Məhkəmə qərarları › İş №1(006)-46/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-46/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-46/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkil X4 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,502 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin 22-ci Poliş şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 22:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,502 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmuşdur, halhazırda məhkumluğu ödənilmişdir. Təxminən bir ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edir və həmin narkotik vasitələri müxtəlif yerlərdən alır. Sonuncu dəfə xx.xx.2023cü il tarixdə axşam saatlarında tanımadığı şəxsdən narkotik vasitə olan “kakos” almışdır. Həmin gün saat 22:30 radələrində ünvan 2 ünvanın qarşısında olduğu zaman 3 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib polis olmalarını bildirdikdən sonra onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona vəkil təqdim olunmuş, təhqiqatçı tərəfindən hüquqları izah olunmuşdur. Bundan sonra sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulmuş, o da həmin suala cavab olaraq üzərində narkotik maddə hesab olunan “kakos” olmasını bildirdikdən sonra masaya yaxınlaşaraq əynində olan ağ rəngli şalvarının sol yan cibindəki şəffaf sellofana bükülmüş 01 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o üzərində hər hansı bir əşya olmadığını bildirdikdən sonra onun üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi göy rəngli uzunqol köynəyinin qolları açılaraq baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, daha sonra isə köynəyinin boyun hissəsinə baxılmış, bundan sonra isə əynində olan köynəyin qabaq ciblərinə və daha sonra isə əynində olan ağ rəngli şalvarının sağ və sol yan ciblərinə baxılmış, heç bir əşya aşkar edilmədiyindən ona üst-başını səliqəyə salması tələb edilmiş, sonra isə onun üzərindən aşkar edilmiş əşyanı adını deməklə təqdim etməsi təklif olunmuşdur. O bir ədəd bükümdə içərisində qəhvəyi rəngli kristal şəkilli maddənin el içində “Kakos” deyilən narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Nəsimi rayonu Kubinka adlanan ərazidə internet vasitəsi ilə tanış olduğu şəxsin ona bildirdiyi ünvana gedib özünün istifadəsi üçün aldığını demişdir. Daha sonra həmin maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib ekspertizaya göndərilməsi üçün üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu bildirərək, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 07 iyul 2023cü il tarixdə «Qail» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin 22-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəhbərliyinin adına raportla müraciət olunmuş, daha sonra isə, Nəsimi RPİ-nin 22-ci PŞnin əməliyyat müvəkkili Şahid2, Nəsimi RPİ-nin 22-ci PŞ-nin kiçik əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış və “Qail” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında “Qail” adlı şəxsin gələ biləcəyi ünvan müəyyən edilmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 07 iyul 2023-cü il tarixdə ünvan 4 ünvanın qarşısına əməliyyat qrupunun üzvləri ilə birlikdə yollanmışlar və birlikdə 07 iyul 2023-cü il tarixdə, saat 22:10 radələrində həmin ünvanın qarşısına gəlib bir müddət burada gözlədikdən təxminən 20 dəqiqə sonra, yəni saat 22:30-da “Qail” adlı şəxs həmin ünvana gəldiyi zaman ona yaxınlaşıb özlərini ona təqdim edərək, ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə axtarış keçirilməsi məqsədilə onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. Nəsimi RPİnin 22-ci PŞ-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu da ayağa qalxaraq əynində olan ağ rəngli şalvarının sol yan cibində narkotik vasitə olan “kakos” olduğunu və könüllü olaraq həmin narkotik vasitəni təhqiqata təqdim etmək istədiyini bildirmiş və sonra o, masaya yaxınlaşaraq əynində olan ağ rəngli şalvarının sol yan cibindən, şəffaf sellofana bükülmüş 01 (bir) ədəd bükümü çıxararaq təqdim etmiş və təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə internet vasitəsi ilə tanımadığı şəxsdən aldığını bildirdikdən daha sonra sonuncunun əynində olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra boş zərf götürülərək, həmin zərfin içərisi iştirakçılara göstərilmiş, içərsində kristal şəkili maddə olan büküm boş zərfin içərisinə qoyularaq qablaşdırılmış və DİN-in 190 saylı möhürü ilə möhürlənib hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmış, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin kiçik əməliyyat müvəkkili Şahid3 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Emil Qaralov tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və cinayət axtarış üzrə kiçik inspektor Şahid3, mütəxəssis X5, müdafiəçi X2 və barəsində istintaq hərəkəti aparılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 ədəd bükümdə, şəffaf sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,502 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülmüşdür. Həmin videoçəkilişin qeydə alınıb yazıldığı 1 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (i/v 45-50). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-63673 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün №190” dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,502 qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (i/v 54-57). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki maddə, təmiz çəkisi 0,502 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalan 0,452 qram qalığının Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilməsi qərara alınmışdır (i/v 123-132). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5069 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLORİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intokasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Orazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 120-121). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il, 11 ay, 26 gün müddətində azadlığın məhdudlaşdırılınası cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 02 ay, 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i/v 96-97). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 23-24). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 09 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 89-90). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 91). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təqdim edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, təmiz çəkisi 0,502 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,452 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-443/2023 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təqdim edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan, ümumi təmiz çəkisi 0,502 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,452 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar