Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-446/2024 02.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Xüsusi ittihamçı: X6 Barəsində xüsusi ittiham X2 qaydasında şikayət verilmiş şəxs: iştirakları ilə xx.xx.1962-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 1TKJBA2), subay, Quba rayonu, Quba şəhəri, Əziz Əliyev küçəsi, ev 12də qeydiyyatda olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 Xanım Hümmət qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, o, 2023-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində “Xanım” adlı qadınla tanış olmuş, yaranmış yaxın münasibətlər zəminində ona problemini demiş və həmin qadın da bu barədə ona kömək edəcəyini bildirmişdir. O, həmin qadından borc pul istəmiş və imkan daxilində həmin borcu geri qaytarmaq barədə onunla razılaşmışdır. Beləliklə, həmin qadın ona imkan olduqca qaytarmaq şərtilə 35.000 manat pul borc vermişdir. Daha sonra o, imkan olduqca onun pulunu qaytarmağa başlamışdır. Bu minvalla o, borcundan 15.000 manat qaytarmış, qalan pulu da hissə-hissə qaytarmağa hazırdır. 15 iyun 2024-cü il tarixdə Xanım onun yaşadığı ünvana gələrək pulun hamısını tələb etməyə başlamış, o da bunun mümkün olmadığını deyəndə Xanım qışqırmış, onun paltarını cırmışdır. Onun müraciətinə baxan polis orqanı faktla bağlı 25 iyul 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra Xanım onun iş yerinə və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bununla bağlı onun iş yerində daxili təhqiqat başlanılmış və onu işdən kənarlaşdırmışlar. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 avqust 2024-cü il tarixli qərara əsasən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bu qərardan aydın olur ki, X.Əmirbəyovanın müraciətində qeyd etdikləri özünü doğrultmamış, təsdiqini tapmamışdır. Araşdımalar zamanı Xanımın dedikləri öz təsdiqini tapmadığı üçün ona böhtan atdığı, onu ağır cinayət törətməkdə ittiham etdiyi aydın olur. Hər iki ərizədə Xanım ona böhtan ataraq guya onların iş yerində hansısa işə adam düzəltməyə görə ondan 125.000 manat pul aldığını bildirmişdir. X.Əmirbəyovanın hərəkətləri, həmin ərizələri onu iş yerində və yaşadığı həyətdə biabır etmişdir. O, küçədə gedərkən hər an ona hücum edəcəyini gözləyir. Beləliklə, onun barəsində yalan olduğunu bilə-bilə polisə və onun iş yerinə ərizə ilə müraciət etməklə Xanım Əmirbəyova Cinayət Məcəlləsinin 147.2-ci maddəsində göstərilən əməli törətmiş və onun işgüzar nüfuzuna ziyan vurmuş, bununla da onun işdən çıxarılmağına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilərək cəzalanması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayəti müdafiə edərək onun icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 bildirdi ki, X7 onun oğlunu Dövlət Neft Şirkətində işə düzəltməsi ilə bağlı ondan pul alıb vədinə əməl etmədiyi üçün barəsində aidiyyəti üzrə şikayətlər etmiş, onun iş yerinə müraciət etmişdir. Hazırki şikayətlə razı deyil. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, X2 Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya, 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə məsuliyyət müəyyən edir. Göründüyü kimi, böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkəyən və ya onu nüfuzdan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd olunur ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Yəni şəxsin əməlində Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətinin mövcud olmasını onun tərəfindən yayılan böhtan xarakterli məlumatların kütləvi informasiya vasitələri ilə yayılması və ən azı iki nəfər olmaqla ictimaiyyətə çatdırılması ilə şərtləndirir. Eyni zamanda həmin Qərarda göstərilir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir (5-ci bənd). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 302.1-ci maddəsinə müvafiq olaraq cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (302.1.6-cı maddə), habelə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7-ci maddə) məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan Qərarında vurğulanır ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir (11-ci bənd). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-446/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-446/2024
02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver