən verilmiş, üzərində 5103 0714 8267 1738 rəqəmlər həkk olunmuş əmək haqqı kartından pul çıxarmaq üçün 02 iyun 2024-cü il tarixdə, saat 13:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus bankomatlara yaxınlaşmışdır. Orada bankomatdan pul çıxarmaq istəyərkən əvvəllər tanımadığı orta yaşlı bir kişi ona yaxınlaşıb yanlış əməliyyat etdiyi üçün köməklik etmək istədiyini bildirib kartı ondan alıb üzərində təmassız qurğu olan bankomata yaxınlaşdırmış, daha sonra bu bankomatda problemin olduğunu deyərək kartı ona verib digər bankomatda istifadə etməsini məsləhət bilmişdir. O da kartı ondan götürüb sırada 4-cü olan bankomata daxil edərək məxfi şifrəni yığmış, bu zaman həmin şəxs onun yanındakı 3-cü sırada olan bankomatın qarşısında dayanmışdır. 100 manat pul nağdlaşdırıb götürdükdən sonra yenidən kartı həmin bankomata daxil edərək balansını yoxlamış və həmin vaxt əmək haqqı kartının balansında pulun olmadığını görmüşdür. O, cəld başını qaldırıb ətrafa baxanda həmin şəxsin artıq orada olmadığını görmüş və onun hərəkətlərindən şübhələnib mobil telefonunda olan “Birbank” mobil tətbiqinə daxil olub hesabına baxanda 885 manat pulun nağdlaşdırıldığını aşkar etmişdir. Ona dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X4 ifadəsində göstərdi ki, iş yoldaşı Şahid1 ilə birlikdə bölmənin inzibati ərazisində törədilmiş xırda talama, yəni dələduzluq hadisəsi ilə əlaqədar şübhəli olan 1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində ünvan 5 ünvanın qarşısında saxlamış və məsələ barədə məlumat verdikdən sonra onu bölməyə dəvət etmişlər. Bölmədə onun üzərində axtarış aparılarkən sonuncu əynindəki göy rəngli cins şalvarın sağ kiçik cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin olduğunu, onu 27 fevral 2024-cü il tarixdə, səhər saatlarında “Papanin” kimi tanınan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • "xxxx" ASC tərəfindən verilmiş “Ödəniş kartı üzrə Çıxarış”a əsasən Zərərçəkmiş şəxs2 "xxxx" ASC-də olan 510307******1738 saylı kartından xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən bankomatdan 885 manat pul çıxarılmışdır (İ cild, i.v.72); • "xxxx" ASC tərəfindən verilmiş məktub və hesabdan çıxarışa görə Zərərçəkmiş şəxs1 6762 6111 0313 3483 saylı kartından xx.xx.2024-cü il tarixdə bankın “Nəsimi” filialının qarşısında olan bankomatlardan 100 və 300 manat pul çıxarılmışdır (İİ cild, i.v.35, 38); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 01 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1226 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən ...“sözləri yazılmış olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,199 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 0,149 qram, aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir (İ cild, i.v.197-200); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında 18 aprel 2024-cü il tarixli, 2484 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v. 04-05); • “Diskə baxış keçirilməsi haqqında” 07 avqust 2024-cü il tarixli protokoldan görünür ki, “Kapital Bank” ASC tərəfindən təqdim edilmiş 02 ədəd diskdəki olan görüntülərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs hər iki diskdəki video və foto görüntülərdə bankomatdan pul çıxarmaq istəyən qadının - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 olduğunu, sonuncuya kömək etmək bəhanəsi ilə yaxınlaşıb bankomatda əməliyyat etməyə çalışan, daha sonra Zərərçəkmiş şəxs2 həmin bankomatdan uzaqlaşdıran isə özü olduğunu bildirmişdir (İİ cild, i.v. 41, 64-70); • “Əşyanın maddi sübut qismində tanınması barədə” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,149 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (İ cild, i.v.226); • “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,149 qram narkotik vasitə heroin sübut kimi tanınması və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır (İİ cild, i.v.71-84); • “Şübhəli şəxsin tutulması haqqında” 28 fevral 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü saxlanılmış, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Səbail rayon prokuroru tərəfindən 01 mart 2024-cü il tarixdə imtina edilmişdir (İ cild, i.v.177, 222-225); • Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 18 aprel 2024-cü il tarixli, 47/2- 10104 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayon ərazisində saxlanılaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmiş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Səbail rayon prokuroru tərəfindən 18 aprel 2024-cü il tarixdə imtina edilmişdir (İ cild, i.v.241, 247-250); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 296/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.96-98); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və məhkəmə aktlarından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (İİ cild, i.v. 07- 12, 25-27, 32-34). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 180, 181-ci maddələri ilə, habelə 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur (17-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə örədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi analoji cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu ümumilikdə 04 gün müddət hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 05 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,149 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 81 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu ümumi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 81 (səksən səkkiz) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,149 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 12 (on iki) saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar