Məhkəmə qərarları › İş №1(006)-451/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-451/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-451/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,754 qram çəkidə narkotik vasitə heroini və 0,457 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 09 fevral 2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 10:20-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon Polis İdarəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,754 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi 0,457 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 10:20 radələrində ünvan 5 ünvanın qarşısında xalası Şahid5 ilə birlikdə olan zaman onlara 3 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra onlara hərəkətlərinin şübhəli olduğunu bildirərək Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Polis İdarəsinə aparıldıqdan sonra xidməti otaqların birində onun və Şahid5 üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı ilk öncə Şahid5 üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, ona üzərində olan qanunsuz vasitələri təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarının cibindən iki ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddə olan, digərinin içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra qadın polis əməkdaşı tərəfindən onun üzərində axtarış aparılmağa başlanılmış, lakin qanunsuz heç nə aşkar olunmamışdır. Sonra isə ona üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuşdur. O, bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddənin “Patı” deyilən psixotrop maddə “Metamfetamin” olduğunu, bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddənin isə “Kakos” deyilən narkotik vasitə olan «Heroin» olduğunu bildirmişdir. Ondan həmin maddələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, uzun müddətdir narkotik vasitələri istifadə etdiyini, həmin maddələri həmin gün səhər saatlarında xalası Şahid5 ilə birlikdə ünvan 6 ünvanın qarşısında olan vaxt üzdən tanıdığı adını “Əbdül” kimi bildiyi şəxsdən 30 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra ondan aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ kristal şəkilli maddə və bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. O, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Nəsimi Rayon Polis İdarəsinə gətirilən zaman və İdarədə olduqları zaman hər hansı bir zorakılığa məruz qalmamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu bildirərək, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin X2 əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 09 fevral 2024-cü il tarixdə Röya və Nərmin adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılmasından ötrü Nəsimi RPİ-nin NMB-nin sabiq əməliyyat müvəkkili Şahid1 və həmin bölmənin kiçik inspekloru Şahid3 iştirakları ilə həmin gün saat 10:20 radələrində ünvan 1 ünvanın qarşısında keçirdikləri əməliyyat tədbiri zamanı Şahid5 və Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-nə aparılmışdır. Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən videoçəkiliş aparılmaqla Şahid5 və Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. Şahid5 əynindəki şalvarının cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxardaraq masanın üzərinə qoyub təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxardaraq masanın üzərinə qoyub təqdim etmiş və üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Bundan sonra, axtarış aparılması üçün dəvət olunmuş Nəsimi RPİ-nin QMB-nin inspektoru Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra həmin 02 ədəd şəffaf sellofana bükülmüş maddələr bağlanıb möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunmuş maddələrin “kakos” adlanan narkotik vasitə olan heroin və “patı” adlanan psixotrop maddə olan metamfetamin olduğunu, onun həmin heroini və metamfetamini 09 fevral 2024-cü il tarixdə səhər saatlarında xalası Şahid5 ilə birlikdə ünvan 7 ünvanı qarşısında üzdən tanıdığı “Əbdul” adlı şəxsdən 30 (otuz) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya Polis idarəsində olarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş, hər bir hərəkət qanun çərçivəsində aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin X2 əməliyyat müvəkkili Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid4 23 sentyabr 2024-cü il tarixdə və 21 oktyabr 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər Şahid4, Şahid5 və Şahid1 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin X2 əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Şahid1, Nəsimi RPİ-nin X3 inspektoru Şahid4, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X8 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5, mütəxəssis (ekspert) X7 və barələrində istintaq hərəkəti aparılan Təqsirləndirilən şəxs və Şahid5 tərəfindən imzalanmış 09 fevral 2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 09 fevral 2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının cibindən 02 (iki) ədəd bükümdə şəffaf selofana bükülmüş birinin içərisində ağ rəngli kristal şəkilli maddə olan, digərinin içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümlər aşkar edilərək götürülmüş, həmin istintaq hərəkəti dəvət edilmiş mütəxəssis tərəfindən video kameradan istifadə etməklə çəkiliş həyata keçirilmiş, həmin video görüntü bir ədəd DVD diskinə köçürülərək götürülmüş, bununla bağlı qərar və protokol tərtib edilmiş və materiala əlavə edilmişdir (i/v 73-76). İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 51). İş materiallarında olan “şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” Nəsimi rayon polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Xəyyam Bağırzadənin 11 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 145-146). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/816 saylı ekspert rəyinin nəticə hissəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan - 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,754 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə, təmiz çəkisi 0,457 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin və heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (i/v 83-86). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1851 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 156-157). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,457 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,754 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi subut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə metamfetaminin 0,407 qram hissəsinin və narkotik vasitə heroinin 0,704 qram hissəsinin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 234-247). Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 112). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə metamfetamini və narkotik vasitə heroini xeyli miqdarda əldə edib daşıması və saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə olan metamfetaminin və narkotik vasitə heroinin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 09 fevral 2024-cü il tarixdən 11 fevral 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 84 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə ekspertiza xərcinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-319/2024 saylı, 16 avqust 2024-cü il tarixli hökmü ilə qiymət verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ümumi təmiz çəkisi 0,754 qram olan narkotik vasitə heroin və 0,457 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,704 qram olan narkotik vasitə heroin və 0,407 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-451/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 319/2024 saylı, 16 avqust 2024-cü il tarixli hökmü ilə qiymət verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ümumi təmiz çəkisi 0,754 qram olan narkotik vasitə heroin və 0,457 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,704 qram olan narkotik vasitə heroin və 0,407 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar