Məhkəmə qərarları › İş №1(006)-452/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-452/2021

26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-452/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Verdiktum” Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 116 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1976-cı ildə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən, nömrəsi silinmiş bir ədəd yivli odlu silahı, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı 8 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş bir ədəd darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 35 ədəd patronları istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib, üzərində gəzdirməklə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 116 ünvanına daşıyıb orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 iyun 2021-ci il tarixdə saat 21:35-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 116 ünvanına özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1976-cı ildə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən, nömrəsi silinmiş bir ədəd yivli odlu silah, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı 8 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş bir ədəd daraq və zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 35 ədəd patron mənzilin hamam otağının tavanında bir ədəd kağız qutunun içərisində olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ay yarım əvvəl yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21 ünvanın yaxınlığında olan zibilxananın yanından keçərkən ayağı bir ədəd karton qutuya dəymişdir. Həmin qutunun içərisində nə olması dəqiq görünmədiyi üçün onu götürərək açmış, içərisində 1 ədəd “Makarov" tapançasının və 35 ədəd patronun olmasını görmüşdür. Silaha marağı olduğu üçün həmin silahın və patronların olduğu kağız qutunu üzərində götürüb yaşadığı mənzilə gəlmişdir. Yaşadığı ünvana gəldikdən sonra içərisində silah və onun komplekt hissələri, həmçinin patronların olduğu qutunu hamam otağının tavanında gizlədərək saxlamışdır. Lakin ailə üzvlərinin silahdan, patronlardan heç bir məlumatı olmamışdır. 07 iyun 2021 -ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri. Xətai rayonu, Xocalı prospekti 11 ünvanının yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. O özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra polis əməkdaşları barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda, həmçinin üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu baş idarəyə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. O siyahı əsasında vəkil X1 sonra həmin vəkil dəvət olunaraq ona təqdim olunmuşdur. O hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazının olmadığını bildirmiş və bundan sonra onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Bundan sonra o şübhəli şəxs qismində tutulmuş, ona bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra qanunsuz olaraq üzərində odlu silah və döyüş sursatını əldə edərək saxlamaqla gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üzərinin yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış və ona üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman o masaya doğru yaxınlaşıb üzərində olan bir ədəd mobil telefonu, pul vəsaitini, şəxsiyyət vəsiqəsini və 01 ədəd açarı masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərində şəxsi axtarış aparılan zaman təqdim etdiklərindən əlavə üzərindən kənar əşya və maddə aşkar olunmamışdır. Təqdim etdiyi pul vəsaitinin ümumilikdə 20 manat məbləğində olması müəyyən olunmuş, pul vəsaiti əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqdim olunan mobil telefon barədə soruşulduqda o telefonun “Samsung A21” markalı olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Mobil telefon və ona aid şəxsiyyət vəsiqəsi araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra onun təqdim etdiyi açarla bağlı sual olunduqda o yaşadığı mənzilin giriş qapısının açarı olduğunu bildirmişdir. Şifahi sorğu zamanı o üzərində hər hansı qanunsuz əşya və maddənin olmadığını, lakin yaşadığı ünvanda, yəni ünvan 3 otağında odlu silah və döyüş sursatını gizlədib saxladığını etiraf etmişdir Qeyd etdiklərindən sonra videoçəkiliş dayandırılmış, şəxsi axtarış və götürmənin nəticələrinin rəsmiləşdirilməsindən sonra onun yaşadığı ünvana gedərək yaşadığı ünvana baxış keçirilməsi qərara alınmışdır. Daha sonra şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, o da həmin protokolu imzalayaraq təsdiq etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılan zaman iştirak edən iştirakçılarla birlikdə yaşadığı ünvana getmişlər. Yaşadığı mənzilin seyf qapısının qarşısına çatdıqda eyni tərkibdə olan iştirakçılarla birlikdə yaşadığı mənzilə videoçəkilişlə baxış keçirilməsinə başlanılmışdır. Baxış başlanmamışdan əvvəl o BMCMİ-nin rəhbərliyinin adına ərizə yazaraq tədbir iştirakçıları tərəfindən yaşadığı mənzildə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Yaşadığı ünvanın giriş qapısının qarşısında əlverişi şərait olmadığına görə videoçəkilişin mənzilin içində başlanılması qərara alınmışdır. O mənzilin seyf qapısını üzərində olan açarla açdıqdan sonra içəri daxil olmuşlar. Mənzilə daxil olunması üçün ondan icazə istənilmiş, etirazının olmamasını bildirdikdən sonra onlar birlikdə mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqları zaman mənzilin boş olduğu məlum olmuş, o ailə üzvlərinin hazırda mənzildə olmadıqlarını, rayona getdiklərini, özünün də bugün rayona getməli olduğunu, həmçinin mənzilin otaqlarının qapılarının bağlanıb açarlarının ailə üzvləri tərəfindən götürüldüyünü bildirmişdir. Lakin şəxsi axtarış zamanı qeyd etdiyi odlu silah və döyüş sursatını gizlədib saxladığı hamam otağının qapısının açıq olduğunu demişdir. Mənzilin dəhliz otağında videoçəkilişlə baxış başlanmışdır. Bu zaman o şəxsi axtarış və götürmə zamanı bildirdiyi odlu silahın mənzilin hamam otağında tavanın üstündə gizlədib saxladığını bildirmiş və ardınca baxış iştirakçılarını həmin otağa dəvət etmişdir. Hamam otağında olan tavanda kağız qutuda odlu silah və döyüş sursatı olduğunu bildirdikdən sonra həmin qutu yerindən götürülmüş və həmin otaqda baxış keçirilməsinə şərait olmadığına görə birlikdə mənzilin dəhliz otağında baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı kağız qutu açılmış və içində olan “Makarov" tipli tapança, 01 ədəd sandıqça, kağız qutunun içində 03 ədəd açıq vəziyyətdə patronlar, iki ədəd kağız bağlamada, hər birində 16 ədəd patron olmaqla 22 ədəd patronlar sayılaraq masanın üzərinə qoyulmuşdur. Ümumi patronlar sayılmış və 35 ədəd olduğu məlum olmuşdur. Tapançaya baxış zamanı üzərində “1976” rəqəminin yazıldığı, nömrə və hərflərin pozulduğu məlum olmuşdur. Bundan sonra tapança boş olub-olmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edilmişdir. O Makarov tipli tapançanı patronları ilə birlikdə hazırki kağız qutuda təxminən 1 ay yarım əvvəl yaşadığı evin yaxınlığından zibillikdən təsadüfən tapdığını, odlu silaha marağı olduğundan evinə gətirib gizlədib saxladığını bildirmişdir. O, həmçinin odlu silahdan istifadə etmədiyini bildirmişdir. Bundan sonra mənzilin otaqlarının qapıları bağlı olduğundan dəhliz otağına baxış keçirilmiş və kənar əşya və maddə aşkar olunmamışdır. Aşkar olunmuş tapança və patronlar onun iştirakı ilə aşkar olunduğu qutuda qablaşdırılmış, möhürlənmiş, o həmin qablaşmanın üzərinə imza edib təsdiq etmişdir. Baş İdarəyə gəldikdən sonra yaşadığı ünvana baxış keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuşdur. Protokol düzgün tərtib edildiyi üçün imzaları ilə təsdiq edilmişdir. Özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ailəli və himayəsində azyaşlı uşağının və onun nevroloji xəstəlikdən əziyyət çəkməsini, barəsində Bakı İstintaq Təcridxanasının rəisi tərəfindən verilmiş təşəkkürü, ali təhsilli, qardaşının 5 qat dünya və 3 qat “kikboksinq” üzrə avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının qadınlar üzrə yığma komandasının baş məşqçisi, atasının Bərdə rayon YAP-in fəal üzvlərindən olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, 07 iyun 2021-ci il taixdə “Azər” adlı şəxsin odlu silah və döyüş sursatı əldə edərək üzərində və yaşadığı ünvanda saxlamaqla gəzdirməsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Azər” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1982-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 116 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş idarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid3 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 11 ünvanının yaxınlığında olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs 07.06.2021 -ci il tarixdə saat 19:30-da yuxarıda qeyd etdiyi ünvanının yaxınlığında saxlanılmışdır. Həmin vaxt özlərini təqdim edərək onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib, üzərində və yaşadığı ünvanda saxlamaqla gəzdirməsi barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla razılaşıb Baş idarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi Mübariz müəllim gəldikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını əldə edərək saxlayaraq gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ona aydır olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarının ön sağ yan cibindən pul vəsaitini, şəxsiyyət vəsiqəsini və 01 ədəd açarı, həmçinin şalvarının ön sol yan cibindən 01 ədəd mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış zamanı üzərindən kənar əşya və maddə aşkar olunmamışdır. Daha sonra şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilmişdir. O, deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şübhəli şəxsin təqdim etdiyi pul vəsaitinin ümumilikdə 20 manat məbləğində olması müəyyən olunmuş, pul vəsaiti əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqdim olunan mobil telefon barədə soruşulduqda şübhəli şəxs telefonun “Samsung A21” markalı olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Mobil telefon və şübhəli şəxsə aid şəxsiyyət vəsiqəsi araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi açarla bağlı sual olunduqda o, yaşadığı mənzilin giriş qapısının açarı olduğunu demişdir. Şifahi sorğu zamanı şübhəli şəxs üzərində hər hansı qanunsuz əşya və maddənin olmadığını, lakin yaşadığı ünvanda, yəni ünvan 3 otağında odlu silah və döyüş sursatı gizlədib saxladığını bldirmişdir. Şübhəli şəxsin qeyd etdiklərindən sonra videoçəkilişin dayandırılaraq şəxsi axtarış və götürmənin nəticələrinin rəsmiləşdirilməsindən sonra onun yaşadığı ünvanda davam etdirilməsi qərara alınmışdır. Bundan sonra şəxsi axtarış və götürmənin, həmçinin şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmənin aparılmasının nəticələri protokollaşdırıldıqdan sonra onlar eyni tərkibdə olan iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına getmişlər. Qeyd olunan mənzil üç mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşir. Mənzilin seyf qapısının qarşısında çatdıqda eyni tərkibdə olan iştirakçılarla birikdə videoçəkiliş davam etdirilməyə başlanmışdır. Baxış başlanmamışdan əvvəl şübhəli şəxs BMCMİ-nin rəhbərliyinin adına ərizə yazaraq tədbir iştirakçıları tərəfindən mənzildə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Giriş qapısının qarşısında əlverişli şərait olmadığına görə videoçəkilişin mənzilin içində başlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs mənzilin seyf qapısını üzərində olan açarla açdıqdan sonra içəri daxil olmuşlar. Mənzilə daxil olunması üçün ondan icazə istənilmiş, etiraz olmadıqda şübhəli şəxslə birlikdə mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqları zaman mənzilin boş olduğu məlum olmuş, Təqsirləndirilən şəxs ailə üzvlərinin hazırda mənzildə olmadıqlarını, rayona getdiklərini, özünün də bugün rayona getməli olduğunu, həmçinin mənzilin otaqlarının qapılarının bağlanıb açarlarının ailə üzvləri tərəfindən götürüldüyünü bildirmişdir. Lakin şəxsi axtarış zamanı qeyd etdiyi odlu silah və döyüş sursatını gizlədib saxladığı hamam otağının qapısının açıq olduğunu bildirmişdir. Mənzilin dəhliz otağında videoçəkilişlə baxış başlanmışdır. Şübhəli şəxs şəxsi axtarış və götürmə zamanı bildirdiyi odlu silahın mənzilin hamam otağının tavan hissəsində gizlədib saxladığını bildirmiş, ardınca iştirakçıları həmin otağa dəvət etmişdir. Təqsirləndirilən şəxs hamam otağında olan tavanda kağız qutuda odlu silah və döyüş sursatı olduğunu bildirdikdən sonra iştirakçılarla birlikdə həmin qutu yerindən götürülmüş və həmin otaqda baxış keçirilməsinə şərait olmadığına görə birlikdə mənzilin dəhliz otağında baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı kağız qutu açılmış və içində olan “Makarov" tipli tapançaya bənzər dəmir predmet, 01 ədəd sandıqça, kağız qutunun içində 03 ədəd açıq vəziyyətdə patronlar, iki ədəd kağız bağlamada, hər birində 16 ədəd patron olmaqla 32 ədəd patronlar sayılaraq masanın üzərinə qoyulmuşdur. Ümumi patronlar sayılmış və 35 ədəd olduğu məlum olmuşdur. Tapançaya bənzər dəmir predmetya baxış zamanı üzərində “1976” rəqəminin yazıldığı, nömrə və hərflərin pozulduğu məlum olmuşdur.. Bundan sonra tapança boş olub-olmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Makarov tipli tapançaya bənzər dəmir predmeti patronları ilə birlikdə hazırki kağız qutuda təxminən 1 ay yarım əvvəl yaşadığı evin yaxınlığından zibillikdən təsadüfən tapdığını, odlu silaha marağı olduğundan evinə gətirib gizlədib saxladığını bildirmişdir. Şübhəli şəxs həmçinin odlu silahdan istifadə etmədiyini qeyd etmişdir. Bundan sonra mənzilin otaqlarının qapıları bağlı olduğundan dəhliz otağına baxış keçirilmiş və kənar əşya və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş bir ədəd Makarov tipli tapançaya bənzər dəmir predmet və 35 ədəd patron özünün iştirakı ilə müvafiq qaydada aşkar olunduğu kağız qutuda qablaşdırılaraq möhürlənmiş, o və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Baş İdarəyə gəldikdən sonra mənzilə baxış keçirilməsinin nəticələrinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokcl iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib ecildiyi üçün digər iştirakçılarla birlikdə imzalayaraq təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən bir ədəd Makarov tipli tapançaya bənzər dəmir predmet və 35 ədəd patron aşkar olunmuşdur. Cinayət işinin 19-cu vərəqəsində olan 07 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 104-109-cu vərəqələrində olan Nərimanov Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 iyun 2021-ci tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 47-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 08 iyun 2021-ci il tarixli, 011-5414-1221 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki: 1. Tədqiqata təqdim edilmiş, 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1976-cı ildə istehsal olunmuş 9mm kalibrli Makarov kansturuksiyalı tapançadır, yivli odlu döyüş silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Lakin silahın vurucu mili kustar usulla metal materialdan hazırlanmışdır. 2. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18mm kalibrli pat'onların saxlanılması üçün nəzərdə tutulmuşdur. 3. Tədqiqata təqdim edilmiş 35 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Həmin rəyin qeyd hissəsindən görünür ki, təqdim edilmiş 35 ədəd 9x18 mm kalibrli patronlardan 06 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin 100-101-ci vərəqələrində olan 08 iyun 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 116 ünvanına baxış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd “Makarov” konstruksiyalı tapança, tədqiqatdan sonra 29 ədəd qalmış patronlar və bir ədəd daraq maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Cinayət işinin 112-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 18.01.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, 26.04.2019-cu il tarixdə təyin edilmiş cəriməni ödəmişdir. Cinayət işinə əlavə edilmiş mənzilə baxış və götürmə aparılması istintaq hərəkətinin aparılmasına dair videogörüntünü əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, giriş qapısının qarşısında əlverişli şərait olmadığına görə videoçəkilişin mənzilin içində başlanılması qərara alınır. Təqsirləndirilən şəxs mənzilin seyf qapısını üzərində olan açarla açdıqdan sonra içəri daxil olur. Mənzilə daxil olunması üçün ondan icazə istənilir, etiraz olmur və şübhəli şəxslə birlikdə mənzilə daxil olunur. Mənzilə daxil olunan zaman mənzilin boş olduğu məlum olur, Təqsirləndirilən şəxs ailə üzvlərinin hazırda mənzildə olmadıqlarını, rayona getdiklərini, özünün də bugün rayona getməli olduğunu, həmçinin mənzilin otaqlarının qapılarının bağlanıb açarlarının ailə üzvləri tərəfindən götürüldüyünü bildirir. Lakin şəxsi axtarış zamanı qeyd etdiyi odlu silah və döyüş sursatını gizlədib saxladığı hamam otağının qapısının açıq olduğunu bildirir. Mənzilin dəhliz otağında videoçəkilişlə baxış başlanır. Şübhəli şəxs şəxsi axtarış və götürmə zamanı bildirdiyi odlu silahın mənzilin hamam otağının tavan hissəsində gizlədib saxladığını bildirir ki, ardınca iştirakçıları həmin otağa dəvət edir. Təqsirləndirilən şəxs hamam otağında olan tavanda kağız qutuda odlu silah və döyüş sursatı olduğunu bildirdikdən sonra iştirakçılarla birlikdə həmin qutu yerindən götürülür və həmin otaqda baxış keçirilməsinə şərait olmadığına görə birlikdə mənzilin dəhliz otağında baxış keçirilməsinə başlanır. Baxış zamanı kağız qutu açılır və içində olan “Makarov” tipli tapançaya bənzər dəmir predmet, 01 ədəd sandıqça, kağız qutunun içində 03 ədəd açıq vəziyyətdə patronlar, iki ədəd kağız bağlamada, hər birində 16 ədəd patron olmaqla 32 ədəd patronlar sayılaraq masanın üzərinə qoyulur. Ümumi patronlar sayılır və 35 ədəd olduğu məlum olur. Tapançaya bənzər dəmir predmetya baxış zamanı üzərində “1976” rəqəminin yazıldığı, nömrə və hərflərin pozulduğu məlum olur. Bundan sonra tapança boş olub-olması məqsədi ilə yoxlanır və boş olduğu aşkar edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib saxlaması, daşıması və gəzdirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ailəli və himayəsində azyaşlı uşağının və onun nevroloji xəstəlikdən əziyyət çəkməsini, barəsində Bakı İstintaq Təcridxanasının rəisi tərəfindən verilmiş təşəkkürü, ali təhsilli, qardaşının 5 qat dünya və 3 qat kikboksinq üzrə avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının qadınlar üzrə yığma komandasının baş məşqçisi, atasının Bərdə rayon YAP-in fəal üzvlərindən olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, cinayət işinin materialları məhkəmə tərəfindən araşdırılarkən Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 18.01.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edildiyi, 26.04.2019-cu il tarixdə təyin edilmiş cəriməni ödədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli isə onun cəzasını çəkib qurtardığı gündən, yəni 26.04.2019-cu il tarixdən bir il keçdikdən sonra yəni 07 iyun 2021-ci il tarixdə törədilmişdir. Buna görə də, onun əməlində cinayətlərin residivi yaranmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 07 iyun 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut olan kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 (bir) ədəd “Makarov” konstruksiyalı odlu silah, tədqiqatlardan sonra 29 ədəd qalmış patronlar və 01 (bir) ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 iyun 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 (bir) ədəd “Makarov” konstruksiyalı odlu silah, tədqiqatlardan sonra 29 ədəd qalmış patronlar və 01 (bir) ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar