Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-453/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orla təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlağına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 09 sentyabr 2024-cü il tarixdə saat 15:06-da etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, eləcə də, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət elməyərək həmin vaxt Bakı şəhəri Nəsimi rayonu Puşkin küçəsi ilə kəsişmədə piyada keçidini skuterlə keçməyə çalışan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun alın sümüyünün basılmış sınığı, alın nahiyəsinin dərialtı hematoması, sağ təpə, alın, sağ gicgah-almacıq qövsü, sağ almacıq, sağ dirsək oynağı və sol said nahiyələrinin sıyrıqları ilə müşayəl olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15:00-da etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Toyota Prius markalı **-HT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nəsimi rayonu Dilarə Əliyeva küçəsi ilə Puşkin küçəsi istiqamətində hərəkət edib svetafonın qırmızı işığında 1-ci sırada dayanmışdır. Yaşıl işıq yandıqdan sonra hərəkətə başlamışdır. Bu zaman Puşkin küçəsi ilə D.Əliyeva küçələrinin kəsişməsində sol tərəfdən avtomobillərin arasından skuter sürücüsü onun qarşısına çıxmış və idarə etdiyi "Toyota Prius" markalı **- HT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq hissəsi ilə skuteri vurmuşdur. Nəticədə skuterin sürücüsü avtomobilin alın şüşəsinə dəymiş və daha sonra yerə yıxılmışdır. Bundan sonra avtomobili yolun sağ kənarında S.Vurğun bağının yanında saxlamış və polis əməkdaşlarını və TTYS-nın gəlməsini gözləmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə, saat 15:00-da Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə Puşkin küçələrinin kəsişməsində baş vermişdir. Avtomobildə başqa sərnişin olmamışdır. Hadisə anidən baş verdiyi üçün skuter sürən şəxsi hadisə baş verən anda görmüşdür. O, heç bir xəsarət almamışdır. Sonda Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 sentyabr 2024-cü il tarixdə saat təxminən 15 radələrində icarəyə götürdüyü “Jet” markalı skuterlə Dəmir yolu xəstəxanasının qarşısından Nəsimi rayonu, Puşkin küçəsi ilə irəliləmiş, həmin vaxt Nəsimi rayonu, Puşkin küçəsi ilə Dilarə Əliyeva küçələrinin kəsişməsindəki yolayrıcını keçərkən sağ tərəfdən Dilarə Əliyeva küçəsi ilə hərəkət edən "Toyota Prius" markalı **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onu vurmuş, nəticədə o, yerə yıxılaraq xəsarət almışdır. Onu 1 saylı klinik tibbi mərkəzə aparmışlar. Qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı ondan başqa xəsarət alan olmamışdır. Ətrafda başqa şəxslər olsa da tanıdığı şəxs olmamışdır. O, Dəmir yolu xəstəxanasından gəlmiş və qeyd olunan hadisə zamanı həmin istiqamətdə yolayrıcına Puşkin küçəsi ilə Dilarə Əliyeva küçələrinin kəsişməsində sol tərəfdən piyada keçidindən daxil olmuş və "Toyota Prius" markalı avtomobil sağ tərəfdən Dilarə Əliyeva küçəsi ilə gələrək onu vuraraq xəsarət yetirmişdir. Qeyd olunan hadisə zamanı o, sol tərəfə baxdıqda Dilarə Əliyeva küçəsindən nəqliyyat vasitəsinin gəlmədiyini gördüyü üçün yolayrıcına daxil olmuş, lakin sağ tərəfə, eləcə də, işıqfora baxmadığı üçün sağ tərəfdən Dilarə Əliyeva küçəsi ilə hərəkətdə olan "Toyota Prius" markalı nəqliyyat vasitəsi onu vurmuşdur. Qeyd olunan hadisə zamanı o, skuteri idarə etmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Nəsimi rayonu, D.Əliyeva küçəsi, S.Vurğun parkının yanıdır (i.v. 7-14); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 tərəfindən verilmiş 25 sentyabr 2024-cü il tarixli, 1328 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - alın sümüyünün basılmış sınığı, alın nahiyəsinin dərialtı hematoması, sağ təpə, alın, sağ gicgah- almacıq qövsü, sağ almacıq, sağ dirsək oynağı və sol said nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X9 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər (i.v. 41-42); “baxış keçirilməsi haqqında” 04 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, materiala əlavə olunmuş bir ədəd diskə Təqsirləndirilən şəxs iştirakı ilə xidməti otağımda baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, materiala əlavə olunmuş diskdə 06 ədəd videofayl vardır ki, həmin videofayllar bir-bir açılaraq izlənildi və «TŞ3-142 2-2024- 09-09_15h05min00s000ms» və «TŞ3-143 1-2024-09-09_15h05min00s000ms» adlı fayllarda baş vermiş yol-nəqliyyat hadisəsinin əks olunduğu müəyyən edildi. «TŞ3-142 2- 2024-09- 09_15h05min00s000ms» adlı videogörüntüyə baxıldıqda həmin videogörüntünün Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsində quraşdırılmış TŞ3- 142-2-də qeydə alındığı, videogörüntüdə 09 sentyabr 2024-cü il tarixdə saat 15:06-da Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi ilə Puşkin küçəsinin kəsişməsində piyada keçidində skuterlə bir nəfər şəxsin avtomobil yolunu keçən zaman qara rəngli avtomobil tərəfindən vuluması, avtomobilin skuter sürən şəxsi vurduqdan sonra bir neçə metr aralıda avtomobili saxlayıb vurulan şəxsə yaxınlaşması, həmin vaxt orada çoxlu sayda şəxslərin olması, bir neçə dəqiqə sonra isə hadisə yerinə yol-patrul xidməti inspektorlarının gəlməsi müşahidə olunur. «TŞ3- 143 1-2024-09-09_15h05min00s000ms» adlı videogörüntüyə baxıldıqda həmin videogörüntünün Bakı şəhəri Nəsimi rayonu Puşkin küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində quraşdırılmış TŞ3-143-1-də qeydə alındığı, videogörüntüdə 09 sentyabr 2024-cü il tarixdə saat 15:06-da Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi ilə Puşkin küçəsinin kəsişməsində piyada keçidində skuterlə bir nəfər şəxsin avtomobil yolunu keçən zaman qara rəngli Toyota Prius markalı avtomobil tərəfindən vuluması tam açıq aydın müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərdə olan Toyota Prius markalı avtomobili özünün idarə etdiyini, izahatında da qeyd etdiyim kimi hadisəni özünün törətdiyini bildirdi (i.v. 49); “şəxsin ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan olunması haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan olunması qərara alınmışdır (i.v. 63); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v. 67); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2025-ci il tarixli, 8/3545 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Toyota Prius” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 72-73); “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə müvafiq istintaq hərəkətlərinin keçirilmsi məqsədi ilə icraat təzələnmişdir (i.v. 76); “təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qərar elan edilmişdir (i.v. 86); “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin azad edilməsinə dair” 16 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmişdir və Təqsirləndirilən şəxs saxlanıldığı Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 104-105); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 110); “Sübutların qiymətləndirilməsi haqqında” 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə hadisənin görüntülərini özündə əks etdirən bir ədəd diskin, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin cinayət işi üzrə maddi sübut kimi tanınması və bir ədəd diskin cinayət işi materiallarında saxlanılması, “Toyota Prius” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs saxlanılmasının nəzərə alınması qərara alınmışdır (i.v. 111-119); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan - hadisənin görüntülərini özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanmalıdır. İş üzrə maddi sübut olan - “Toyota Prius” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs saxlanılması nəzərə alınmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 9 (doqquz) iş saatına görə 99 (doxsan doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan - hadisənin görüntülərini özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan – “Toyota Prius” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 99 (doxsan doqquz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-453/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-453/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver