Məhkəmə qərarları › İş №1(006)-457/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-457/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-457/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki iddiaçı Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1967-ci ildə Göyçay şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, N saylı hərbi hissədə qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 2-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkət müqabilində birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, 28.08.1992-ci ildən 24.01.2017-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzrə 24.01.2017-ci il tarixli, 055 nömrəli əmrə əsasən, 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmaqla, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, 2020-ci il may ayının əvvəllərində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, “Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və ya “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində məsul vəzifələrdən birinə təyin olunmasında köməklik göstərilməsi məqsədilə həmin dövrdə özünə müraciət etmiş tanışı Şahid1 həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə məlumat verməyib Azərbaycan Respublikası Müdafiə Nazirliyində məsul vəzifədə işlədiyini bildirib aldadaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 164-cü maddəsinə əsasən verilmiş hərbi geyim forması daşımaq hüququndan cinayətkar niyyətinin icrasını asanlaşdırmaq üçün istifadə edib məsələnin təfərrüatlarını müzakirə etmək üçün Şahid1la Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 və 48 nömrəli yaşayış binalarının həyətində baş tutmuş görüşə hərbi geyim formasında getməklə sonuncuda özünün hərbi qulluqçu olması barədə təəssürat və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olduğuna əminlik yaradıb özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, Şahid1 Azərbaycan Respublikası Müdafiə Nazirliyində məsul vəzifələrdə işləyən tanışları vasitəsi ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, “Cəmşid Naxçıvanski adına Hərbi Lisey”də və ya “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi”ndə həqiqi hərbi xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib, məsələnin müsbət həll olunmasından ötrü qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin niyyətlə 2020-ci il may ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 və 48 nömrəli yaşayış binalarının həyətində Şahid1la görüşərkən sonuncu, tələb olunan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin yarısını, yəni 4.000 (dörd min) manatını verib, qalan 4.000 (dörd min) manatı isə vəzifəyə təyin edilmə haqqında müvafiq əmr imzalandıqdan sonra verəcəyini bildirdikdən sonra Şahid1la razılaşıb həmin adla 8.000 (səkkiz min) manat məbləğində istədiyi pul vəsaitinin başlanğıc üçün razılaşdıqları 4.000 (dörd min) manat hissəsini Şahid1 almaqla dələduzluq yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf etmiş, Şahid1 aldadıldığını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid1 məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkət müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu qəsdən təhrik etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 28.08.1992-ci il tarixli əmri ilə Müdafiə Nazirliyinin tabeliyində olmaqla Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin tərkibində yaradılan N saylı Divizionun komandiri vəzifəsinə təyin edilməklə Azərbaycan Silahlı Qüvvələrində baş leytenant rütbəsində həqiqi hərbi xidmətə başlamış, 2017-ci ilədək fasiləsiz xidmət etmiş, Müdafiə nazirinin 24.01.2017-ci il tarixli 055 nömrəli əmrinə əsasən, “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə (hərbi geyim forması daşımaq hüququ verilmədə) müvafiq olaraq, polkovnikleytenanat rütbəsində ehtiyata buraxılmışdır. 2020-ci ilin aprel ayının sonlarında hərbi xidmət dövründən tanıdığı Şahid2 onunla görüşlərin birində tanışı Şahid1 Bakı şəhərində yerləşən hərbi təsisatların birində işə düzəlməsinə köməklik göstərməyini xahiş etmişdir. Malik İlham haqqında məlumat verərək bildirmişdir ki, sonuncu, uzun müddət Daxili Qoşunlarda zabit kimi müxtəlif vəzifələrdə işləmiş, lakin 2020-ci ilin aprel ayında öz ərizəsi ilə işdən azad olunmuşdur, Bakı şəhərində ixtisasına uyğun hərbi vəzifə ilə təmin olunmaq arzusunda olmuşdur. O isə Malikə bu barədə maraqlanacağını demiş, İlhamla əlaqə saxlamaq üçün mobil telefon nömrəsini almışdır. Bir neçə gün sonra İlhamla zəngləşib ikilikdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 və 48 nömrəli yaşayış binalarının həyətində, başqa sözlə, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında “Şamaxinka” kimi tanınan dayanacağın arxa tərəfində görüşmüşlər. O, görüşə Müdafiə Nazirliyinə məxsus hərbi geyim forması ilə getmişdir. Görüşüb hal-əhval tutduqdan sonra İlham ona hərbi xidməti barədə ümumi məlumat verib, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində və ya Bakı şəhərində yerləşən hərbi hissələrin birində ixtisasına uyğun hər hansı işlə təmin olunmağında ona köməklik göstərməyini xahiş etmişdir. O isə vakansiyalarla maraqlanacağını, bacardığı qədər kömək edəcəyini demişdir. Lakin İlhamın konkret olaraq, hansı vəzifədə işləyən tanışlarının vasitəsilə işə düzəlməsinə köməklik edəcəyini deməmişdir. Niyyəti hərbi vəzifələrdə çalışan dost-tanışlarından bu məsələni maraqlanıb İlhama köməklik göstərmək olmuşdur. Həmin dövrdə arvadı X3 xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün müalicələri ilə bağlı pula ehtiyacı olmuşdur. Ona görə də, görüşlərindən bir neçə gün sonra İlhama zəng edib vəziyyəti izah etmiş və 4.000 (dörd min) manat məbləğində borc verməsini, həmin pulu qısa müddət ərzində qaytaracağını, pulun işə düzəltmə məsələsinə aidiyyəti olmadığını, işə düzəldikdən sonra ona öz istədiyi formada “şirinlik” verə biləcəyini demiş, işə düzəlməsi üçün İlhamdan konkret məbləğdə pul tələb etməmişdir. İlham da təklifi ilə razılaşıb, bir neçə gün ərzində pulu düzəldib verəcəyini demişdir. Beləliklə, 2020-ci ilin may ayının ortalarında İlhamla əvvəlki yerdə görüşməyi qərara almışlar. İlham görüşə tanışları Maliklə birlikdə getmiş, çünki başa düşdüyü qədərilə pulun verilməsinə üçüncü şəxsin şahidlik etməsini istəmişdir. Onlar yenə də, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 və 48 nömrəli yaşayış binalarının həyətində, başqa sözlə, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında “Şamaxinka” kimi tanınan dayanacağın arxa tərəfində görüşmüşlər. O, Malikin yanında bir daha İlhama 4.000 manat pulu arvadının müalicəsinə görə borc qismində aldığını, qısa müddət ərzində qaytaracağını, həmin pulun işə düzəltmə məsələsi ilə heç bir əlaqəsinin olmadığını, iş düzələndən sonra ona istədiyi formada “hörmət” edə biləcəyini demiş, bundan sonra İlham içərisində 4.000 manat pul olan sellofan paketi ona vermişdir. İlham həmin görüşdə də konkret vəzifə tələbi irəli sürməmiş, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində və ya Bakı şəhərində istənilən hərbi hissədə işləyə biləcəyini demişdir. O isə vakansiyalar barədə iyun ayından etibarən ətraflı maraqlanıb yekun fikir bildirəcəyini demişdir. Beləliklə, 2020-ci ilin iyun ayından etibarən müvafiq vakansiyalarla maraqlanmağa başlamışdır. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən, şəxsiyyəti barədə istintaqa məlumat vermək istəmədiyi tanışı vasitəsilə oradakı vakant yerlər barədə maraqlanıb Qərargahın Əməliyyat bölməsində baş zabit vəzifəsinin vakant olduğunu öyrənərək, telefonla zəng edib, həmin vəzifəni İlhama təklif etmiş, lakin sonuncu, qərarını dəqiqləşdirdiyini, yalnız “H.Əliyev adına Ali Hərbi Məktəb”də təsnifatca mayor rütbəsinə uyğun gələn hər hansı vəzifədə işləmək istədiyini demiş və qəti şəkildə təklif olunan vəzifədən imtina etmişdir. Bundan bir müddət sonra o, “H.Əliyev adına Ali Hərbi Məktəb”dəki tanışı vasitəsilə həmin xüsusi təyinatlı tədris müəssisəsində laborant və tədris-planlaşdırma şöbəsində koordinator vəzifələrinin vakant olduğunu öyrənib, həmin vəzifələri İlhama telefonla təklif etmiş, sonuncu razılaşmış, o isə sənədləşmə və təyinat aparılmasından ötrü bir müddət gözləməli olacağını bildirmişdir. İlham əvvəlcə gözləməyə razı olsa da, sonradan onu tələsdirməyə başlamışdır. Sentyabr ayından isə Azərbaycan Ordusunda döyüş təlimləri və ardınca Vətən Müharibəsinin başlanması ilə işə qəbul məsələləri təxirə salınmışdır. Müharibə dövründə könüllü qismində döyüş bölgəsində olduğuna görə İlhamla əlaqəsi kəsilmiş, telefonla və ya digər şəkildə ünsiyyət qura bilməmişdir. Müharibədən sonra isə İlhamla bir neçə dəfə baş tutmuş telefon danışıqları və yazışmalar zamanı İlham işə düzəlmək fikrindən daşındığını bildirib verdiyi 4.000 manatı qaytarmağını israrla tələb etmişdir. O həmin pulu qaytarmaq niyyətində olsa da, hazırki vaxta qədər maddi imkanı olmadığı üçün pulu qaytara bilməmişdir. Lakin maddi imkanı buna imkan verən kimi İlhamdan aldığı pulu mütləq qaytaracaqdır. İfadəsinin sonunda müharibə veteranı olduğunu, himayəsində xərçəng xəstəsi həyat yoldaşının olduğunu bildirərək, məhkəmədən barəsində cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid və mülki iddiaçı qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 17.07.2000-ci ildən 17.04.2020-ci ilədək DİNin Daxili Qoşunlar Baş İdarəsinin tabeliyindəki müxtəlif hərbi hissələrdə həqiqi hərbi xidmət keçmiş, 17.04.2020-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar olaraq, öz ərizəsi ilə mayor rütbəsində ehtiyata buraxılmışdır. Lakin bununla belə, Bakı şəhərində ixtisası üzrə hərbi sahədə hər hansı işlə təmin olunmaq arzusunda olmuşdur. Anası bu fikrini qonşusu və rəfiqəsi Sevda xanıma demiş, sonuncu isə “SOCAR”-da növbə rəisi vəzifəsində işləyən bacısının əri Şahid2 əlaqələrinin yaxşı olduğunu, onun münasib işlə təmin olunmağına köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra o, Maliklə görüşüb söhbət etmiş, sonuncuya “SOCAR-da, “Cəmşid Naxçıvanski adına Hərbi Lisey”də və ya “Heydər Əliyev adına Ali Hərbi Məktəb”də işlə təmin olunmaq arzusunu bildirmiş, Malik isə yaş baxımından mülki sahədə, o cümlədən “SOCAR”-da işə qəbul olunmağının mümkün olmadığını, ona görə də, qeyd etdiyi iki hərbi təşkilatın birində işə düzəlməyinə Müdafiə Nazirliyində çalışan polkovnik-leytenant hərbi rütbəli tanışı Təqsirləndirilən şəxs vasitəsilə köməklik göstərə biləcəyini demişdir. Təxminən bir həftə sonra - 2020-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edib Malikin dediyi şəxs olduğunu, telefon nömrəsini Malikdən aldığını deyərək, işə düzəlmə məsələsini müzakirə etmək üçün şəhər ərazisində görüşməyi təklif etmiş, o isə razılaşmışdır. Onlar ikisi ertəsi gün Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 və 48 nömrəli yaşayış binalarının həyətində, başqa sözlə, Bakı Metropoliteninin 20 Yanvar stansiyasının yaxınlığında “Şamaxinka” kimi tanınan dayanacağın arxa tərəfində görüşmüşlər, İlqar görüşə üzərində polkovnikleytenant rütbəsi daşıdığı Müdafiə Nazirliyinə məxsus hərbi geyim forması ilə gəlmişdir. O, İlqardan hansı orqanda və hansı vəzifədə işlədiyini soruşmuş, sonuncu isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində işlədiyini və hərbi təlimlərə nəzarət etdiyini bildirmişdir. Söhbət zamanı o, İlqara “Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və ya “Heydər Əliyev adına Ali Hərbi Məktəb”də işlə təmin olunmaq arzusunu bildirmiş, İlqar isə vakansiyalarla maraqlanıb Müdafiə Nazirliyindəki tanışları vasitəsilə onun istəyinə uyğun işlə təmin olunmağına köməklik göstərəcəyini, lakin bunun müqabilində 8.000 (səkkiz min) manat məbləğində pul verməli olduğunu demiş, o isə bir müddət sonra pulu düzəldib verməyə razılaşmışdır. O, İlqarla görüşdükdən sonra bu barədə Malikə məlumat vermiş, birlikdə bu məsələni müzakirə edərək, tələb olunan pulun 4.000 manatını əvvəlcə, qalan 4.000 manatı isə işə qəbul olunduqdan sonra verməyinin məqsədəuyğun olması qənaətinə gəlmişlər. Beləliklə, 10 gün ərzində təqaüdü və əvvəlcədən yığdığı vəsait hesabına 4.000 (dörd min) manat pul düzəldib İlqarla danışmış və həmin pulu vermək üçün görüşmək istədiyini bildirmişdir. Görüşdən əvvəl Malikdən də onunla birlikdə getməsini xahiş etmiş, Malik razılaşmışdır. Beləliklə, 2020-ci ilin may ayının ortalarında o, Malik və İlqar, yəni üçü birlikdə əvvəlki görüş yerində - Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 və 48 nömrəli yaşayış binalarının həyətində, başqa sözlə, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında “Şamaxinka” kimi tanınan dayanacağın arxa tərəfində görüşmüşlər, o, 4.000 (dörd min) manatı saymadan sellofan paketə bükülmüş vəziyyətdə İlqara vermişdir. İlqar ona vakansiyalarla maraqlandığını, istədiyi hərbi qurumlarda hələlik boş yer olmadığını, boş yer olan kimi əmrinin verilməsini tanışları vasitəsilə təmin etdirəcəyini demiş, lakin ona konkret olaraq, hansı vəzifəyə təyin olunacağı ilə bağlı bir söz deməmiş, o da İlqarın qarşısında konkret vəzifə tələbi irəli sürməmişdir. Bundan başqa, İlqar pulu konkret olaraq kimə, hansı vəzifədə işləyən şəxsə verəcəyini deməmiş, o da bu barədə heç nə soruşmamış, sadəcə olaraq, İlqar onu Müdafiə Nazirliyindəki tanışları vasitəsilə işə düzəltdirəcəyini bildirdiyinə görə o, istənilən müəssisə, idarə və təşkilatda işçilərin seçilməsi və yerləşdirilməsi məsələlərinin Kadrlar şöbəsində həll olunduğunu nəzərə alaraq, İlqarın aldığı pulu Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisinə və ya həmin idarənin başqa vəzifəli şəxsinə verəcəyini düşünmüşdür. Bundan sonra, sentyabr ayına qədər dəfələrlə İlqarla telefon vasitəsilə əlaqə saxlamış, sonuncu isə hər dəfə məsələni nəzarətdə saxladığını, vakansiyalar barədə maraqlandığını, lakin hələlik boş yer olmadığını demişdir. Sentyabr ayının 27-də Vətən Müharibəsi başladıqdan sonra ilin sonunadək İlqarla əlaqələri minimuma enmişdir. Belə ki, İlqarın telefon nömrələrinə zəng çatmamış, bu barədə Malikdən maraqlandıqda isə İlqarın döyüş bölgəsində ola biləcəyi cavabını almış, bu səbəbdən də, vəziyyətə anlayışla yanaşmağa çalışmış, lakin dələduzluq yolu ilə aldadıldığını, İlqarın əvvəldən onu işə düzəltmək niyyətinin olmadığını, pulunu ələ keçirmək üçün yalan vədlər verdiyini başa düşmüşdür. Müharibə qurtardıqdan scnra isə cari ilin aprel ayınadək İlqarla müxtəlif nörmrələr vasitəsilə əlaqə yaradıb pulunu geri qatarmağını tələb etsə də, İlqar onu hər dəfə müxtəlif bəhanələrlə yubatmışdır. Təqsirləndirilən şəxs Müdafiə nazirinin 24.01.2017ci il tarixli müvafiq əmrinə əsasən, “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə (hərbi geyim forması daşımaq hüququ verilməklə) müvafiq olaraq ehtiyata buraxılması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs sözügedən 4.000 manat məbləğində pulu arvadının müalicəsinə sərf etmək üçün borc qismində deyil, onu “Cəmşid Naxçıvanski adına Hərbi Lisey”də və ya “Heydər Əliyev adına Ali Hərbi Məktəb”də işə düzəltmək üçün almışdır. Hal-hazırda məhkəmədə mülki iddia verərək Təqsirləndirilən şəxs dəymiş zərərə görə (səkkiz) manat, mənəvi ziyana görə 1000 manat, cəmi 9000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsi ilə analoji məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 1992-1993-cü illərdən hərbi xidmət dövründən tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 2008-ci ildən “SOCAR”ın nəzdində fəaliyyət göstərən Ə.C.Əmirov adına Neft-Qazçıxarma İdarəsində mühəndis-növbə rəisi vəzifəsində işləyir. 2020-ci ilin aprel ayında əvvəllər tanıdığı Şahid4 Əsgər qızı oğlu Şahid1 öz ərizəsi ilə hərbi xidmətdən azad olunduğunu, “SOCAR”-da və ya ixtisası üzrə Bakı şəhərində yerləşən hərbi hissələrin birində işə düzəlmək istədiyini, ona köməklik göstərməyini bildirmişdir. O, Xədicəni baldızı X2 qonşusu kimi 15-20 il olar ki, tanımışdır. Lakin İlhamın adını bilsə də, müvafiq işə düzəlmə məsələsinə qədər sonuncunu şəxsən tanımamışdır. Xədicənin xahişindən sonra baldızı Sevda da ondan İlhamın ixtisasına uyğun münasib bir işlə təmin olunmağına köməklik göstərməyini xahiş etmişdir. İlhamın anası və baldızı Sevda ona bu barədə bildirdikdən sonra İlhamın özü ilə ətraflı danışmaq üçün telefon nömrəsini alıb zəngləşmiş və bir gün şəhərdə vaxt təyin edib görüşmüşlər. İlham ona Daxili Qoşunlarda xidmətdən ailə vəziyyəti ilə əlaqədar azad olunduğunu, lakin bununla belə, “SOCAR”-da və ya Bakı şəhərində ixtisası üzrə hərbi sahədə hər hansı işlə təmin olunmaq arzusunda olduğunu demiş, o isə yaş baxımından mülki sahədə, o cümlədən “SOCAR”-da işə qəbul olunmağının mümkün olmadığını, ona görə də, hərbi sahədə işə düzəlməyinə Müdafiə Nazirliyində çalışan polkovnik-leytenant hərbi rütbəli tanışı Təqsirləndirilən şəxs vasitəsilə köməklik göstərə biləcəyini bildirmişdir. O, İlqarı uzun illər tanıdığına görə müharibədən sonra vaxtaşırı il ərzində bir və ya bir neçə dəfə tanış kimi görüşmüşlər. İlqar ona son dövrlərdə Müdafiə Nazirliyində zabit kimi xidmət etdiyini bildirmiş, lakin konkret olaraq hansı vəzifədə işlədiyini deməmişdir. Beləliklə, o, həmin görüşdən sonra bu barədə İlqara zəng edib danışmış, daha sonra İlqar İlhamı hərbi sahədə işə düzəltməyə razılaşdığına görə İlhamın telefon nömrəsini İlqara vermiş, işə düzəlmə barədə İlhamla söhbət etməyini xahiş etmişdir. Bundan sonra, bir müddət İlqar və İlhamla əlaqəsi olmamışdır. Təxminən 2020-ci ilin may ayının ortalarında İlham ona zəng edib İlqarla görüşü barədə məlumat vermişdir. Belə ki, İlhamın dediyinə görə, onlar may ayının əvvəllərində zəngləşib şəhər ərazisində görüşmüşlər, İlham İlqara “Cəmşid Naxçıvanski adına Hərbi Lisey”də və ya “Heydər Əliyev adına Ali Hərbi Məktəb”də işə düzəlmək istədiyini demiş, İlqar isə Müdafiə Nazirliyində işlədiyini, həmin Nazirlikdə çalışan tanışları vasitəsilə vakansiyalarla maraqlanacağını, lakin bunun müqabilində 8.000 manat pul tələb olunduğunu bildirmişdir. İlhamın verdiyi məlumatdan sonra onlar birlikdə bu məsələni müzakirə edib sonuncunun İlqara əvvəlcə 4.000, iş həll olunandan sonra qalan 4.000 manat pulu verməsinin məqsədəuyğun olması qənaətinə gəlmiş, İlham pulu apararkən onun da yanında getməyini xahiş etmiş, o da razılaşmışdır. Bundan sonra görüşədək İlqarla arasında telefon danışığı və digər formada ünsiyyəti olmamışdır. 2020-ci ilin may ayının təxminən ikinci yarısında İlham ona zəng edib 4.000 manat pulu hazırladığını, İlqarla görüş təyin etdiyini, onun da şahidlik etmək üçün getməyini bildirmişdir. Beləliklə, o, İlham və İlqar, yəni üçü birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 və 48 nömrəli yaşayış binalarının həyətində, başqa sözlə, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında “Şamaxinka” kimi tanınan dayanacağın arxa tərəfində görüşmüş, İlham 4.000 (dörd min) manatı saymadan sellofan paketə bükülmüş vəziyyətdə İlqara vermiş, paketin içərsində razılaşdıqları kimi 4.000 (dörd min) manat olduğunu demişdir. İlqar İlhama vakansiyalarla maraqlandığını, hələlik istədiyi hərbi qurumlarda boş yer olmadığını, boş yer olan kimi əmrinin verilməsini tanışları vasitəsilə təmin etdirəcəyini demiş, lakin konkret olaraq, hansı vəzifəyə təyin olunacağı ilə bağlı bir söz deməmiş, İlham da İlqarın qarşısında konkret vəzifə tələbi irəli sürməmişdir. Bundan başqa, onun yanında İlqar 4.000 manat pulu konkret olaraq kimə, hansı vəzifədə işləyən şəxsə verəcəyini deməmiş, onlar da bu barədə İlqardan soruşmamışlar. Pulu verdikdən bir neçə gün sonra İlham ona zəng edib məsələnin icra vəziyyəti ilə maraqlanmış, o isə öz növbəsində bu barədə İlqarla danışmış, sonuncu, “narahat olma, danışmışam, söz veriblər ki, məsələ həll olunacaq”- deyə bildirmiş, lakin pulu kimə verdiyini və məsələnin digər təfərrüatlarını bildirməmiş, o, bu barədə İlhama məlumat vermişdir. Sentyabr ayının 27-də Vətən Müharibəsi başladıqdan sonra isə İlham bir neçə dəfə ona zəng edib İlqarın telefon nömrələrinə zəng çatmadığını demiş, ona görə də, o, İlqarın telefonlarına zəng etmiş, lakin heç bir nömrəsinə zəng çatmadığına görə müharibədə olduğunu fikirləşmiş, bu fikrini İlhama da demiş, İlham müharibənin bitməsini gözləyəcəyini bildirmişdir. Müharibə başa çatdıqdan sonra İlqarla bu barədə danışarkən sonuncu, arvadının xərçəng xəstəsi olduğunu, əslində, İlhamdan 4.000 manat pulu arvadının onkoloji xəstəliyinin müalicəsinə xərcləmək üçün aldığını, yəni əvvəlcədən İlhamın işə düzəlməsində vasitəçilik etmək niyyətinin olmadığını demişdir. O, isə cavabında aldığı pulu İlhama tez bir zamanda qaytarmasını demiş, lakin İlqarın maddi imkanı olmadığı üçün hazırki vaxta qədər qaytarmamışdır. İş materiallarında olan 21 iyul 2021-ci il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid2 iş üzrə şahid qismində istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, yəni 2020-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs Şahid1 Bakı şəhərində hərbi sahədə ixtisasına və rütbəsinə uyğun vəzifəyə təyin etdirəcəyinə dair vəd verib, sonuncudan 8.000 (səkkiz min) manat məbləğində pul tələb etdiyini, lakin öz iradəsindən asılı olmayan səbəbə, yəni Şahid1 pulun yarısını əvvəlcədən verməkdən imtina etdiyinə görə sonuncuya məxsus 4.000 (dörd min) manat məbləğində pulu ələ keçirməyə nail olduğunu, həmin pul vəsaitini arvadının müayinə və müalicə tədbirlərinə xərcləmək üçün borc qismində almadığını, pul vəsaitini aldıqdan uzun müddət sonra onunla pulun qaytarılması barədə söhbət edərkən Şahid1 4.000 manat məbləğində pulu xərçəng xəstəliyindən əziyyət çəkən arvadının müayinə və müalicəsinə xərcləmək üçün aldığını, yəni əvvəlcədən Şahid1 işə düzəlməsində vasitəçilik etmək niyyətinin olmadığını bildirdiyini bir daha Təqsirləndirilən şəxs üzünə deyərək, sonuncunun törətdiyi cinayət əməlini ifşa etmişdir (i/v 180-184). İş materiallarında olan “baxış keçirilməsi haqqında” 22 iyun 2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 məxsus “Whatsapp” istifadəçi hesabında “İlqar Kadr” adı ilə qeyd olunmuşdur. Şahid1 məxsus istifadəçi hesabından Təqsirləndirilən şəxs məxsus istifadəçi hesabına 15.03.2021-ci il tarixdə saat 15:56-da “İlqar salam İlhamdı, sabah 2-ci gündü, hara gedim saat neçədə.”, saat 15:57-də “Sənnən cavab gözləyirəm”, Təqsirləndirilən şəxs Şahid1 saat 16:58-də “Sene sabah deyecem.”, Şahid1 Təqsirləndirilən şəxs saat 16:59-da “Pul sabah verilsin mən daha gözləmək fikrim yoxdu”, Təqsirləndirilən şəxs Şahid1 saat 17:00- da “Oldu.bizds tedbir baslayib.sene sabah deyecem hardan götür.sag ol", Şahid1 Təqsirləndirilən şəxs 16.03.2021 -ci il tarixdə saat 08:51-də ilqar salam llhamdı, pulu saat neçədə və hardan götürüm", saat 17:00-da “Sən dediyin adam gəlib çıxmadı Bakıya?”, 17.03.2021-ci il tarixdə saat 09:14də “İlqar sən deyən adam zəng eləmədi nə oldu", “Bəs dünən pulumu verəcəkdin, yenə mənə yalan dedin”, saat 09:15-də “Bu yalanların nə qədər olacaq", saat 09:51-də “Pulu sənə vermişəm indidə istiyirəm qaytarda”, saat 09:52-də “Sən heç iş düzəldəndə deyildin mənim 11 ay vaxtımı aldın indidə pulu vermirsən”, 19.03.2021-ci il tarixdə saat 23:15-də “İlqar sən nə vaxt qayıdırsan", Təqsirləndirilən şəxs Şahid1 saat 23:17-də “Birinci gunu gorusub pulunu verecem. Hec narahat olma.”, Şahid1 Təqsirləndirilən şəxs saat 23:18-də “Yaxşı, bu birinci günüdə gözləyək", 21.03.2021-ci il tarixdə saat 22:31-də “İlqar salam, sabah birinci gündü, yəqin ki pulumu verəcəksən", Təqsirləndirilən şəxs Şahid1 saat 22:42-də “Sabah günorta gelecem.günortadan sonra texminen 4_5 arasi goruserik", Şahid1 Təqsirləndirilən şəxs saat 22:43-də "Sənin zəngivi gözlüyəcən", Təqsirləndirilən şəxs Şahid1 saat 22:43-də "Oldu", Şahid1 Təqsirləndirilən şəxs 22.03.2021-ci il tarixdə saat 16:10-da "İlqar salam nə vaxt gəlim", saat 16:11-də “Mən səni gözləyirəm”, saat 18:18-də “Yenə yalan danışdın, sən necə adamsan, özüvə necə bunu sığışdırırsan”, 28.03.2021-ci il tarixdə saat 20:17-də “ilqar salam", “Sən pulumu nə vaxt verəcəksən", 15.03.2021-ci il tarixdə saat 17:09- da “İlqar salam”, saat 17:10-da “llhamdı", “Sən nə etmək istəyirsən bir fikrivi de bilim", saat 17:11-də “Amma bunun axırı heçdə yaxşı olmayacaq", 24.04.2021-ci il tarixdə saat 20:33-də “İlqar salam llhamdı sabah neçədə görüşək”, Harda”, Təqsirləndirilən şəxs Şahid1 saat 20:35-də “Axsamin xeyir.sabah goruserik.deyecem harda günortadan sonra texminen saat 5 de", Şahid1 Təqsirləndirilən şəxs saat 20:37-də silinmiş mesaj, saat 20:47-də “Sən mənə 1 saat yarım qabaq deyərsən”, “Yolum uzaqdı”, Təqsirləndirilən şəxs Şahid1 saat 21:32-də “Ok”, Şahid1 Təqsirləndirilən şəxs 25.04.2021-ci il tarixdə saat 13:55-də “İlqar salam llhamdı mən səni gözləyirəm”, saat 17:23-də “İlqar sən hardasan", 29.04.2021-ci il tarixdə saat 21:31-də "İlqar salam İlhamdı, sən pulu nə vaxt qaytarırsan", saat 22:36-da “X10 mənə təcili zəng elə”, Təqsirləndirilən şəxs Şahid1 saat 22:38-də “Bizde tedbirdi.2ci gu.nu sene pulu catdiracaqlar", Şahid1 Təqsirləndirilən şəxs saat 22:38-də “3-cü gün mənə pulu verəcəkdin aldatdın məni", saat 22:39-da “Mən belə işi xoşlamıram”, Təqsirləndirilən şəxs Şahid1 saat 22:40-da “Biz gece cixdiq Berdeye.narahat olma.telefona icaze vermirler.dinlenilir", Şahid1 Təqsirləndirilən şəxs saat 22:41-də “Kim verecek”, Təqsirləndirilən şəxs Şahid1 saat 22:41-də “Men indiye kimi hec kimi aldatmamışam.fikrim de yoxdur.", saat 22:42-də “Kafeye qoyacaqlar. 20 yanvarda.gedib goturersen deyecem”, Şahid1 Təqsirləndirilən şəxs saat 22:43-də “2-ci gün hökmən olsun daha gözləmək fikrim yoxdu", Təqsirləndirilən şəxs Şahid1 saat 22:43-də “Ok”, bundan başqa telefonda “İlqar" kimi qeyd edilmiş abonentə 17.03.2021 -ci il tarixdə saat 09:20:18də “İlqar dunen pulumu vermedin yene yalan danisdin", saat 10:03:32-də "Sen is duzelden deyildin pulumu aldin 11 ay aldatdin indide pulumu vermirsen gizlenirsen", saat 19:29:43-də “Sen dunen pulumu vermeli idin yene aldatdin meni, senin kimiler orduya lekedi", telefonda “Kadr 3” kimi qeyd olunmuş abonentdən “Meni az tehqir ele.Sen meni yaxsi tanimirsan.Gelib senin pulunu verecem.Men hec kimin hele 1 qepiyini yememisem. O adami buraxmadilar.Nazir burdadir.Narahat olma”, “İlqar” kimi qeyd edilmiş abonentə saat 19:46:08-də “Men pulu bankdan goturmusem, isi duzeltmedin mende heder yere faiz oduyurem, indi de gorum kim kimi tehkir edib ziyana salib", 22.03.2021-ci il tarixdə saat 18:27:24-də “Sen nece adamsan, yene yalan danisdin,” məzmunlu mesajlar göndərilmişdir (i/v 72-73). İş materiallarında olan “telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” 15 iyul 2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, ***-***-**-** mobil telefon nömrəsi ünvan 1 ünvanında qeydiyyatda olan Elmar Zalova məxsusdur. SMS tarixçələrinə əsasən, 21.11.2020-ci il tarixdə saat 12:31:52-də **********50 nömrəsindən **********25 nömrəsinə “Salam Şahid1di zehmet olmasa mene zeng edin" məzmunlu mesaj göndərilmişdir (i/v 165). İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 05.06.2021ci il tarixli, 1/1855 №-li məktubunda göstərilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü polkovnikleytenant Əhmədov X6 nazirinin 24.01.2017-ci il tarixli müvafiq əmrinə əsasən, “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə (hərbi geyim forması daşımaq hüququ verilməklə) müvafiq olaraq ehtiyata buraxılmış və sənədləri qeydiyyata alınması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə göndərilmişdir (i/v 65). İş materiallarında olan EZ ******* №-li hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 28.08.1992-ci ildən 24.01.2017-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçərək, Azərbaycan Respublikası Müdafiə nazirinin 24.01.2017-ci il tarixli, 055 nömrəli əmrinə əsasən, “Hərbi xidmət keçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə (hərbi geyim forması daşımaq hüququ verilməklə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən polkovnik- leytenant rütbəsində ehtiyata buraxılmışdır (i/v 115-118). İş materiallarında olan EZ ******* №-li hərbi biletin surətindən görünür ki, Şahid1 21.07.1999-cu ildən 24.06.2020-ci ilədək DİN-in DQ-də əsgər, gizir və zabit qismində həqiqi hərbi xidmətdə olmaqla, DİN-in DQ Komandanının 25.03.2020-ci il tarixli, 048 ş/h nömrəli əmrinə əsasən, 24.06.2020-ci ildə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, mayor rütbəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır (i/v 81-84). İş materiallarında olan 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 147). İş materiallarında olan “Bakı şəhər Narkoloji Mərkəzi” və “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxslərdən daxil olmuş müvafiq olaraq 15.07.2021-ci il və 16.07.2021-ci il tarixli arayışlara əsasən, Təqsirləndirilən şəxs narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetində müşahidədə olmamışdır (i/v 166, 171). İş materiallarında olan yaşayış yeri haqqında 15.07.2021-ci il tarixli, ********* №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “ünvan 2-də qeydiyyatsız yaşayır, yaşadığı müddət ərzində onun barəsində MKİİ-nə heç bir şikayət xarakterli məlumat daxil olmamışdır, birgəyaşayış qaydalarına riayət etmişdir, müsbət xarakterizə olunur (i/v 159- 160). İş materiallarında olan 001981 və 000338 №-li vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs müharibə və Silahlı Qüvvələr veteranıdır (i/v 119-120). İş materiallarında olan 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir (i/v 239-241). İş materiallarında olan 23 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə arasında "Whatsapp Messenger" mobil tətbiqetməsində və mobil nömrələr vasitəsilə aparılan yazışmalar və "xxxx" MMC-dən daxil olmuş telefon danışıqları ilə bağlı 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi barədə qərar qəbul olunmuşdur (i/v 188- 209). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə iclasında dövlət ittihаmçısı öz çıxışında Təqsirləndirilən şəxs qarşı istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittiham üzrə həmin Məcəllənin 178.1-ci maddəsi ilə ittihamdan imtina etdiyi üçün həmin maddə ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihаmçısının çıxışını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 178.1, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 178.1-ci maddəsi xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələrində maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, şahidlərin ifadələri, üzləşdirmə protokolları, maddi sübutlar, eləcə də iş materiallarına əlavə edilmiş, biri digərinə tam uyğun gələn, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan bütün dəlillərin məcmusu ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli “Dələduzluqluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 33-cü bəndində göstərilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Dələduzluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə yarandıqda onun dəyəri məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi əsasında, belə əmlak məhv edildikdə və ya itirildikdə isə iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, dələduzluq cinayəti zərər çəkmiş şəxsə məxsus olan və dəyərinə görə daha qiymətli əmlakın bundan ucuz əmlakla əvəz edilməsi yolu ilə törədildikdə, təqsirkarın əməli əmlakların qiymətlərində olan fərqə əsasən yox, ələ keçirilmiş əmlakın dəyərinə uyğun olaraq tövsif edilir. Belə hallarda əmlakların dəyəri arasındakı fərq zərərin ödənilməsi zamanı nəzərə alına bilər. Həmin Plenum qərarının 36-cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müharibə və silahlı qüvvələr veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə arasında “VVhatsapp Messenger” mobil tətbiqetməsində və mobil nömrələr vasitəsilə aparılan yazışmalar və "xxxx" MMC-dən daxil olmuş telefon danışıqları ilə bağlı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-457/2021 saylı, 10.08.2021-ci il tarixli qərara əsasən 17.08.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 27 (iyirmi yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 162 (yüz altmış iki) manat məbləğində pul köçürülməlidir. Mülki iddiaçı Şahid1 tərəfindən verilən mülki iddiadan görünür ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs dəymiş zərərə görə 8000 (səkkiz min) manat maddi ziyanın, 1000 (min) manat mənəvi ziyanın, cəmi 9000 (doqquz min) manat pulun alınaraq Şahid1 verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası CPM-nn 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə, hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2ci maddəsinə əsasən isə məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, mülki iddiaçı Şahid1 iddia ərizəsini işin halları və Təqsirləndirilən şəxs həmin hallar barəsində verdiyi ifadələri ilə müqayisəli tədqiq edib hesab edir ki, onun iddiası hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan kənara çıxdığından təmin edilə bilməz. Əks halda məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittihamın həcmini ağırlaşdırmış olardı. Bu səbəbdən də məhkəmə, mülki iddiaçı Şahid1 ona dəymiş, ümumilikdə 9000 (doqquz min) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq, ona ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmasını və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olmasının izah edilməsini əsaslı sayır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Şahid1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə arasında “VVhatsapp Messenger” mobil tətbiqetməsində və mobil nömrələr vasitəsilə aparılan yazışmalar və "xxxx" MMC-dən daxil olmuş telefon danışıqları ilə bağlı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 162 (yüz altmış iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar