Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-454/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 98, mənzil 33-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 72-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 19 bükümdə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,009 qram, 0,014 qram, 0,012 qram, 0,017 qram, 0,018 qram, 0,016 qram, 0,011 qram, 0,016 qram, 0,006 qram, 0,016 qram, 0,016 qram, 0,014 qram, 0,019 qram, 0,019 qram, 0,017 qram, 0,007 qram, 0,017 qram, 0,017 qram və 0,038 qram, ümumi cəkisi 0,299 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 10 iyun 2024-cü il tarixdə, saat 08:50-də Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi ilə Novruzov Qardaşları küçəsinin kəsişməsində olan zaman özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan pul kisəsində saxladığı kirşan qabının içərisindən həmin bükümlər aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 14 ildən artıq müddətdir narkotik istifadə edir, “Respublika Narkoloji Mərkəzi”ndə qeydiyyatdadır, əvəzedici terapiya proqramının iştirakçısıdır. 09 iyun 2024-cü il tarixdə özünə məxsus olan bir ədəd “Redmi 9” markalı mobil telefonu metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən lombarda girov qoyub əvəzində 50 manat pul götürmüş, daha sonra adını bilmədiyi, lakin bir neçə dəfə narkotik aldığı İran vətəndaşı ilə +**********36 telefon nömrəsi ilə əlaqə saxlayıb ondan 01 qram metamfetamini 55 manata almağa razılaşmış və həmin şəxsin bildirdiyi mobil nömrəyə “M10” mobil tətbiqi vasitəsilə bu pulu göndərmişdir. Sonra həmin şəxsin dediyi Abşeron rayonu, Xırdalan şəhərində əvvəlcədən qoyulmuş yerdən bir bükümdə metamfetamini götürüb kirayə yaşadığı evə gəlmişdir. Metamfetaminin bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini 19 ədəd bükümlərə ayıraraq balaca qapaqlı güzgünün içinə yığıb öz istifadəsi üçün üzərində saxlamışdır. 10 iyun 2024-cü il tarixdə, saat 08:50 radələrində yaşadığı evin yanında olarkən polis əməkdaşları tərəfindən saxlanılıb 20-ci polis şöbəsinə aparılmışdır. Orada o, həmin bükümləri təqdim etmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X6 9cu patrul bölüyünün əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 08:50 radələrində iş yoldaşı Şahid1 ilə birlikdə Nəsimi rayonu, X3 küçəsi ilə Novruzov qardaşları küçəsinin kəsişməsində xidmətdə olan zaman bir nəfər qadının özünü şübhəli apardığı görüb ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra elektron portal vasitəsilə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu və onun mülki iş üzrə axtarışda olduğu müəyyən edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs vəziyyətinin yaxşı olmadığını görüb onun səhhəti ilə maraqlanmış, sonuncunun narkotikin təsiri altında olmasına dair onlarda şübhə yarandığından aidiyyəti üzrə məlumat verilmiş və həmin yerə gələn digər polis əməkdaşları ilə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə aparılmışdır. Şöbədə onun üzərində axtarış aparılan zaman əlində olan qara rəngli pul kisəsinin içərisində bir ədəd kirşan qabı və bir ədəd “Pandora” yazısı olan ağ torba olmuşdur. Həmin qabın içərisinə baxdıqda orada 19 ədəd bükümdə olan ağ rəngli maddə, torbanın içərisindən isə bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli maddə aşkar edilmişdir. Eyni zamanda onu da qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanıldığı ünvanda olan sakinlər bildirmişlər ki, bu şəxs orada kirayədə qalır və mütəmadi olaraq onun yanına müxtəlif şəxslər gəlir. Məhkəmə istintaqında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X6 9-cu patrul bölüyünün əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədəxx.xx.2024-cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs əlində olan qara rəngli pul kisəsinin içərisindən bir ədəd yumru şəkildə olan, üzərində limon dilimlərinin şəkili olan kirşan qabını, bir ədəd üzərində “Pandora” yazısı olan ağ torbanı, bir ədəd şəxsiyyət və sürücülük vəsiqələrini, bir ədəd lombard bileteni çıxarıb masanın üzərinə qoyur. Həmin qabın içərisindən 19 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində ağ rəngli maddələr, torbanın içərisindən isə 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli maddə aşkar edilir. Təqsirləndirilən şəxs bildirir ki, 19 ədəd bükümdə olan maddələr metamfetamindir, onu 01 gün öncə tanışlarının vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan, adını bilmədiyi şəxsdən sonuncunun gizlətdiyi Xırdalan şəhərindən götürmüş, bu maddənin pulunu, yəni 55 manatı həmin şəxsin istifadəsində olan mobil nömrəsi ilə əlaqə saxlayıb ona dediyi və artıq xatırlamadığı mobil nömrəyə “M10” mobil tətbiqi vasitəsilə göndərmiş, 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli maddə isə limon duzudur. Bu bükümlərin hər birinin peşəkarcasına qablaşdırıldığı və onların təhqiqatçı tərəfindən çətinliklə açıldığı müşahidə olunur (İ cild, i.v.44- 48); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs azadlığı həmin günü saat 08:50-dən məhdudlaşdırılmış, o, xx.xx.2024-cü il tarixdə, saat 15:00-da təqsirləndirilən şəxs qismində dindirilmiş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.20-21, 81-83, 92-96, 99); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3191 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 19 bükümlərin içərisində maddələr...” qeydli zərfdəki 19 ədəd bükümdə ümumi təmiz çəkisi 0,299 qram (ayrı-ayrılıqda təmiz çəkiləri 0,009 qram, 0,014 qram, 0,012 qram, 0,017 qram, 0,018 qram, 0,016 qram, 0,011 qram, 0,016 qram, 0,006 qram, 0,016 qram, 0,016 qram, 0,014 qram, 0,019 qram, 0,019 qram, 0,017 qram, 0,007 qram, 0,017 qram, 0,017 qram və 0,038 qram) ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 19 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd yumru qabın güzgüsü...” qeydli zərfdəki kirşan qabının içəri səthində psixotrop maddə - metamfetaminin izləri müəyyən edildi. Qabın səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə tədqiqatın aparılması mümkün olmadı. “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş sellofon bükümdə olan maddə...” qeydli zərfdəki 01 ədəd bükümdə çəkisi 13,130 qram ağ rəngli, kristal şəkilli maddə kütləsi nəzarətdə olan maddələrin siyahılarına daxil olmayan limon turşusudur (duz şəklində). Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 0,223 qram, aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir (İ cild, i.v.53-57); • “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, 19 bükümdə qalıq qalan 0,223 qram psixotrop maddə metamfetamin, 13,130 qram limon duzu və 01 ədəd kirşan qabı maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (İ cild, i.v.125-126); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 4194 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.129-130); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.111-112). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspert rəyi, şəxsi axtarış aparılması haqqında protokol və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda məhkəmə istintaqında tədqiq olunmuş xx.xx.2024-cü il tarixdə şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi ilə bağlı aparılan videoçəkilişi əks etdirən diskdəki görüntüdən Təqsirləndirilən şəxs aşkar olunmuş 19 ədəd bükümün hər birinin peşəkarcasına qablaşdırıldığı və onların təhqiqatçı tərəfindən çətinliklə açıldığı müşahidə olunur. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni şəxsi istehlakı üçün xırda bükümlərə qablaşdırdığını söyləsə də, bu bükümlərin sayının çoxluğu, habelə onların bükülmə forması və qablaşdırılması təqsirləndirilən şəxsin dedikləri ilə uzlaşmır və inadırıc gəlmir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət (xx.xx.2024-cü il tarixdən, saat 08:50-dən xx.xx.2024-cü il tarix, saat 08:50-dək olan müddət və bundan sonrakı vaxt) ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 09 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, 19 ədəd bükümdə qalıq qalan ümumi 0,223 qram psixotrop maddə metamfetamin, 13,130 qram limon duzu və 01 ədəd kirşan qabı Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 110 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, 19 ədəd bükümdə qalıq qalan ümumi 0,223 qram psixotrop maddə metamfetamin, 13,130 qram limon duzu və 01 ədəd kirşan qabı məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-454/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-454/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver