Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-456/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Xüsusi ittihamçı: X4 Barəsində xüsusi ittiham X5 qaydasında şikayət verilmiş şəxs: iştirakları ilə xx.xx.1956-cı il tarixdə Bərdə rayonu, Mollalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 255510Q), evli, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 19, mənzil 05-də qeydiyyatda olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 Vidadi Cəmil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə müraciət edərək göstərmişdir ki, ünvan Mediasiya Mərkəzində xx.xx.2024-cü il tarixdə, təxminən saat 11:10 radələrində keçmiş həyat yoldaşının X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə “uşaqların ölkədən daim aparılması” tələbinə dair nümayəndəsi, vəkil X10 tərəfindən o, böhtana və təhqirə məruz qalmışdır. Belə ki, ünvan Mediasiya Mərkəzinin bildirişi əsasında o, xx.xx.2024-cü il tarixdə, saat 11:00-də bildirişdə qeyd edilən Bakı şəhəri, Səməd Vurğun küçəsi, 309 saylı ünvanda yerləşən “X14” binasının 11ci mərtəbəsinə gəlmişdir. Mediasiya prosesini aparan mediator onu və V.Mahmudovu iş otağına dəvət etmişdir. Orada mediator iddia predmetini səsləndirərək (uşaqlarını Ömər və Nəbini anaları tərəfindən ölkədən daim aparılması) barışıq sazişinin mümkünlüyünü soruşmuşdur. Mediator birinci sözü V.Mahmudova vermişdir. V.Mahmudov keçmiş həyat yoldaşının X2 uşaqları Nəbi və Ömərin onunla daim ünsiyyətdə olmağının tərəfdarı olduğunu və uşaqların gələcəyini düşündüyü üçün Almaniya dövlətinə aparmasını bildirmişdir. Sonra söz ona verilmişdir. O, V.Mahmudovun dediklərini həqiqətə uyğun olmadığını, Q.Gülməmmədovanın uşaqlarınla onun ünsiyyətə daim əngəl olaraq “atanın uşaqları ilə ünsiyyətə dair” Bakı Apellyasiya Məhkəməsinin qərarının icra etməsindən boyun qaçırdığına görə icra şöbəsi tərəfindən Qəribənin ünsiyyətlə bağlı məhkəmə qərarının icra etməməsi barədə aktlar və dəfələrlə axtarışa verilməsi barədə Daxili İşlər Nazirliyinə müraciətləri onda olduğunu və bu sənədlərin məhkəməyə təqdim ediləcəyini” bildirmişdir. Həmçinin onu da bildirmişdir ki, Qəribə dörd ildən artıqdır ki, uşaqları yaşlı valideynlərin himayəsinə ataraq Almaniya Respublikasında öz həyatını və karyerasını qurur, Qəribənin uşaqlarını Almaniyaya aparması səbəbi isə onun uşaqlarla ünsiyyətinin kəsilməsidir. O, bunları mediatora bildirmişdir. Həmçinin barışıq sazişinin mümkün olduğunu demiş və təklif etmişdir ki, “qarşı tərəfin təmsilçi-nümayəndəsi bildirir ki, Qəribə onunla uşaqlarının ünsiyyətinə heç vaxt maneə olmadığını deyir”. Həqiqətdirsə razılıq verin, uşaqlar bu yay tətilində onun yanında qalsınlar, sonra uşaqların aparılmağına razılıq verəcək. Bunları mediatora bildirdikdən sonra V.Mahmudov ona “iki üzlü” demişdir. O, V.Mahmudova heç bir təhqiredici söz demədən və onun şəxsi məsələsi nədən Vidadinin özünə və ailəsinə aid olmadığı halda, bu təhqiredici sözü ona qarşı ifadə etməsində özünün səhv eşitdiyini güman edərək təkrar V.Mahmudovdan soruşmuşdur ki, “Başa düşmədim nə dediniz???” cavab olaraq V.Mahmudov ona “Deyirəm iki üzlüsən” təkrar etmişdir. Mediator Arslan buna heç bir tədbir görməmişdir. o, cavabında V.Mahmudova “iki üzlü özünsən ki, yaşından, başından utanmırsan camaatı çaşdırmaq üçün burada yalan danışırsan”. V.Mahmudov mediatora “bu uşaqları oğurlamışdır”, “bu uşaq oğrusudur” kimi fikirlər səsləndirmişdir. Guya o, öz uşaqlarını nə vaxtsa oğurlamışdır. Vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünasın etik davranış normalarına riayət etməməsi və onu “insan oğrusu” adlandırması onun peşəkar səviyyəsinin aşağı olmasından xəbər verir. O, böhtana aydınlıq gətirmək üçün V.Mahmudova demişdir ki, “Mən öz uşaqlarımı oğurlaya bilmərəm, çünki onlar mənə məxsusdur. Vəkil olaraq sən heç oğurluq sözünün mənasını bilmirsən. Oğru o, vaxt olardım ki, məsələn sənin evindəkilərdən kimisə aparsaydım”. Bu cür adi oğurluq sözünün məsələ ilə təsvir etməyinə V.Mahmudov onu “şərəfsiz, alçaq, şəxsiyətsiz” sözləri ilə təhqir etmişdir. Lakin mediasiya prosesini aparan mediator yenə də hərəkətsiz qalmışdır. O, cavab olaraq “Dediklərin özünsən, danışığına fikir ver, Nəvələrinin başına gəlsin mənim uşağımın başına gələnlər.” demişdir. V.Mahmudov daha çox qızışmış və şərəf və ləyaqətini həmin alçaldıcı sözlərlə (“deyirəm sənə Sən alçaq və şərəfsizsən”) ona qarşı təhqiri davam etdirmişdir. Artıq proses yüksək səs tonlu mübahisəyə çevrildikdən sonra mediator sakitləşdirməyə başlamışdır. Bu zaman səsə mediasiya mərkəzinin işçiləri olan iki nəfər olduqları otağa daxil olmuşlar və məsələnin nə olduğunu soruşmuşlar. O, onlara “Görmürsüz ağzına gələni danışır”. V.Mahmudov onu təhqir etməyə davam etmişdir. Mediator işçiləri mübahisə bitməsə, polis çağıracaqlarını bildirmişlər. Mediasiya prosesini aparan mediator Arslan Mikayılov ona tərəflə barışığa gəlməməsi barədə arayış verilməsinə razılıq verməyini soruşmuşdur. O, razı olduğunu bildirərək otağı tərk etmiş, V.Mahmudov isə həmin mediatorlarla otaqda birgə qalmışlar. Binadan düşərkən baş verənləri analiz edib başa düşmüşdür ki, V.Mahmudov tərəfindən edilən provakasiyanın qurbanı olmuş və mediatorun hərəkətsiz qalaraq mübahisə qızışandan sonra qarışması onda şübhə yaratmışdır. Şübhələndiyi üçün V.Mahmudovun binada mediatorla birgə qaldığına narahat olaraq küçənin tinində V.Mahmudovun binadan çıxma vaxtını gözləmişdir. İşdən icazə aldığı üçün təxmini 15-20 dəqiqədən sonra V.Mahmudov çıxmamasını görüb öz işlərinin dalınca getmişdir. V.Mahmudovun ondan çox gec çıxmağına sübut kimi ünvan Mediasiya Mərkəzinin yerləşdiyi “X16” binasının təhlükəsizlik kamerasında qeydə alınmışdır. V.Mahmudovun mediatorlarla bu qədər vaxt birgə olması onda daha çox şübhə yaratmışdır. Zərər çəkmiş şəxs o olsa da, V.Mahmudov onun şərəf və layəqətini alçaldaraq təhqir və böhtan etsə də, özünü zərər çəkmiş şəxs kimi qələmə verərək xüsusi ittiham qaydasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə, saat 12:00 təyin olunmuş proses zamanı o, bildirmişdir ki, “zərər çəkmiş şəxs mənəm”. Çünki bu hadisədə V.Mahmudov mediatorların qarşısında ona qarşı şərəf və ləyaqətini alçadıcı “Alçaq”, “Şərəfsiz” və “Şəxsiyyətsiz” sözləri işlətmişdir. Bu sözlərdən sonra V.Mahmudov işə aid olmayan ailə sirri olan keçmiş həyat yoldaşı Qəribə ilə nikahda olduqları müddətdə “WhatsApp” proqramı vasitəsilə olan danışıqlarını təhrif edərək səs və yazılarını məhkəməyə təqdim etmişdir. Beləliklə, ünvan Mediasiya Mərkəzinin Bakı şəhəri, Səməd Vurğun küçəsi, 309 saylı ünvanda yerləşən “X14” binasının 11-ci mərtəbəsində xx.xx.2024-cü il tarixdə, təxminən saat 11:10 radələrində V.Mahmudov tərəfindən etdiyi provakasiyanın hər hansı məqsəd daşımasından asılı olmayaraq ona qarşı kütlə qarşısındə şərəf və ləyaqətini alçaldıcı “şərəfsiz”, “alçaq” və “şəxsiyyətsiz” sözləri, həmçinin V.Mahmudov həmin hadisəni uyduraraq (bilə-bilə yalan danışmaq) kütləvi çıxışlarda, onun cinayət məsuliyyətinə cəlb etmə niyyəti onun şərəf və ləyaqətini alçaltmaq, nüfuzdan salmaq məqsədinin olmasıdır. Qeyd olunanları nəzərə alaraq X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayəti müdafiə edərək onun icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 şikayətə etiraz edərək bildirdi ki, 2018-ci ildən şikayətçi X6 ilə müvəkkili Gülməmmədova (əvvəlki soyadı Tanrıverdiyevə) Qəribə Rövşən qızının arasındakı bütün məhkəmə mübahisələrində (boşanma, aliment mübahisəsi, yetkinlik yaşına çatmayan uşaqlarının atanın razılığı olmadan ölkədən müvəqqəti və daimi əsaslarla getmələri, müvəkkilinə qarşı şikayətçinin uşaq tələbi və digər) Gülməmmədova Qəribəni vəkil və nümayəndə qismində təmsil etmişdir. Hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsində X2 şikayətçiyə qarşı uşaqların atanın razılığı olmadan ölkədən daimi əsaslarla getmələri, şikayətçinin isə ona qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində uşaq tələbinə dair iddia ərizələrinə baxılır. Vasif Tanrıverdiyev bütün məhkəmə çəkişmələrini uduzduğu üçün son vaxtlar ona qarşı daha aqressiv hərəkətlər etməyə başlamışdır. Həmin faktlardan biri olaraq 06 may 2024-cü il tarixdə 6 saylı Mediasiya Təşkilatında baş verənləri göstərə bilər. Belə ki, 06 may 2024-cü il tarixdə, təxminən saat 11:15 radələrində nümayəndəsi olduğu X3 yetkinlik yaşına çatmayan uşaqlarının atanın razılığı olmadan ölkədən getmələrinə icazə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün mediasiya sessiyasında iştirak etmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 309-cu məhəllədə yerləşən “World busness center” binasının 11-ci mərtəbəsində fəaliyyət göstərən 6 saylı Mediasiya Təşkilatına gəlmişdir. Həmin vaxt uşaqların atası, yəni qarşı tərəf, 15 aprel 1980-cı il təvəllüdlü X6 da orada idi. Mediator onları otağına dəvət etmişdir. Mediator onlara müraciət edərək barışıq sazişinin bağlanmasının mümkünlüyü barədə soruşmuşdur. Tanrıverdiyev Vasif danışmağa başlayarkən onu “şeytan” adlandırmışdır. O, buna etiraz etdikdən sonra Vasif onu nalayiq sözlərlə təhqir etməyə, ailə üzvlərinin ünvanına təhqiredici ifadələr işlətməyə, onu “alçaq”, “şərəfsiz” və başqa nalayiq sözlərlə təqhqir etməyə, ailə üzvləri olan qadınların ünvanına “əxlaqsız” nəvələri haqqında “atalarından xəbərsiz” kimi ifadələr işlətməyə başlamışdır. Mediator onu sakitləşdirməyə, otaqdan çıxarmağa çalışmışdır. Tanrıverdiyev Vasif səsini daha da qaldırdıqda və onu hədələməyə başladıqda mediator kiməsə polis çağırmaq üçün səslənmişdir. Tanrıverdiyev Vasifi çətinliklə otaqdan dəhlizə çıxarmışlar. V.Tanrıverdiyev onun və ailə üzvlərinin ünvanına həmin və başqa nalayiq sözləri dəhlizə toplaşmış adamların yanında deməkdə davam etmişdir. Bu zaman dəhlizə 7-8 nəfər mediasiya təşkilatının əməkdaşı toplanmışdır. V.Tanrıverdiyev təhqirlərini davam edərək ona tərəf gəlməyə cəhd göstərmiş, onu hədələmişdir. Dəhlizdəki adamlar V.Tanrıverdiyevi tutub bayıra çıxarmağa çalışmışlar. Nəhayət, adamlar V.Tanrıverdiyevi polis çağırarkən ofisdən çıxarmağa nail olmuşlar. V.Tanrıverdiyevin kütləvi şəkildə nalayiq söyüşlərini özü üçün ağır təhqir və xuliqanlıq hesab etdiyindən müvafiq şikayətlə 21-ci polis şöbəsinə müraciət etmişdir. Polis əməkdaşı tərəfindən araşdırma aparıldıqdan sonra ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə də, şərəf və ləyaqətinin müdafiəsi məqsədilə xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-369/2024 saylı qərarı ilə şikayəti icraata qəbul edilmiş, X6 Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkəməyə verilmişdir. Vasif Tanrıverdiyevin müvəkkilinə qarşı uşaq tələbinə dair iddia ərizəsinə baxılarkən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərardadına əsasən Nizami rayon İcra Hakimiyyətinin yanında qəyyumluq və himayəçilik komissiyasının 14 avqust 2024-cü il tarixli iclasında uşaqların hansı valideyinin yanında qalmalarının məqsəduyğunluğu məsələsinə baxılmış və uşaqların ananın yanında saxlanmaları tövsiyə edilmişdir. Müvəkkilin Almaniyada yaşadığı və işlədiyi üçün həmin iclasda nümayəndə və vəkili qismində iştirak edərək çıxış etmiş və uşaqların Vasif Tanrıverdiyevin mənəvi-psixoloji durumunun qüsurlu olması, anaya, onun valideyinlərinə mütəmadi söyüşlər söyməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərəcəyi nəzərə alınaraq uşaqların anadan alınaraq ona verilməsinin mümükn olmadığını bildirmişdir. Müvəkkilinin xahişi ilə Vasif Tanrıverdiyevin müvəkkilin, onun valideyinləri barəsində və onun barəsində yazdığı çox nalayiq söyüşlər barədə yazılı məlumatları, səsli söyüşlərinin yazıldığı diski komissiyaya təqdim etmişdir. Yuxarıda göstərilənlərədn sonar Vasif Tanrıverdiyevin ona qarşı aqressivliyi daha da artmış, ona qarşı yazdığı xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri özünə qarşı törədilmiş əməl kimi köçürərək xüsusi ittiham qaydasında şikayət formasında, onun təqdim etdiyi sübutları öz sübutları kimi təqdim etmişdir. Vasif Tanrıverdiyev onun xüsusi ittiham qaydasında şikayətinə məhkəməyə təqdim etdiyi etirazında ona böhtan atmağı, onu təhiq etməyi barədə bir kəlmə də qeyd etməmişdir. O, vəziyyətinin ciddi olduğunu hiss etdiyindən qeyd etdiyi kimi şikayətini köçürərək bəzi dəyişikliklərlə özününüki kimi vermiş, guya Suraxanı rayon İcar Hakimiyyətinin komissiyasında məhkəmənin qərardadına əsasən aparılan iclasda onu təhqir etməyi, ona böhtan atmağı barədə 31-ci polis bölməsinə şikayət etmişdir. Görünür oxşar şikayətlə Suraxanı Rayon Məhkəməsinə də müraciət etmək arzusundadır. Vasif Tanrıverdiyev onun qanuni vəkillik fəaliyyətinə və barəsində məhkəməyə şikayət təqdim etdiyinə görə “Qaynar.az”, “Vətən.az” kimi internet qəzetləri vasitəsilə ona qarşı böhtan kompaniyasına başlamışdır. “Vidadi Mahmudov həbs edilə bilər- böhtan atmaqda ittiham edilir” kimi başlıqlı həmin yazılarda böhtan atmaqda ittiham edildiyi, böhtan və təhqirə görə cinayət məsuliyyətinə cəlb edilə, həbs edilə biləcəyi göstərilir. Hətta cəzasını da təyin edirlər. Vasif Tanrıverdiyevin onun barəsində yazdığı xüsusi ittiham qaydasında şikayətdə göstərilənlər həqiqəti əks etdirmir, qərəzlidir, barəsində olan cinayət işi üzrə məhkum ediləcəyinin qorxusundan belə əməllərə əl atır. Vasif Tanrıverdiyevin hərəkətlərini, hazırkı şikayəti vəkillik fəaliyyətinə görə ona təzyiq, internet qəzetlərində təşkil etdiyi yazıları isə həmçinin məhkəməyə təsir etmək cəhdi hesab edir. Vasif Tanrıverdiyev oxşar şikayətlərlə Vəkillər Kollegiyasına da müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, X5 Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü və 302.1.5cimaddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Lakin hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittihamçı tərəfindən tam riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməllərin törədilməsi dəqiq göstərilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə X5 Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi xahiş olunmuşdur. Halbuki Cinayət Məcəlləsində 147.1 və 147.2-ci maddələr mövcuddur, şikayətdə isə bu konkret olaraq dəqiqləşdirilməmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmadır. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Xüsusi ittihamçı tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin həqiqətən də onun şərəf və ya ləyaqətini ləkələyən məlumatları yaymasını təsdiq edən kifayət qədər tutarlı və təkzibedilməz sübutlar təqdim edilməmişdir. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayət-Prosessual Məcəlləsinin 302.2-ci maddəsinə əsasən: - məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarlar çıxarır (maddə 302.2.2); - bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır (maddə 302.2.3). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-456/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-456/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver