Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-460/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-ci il tarixdə Ermənistan, Amasiya rayonu, Çaybasar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin çantasından çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 13 iyul 2022-ci il tarixdə saat 18:52-də Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 26 ünvanında yerləşən avtobus dayanacağında 30 nömrəli sərnişin avtobusuna onunla birlikdə daxil olmuş Zərərçəkmiş şəxs onun yerinə kart vasitəsilə ödəniş etməsini istəyib həmin məbləği nağd şəkildə qaytardıqdan sonra Zərərçəkmiş şəxs üzərində olan əl çantasının sürgücünün açıq olmasını görüb tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə sonuncunun və avtobusdakı digər kənar şəxslərin onun hərəkətlərini hiss etmədikləri şəraitdə içərisində Zərərçəkmiş şəxs məxsus 217 manat nağd pul, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin qiyməti 2 manat olmaqla ümumi dəyəri 4 manat təşkil edən və ümumilikdə balanslarında 12 manat olan 2 ədəd avtobus kartı, hər birinin qiyməti 15 manat olmaqla ümumi dəyəri 45 manat təşkil edən "xxxx" ASC-yə məxsus 1 ədəd “Umico" və 1 ədəd “Birkart” hesab kartları, 1 ədəd “AF” banka məxsus əmək haqqı kartı olan 20 manat dəyərində qırmızı rəngli pul kisəsini Zərərçəkmiş şəxs çantasından çıxarmaqla gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 298 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 13 iyul 2022-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda avtobusa minmiş, avtobus kartında pulu olmadığı üçün girişdə dayanmış bir nəfər qadına 50 qəpik uzatmış, həmin qadın 50 qəpiyi götürərək onu avtobusa öz kartı ilə keçirmişdir. Bu zaman qalıq qalan 20 qəpiyi istədikdə həmin qadın üzərində olan çantasını açmış və pul kisəsindən 20 qəpik qaytarmışdır. Həmin vaxtı qadının başı digər çantalarının yerləşdirilməsinə qarışmış, qadının başı qarışıq olduğu üçün çantasının sepini bağlamamışdır. O, çantanın açıq olduğunu gördükdə çantadaki pul kisəsini oğurlamaq qərarına gəlmiş, həmin vaxt əlinin üzərinə özü ilə götürdüyü nazik gödəkçəni atmış, əlini çantaya salıb pul kisəsini götürmüş və avtobusdan düşmüşdür. Avtobusdan düşüb bir qədər irəli getdikdən sonra pul kisəsinin içərisinə baxmış və orada olan 117 manat nağd pulu götürmüşdür. Pul kisəsinin içərisində başqa nəsə olduğuna fikir verməmiş, pulu götürdükdən sonra kisəni içindəkilərlə birlikdə 28 may metrosu yaxınlığında zibil qutusuna tullamış və oradan uzaqlaşmışdır. Oğurluq edərkən hər hansı şəxs onu görməmiş, pula ehtiyacı olduğundan oğurluq əməlini törətmişdir. Zərəri ödəməyə imkanı yoxdur. Həmçinin o, polis əməkdaşları tərəfindən tutulan zaman döyülmüş, pis rəftara məruz qalmış, bununla bağlı Nəsimi rayon prokurorluğuna müraciət etmiş, lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra şəhid qardaşının iki azyaşlı uşağına baxdığını, törətdiyi əməldən peşman olduğunu və zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 13 iyul 2022-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanın qarşısında 30 saylı marşrut avtobusuna minmişdir. Həmin vaxt avtobusun girişində bir nəfər təxmini 40 yaşında kişi kartını keçid terminalına vursa da, pul olmadığından içəri daxil ola bilməmişdir. O, kartını terminala vurub keçmək istədikdə həmin kişi 50 qəpik göstərib əli ilə işarə etmişdir ki, onu da keçirsin. Sonuncudan 50 qəpiyi götürüb kartı terminala vurmuşdur. Həmin şəxs içəri tam daxil olmadan ondan qaytarmalı olduğu 20 qəpik pulu istəmiş, o da buna qəzəblənərək çiynində olan əl çantasının içərisindəki pul kisəsindən 20 qəpik pulu həmin şəxsə vermiş və terminalı keçmişdir. Bundan sonra üzərində digər çantalar da olduğu üçün onları yerləşdirmiş, geri çevirildikdə ətrafda həmin qeyd etdiyi şəxsi görə bilməmiş, sonuncu artıq avtobusdan düşüb getmişdir. Daha sonra şübhələndiyi üçün əl çantasına baxmış, əl çantasının içərisindəki pul kisəsini aşkar etməmiş və anlamışdır ki, pul kisəsi sonradan şəxsiyyətinin Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi həmin şəxs tərəfindən oğurlanmışdır. Pul kisəsində 217 manat pul, 3 ədəd hər biri 15 manat olan bank kartları, 2 ədəd hər biri 2 manat olan və birinin içərisində 5, digərinin içərisində 7 manat olan avtobus kartları, bundan əlavə şəxsiyyət vəsiqəsi olmuşdur. Ona ümumilikdə 298 manat maddi ziyan dəymiş və dəymiş zərər ödənilməmişdir. Daha sonra təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməsə də, təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.45-46); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.89- 92); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 4 ünvandır (i.v.6-9); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkan o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərib bir daha təsdiq etmişdir (i.v.56-58); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:52-ci dəqiqə 20-ci saniyədə ağ köynəkdə əlində tünd rəngli gödəkçə olan Təqsirləndirilən şəxs avtobusa arxası ilə gələn Zərərçəkmiş şəxs vasitəsi ilə daxil olur. Daha sonra 18:52-ci dəqiqə 57-ci saniyədə avtobus tərpənmədən eyni yerdə Təqsirləndirilən şəxs əlində gödəkçə ilə avtobusu tərk edir. 18:53-cü dəqidədə isə Zərərçəkmiş şəxs sürətlə avtobusu tərk edir. Təqsirləndirilən şəxs həmin görüntülərdə olan şəxsin özü olduğunu bildirir və gödəkçəsinin altında Zərərçəkmiş şəxs məxsus pul kisəsinin olmasını etiraf edir (i.v.61); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5751 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus pul kisəsinin içərisində olan "xxxx" ASC-yə məxsus “Umico" hesab kartı 10 manat, "Kapital Bank” ASC-yə məxsus “Birkart" hesab kartı 10 manat, “AF” banka məxsus maaş kartı 10 manat, 01 ədəd avtobus keçid kartı 2 manat, qırmızı rəngli pul kisəsinin dəyəri isə 5 manat olmaqla, ümumi dəyəri 39 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.107-110); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, baş vermiş oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk sübut növü kimi tanınmışdır (i.v.119-125); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunaraq sonuncu dəfə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir (i.v.94-97); - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi barədə 18 iyul 2022-ci il tarixdə Nəsimi rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən göstərdiyi xüsusatlar Nəsimi rayon prokurorluğunun müstəntiqi Mətləb Məmmədzadə tərəfindən araşdırılmış, Təqsirləndirilən şəxs göstərdikləri sübuta yetmədiyindən 285-c-22 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir (i.v.105-106); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.5-ci maddəsi isə eyni əməlin zərər çəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətdiyi zaman zərər çəkmiş şəxsin çantasında 217 manat deyil, 117 manat pul olması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır.Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlindən peşman olmasını, zərər çəkmiş zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 16 iyul 2022-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 16 iyul 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-460/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-460/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver