Məhkəmə qərarları › İş №1(006)-449/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-449/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-449/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1972-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, T.İsmayılov küçəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində Lənkəran şəhər məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01.12.2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 63 ünvanında yerləşən "Mint İnşaat” MMC-nin baş ofisinin pəncərəsini özündə olan istintaqa məlum olmayan vintaçanla açaraq ofisə qanunsuz daxil olub mühafizəçi üçün nəzərdə tutulmuş masanın alt hissəsindəki dolabdan "Mint İnşaat” MMC-yə məxsus bir ədəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 800 manat dəyərində "xxxx" markalı notbuku, bir ədəd 50 manat dəyərində istilik sobasını, həmin MMC-də mühafizəçi işləyən Zərərçəkmiş şəxs3 Şəmşəddin oğluna məxsus 30 manat dəyərində “Brioni” markalı, boz rəngli idman üst geyimini, bir ədəd 10 manat dəyərində qara rəngli kəməri, bir ədəd 5 manat dəyərində “Xiomi Not 5” markalı mobil telefonun original adapterini, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 20 manat dəyərində ağ rəngli, uzun qol köynəyi, bir ədəd 50 manat dəyərində göy rəngli qolsuz gödəkçəni, bir cüt 45 manat dəyərində qara rəngli ayaqqabını gizli olaraq talayaraq ümumilikdə "xxxx" MMC-yə 850 manat, Zərərçəkmiş şəxs3 Şəmşəddin oğluna isə 160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30.11.2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi ünvan 3 ünvanın zirzəmisində yerləşən gözəllik salonunun əsas giriş qapısının qıfılını özündə olan istintaqa məlum olmayan dəmir alətlə sındıraraq oraya qanunsuz daxil olub masanın üzərindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədədinin qiyməti 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 02 ədəd təbii saçları, salonda olan rəfin içərisindən 01 ədədinin qiyməti 15 manat olmaqla ümumilikdə 150 manat dəyərində 10 ədəd “CD" markalı saç boyalarını, 01 ədədinin qiyməti 36 manat olmaqla ümumilikdə 468 manat dəyərində 13 ədəd “Faberlic” markalı ətirləri, 01 ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 40 manat dəyərində “CD” markalı saç ampulalarını və salonda olan masanın rəfindən 320 manat nəğd pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1378 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o həbs olunduğu vaxta qədər rəsmi olaraq heç bir yerdə işləməmiş, maddi imkanı yaxşı olmamışdır. Buna görə də, oğurluq edərək pul əldə etmək fikrinə düşmüşdür. Belə ki, 30 noyabr 2020-ci il tarixdə saat 05 radələrində piyada hərəkətdə olarkən ünvan 4 ünvanında yerləşən gözəllik salonunu görmüş və qapısının bağlı olduğunu, içəridə heç kimin olmadığını müşahidə etmiş, sonra həmin salondan oğurluq etmək qərarında gəlmişdir. Cibində olan dəmir aləti çıxarıb gözəllik salonunun qapısının kilidini sındıraraq içəri daxil olmuşdur. Orada olan 02 (iki) ədəd təbii saçları, salonun daxilində, rəfdən 10 (on) ədəd saç boyalarını, 13 (on üç) ədəd ətirləri, saça vurulması üçün nəzərdə tutulan 08 (səkkiz) ədəd saç ampulalarının hamısını bir sellofan torbaya yığmış və sonda masanın çəkəcəyindən 320 manat nəğd pulu götürüb oradan çıxmışdır. Həmin gün saat 10 radələrində Nəsimi rayonunda "Papanin” deyilən ərazidə piyada hərəkət edərkən tanımadığı bir şəxsə yaxınlaşmış və torbadakı əşyaları yerdən tapdığını, satmaq istədiyini bildirmiş, həmin şəxs də torbada olan əşyalara baxdıqdan sonra ona 30 manat təklif etdikdə, o da razılaşmışdır. Oğurluqdan əldə etdiyi pulu şəxsi ehtiyyacları üçün xərcləmişdir. Bundan başqa, 01 dekabr 2020-ci il tarixdə saat 22 radələrində ünvan 5 ünvanın qarşısında piyada hərəkət edən zaman bir obyektin olduğunu görmüşdür. Obyektin əsas giriş qapısının sağ tərəfindəki pəncərəyə yaxınlaşaraq içəri baxmış və içəridə heç kimin olmadığını görüb, üzərində olan burğacla pəncərəni açmışdır. Ətrafa nəzər yetirib onu heç kimin görmədiyinə əmin olduqdan sonra o içəri daxil olmuşdur. İçəridə ətrafa nəzər yetirdikdə, əsas giriş qapısının sağ tərəfində mühafizəçi üçün nəzərdə tutulmuş dolabın alt hissəsindən bir ədəd "xxxx" markalı notbuku, bir ədəd istilik sobasını, “brioni” markalı, boz rəngli idman üst geyimini, bir ədəd ağ rəngli, qolu uzun köynəyi, bir ədəd göy rəngli, qolsuz gödəkçəni, bir ədəd qara rəngli kəməri, bir cüt qara rəngli kişi ayaqqabısını və bir ədəd ağ rəngli mobil telefonun adapterini oğurlayaraq oradan əldə etdiyi torbanın içərisinə yığmışdır. Sonra torbanı da götürərək içəri daxil olduğu pəncərədən çölə çıxmışdır. Sonra kirayədə yaşadığı Suraxanı rayonuna getmişdir. Oğurladığı əşyaları kirayədə yaşadığı evdə gizlətmişdir. 02 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ak. H.Əliyev küçəsi ilə piyada hərəkət edən zaman orada üzərinə “Bakcell” yazılmış mobil telefon və kompüter alqı-satqısı mağazasının olduğunu görmüşdür. O, oğurladığı "xxxx" markalı notbuku həmin mağazada satmaq məqsədi ilə içəri daxil olmuşdur. Satıcıya yaxınlaşaraq özünə məxsus notbuku 100 manata satmaq istədiyini bildirmişdir. Satıcı notbuka nəzər yetirib işlək vəziyyətdə olduğunu gördükdə onunla razılaşmışdır. O, satıcıdan 100 manatı aldıqdan sonra mağazadan çıxmışdır. Bundan sonra o, Suraxanı rayonuna gedərək bazarda istilik sobasını isə 20 manata tanımadığı şəxsə satmışdır. Sonra isə oğurladığı geyim əşyalarını ümumilikdə 30 manata tanımadığı digər şəxsə satmışdır. Daha sonra isə markasını və nömrəsini xatırlamadığı taksi sürücüsü ilə Lənkəran şəhərinə getmişdir. Orada əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra Lənkəran şəhərində törətdiyi cinayət əməlinə görə Lənkəran şəhər məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbir seçilmişdir. İfadəsinin sonunda törətdiyi əməllərdən peşiman olduğunu, zərərçəkmiş şəxslərdən iki nəfərinin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, ünvan 6 ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. O, heç bir yerdə işləmədiyi üçün ailəsini dolandırmaq məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 9B ünvanında yeni tikilən binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərək həmin sahəni gözəllik salonu kimi işlətmişdir. Belə ki, həmin gözəllik salonu bir zaldan, bir giriş qapısından ibarətdir və həmin salonun giriş qapısı, ortası şüşə, kənarları isə aliminium ilə hazırlanmışdır. 29 noyabr 2020-ci il tarixdə saat 18 radələrində o, evə gedən zaman həmişəki kimi işlədiyi salonun qapısını bağlayaraq getmişdir. 30 noyabr 2020-ci il tarixdə saat 09 radələrində həmin binada xadiməçi kimi işləyən Şahid1 orada təmizlik işləri aparan zaman onun icarə əsasında işlətdiyi salonun qapısının açıq olmasını görərək ona bildirmişdir. O, 30 noyabr 2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 9B ünvanında yeni tikilən binanın zirzəmisində yerləşən icarə əsasında işlətdiyi gözəllik salonuna gələn zaman salonun giriş qapısının açıq olmasını görmüşdür. Belə ki, naməlum şəxs salounun qapısına müdaxilə edərək icarə əsasında işlətdiyi gözəllik salonuna daxil olmuşdur. O daha sonra salona daxil olarkən salonun daxilindən masanın üzərindən ümumi məbləğləri 400 manat olan 02 ədəd təbii saçların, salonun daxilində rəfdən ümumi dəyəri 150 manat olan 10 ədəd saç boyalarının, ümumi dəyəri 470 manat olan 13 ədəd ətirlərin, ümumi dəyəri 40 manat olan saça vurulması üçün nəzərdə tutulan 08 ədəd saç ampulalarının və masanın çəkəcəyindən 320 manat nağd pulunun oğurlandığını aşkar etmişdir. O həmin vaxt baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq olması barədə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1.380 (min üç yüz səksən) manat maddi ziyan dəymişdir. Halhazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 15 sentyabr 2021-ci il tarixdə, Zərərçəkmiş şəxs3 16.09.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadıqlarını bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilmınəsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, ünvan 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 9ayədə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün ailəsini dolandırmaq məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev 9B ünvanında yerləşən MTK-da xadiməçi kimi işləyir. 30 noyabr 2020-ci il tarixdə saat 09 radələrində o həmin binada təmizlik işlərini görən zaman binanın zirzəmisində yerləşən və hal-hazırda gözəllik salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin qarşısından keçən zaman salonun qapısının açıq olmasını görmüşdür. O, həmin vaxt salonu icarə əsasında işlədən Zərərçəkmiş şəxs1 zəng vuraraq salonun qapısının açıq olması barədə məlumat vermişdir. Həmin tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi gözəllik salonuna gəlmiş və qapının açıq olmasını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, salondan Zərərçəkmiş şəxs1 məxsus masanın üzərindən ümumi məbləğləri 400 manat olan 02 ədəd təbii saçlar, salonun daxilində rəfdən ümumi dəyəri 150 manat olan 10 ədəd saç boyaları, ümumi dəyəri 470 manat olan 13 ədəd ətirlər, ümumi dəyəri 40 manat olan saça vurulması üçün nəzərdə tutulan 08 ədəd saç ampulaları və masanın çəkəcəyindən 320 manat nağd pul oğurlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2021-ci il tarixli 9/2945 nörməli rəyindən görünür ki, analoji malların markasına, modelinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin dekabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 45,00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstrilmişdir. Digər 5 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, materialı, istismar müddəti və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı (cild 1, i/v 192-195). İş materiallarında olan qətimkan tədbirinin nəzərə alınması haqqında 28 aprel 2021ci il tarixli qərardan görünür ki, Lənkəran şəhər məhkəməsinin 17 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.05.2021-ci il tarixli tələbnamədən və Lənkəran şəhər məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 1(049)-92/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət törətməyə görə məhkum olunaraq sonuncu dəfə Lənkəran şəhər məhkəməsinin 22.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Salyan rayon məhkəməsinin 18.06.2020-ci il tarixli qərarı ilə 01 ay 02 gün vaxtından əvvəl şərti azad edilmişdir. 10.07.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, 94-97, 99-102). İş materiallarında olan şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və fotoşəkildən görünür ki, 12 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid2 tanınmaya təqdim edilmişdir. Şahid2 Təqsirləndirilən şəxs tanıyaraq 02.12.2020-ci il tarixdə ünvan 11 ünvanda yerləşən "Bakcell” mağazasında "xxxx" markalı notbuku satan şəxs olduğunu bildirərək, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 2, i/v 8-11). İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 02 dekabr 2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, həmin tarixdə Nəsimi RPİ-nin 20-ci PBnin təhqiqatçısı, polis kapitanı Orxan Hacıyev tərəfindən Zərərçəkmiş şəxs3 Şəmşəddin oğlunun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir (cild 1, i/v 9-13). İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 30 noyabr 2020-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, həmin tarixdə Nəsimi RPİ-nin 20-ci PBnin təhqiqatçısı, polis mayoru Rasim Əliyev tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir (cild 1, i/v 121-123). Məhkəmənin şifahi sorğusu əsasında əldə olunmuş Lənkəran şəhər məhkəməsinin 1(049)-293/2021 saylı, 16 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 15 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxslərdən iki nəfərinin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Lənkəran Şəhər Məhkəməsinin 1(049)-293/2021 saylı, 16 iyul 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 1772.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lənkəran Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 15 yanvar 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Lənkəran Şəhər Məhkəməsinin 1(049)-293/2021 saylı, 16 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-449/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərara əsasən 10 avqust 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 15 yanvar 2021-ci il tarixdən hesablansın. Lənkəran Şəhər Məhkəməsinin 1(049)-293/2021 saylı, 16 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzaçəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar