Məhkəmə qərarları › İş №1(006)-451/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-451/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-451/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, Şəhidlər Xiyabani küçəsi, ev 2/2A ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 10.05.2021-ci il tarixdə Lənkəran şəhəri inzibati ərazisində tanımadığı, sosial şəbəkədən təsadüfən tanış olduğu şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd şəffaf, sellofan bükülüdə, təmiz çəkisi 25.318 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuananı 150 manat pula əldə edib özündə saxlayaraq daşımış və "xxxx" MMC-dən icarəyə götürdüyü “Hyundai” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12 may 2021-ci il tarixdə saat 20:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti ilə K.Səfərəliyeva küçəsinin kəsişməsində manevr etmə qaydasını pozduğuna görə Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Yolisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, sənədləri yoxlanılarkən, həmin vaxt avtomobili müvafiq etibarnamə olmadan idarə etməsi aşkar olunduğu üçün “Hyundai” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasına aparılacağını görüb, polis əməkdaşlarına üzərində narkotik vasitə hesab olunan qurudulmuş marixuana olmasını bildirdikdən sonra narkotik vasitə saxlamaqla daşımaqda şübhəli olmasına görə Nəsimi rayon polis idarəsinə gətirilmiş və idarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qolsuz, mövsümü gödəkçənin sol iç yan cibindən 1 ədəd şəffaf, sellofan bükülüdə, təmiz çəkisi 25.318 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulduğu günədək xeyli müddət narkotik vasitələrdən istifadə etmişdir. Həmin narkotik vasitələri tanımadığı şəxslərdən Lənkəran şəhərində müxtəlif yerlərdən almış, sonuncu dəfə narkotik vasitə olan marixuananı tutulmamışdan 2 gün əvvəl, yəni 10.05.2021-ci il tarixdə internetdə tanımadığı şəxsə sifariş vermiş və həmin tarixdə, saat 15:00 radələrində Lənkəran yolunda yerləşən ağaclardan birinin alt hissəsinə 150 manat pul məbləğini qoyaraq həmin yerdən narkotik vasitəni götürüb şəxsi istifadəsi üçün üzərində daşımağa başlamış, lakin narkotik vasitəni istifadə etməmiş, onu bayram günlərində istifadə etmək fikrində olmuş və bu səbəbdən üzərində saxlamışdır. 10.05.2021-ci il tarixdə yol maşını ilə saat təxminən 17:00 radələrində Lənkəran şəhərindən yaşadığı Bakı şəhərinə qayıtmışdır. İşləmək üçün ona avtomobil lazım olduğundan 10.05.2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "xxxx" MMC-yə yaxınlaşaraq 3 gün müddətinə “Hyundai Elantra” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Belə ki, onun həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmaq fikri olmuşdur. 12.05.2021-ci il tarixdə saat 20:45-də idarə etdiyi “Hyundai Elantra” markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayon, Neftçilər prospekti ilə K.Səfərəliyeva küçəsinin kəsişməsində olan zaman DYP əməkdaşları onu saxlamışlar, polis əməkdaşları həmin vaxt onun sənədlərini yoxlamaq istədiklərini bildirmişlər, onlara avtomobilin onun yox, "xxxx" MMC-yə məxsus olmasını və avtomobili etibarnamə əsasında idarə etdiyini bildirmiş, sürücülük vəsiqəsini onlara göstərsə də, avtomobili icarə əsasında idarə etməyinə dair sənədləri, eləcə də, etibarnaməni həmin vaxt avtomobildə tapıb polis əməkdaşlarına göstərə bilməmişdir. Polis əməkdaşları onun avtomobili etibarnaməsiz idarə etdiyi qənaətinə gəlmiş, daha sonra avtomobilin cərimə meydançasına getməli olmasını bildirmişlər. Bundan sonra çox həyəcanlanmış, əynində olan qolsuz gödəkçənin sol iç cibində bir büküm narkotik maddə olan marixuananı onlara göstərib həmin narkotik maddəni təhvil vermək istədiyini demiş və polis əməkdaşlarına avtomobili vizual göstərməyə başlamış, onlar avtomobili ümumi yoxladıqdan sonra onu Nəsimi RPİ-yə gətirmişlər. Nəsimi RPİ-yə gələn zaman o idarə etdiyi avtomobilin icarə müqaviləsinin və etibarnamənin surətini taparaq İdarədə olarkən təhqiqatçıya təqdim etmişdir. Daha sonra Nəsimi RPİ-də olduğu zaman sonradan keçirilən baxış zamanı ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş, axtarış zamanı gödəkçəsinin sol iç yan cibində olan, 1 büküm narkotik vasitə marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, cavabında üzərində hər hansı bir əşyanın olmadığını bildirmiş, sonra üzərinə axtarış aparılmağa başlanılmış, lakin üzərində hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş bükümün nə olduğunu deməklə təqdim etməyi təklif olunmuş, həmin narkotik maddəni Lənkəran şəhəri inzibati ərazisində ağacın altından götürməyini, bu narkotik vasitəni sosial şəbəkədən sifariş etdiyini, bunun müqabilində narkotik vasitəni götürdüyü yerə 150 manat pul qoymağını, həmin narkotik vasitəni özünün istifadəsi üçün aldığını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra onun və polislərin iştirakı ilə üzərindən aşkar edilmiş maddənin tərkibinin müəyyən olunması üçün həmin bükümün qablaşdırılaraq möhürlənib ekspertizaya göndərildiyi bildirilmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, narkotik vasitələrdən istifadə etməklə yalnız özünə ziyan vurduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nin inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 12.05.2021-ci il tarixdə, saat 20:45 radələrində Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nin inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə Nəsimi rayon Polis İdarəsinin inzibati ərazisində YPX-273 saylı avtopatrulla xidmətdə olmuşlar, bu zaman Nəsimi rayonu, Neftçilər prospekti ilə K.Səfərəliyeva küçəsi kəsişmələrində, “Hyundai” markalı, **-SC-*** dövlət qeydiyyat nömrəli avtomobilin manevr etmə qaydasını pozmasını müəyyən edib, qeyd olunan sürücüyə yaxınlaşaraq özlərini ona təqdim edib, sənədlərini onlara göstərməsini bildirmişlər, qeyd olunan sürücünün Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, lakin sürücünün sənədlərinin yoxlanılması zamanı onun qeyd olunan nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin olmadığı müəyyən olunmuş, sorğu-sual zamanı həmin şəxs qeyd olunan avtomobili icarə müqaviləsi ilə etibarnamə əsasında idarə etdiyini, lakin sənədlərini avtomobildə tapa bilmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərindən duracağa aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs avtomobildə və üzərində qeyriqanuni əşyaların olub-olmaması tərəflərindən soruşulmuş, sonuncu səmimi olaraq gödəkçəsinin cibində narkotik maddənin olmasını onlara bildirmiş, həmin şəxsin avtomobilinə ümumi şəkildə baxdıqdan sonra hər hansı əlavə qanunazidd hal aşkar edilməmişdir. Həmin şəxsin avtomobili duracağa yerləşdirilmiş, daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumat verdiyini bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsinin inzibati binasının xidməti otaqların birində təhqiqatçı tərəfindən axtarışın aparılması bildirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan tünd göy rəngli, mövsümü qısaqol gödəkçəsinin sol iç yan cibindən 01 ədəd şəffaf sellofan bükülünün içərisində spesifik iyə malik olan maddəni çıxararaq masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı qanunla qadağan olunmuş bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuş, sonuncu üzərindən aşkar edilmiş ümumilikdə 01 ədəd bükülünün “marixuana” olmasını bildirmiş, ondan həmin narkotik vasitəni haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi sual edildikdə həmin şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 10 may 2021-ci il tarixdə Lənkəran şəhərində olarkən tanımadığı şəxsdən ümumilikdə 150 manata öz istifadəsi üçün internet vasitəsilə aldığını və üzərində gəzdirməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş və Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nin inspektorları Şahid1 və Şahid2, mütəxəssis qismində dəvət edilmiş X4 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 12 may 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi tünd göy rəngli mövsümi qolsuz gödəkçəsinin boynuna, sağ, sol və iç ciblərinə baxılmış, həmin vaxt qolsuz gödəkçənin sol iç cibindən bir ədəd şəffaf sellofan torba aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ, arxa və sol ciblərinə baxılmışdır. Bu zaman sağ yan cibindən 1 ədəd 20 manatlıq və 2 ədəd 1 manatlıq olmaqla 22 manat pul aşkar edilmişdir. Daha sonra 22 manat Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ayaqqabısının və corabının içərisinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra ondan ayaqqabılarını, corablarını geyinməsi və üst-başını səliqəyə salması tələb edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli mövsümi qolsuz gödəkçəsinin sol iç cibindən aşkar edilmiş bir ədəd şəffaf sellofan torbaya baxış keçirilmiş və həmin torbada narkotik maddə olan marixuanaya bənzər kütlə olduğu məlum olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin kütləni 2 gün əvvəl tanımadığı şəxsdən internet vasitəsi ilə 150 manat pula aldığını və istifadəsi üçün gəzdirdiyini qeyd etmişdir. Habelə, o, təxminən 4 il bundan əvvəl CM-nin 234.1-ci maddəsi ilə bir il müddətinə məhkum olunduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Daha sonra çəkiliş yenidən başlanılmış və çəkilişin Nəsimi RPİ-nin inzibati binasında xidməti otaqların birində keçirildiyi bildirilmişdir. Bundan başqa şübhəli şəxsdən onu idarəyə gətirilən zaman hər hansı bir zora və ya təhqirə məruz qalması soruşulduqda o, heç bir bir zora məruz qalmadığını, təhqir olunmadığını və bu barədə heç kimdən şikayətinin və ya tələbinin olmadığını bildirmişdir. Habelə o, aparılmış şəxsi axtarışdan da şikayətinin olmadığını və bunu da imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 51-53). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 12.05.2021-ci il tarixli, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2021-ci il tarixli, 7/456 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “......Şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə” yazılar və imzalar olan zərfdə bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi-25,318 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (i/v 61-62). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə, çəkisi 25,318 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 143-149). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 26 may 2021-ci il tarixli 1592 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Lakin, abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 120-121). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 may 2021-ci il tarixli tələbnamədən, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 dekabr 2016-cı il tarixli hökmünün surətindən və Xəzər rayon məhkəməsinin 10 noyabr 2017-ci il tarixli Qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 dekabr 2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 10 noyabr 2017-ci il tarixli Qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş və 03 sentyabr 2018-ci il tarixdə şərti cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i/v 117-118, 127-131, 133-134). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdə, saat 21:25-də şübhəli şəxs qismində tutulmuşdur (i/v 27-28). İş materiallarına əlavə olunmuş 14 may 2021-ci il tarixli “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin qərarından və “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirindən görünür ki, 14 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilməsindən imtina edilmiş və həmin tarixdə “Başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmişdir (i/v 106- 107, 111). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşman olmasını və təqsirini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdən 14 may 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəməyədək icraat dövründə tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 66 (altmış altı) manat, 46 (qırx altı) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 25,318 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 25,298 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-451/2021 saylı, 02 avqust 2021-ci il tarixli qərara əsasən 05 avqust 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdən 14 may 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təqdim edilsin. Təqsirləndirilən şəxs 66 (altmış altı) manat, 46 (qırx altı) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 25,318 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 25,298 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar