Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-459/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Tərcüməçi X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, UniversalVəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 02, ev 04-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Çiləgər” yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, döngə 01, ev 07-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 04 iyul 2023-cü il tarixdə, saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, ev 30, mənzil 02-də yataq otağının tavanına alçıpan vurarkən öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə biləcəyi halda onları görməyib etinasızlıq nümayiş etdirməklə, həmin otaqda görülən işə nəzarət edən Zərərçəkmiş şəxs baş verə biləcək təhlükə ilə bağlı xəbərdarlıq etmək əvəzinə sonuncuya əlindəki taxta əsa ilə onlara köməklik göstərməsini bildirmiş və həmin vaxt alçıpanın ehtiyatsızlıqdan əllərindən çıxıb Zərərçəkmiş şəxs başına düşməsi nəticəsində sonuncunun baş-beynin sol tərəfli travmatik subdural hematoması ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmuşlar. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də usta işləyir. İşi MMC tərəfindən təyin olunmuş ərazidə təmir-tikinti işlərini yerinə yetirməkdən ibarətdir. Boş vaxtlarında isə işdən kənar olaraq müxtəlif tanışlarının dəvəti ilə gedib mənzillərdə təmir işləri görüb pul qazanır. Zərərçəkmiş şəxs təxminən 06 ildir, yəni həmin MMC-də işlədiyi müddətdən tanıyır. Belə ki, Zərərçəkmiş şəxs onun işlədiyi ərazinin sakinidir. 2023-cü ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs ona müraciət edərək yaşadığı evdə bəzi xırda təmir işlərinin görməyini xahiş etmiş, o da etiraz etmədən Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, ev 30-da yerləyən 02 saylı mənzilinə gedərək döşəmənin, bəzi dolabların nasaz hissələrini təmir etmiş, həmçinin digər xırda təmir işlərini görmüş, lakin Marqarita yaşlı qadın olduğuna görə həmin işlərin qarşılığında ondan pul almamışdır. 04 iyul 2023-cü il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı mənzilin yataq otağının tavanına alçipan vurmağını ondan xahiş etmişdir. O da kömək məqsədilə iş yoldaşı Təqsirləndirilən şəxs2 müraciət etmiş, sonuncu onunla razılaşmış və onlar Zərərçəkmiş şəxs evində usta kimi işləməyə başlamışlar. O, Ceyhunla tavana alçipan vurmaq üçün ustalar arasında “kozyol” adlandırılan qurğuya ehtiyacı olduğunu bildirsələr də, Zərərçəkmiş şəxs evində açılıb-yığılan pilləkən olduğunu, həmin pilləkəndən istifadə edərək alçıpanı vurmalarını onlardan xahiş etmişdir. Onlar pilləkəndən yıxılmaq ehtimalının çox olduğunu bildirmiş, lakin Zərərçəkmiş şəxs alçipanı həmin gün vurmalarını xahiş etmişdir. Marqaritanın evində usta Ceyhunla alçipanı tavana bərkitmək üçün onlar bir ədəd 250x120 sm ölçüdə alçipanı əllərinə götürüb ayrı-ayrılıqda nərdivana çıxmış, ev sahibi Marqaritada həmin otaqda dayanıb onlara baxmışdır. Onlar yuxarı qalxıb alçipanı tavana bərkizmək istəyərkən müvazinətlərini itirmiş və onların iradələrindən asılı olmadan alçipan əllərindən yerə düşüb Marqaritanın ayağına dəymişdir. Marqarita arxaya gedib yıxılmış və sonuncunun başının arxa tərəfi otağın qapısının yanında divarın tininə dəymişdir. Onlar tez pilləkəndən düşüb Marqaritaya yardım edib onu divana əyləşdirmişlər. O, həkim çağırmaq istəsə də, Marqarita həkimə ehtiyac olmadığını bildirmiş, hər şeyin qaydasında olduğunu və işlərini davam etdirmələrini söyləmişdir. Bundan sonra o, Ceyhuna digər işlərlə məşğul olmağı tapşırmış, özü də gedib oraya boyu hündür olan daha təcrübəli olan usta Urfanı çağırmış və onunla birlikdə alçılpanı tavana bərkitmişlər. Həmin gündən təxminən 4-5 gün sonra o, dəfələrlə ardıcıl olaraq bir neçə gün Marqaritanın evinə gələrək əlavə təmir işləri görmüş, bu zaman o, Marqaritanın səhhəti ilə də maraqlanmış, lakin sonuncu heç bir şikayətinin olmadığını bildirmişdir. Baş vermiş hadisənin üzərindən 03 ay müddət keçəndən sonra Marqarita onun barəsində şikayət etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də usta işləyir. Zərərçəkmiş şəxs iş yoldaşı Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. 04 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağının tavanına alçipan vurmağı Rəcəbəlidən xahiş etmiş, sonuncu da bu işdə ona köməklik göstərməsini istəmişdir. Onlar Marqaritaya tavana alçipan vurmaq üçün “kozyol” adlandırılan qurğuya ehtiyacın olduğunu bildirsələr də, sonuncu evində açılıb-yığılan pilləkən olduğunu, həmin pilləkəndən istifadə edərək alçıpanı vurmalarını xahiş etmişdir. Rəcəbəli ilə alçipanı tavana bərkitmək üçün bir ədəd 250x120 sm ölçüdə alçipanı əllərinə götürüb hər ikisi nərdivana çıxmış, Marqarita da həmin otaqda dayanıb onlara baxmışdır. Onlar yuxarı qalxıb alçipanı tavana bərkitmək istəyərkən müvazinətlərini itirmiş və alçipan əllərindən yerə düşüb Marqaritanın ayağına dəymişdir. Marqarita arxaya gedib yıxılmış və başının arxa tərəfi otağın qapısının yanında divarın tininə dəymişdir. Onlar tez pilləkəndən düşüb Marqaritaya yardım edib onu divana əyləşdirib su vermişlər. Marqarita da hər şeyin qaydasında olduğunu və işlərini davam etdirmələrini bildirmişdir. Onlar həkim çağırmaq istəsələr də, Marqarita həkimə ehtiyacın olmadığını bildirmişdir. Bundan sonra Rəcəbəli uca boylu daha təcrübəli olan usta Urfanı çağırmış, o, gedəndən sonra həmin günü Rəcəbəli Urfan ilə birlikdə alçılpanı tavana bərkitmişlər. O, zərər çəkmiş şəxsə vurulmuş və öz payına düşən zərəri ödəmiş, onunla barışmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, ev 30, mənzil 02-də tək yaşayır. 2023-cü ilin iyul ayının əvvəllərində yaşadığı mənzildə təmir işləri aparmaq məqsədilə "xxxx" MMC-də işləyən Rəcəbəliyə müraciət etmişdir. Rəcəbəli evin döşəməsini tək təmir etdikdən sonra 04 iyul 2023-cü il tarixdə mənzilin tavanını təmir etmək üçün adı ona sonradan məlum olan Ceyhun adlı ustanı özü ilə gətirmişdir. Mənzilində 03 ədəd açlılıb bağlanan nərdivan olmuş, Rəcəbəli özü ilə gətirdiyi Ceyhun adlı köməkçi usta ilə birlikdə alçipanı tavana bərkitmək üçün nərdivana qalxmışlar. Onlar nərdivana qalxandan sonra alçipanı tavana vurarkən onlara kömək etməyini xahiş etmiş, o da taxta parçasını alçıpanın alt hissəsindən dirəyərək alçipanı tutmuşdur. Rəcəbəli və Ceyhun ayrı-ayrılıqda nərdivanın üzərində əllərində alçipanı qaldırarkən ikisi də alçipanı onun başına atmışlar. Alçipan onun başına düşmüş, zərbənin təsirindən o, döşəməyə yıxılmış və nəticədə başı yarılaraq huşunu itirmişdir. Rəcəbəli və Ceyhun onu köməksiz vəziyyətdə qoyub qaçıb getmişlər. Evində kirayədə yaşayan İlqar adlı şəxs onun köməyinə gəlmiş, qan içində olduğunu, başının qanını döşəməyə axdığını görüb onu yerdən qaldırmış və onun mobil telefonu ilə qızı Səbinəyə zəng etmişdir. Qızı müayinə olunmaq üçün onu həkimə aparmaq istəmiş, lakin o, razı olmamışdır. Səbinə əvvəllər həkim işlədiyi üçün ona ilkin tibbi yardım göstərmiş, başına sarğı qoymuşdur. Sonradan vəziyyəti nisbətən yaxşılaşdığı üçün həmin hadisə barədə polisə şikayət etməmişdir. Üstündən xeyli vaxt keçəndən sonra vəziyyəti ağırlaşmış, 08 sentyabr 2023-cü il tarixdə qızı vəziyyətini belə görüb onu xəstəxanaya aparmışdır. Xəstəxanada müayinə olunarkən başının solunda subdural hematoma aşkar edilmiş və başından əməliyyat olunmuşdur. Rəcəbəli və Ceyhun adlı ustaların təqsiri üzündən başından aldığı ağır xəsarətlə əlaqədar əməliyyat və müalicəsi üçün 5.000 manat xərci çıxmışdır. Hazırda yalnız Ceyhun tərəfindən ona 2.500 manat pul ödənilmiş. Rəcəbəli isə heç bir ödəniş etməmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 ilə barışmış və ondan şikayətçi deyil, Təqsirləndirilən şəxs1 isə şikayətçidir. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirdi ki, o, təxminən 2023-cü ilin yay aylarından etibarən ünvan 1 ünvanda yerləşən, Zərərçəkmiş şəxs məxsus olan hosteldə aylıq 150 manat ödəməklə kirayədə yaşayır. 04 iyul 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı otaqdan çıxıb mağazaya gedərkən Zərərçəkmiş şəxs səsinin gəldiyini eşitmiş və buna görə onun yaşadığı mənzilə daxil olmuşdur. Mənzilə daxil olarkən Marqaritanın təmir gedən yataq otaqda yerdə uzandığını görmüşdür. Marqarita əli ilə baş nahiyəsini tutmuş, ondan nə baş verdiyini soruşanda isə evdə işləyən ustaların alçipanı onun başına saldıqlarını bildirmişdir. Həmin vaxt Marqaritanın başında qan ləkəsi olsa da, onun başının yarasına fikir verməmişdir. Bundan sonra Marqaritanı gətirib digər otaqda divanda əyləşdirmiş, parça götürüb onun başına qoymuş, daha sonra onun mobil telefonu ilə qızı Səbinəyə zəng edərək oraya çağırmışdır. Təxminən 10-15 dəqiqədən sonra Səbinə gəlmiş, bundan sonra o, oradan çıxıb getmişdir. Məhkəmədə Şahid2 ifadəsində bildirdi ki, 04 iyul 2023-cü il tarixdə anası Zərərçəkmiş şəxs evində kirayədə yaşayan İlqar adlı şəxs ona zəng edərək anasının yıxılıb xəsarət almasını bildirmişdir. O da tez anasının yaşadığı ünvana gəlmiş, mənzilə çatdığı zaman anasının divanın üzərində huşsuz vəziyyətdə uzanmasını, başında xəsarət olmasını, baş nahiyyəsindən qan axmasını, mənzilin təmir gedən yataq otağında döşəmədə taxta faneranın olmasını və üzərində qan ləkəsini görmüşdür. Özü ixtisasca həkim olduğundan anasına ilkin tibbi yardım göstərmişdir. Anasından hadisənin necə baş verdiyini soruşarkən sonuncu bildirmişdir ki, Rəcəbəli və Ceyhun adlı usta tərəfindən mənzlində təmir işləri aparılan zaman ustalar alçipanı saxlamaq üçün onu köməyə çağırmış, o, köməklik göstərən zaman ustaların yataq otağının tavanına bərkitmək istədikləri alçıpan onun başına düşmüş və o, zərbədən arxaya doğru yıxılması nəticəsində başından xəsarət almışdır. Həmin günü anasına polisə müraciət etmək lazım olduğunu bildirsə də, o, ustalara yazığının gəlməsini bildirmiş və bu səbəbdən polisə müraciət etmək istəmədiyini bildirmişdir. Bundan sonra anası ilə mütəmadi olaraq əlaqə yaratdığı zaman sonuncu özünü çox pis hiss etdiyini və səhhətində müəyyən problemlərin olduğunu, başındakı hematomanın getdikcə böyüdüyünü bildirmişdir. Nəhayət 2023-cü ilin sentyabr ayında anası müalicə almaq üçün xəstəxanaya müraciət etmək qərarına gəlmiş və Milli Onkologiya Mərkəzində müayinədən keçdikdə anasına “Baş beyinin xroniki subdural hemotoması” diaqnozu qoyulmuşdur. 12 sentyabr 2023-cü il tarixdə anası orada başından əməliyyat olunmuş, 5.000 manatdan çox xərci çıxmışdır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1509 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - baş beyinin sol tərəfli travmatik subdural hematoması, keçirilmiş əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2023-cü il tarixdə subtural hematomanın boşaldılması, frez dəliyi ilə) bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, 2023-cü ilin iyul ayında ağır çəkiyə malik olan küt əşyanın, o cümlədən alçıpanın baş nahiyyəsinə düşməsi nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (İ cild, i.v.24-26); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs2 azadlığı həmin günü saat 17:10-dan məhdudlaşdırılmış, o, xx.xx.2024-cü il tarixdə, saat 16:50-dən saat 17:20dək təqsirləndirilən şəxs qismində dindirilmiş və müstəntiqin xx.xx.2024-cü il tarixli qərarı ilə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.201-202, İİ cild, i.v.20-22, 25, 28); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 azadlığı həmin günü saat 18:10-dan məhdudlaşdırılmış, o, xx.xx.2024-cü il tarixdə, saat 17:55-dən saat 18:25dək təqsirləndirilən şəxs qismində dindirilmiş, müstəntiqin xx.xx.2024-cü il tarixli qərarı ilə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.221-222, İİ cild, i.v.38-40, 43, 46); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlarına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (l cild, i.v.231-232). Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 04 iyul 2023-cü il tarixdə, saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, ev 30, mənzil 02-də yataq otağının tavanına alçıpan vurarkən öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə biləcəyi halda onları görməyib etinasızlıq nümayiş etdirməklə, həmin otaqda görülən işə nəzarət edən Zərərçəkmiş şəxs baş verə biləcək təhlükə ilə bağlı xəbərdarlıq etmək əvəzinə sonuncuya əlindəki taxta əsa ilə onlara köməklik göstərməsini bildirmiş və həmin vaxt alçıpanın ehtiyatsızlıqdan əllərindən çıxıb Zərərçəkmiş şəxs başına düşməsi nəticəsində sonuncunun baş-beynin sol tərəfli travmatik subdural hematoması ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmuşlar. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxsə vurulmuş və öz payına düşən zərəri ödədiyindən və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq onun barəsində iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 131.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-459/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-459/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver