Məhkəmə qərarları › İş №1(006)-452/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-452/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-452/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs (mülki iddiaçı): Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs (mülki cavabdeh) iştirakları ilə xx.xx.1960-cı il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, təqaüdçü, Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, “A” saylı yataqxana, 70 nömrəli mənzildə qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, ev 4B, mənzil 11-də yaşayan, məhkum olunmamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib ona övladı Şahid1 8.000 manat pulun müqabilində Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Biləsuvar Rayon X1 işə düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 17 mart 2021-ci il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində Zərərçəkmiş şəxs 5.000 manat və 2021-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs Biləsuvar rayonundan taksi sürücüsü Şahid2 vasitəsilə göndərdiyi 3.000 manat pulu ünvan 1 ünvanda yerləşən “Kəndimiz” bazarının qarşısında götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda - 8.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1982-ci il tarixdən 2011-ci il tarixə qədər Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində işləmiş, 2011-ci ildən isə təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs Biləsuvar rayonu, Ağayrı kənd sakini kimi tanıyır, onunla uzun müddətdir tanışlığı var, həmçinin Zərərçəkmiş şəxs qardaşı Mirqabil Şükürovun qohumudur. 2021-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng edərək oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Biləsuvar Rayon X1 işə düzəldilməsində köməklik göstərməyini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs oğlu Şahid1 həmin işə düzəltməkdə köməklik göstərəcəyi qarşılığında 15.000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs də həmin pulun 8.000 manatını əvvəlcədən, qalan 7.000 manatını isə oğlu İlham işə düzəldikdən sonra verə biləcəyini demişdir. Nadir ona ilkin olaraq 5.000 manat pulu taksi vasitəsilə Bakı şəhərinə göndərməyi təklif etsə də, o, yaxın vaxtlarda “Novruz” bayramı ilə əlaqədar olaraq Biləsuvar rayonu, Ağayrı kəndinə gələcəyini və həmin pulu ondan alacağını bildirmiş, Nadir də onun bu sözləri ilə razılaşmışdır. Bundan bir neçə gün sonra 17 mart 2021-ci il tarixdə o, oğlu Ramil Şükürovla birlikdə Biləsuvar rayonu, Ağayrı kəndinə qardaşı Mirqabil Şükürovun evinə qonaq getmişdir. Orada olarkən Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək Mirqabilin evində olduğunu bildirmiş və pulu Mirqabilin evinə gətirməsini istəmişdir. Həmin günü təxminən saat 16 radələrində Mirqabil Şükürovun evində olan zaman Zərərçəkmiş şəxs gəlmiş, onlar görüşüb söhbət etdikdən sonra o, 5.000 manat pulu, həmçinin Şahid1 şəxsiyyət vəsiqəsini, hərbi biletini, attestatını və sürücülük vəsiqəsinin əslini ona vermişdir. O, Zərərçəkmiş şəxs onun oğlu Şahid1 5-6 ay müddətində işə düzəldəcəyinə söz vermişdir. Lakin həmin vaxt pandemiya olduğuna görə Şahid1 aldığı sənədləri onun işə düzəlməsi ilə bağlı heç bir yerə təqdim edə bilməmiş, aldığı 5.000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan pula ehtiyacı olduğuna görə Zərərçəkmiş şəxslə razılaşdığı 8.000 manat pulun qalan 3.000 manat hissəsini də ələ keçirmək məqsədilə 2021-ci ilin iyun ayının əvvəllərində Nadirin mobil telefonuna zəng edərək yalandan oğlu İlhamın işə düzəlməsi ilə bağlı işlər gördüyünü bildirərək həmin pulu da istəmişdir. Nadir də onun bu sözlərinə inanıb həmin pulu ona göndərməyə razılaşmışdır. Ertəsi günü Nadir ona zəng edərək 3.000 manat pulu Biləsuvar rayonundan İlkin adlı taksi sürücüsü vasitəsilə göndərməsini, onun mobil telefon nömrəsini İlkinə verməsini və İlkinin Bakı şəhərinə çatan zaman onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 02 saat sonra İlkin adı taksi sürücüsü ona zəng etmiş, onlar ünvan 1 ünvanda yerləşən “Kəndimiz” bazarının qarşısında görüşərək pulu almış və bu barədə Nadirə telefon vasitəsilə məlumat vermişdir. Lakin o, bu dəfə də Şahid1 işə düzəlməsi ilə bağlı heç bir iş görməmiş, bununla bağlı onun atası Nadirin göndərdiyi 3.000 manat pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda vurulmuş zərərdən 5.400 manat pulu ödəmiş, qalan 2.600 manat pulu da qısa müddət ərzində verəcək. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Ağayrı kənd sakini kimi tanıyır və sonuncu təxminən 30 ilə yaxındır Bakı şəhərində yaşayır. 2021-ci ilin mart ayının əvvəllərində oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Biləsuvar Rayon X1 işə düzəltmək istəmişdir. Buna görə də oğlu həmin işə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxs qardaşı oğlu Abdulla Şükürovla söhbət etdiyini, sonuncu da bu işin düzəlməsində əmisi Mirkamilin köməklik edə biləcəyini söyləmiş və onun telefon nömrəsini İlhama vermişdir. Buna görə də o, Təqsirləndirilən şəxs zəng edərək onunla danışmış, söhbət əsnasında Mirkamil ona oğlunun işə düzəldə biləcəyinə köməklik göstərəcəyini bildirmiş, bu işin düzəlməsi qarşılığında isə 15.000 manat pul verməyini, bununda 5.000 manatını əvvəlcədən, qalan 10.000 manatını isə müvafiq əmr olduqdan sonra verməyi təklif etmişdir. O da Mirkamilin bu təklifini qəbul etmiş, oğlunun şəxsiyyət və sürücülük vəsiqələrini, həmçinin hərbi biletini Mirkamilə göndərmişdir. Təxminən 05 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək oğlunun sənədlərinə baxdığını, onun işə düzəlməyinin mümkün olduğunu bildirmiş və razılaşdıqları kimi ilkin olaraq 5.000 manat pulu istəmişdir. Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdə, təxminən saat 16 radələrində ona zəng edərək Biləsuvar rayonu, Ağayrı kəndində qardaşı Mirqabilin evində olduğunu bildirmiş və pulu ora gətirilməsini istəmişdir. O da Mirqabil Şükürovun evinə getmiş, Mirkamillə qohumluq əlaqələrinin və uzun müddət tanışlıq münasibətlərinin olmasını nəzərə alaraq onun oğlu İlhamı işə düzəltməkdə köməklik göstərəcəyinə inanıb 5.000 manat pulu Mirkamilə vermişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayan zaman sonuncu oğlunun yaxın vaxtlarda həkim komissiyasından keçməsi, həmçinin işə düzəlməsi ilə bağlı ərizəsinin alınması ilə bağlı çağırılacağını demişdir. O da hər dəfə onunla danışdıqdan sonra oğlu İlhamın işə düzəlməsi üçün hər hansı işlər gördüyünə inanmışdır. 2021-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək oğlunun işə düzəlməsi ilə bağlı hansısa şəxslə danışıb söhbət etdiyini bildirmiş, buna görə də həmin şəxsə çatdırmaq üçün əlavə olaraq 3-4 min manat pulu təcili göndərməyini istəmişdir. O da Mirkamilə özündə 3.000 manat pul olduğunu və həmin pulu səhəri günü taksi vasitəsilə göndərə biləcəyini demişdir. Mirkamil də onun bu təklifi ilə razılaşmışdır. Buna görə də ertəsi günü həmkəndlisi Şahid2 vasitəsilə 3.000 manat pulu Bakıya Təqsirləndirilən şəxs göndərmişdir. Bir neçə saat sonra İlkin ona zəng edərək pulu Bakı şəhəri, metronun “20 Yanvar” stansiyasının yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb ona verdiyini bildirmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçdikdən sonra oğlunun işinin düzəlməməsini görüb Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. Mirkamil də müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Buna görə də ondan verdiyi 8.000 manat pulu geri tələb etmişdir. Əvvəlcə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirən Mirkamil sonrakı vaxtlarda isə zənglərinə cavab verməmişdir. Bu səbəbdən də polisə şikayət etmişdir. Ona vurulmuş zərərdən həm ibtidai istintaq dövründə, həm də məhkəmə baxışı zamanı cəmi 5.400 manat pul ödənilmiş, qalan 2.600 manat pul hələ də qaytarılmamışdır. Buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir və verdiyi mülki iddiasının bu hissədə təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 zərər şəkmiş şəxsin ifadəsinə oxşar məzmunda izahat verdi. Məhkəmə istintaqında Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əmisidir, Zərərçəkmiş şəxs isə anasının dayısı oğludur. 2021-ci ilin mart ayının əvvəllərində Biləsuvar rayonu, Ağayrı kəndində yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs oğlu Şahid1 onlara gəlmişdir. İlham ona Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Biləsuvar Rayon X1 getdiyini və Təqsirləndirilən şəxs ora işə qəbul olunmasında köməklik göstərdiyini eşitdiyini bildirmiş və Mirkamilin mobil telefon nömrəsini istəmişdir. O isə əmisi Mirkamilin belə işlər görməsindən məlumatının olmadığını demiş və onun telefon nömrəsini İlhama vermişdir. Həmin ilin “Novruz” bayramı ərəfəsində əmisi onlara qonaq gəlmiş, bir müddət sonra da Zərərçəkmiş şəxs gəlmişdir. Söhbət əsnasında sonuncu Təqsirləndirilən şəxs 5.000 manat pul vermişdir. O, Nadirin həmin pulu oğlu İlhamın işə düzəlməsində köməklik göstərməsi üçün verdiyini bilsə də, bu barədə onun yanında heç bir söhbət edilməmişdir. Təxminən 6-7 ay sonra Şahid1 ona zəng edərək əmisi Mirkamillə yaxın vaxtlarda danışıb-danışmadığını soruşmuş, o da onunla danışmadığını bildirmişdir. Bir müddət sonra İlham ona işə düzəlməsi ilə bağlı 8.000 manat pul verdiyini, lakin Mirkamilin ona heç bir köməklik göstərmədiyini, buna görə də bununla bağlı polisə şikayət etmək istədiyini bildirmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirdi ki, o, “Mercedes-Benz” markalı, **- UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonundan Bakı şəhərinə sərnişin daşımaqla məşğuldur. Zərərçəkmiş şəxs və Şahid1 Biləsuvar rayonu, Günəşli kənd sakini kimi tanıyır, Təqsirləndirilən şəxs isə əslən Biləsuvar rayonu, Ağayrı kəndindən olmasını bilir. 2021-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng edərək ertəsi günü Bakı şəhərinə gedib-getməyəcəyini soruşmuş, o da gedəcəyini bildirəndə sonuncu ona 3.000 manat pul verəcəyini və həmin pulu Təqsirləndirilən şəxs çatdırmağını istəmişdir. O da növbəti günü Nadirin yaşadığı ünvana getmiş, sonuncu ona Mirkamilin mobil telefon nömrəsini və 3.000 manat pulu vermişdir. Həmin günü saat 12-13 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığında Mirkamilə görüşərək həmin pulu ona vermişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Axtarışda olan şəxsin tutulması barədə” 27 mart 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü Bakı şəhərində tutularaq Biləsuvar Rayon Polis şöbəsinə təhvil verilmiş və müstəntiqin qərarı ilə onun barəsində “polisin nəzarəti altıma vermə” qətimkan tədbiri seçilmişdir (l cild, i.v. 81, 102- 103); • “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokola görə Təqsirləndirilən şəxs həmin günü saat 18:00 radələrində saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmişdir (l cild, i.v. 166); • Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 333/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və bu qətimkan tədbirinin müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (l cild, i.v. 192-196); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.64); • Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilməmiş 3.000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 53 manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraata dövründə tutulduğu 01 gün və ev dustaqlığında olduğu 03 ay 12 gün, ümumilikdə 03 ay 13 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşdən və ifadələrdən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş 8.000 manat ziyandan ümumilikdə 5.400 manat ödənildiyindən verilmiş mülki iddia ödənilməmiş hissədə təmin olunaraq 2.600 manat pul və ödənilmiş 53 manat dövlət rüsumu, ümumilikdə 2.653 manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və ev dustaqlığında olduğu ümumilikdə 03 (üç) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, ev 4B, mənzil 11-i hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək, habelə gün ərzində Abşeron rayonu və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməmiş 2.600 (iki min altı yüz) manat hissəsi və ödənilmiş 53 manat dövlət rüsumu, ümumilikdə 2.653 manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar