Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-445/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 15:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalzadə Aysel İlham qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2005-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Pirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, o, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmək məqsədilə 28 mart 2025-ci il tarixdə saat 01 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 1 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Nissan March” markalı **-VR- *** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarını əvvəlcədən qeyd olunan ərazidə yerdən tapdığı avtomobilin açarı vasitəsilə açdıqdan sonra sükanı arxasına əyləşib hərəkətə gətirməklə idarə edib avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmış və həmin gün saat 01:25 radələrində ünvan 2 ünvanının qarşısında hərəkətdə olarkən idarəetməni itirib yolun sağ hissəsində olan divara çırpılmaqla avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs qiymətləndirməsinə görə 6600 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, hadisə vaxtı “Qara Qarayev” metrosunun yaxınlığında yerləşən obyektdə ofisiant işləmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 01 radələrində yaşadığı evə gəlmiş və həmin vaxt mağazadan 01 ədəd spirtli içki sayılan “Go” içkinsi alıb içmişdir. Yaşadığı binaya gedən zaman binanın baş tərəfində avtomobil açarı tapmışdır. Həmin avtomobil açarını yerdən götürüb qapını açan düyməsini basmışdır. Bu zaman yaxınlıqda olan “Nissan March” markalı nömrəsini bilmədiyi avtomobilin işıqlarının yanmasını görmüş və tapdığı açarın həmin avtomobilin açarı olmasını başa düşmüşdür. Avtomobilə yaxınlaşmış və həqiqətən də avtomobilin qapısının açıq olmasını görmüşdür. Avtomobilə əyləşdikdən sonra bir az sürüb gətirib yerinə qoymağı qərara almışdır. Buna görə də, avtomobili işə salmış və həmin avtomobillə yaşadığı “20 yanvar” küçəsindən çıxıb “Memar Əcəmi” metrosuna tərəf getmişdir. “Memar Əcəmi” metrosunun yanında qarşısına Post Patrul Xidmətinin avtomobili çıxmış və polisi görüb həyəcalanmış və özünü itirmişdir. Nəticədə idarə etdiyi avtomobilin sol tərəfi ilə PPX-nin avtomobilinin arxa sol tərəfindən sürtmüşdür. Sonra isə idarə etdiyi avtomobili sürüb yaxınlıqda olan divara çırpmışdır. Lakin avtomobilə ittiham üzrə 6600 manat maddi ziyan dəyməmişdir. Avtomobilə dəymiş ziyan aktı alınmış və həmin ziyan aktında 4615 manat maddi ziyan dəyməsi qeyd olunmuşdur. Avtomobilin motor hissəsində heç bir problem olmamışdır. Çünki avtomobilin sağ təkər yeri qırılmışdır. Həmin yer düzələn zaman avtomobilin motor hissəsi də tam çıxarılmışdır. O ümumilikdə avtomobilə 4050 manat xərc çəkmişdir. Lakin qarşı tərəf avtomobilin tam şəkildə rənglənməsini və motor hissəsini düzəltməsini tələb etdiyindən aralarında narazılıq yaranmışdır. Hal-hazırda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Onun özünə məxsus “Nissan March” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobilin iki açarı olmuş və həmin açarın biri suya düşdüyü üçün işləmədiyindən avtomobilə qoymuşdur. Həmin açarı təxminən 2-3 ay bundan əvvəl itirmişdir. xx.xx.2025-ci il tarixdə avtomobili yaşadığı binanın qarşısında saxlamışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında onunla Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları əlaqə saxlamış və avtomobilin qaçırıldığını və vurulduğunu bildirmişdir. O dərhal 19-cu polis şöbəsinə getmişdir. Orada ona Xəyyam adlı şəxsin onun avtomobilinin itmiş açarını yerdən tapması və daha sonra isə avtomobilini qaçırması məlum olmuşdur. Bundan başqa Xəyyamın avtomobil ilə gedib post-patrul xidmətinin avtomobilini vurması və daha sonra isə avtomobili divara vurmasını öyrənmişdir. Hadisə nəticəsində onun avtomobilinə 6600 manat maddi ziyan dəymişdir. Belə ki, avtomobilin motor hissəsi də ziyanlıq görmüşdür. Motor hissəsi usta tərəfindən açılmadığı üçün dəqiq nə qədər ziyan dəyməsini bilmir. Ancaq bilir ki, motor hissəsinə 1000 manat maddi ziyan dəymişdir. Onun avtomobili qaçırılmamış, əksinə oğurlanmışdır. İstintaq zamanı təqsirləndirilən şəxsə avtomobili qaçırma maddəsi deyil, oğurluq maddəsi ilə ittiham verilməsini istəmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmədiyindən şikayətçidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən şahidlər Şahid1, Şahid2 və Şahid3 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, X2 Alayının 9-cu Patrul Bölüyündə polis nəfəri işləyir. Xidməti ərazisi Nəsimi RPİ-nin 19 və 20-ci polis bölmələrinin ərazisi hesab olunur. xx.xx.2025-ci il tarixdə saat 01 radələrində iş yoldaşları Şahid2 və Şahid3 ilə birlikdə xidmətdə olmuşdur. Xidmətə “Mercedes Çitan” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə çıxmışdır. Xidmət etmək üçün onlara həmin avtomobil təhkim edilmişdir. Avtomobili İlkin idarə etmişdir. Həmin tarixdə, yəni xx.xx.2025-ci il tarixdə saat 01:25 radələrində ünvan 3 ünvanında binanın yanında keçib 19-cu polis bölməsinə tərəf getmişdir. Həmin vaxt orada iş yoldaşı Etibar Aslanlı onların yanında keçmişdir. Metronun “Memar Əcəmi” stansiyasının 54 nömrəli məktəb tərəfdə olan çıxışının yanında avtomobili saxlayıb Etibarla söhbət etmək istəmişdirlər. Həmçinin də həmin vaxt qarşıdan “Nissan March” markalı nömrəsini bilmədiyi avtomobil gəlmişdir. İlkin ona yol vermək üçün avtomobili bir az sağ tərəfə çəkib Etibarın yanında saxlamışdır. Həmin vaxt qarşıdan gələn “Nissan March” markalı nömrəsini bilmədiyi göy rəngli avtomobilin sürücüsü öncə gəlib yolun sol tərəfdə olan divara avtomobilini sürtmüş, sonra isə gəlib onların avtomobilin arxa sol təkərindən sürtüb üzü aşağı istiqamətdə, yəni “Memar Əcəmi” dairəsi deyilən istiqamətdə getməyə başlamışdır. Dərhal onun arxası ilə hərəkətə başlamışdır. Həmin vaxt “Nissan March” markalı avtomobilin sürücüsü avtomobili divara çırpıb düşüb qaçmışdır. Onu tuta bilməmişdirlər. Daha sonra həmin şəxsin özünün 19-cu polis şöbəsinə gedərək təslim olmasını bilmişdirlər. Sonradan həmin şəxsin adının Xəyyam olmasını, “Nissan March” markalı avtomobili qaçırmasını bilmişdir. Hadisə nəticəsində də heç bir xəsarət almamışdırlar. (i/v 90-92). İbtidai istintaq zamanı şahid qimində ifadələri alınmış X2 alayının 9-cu Patrul Bölüyünün polis nəfərləri Şahid3 və Şahid2 də polis nəfəri Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinə baxış protokolundan görünür ki, avtomobilin qabaq sol künc hissəsi əzik vəziyyətdədir. Avtomobilin qabaq sağ təkər yeri qırılmış və təkər çıxmışdır. Həmçinin sağ krlosu əzik vəziyyətdədir. Avtomobilin qabaq sağ qapısında divara sürtünmə izlətinə oxşar izlər vardır. Həmçinin avtomobilin arxa hissəsində heç bir zədə yoxdur. Daha sonra avtomobilin motorxana olan hissəsinə baxış zamanı üst tərəfdə heç bir gözlə görünən xəsarət və zədə aşkar edilməmişdir. Lakin avtomobilin motorxana hissəsinin alt tərəfinə polis bölməsinin həyətində baxmaq imkanlar xaricində olduğu üçün avtomobilin motorxana hissəsinin alt tərəfindən hər hansı bir zədənin və ya qırığın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Avtomobildə başqa iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilmədi (i/v 70-71). İş materiallarında olan sərxoşluq müayinəsindən keçməyə dair qəbzdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə sərxoş olmuş və alkoqol tərkibi 0,630 qram olmuşdur (i/v 21). İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan Təqsirləndirilən şəxs 28 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 42-43). İş materiallarında olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 30 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 60-61). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 62-63). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 84). İş materiallarında olan 03 aprel 2025-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Nissan March” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 4615 manat qiymətləndirilmişdir (i/v 87). İş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:25 radələrində göy rəngli, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 4 ünvanından yol ilə hərəkət etmişdir. Həmin vaxt qarşı tərəfdən ƏÇPAna məxsus “Mersedes” markalı avtomobil gəlmişdir. Təqsirləndirilən şəxs polis avtomobilinin gəlməsini görüb özünü itirmişdir. Əvvəlcə avtomobili sağ tərəfdə olan divara sürtmüş, sonra isə avtomobilin idarəçiliyini itirib ƏÇPA-na məxsus “Mersedes Çitan” markalı avtomobilin arxa sol təkərinə sürtüb dar yol ilə aşağı tərəf istiqamət götürərək hərəkət etmişdir (i/v 95). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd disk və “Nissan March” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və diskin cinayət işi materiallarına əlavə edilməsi, avtomobilin sahibinə qytarılması nəzərə alınmışdır (i/v 115-120). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulan əməli, yəni talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlini törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 mart 2025-ci il tarixdən 30 mart 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun yaşadığı ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-445/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-3217, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 28 mart 2025-ci il tarixdən 30 mart 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Nissan March” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 24 iş saatı üçün 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-445/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-445/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver