Məhkəmə qərarları › İş №1(006)-457/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-457/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-457/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı ünvan 2 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı əli zərbələri ilə qəsdən sonuncunun bədən nahiyələrindən zərbələr vuraraq ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gicgah-təpə nahiyəsinin iri ölçülü dərialtı hematoması, alt dodağın selikli qişasının əzilmiş yarası, hər iki bazunun, sol saidin, sol budun, hər iki baldırın qançırları, sağ baldırın sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə təxminən 4 ildir nikaha daxil olmuşlar və həmin nikahdan bir uşağı vardır. Zeynəblə ailə qurmamışdan öncədə aralarında problemlər olmuşdur. Zərərçəkmiş şəxs ilə nikaha daxil olduqdan sonra münasibətləri yaxşı olmamış və aralarında tez-tez sözlü mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində yaşadığı ünvan 3 ünvanında olarkən Zeynəbin ona məxsus bank kartından pul vəsaitini öz mobil telefonunun balansını artırmaq üçün istifadə etməsinin şahidi olmuşdur. O səbəbini soruşduqda Zeynəb ona evdən bayıra çıxdıqda internetdən istifadə etmək üçün balansını artırdığını demişdir. Halbuki evdə daimi internet olmuş və Zeynəb nadir hallarda evdən bayıra çıxmışdır. Bundan sonra Zeynəb onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt isə Zeynəblə mübahisə etdikdən sonra sonuncu çantasını götürüb ünvanı tərk etmək istədiyini bildirmişdir. Bayıra çıxan zaman o, Zeynəbin boyun nahiyəsindən tutaraq onu evə salmış və yüngül zərbələr vurmuşdur. Bundan sonra, Zeynbə qohumlarına zəng etməsini və gəlib onu aparmalarını istəmişdir. Bır neçə dəqiqə sonra isə yaşadığı evə polis əməkdaşları gəlmiş və ona DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə evdə dava-dalaş olması barədə məlumat verildiyini bildirmişlər. Bundan sonra Zeynəbin qohumu Aydın adlı şəxs gələrək Zeynəbi başqa ünvana aparmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından və dəymiş ziyan ödənildiyindən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində Müdafiəçi3 izahatında bildirmişdir ki, hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs ərizəsini məhkəməyə təqdim edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X1 X2 canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 755 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gicgah-təpə nahiyəsinin iri ölçülü dəri aİtı hematoması, alt dodağın selikli qişasının əzilmiş yarası, hər iki bazunun, sol saidin, sol budun, hər iki baldırın qançırları, sağ baldırın sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasınə səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən törənə bilərdilər (i/v 21-23). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 109). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 77). İş materiallarında olan “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 105-106). Məhkəməyə təqdim edilmiş 22 oktyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbinin olmamasını bildirmiş və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Onun həmin əməli törtəməsi özünün etirafedici ifadəsi, ekspertiza rəyi və digər iş materilları ilə sübuta yetirilir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinin tələbinə görə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-457/2024 saylı, 30 avqust 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 03 sentyabr 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məsuliyyətdən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar