Məhkəmə qərarları › İş №1(006)-447/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-447/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-447/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində mühafizəçi işlədiyi ünvan 2 ünvanında yerləşən, adsız fəaliyyət göstərən masaj salonunun masaj otağında, müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs, masaj xidməti zamanı, daxili qaydalara zidd olaraq otağın qapısının bağlanmasını tələb etməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı baş nahiyəsindən qəsdən əli ilə bir neçə dəfə vuraraq ona-başın sol gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan dərialtı hematoması, sol almacıq yanaq nahiyəsinin qançırı kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, hadisə vaxtı ünvan 3 ünvanında verləşən adsız fəaliyyət göstərən masaj salonunda, gündəlik 20 manat müqabilində mühafizəçi olaraq işləmişdir. xx.xx.2022-ci il tarixdə işdə olan zaman, saat təxminən 01 radələrində, salona bir nəfər daimi müştəri kimi üzdən tanıdığı lakin ad və soyadını sonradan bildiyi Zərərçəkmiş şəxs gəlmişdir. Zərərçəkmiş şəxs xidmətlə əlaqədar ödəniş etdikdən sonra masaj edən xanım Nərgiz Quliveva ilə masaj otağına getmişdir. Lakin bir müddət sonra həmin masaj otağından mübahisə səsləri gəlmişdir. O, zərurət yarandığına görə mühafizəçi kimi həmin otağa yaxınlaşdıqda Nərgiz Quliyeva onu səsləmiş və müştəri Zərərçəkmiş şəxs onun xidmətindən imtina edib ödənişini geri tələb etdiyini bildirmişdir. O. Zərərçəkmiş şəxs yaxınlaşıb ondan sakitləşməsini xahiş etmiş və ondan başqa da, müştərilərin olduğunu, onları narahat etməməsini bildirmişdir. Bu zaman, Zərərçəkmiş şəxs onunla kobud danışıb ünvanına nalayiq ifadələr işlədiyi üçün onun qolundan tutub otaqdan çıxarmağa çalışmışdır. Zərərçəkmiş şəxs otaqdan çıxmaq istəmədiyi üçün əsəbiləşib masaj otağında onun baş nahiyəsindən bir neçə dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs obyekti tərk edib getmiş və bir müddət sonra salona gələn polis əməkdaşları onu Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə dəvət etmişlər. İfadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olduğunu, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, işi ilə əlaqədar yorğun olduğu vaxtlarda Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən masaj salonuna getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində həmin masaj salonuna getmiş, adını bilmədiyi lakin üzdən tanıdığı xanımın masaj xidməti göstərməsini istəmiş və 50 manat ödəniş edərək masaj otağına keçmişdir. Masaj otağında olan zaman həmin masaj edən xanımdan otağın qapısını bağlamasını xahiş etmiş, sonuncu isə daxili qaydalara əsasən qapını bağlamayacağını bildirmişdir. Bu səbəbdən, o, xidmətdən imtina edərək ödənişini geri tələb etmiş, bu zaman isə həmin xanımla aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə edən zaman obyektin mühafizəçisi ad və soyadını sonradan bildiyi Süleyman Əbdürrəhmanov otağa daxil olub onunla kobud danışmağa başlayaraq heç bir ödənişin geri qaytarılmayacağını bildirmiş, onu nalayiq ifadələrlə təhqir edib obyekti tərk etməsini tələb etmişdir. O, hansı səbəbdən onunla kobud danışıldığını, təhqir edildiyini soruşduqda, Təqsirləndirilən şəxs yenidən onu təhqir edərək üzərinə gəlmiş, masaj otağında onun baş nahiyəsindən yumruqla bir neçə dəfə zərbə vurmuşdur. Bundan sonra, o, əynini geyinərək həmin obyekti tərk etmiş və piyada hərəkət edən zaman polis əməkdaşlarını görüb onlara yaxınlaşaraq hadisə barədə məlumat vermişdir. Daha sonra, həmin polis əməkdaşları onu Təqsirləndirilən şəxs ilə birlikdə 22-ci Polis Şöbəsinə dəvət etmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2022-ci il tarixli 1194 saylı sağlamlığa zərər vurmanın təyininə dair məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - başın sol gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan dərialtı hematoması, sol almacıq yanaq nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (baş, əl və s.) təsirindən əmələ gələ bilmələri mümkündür (i/v 39-41). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 77). Məhkəməyə təqdim edilmiş 13 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-447/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2022-ci il tarixdən öz hesabına müdafiəçinin məhkəməyə buraxıldığı müddətə qədər cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar