Məhkəmə qərarları › İş №1(006)-459/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-459/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-459/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1963-cü il tarixdə Ermənistanın Kalinin rayonunda rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, avtobus sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 07:50-də yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus “İsuzu” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə “Port Baku" istiqamətində təxminən 20-30 km/saat sürətlə hərəkətdə olarkən «X7» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalı olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməməklə həmin vaxt Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi ilə svetaforun yaşıl işığında hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Land Rover” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sağdan Xİ qabırğanın yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin küt travması xəsarəti alması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 07:50-də yol vərəqəsi ilə ayıq vəziyyyətdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “İsuzu” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Nəsimi rayonu, Keykəb Səfərəliyev küçəsi ilə Üzeyir Hacıbəyli küçəsi istiqamətində sağ zolaqla 20-30 km/saat sürətlə hərəkət edən zaman svetaforun qırmızı işığında ehtiyatsızlıqdan yol ayrıcına daxil olmuş, bu zaman Ü.Hacıbəyli küçəsində orta zolaqla hərəkət edən “Land Rover” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sağ tərəfi ilə onun idarə etdiyi avtobusun qabaq sol tərəfi toqquşmuş, “Land Rover” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə köməklik göstərmiş, hadisə baş verən zaman ayıq olmuş, yol-nəqliyyat hadisəsi onun svetaforun qırmızı işığında ehtiyatsızlığından keçdiyi üçün baş vermişdir. Avtomobildə ondan başqa bir neçə sərnişin olmuşdur. Lakin həmin sərnişinləri tanımır, heç kim xəsarət almamış, “Land Rover” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünü tanımır, onunla heç bir ədavəti olmamışdır. Törətdiyi əməldən peşmandır. Daha sonra zərər çəkmiş şəxslə barış əldə etdiyini, ona dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 07:50-də ona məxsus olan, ayıq vəziyyyətdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Land Rover” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi ilə Hökümət evi istiqamətində ikinci zolaqla 40-50 km/saat sürətlə hərəkət edən zaman svetaforun yaşıl işığında Nəsimi rayonu, Keykəb Səfərəliyeva küçəsi ilə kəsişmədə yol ayrıcına daxil olmuş, bu zaman K.Səfərəliyeva küçəsində hərəkət edən “İsuzu” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsünün svetaforun qırmızı işığında yol ayrıcına daxil olması nəticəsində onun idarə etdiyi “Land Rover” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sağ tərəfi ilə “İsuzu” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun qabaq sağ tərəfi toqquşmuş, nəticədə xəsarət almış və Caspian İnternational hospitala müraciət etmiş, məlum olmuşdur ki, onun 11-ci qabırğasında sınıq xəsarəti olmuşdur. Hadisə baş verən zaman ayıq olmuş, yol nəqliyyat hadisəsi “İsuzu” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü svetaforun qırmızı işığında ehtiyatsızlıqdan keçdiyi üçün baş vermişdir. Avtomobildə ondan başqa heç kim olmamışdır. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır (i.v.1); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi ilə K.Səfərəliyeva küçəsinin kəsişməsində baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.8-17); - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinə barədə xx.xx.2025-ci il tarixli, 2/27634 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:42-də sərxoşluq müayinəsindən keçirilmiş və onun ayıq olması müəyyən edilmişdir (i.v.22); - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinə barədə xx.xx.2025-ci il tarixli, 2/27649 saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə saat 11:54-də sərxoşluq müayinəsindən keçirilmiş və onun ayıq olması müəyyən edilmişdir (i.v.27); - “Təhlükəsilik Şəhər Kamerasından videogörüntülərə baxış keçirilməsinə və götürülməsinə dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, TŞ-3-059 saylı müşahidə kamerasının qeydə aldığı video görüntülər bir ədəd DVD disqə köçürülərək götürülmüşdür. Video görüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 07:50-də “İsuzu” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Bakı şəhəri, Nəsimi rayonu, “Port Baku” istiqamətində hərəkətdə olub X7 Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla svetaforun qırmızı işığında keçməsi nəticəsində Ü.Hacıbəyli küçəsi ilə hərəkətdə olan “Land Rover” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir (i.v.29-30); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2025-ci il tarixli 693 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sağdan Xİ qabırğanın yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin küt travması bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (i.v.43-45); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/1123 saylı rəyindən görünür ki, İsuzu markalı **-JG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X7» Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir (i.v.46-49); - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (i.v.40); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v.37); - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 4700 (dörd min yeddi yüz) manat maddi ziyanı tam ödəmiş və peşman olaraq üzrxahlıq etmişdir. Hal-hazırda sürücü Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Baş vermiş hadisə üzrə toplanmış materiala xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş 4700 (dörd min yeddi yüz) manat maddi ziyanı tam ödəmiş və peşman olaraq ondan üzrxahlıq etmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Barəsində aparılan material üzrə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında hadisənin görüntülərinin əks olunduğu diskə baxış zamanı xx.xx.2025-ci il tarixdə saat 07:50-də “İsuzu” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun svetaforun qırmızı işığında keçməsi nəticəsində “Land Rover” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması müşahidə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində az ağır bədən xəsarəti almış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xətanın olub-olmamasını müəyyən edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hadisənin videogörüntülərinin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilindiyi ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasını müəyyən edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hadisənin videogörüntülərinin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar