Məhkəmə qərarları › İş №1(006)-460/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-460/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-460/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsəd olmadan qanunsuz olaraq xeyli miqdarda 0,427 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 13 aprel 2024-cü il tarixdə Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 11:45-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3a yerləşən Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin cibindən 01 bükümdə təmiz çəkisi 0,427 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,348 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 27 may 2024-cü il tarixdə saat 10:10-da ünvan 5 ünvanın həyətində olarkən özünü şübhəli apardığından Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 6 ünvanda yerləşən Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,348 qram təşkil edənkustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 5-6 aydır ki, psixotrop maddə olan “pah" qəbul edir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində ünvan 8 ünvanın qarşısında olanda 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışdırlar, özlərinin polis olduqlarını təqdim etdikdən sonra, ondan özünü təqdim etməyini tələb etmişdirlər. O, özü haqda anket məlumatlarını şifahi təqdim etmiş və bundan sonra özünü narkotik vasitə və ya psixotrop maddənin təsiri altında şübhəli apardığını bildirmişdirlər. O, səmimi olaraq üzərində psixotrop maddə olduğunu demiş və polislər onu şöbəyə dəvət etmişdirlər. O, Nəsimi RPİ-nin 19-cu PŞ-də könüllü olaraq müdafiəçi istəmiş və ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Belə ki, müdafiəçisinin iştirakı ilə üzərinə baxış və axtarış keçirilməsinə icazə vermişdir. Baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət edilmişdir. Ona üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynindəki gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümü təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə “patı”-dır. Üzəri tam olaraq yoxlanıldıqdan sonra üzərində 01 ədəd bükümdən başqa heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Daha sonra ondan təqdim etdiyi 01 ədəd bükümün içərisindəkinin nə olduğu soruşulmuş, o, həmin bükümün içərisindəkinin psixotrop maddə olan “patı” olduğunu demiş və harada, nə vaxt, necə aldığını izah etmişdir. Bundan sonra içərisi boş olan 01 ədəd zərf ona və iştirakçılara təqdim olunmuşdur. 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübutların əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmişdir. Bundan sonra qeyd edilənlər zərflərə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə aparılmışdır. xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirildiyi və şöbədə olduğu zaman ona qarşı heç bir zorakılıq olmamışdır. O, heç bir zaman narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, o, sadəcə olaraq psixotrop maddə aludəçisidir və öz şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əvvəllər saxlanılmamışdır. O, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata almışdır, həmin şəxsi o sadəcə olaraq üzdən görmüşdür və həmin şəxsin psixotrop maddə satdığını bildiyindən həmin psixotrop maddəni almışdır. O, psixotrop maddə istifadə etməyə başladığı zamanlarda ətrafında olan digər narkotik vasitə alüdəçisı olan tanışlarından Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində orta yaşlı, orta boylu bir kişinin narkotik vasitə və psixotrop maddə satmasını eşitmişdir. Bundan sonra o, həmin şəxsi taparaq ondan 01 ədəd bükümü 25 manata almış və istifadə etmək məqsədilə üzərində gəzdirməyə başlamışdır. O, həmin psixotrop maddəni əldə etdikdən sonra tək qala bilocoyi bir yer axtarmağa başlamış, lakin həmin psixotrop maddəni istifadə edə bilmədən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərində bundan əlavə heç bir əşya olmamışdır. O, əvvəllər məhkum olunmamışdır, bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. 27 may 2024-cü il tarixdə səhər saatlarında ünvan 9 ünvanda yerləşən «X19» xəstəxanasının inzibati binasının yaxınlığında olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata 01 ədəd bükümdə psixotrop maddə metamfetamin alıb cibinə qoymuşdur. Həmin gün saat 10:10-da «X19» xəstəxanasının həyətində olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini ləqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər və ona özünü şübhəli apardığını bildirib, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyini istəmişdirlər. O, üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün polis əməkdaşlarına təqdim edə bilməmiş və buna görə polis əməkdaşları onunla şifahi söhbət apar b sorğu-sual etdikdə o könüllü olaraq üzərində psixotrop maddə «patı» deyilən metamfetamin olduğunu bildirmişdir. Buna görə onu Nəsimi RPİ-nin 20- ci polis şöbəsinə dəvət etmişdirlər. O, etiraz etməyib polis əməkdaşları ilə Nəsimi RPİ-nin 20-ci polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil seçmə hüququnun olması izah olunmuş və ona təqdim olunan siyahıdan hər hansı bir vəkilin hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra vəkil X7 dəvət edilmiş və ona təqdim olunduqdan sonra o şübhəli şəxs qismində tutulmuş sonra isə ona izah olunmuşdur ki, üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacaq. Sonra onun üzərinə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkılişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır, ilk öncə ona əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif olunduqda, o əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd bükümdəki psixotrop maddə «patı» deyilən metamfetamini çıxarıb təqdim etmişdir. Verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi bükümdəki maddənin psixotrop madde metamfetamin olduğunu, həmin metamfetamini 27 may 2024-cü il tarixdə səhər saatlarında ünvan 10 ünvanda yerləşən «X19» xəstəxanasının inzibati binasının yaxınlığında olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bundan sonra iştirakçılara və ona bir ədəd bükümdə olan maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara və ona göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra bir ədəd büküm zərfə qoyularaq, zərfin ağzı möhürlənmişdir. O və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokolu imza etmişdirlər. O, narkotik vasitə və psixotrop maddə istifadə edir, bu işlə məşğul olmağından heç kimin xəbəri yoxdur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və ya Nəsimi RPl-nin 20-ci polis şöbəsində olan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Nəsimi RPİ-nin 20-ci polis şöbəsinə gətirilməmişdən əvvəl və ya videoçəkiliş başlanmadan əvvəl onun üzərinə polis əməkdaşlan tərəfindən axtarış aparılmamışdır. Onun üzərinə yalnız Nəsimi RPİ-nin 20-ci polis şöbəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Həmin şəxsdən əvvəllər narkotik vasitə və ya psixotrop maddə almamış, həmin şəxsi tanımır, kim olduğunu, harada yaşadığını, mobil telefon nömrəsini bilmir. Sadəcə olaraq o, həmin şəxsin narkotik vasitə və psixotrop maddə satdığını bildiyi üçün həmin şəxsdən psixotrop maddə almışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə ona məxsusdur. Həmin psixotrop maddəni aldıqdan sonra ondan istifadə etməmişdir. O, əvvəlki ifadələrində bildirdiyi xüsusatları tam olaraq təsdiq edir. Ona yenidən elan edilmiş xx.xx.2024-cü il tarixli ittihamın mahiyyəti tam olaraq aydındır və heç bir etiraz və vəsatəti yoxdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 13 aprel 2024-cü il tarixdə “Malik” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Nəsimi RPl-nin 19-cu PŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi RPİ-nin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Daha sonra isə, o və Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, “Malik” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında “Malik” adlı şəxsin gedə biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 13 aprel 2024-cü il tarixdə saat 10:50-də ünvan 11 ünvanının qarşısına Nəsimi RPl-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə yollanmış və birlikdə həmin ünvanda gözlədikdən sonra, saat 11:45-də “Malik” adlı şəxs piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini həmin şəxsə təqdim etmiş, daha sonra isə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib üzərinə baxış keçirilməsi məqsədilə polis şöbəsinə dəvət etmişdirlər. Bu zaman “Malik" adlı şəxsin xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olmuş, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasının xidməti otaqların birində Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elçin Bədəlzadə tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, müdafiəçinin, Nəsimi RPl-nin 19cu PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid3, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra isə şübhəli Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş bükümün içərisindəkini nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs 01 ədəd bükümün içərisində psixotrop maddə “metamfetamin” olduğunu bildirmiş, ondan həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs həmin bükümü xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra 01 ədəd bükümdə olan psixotrop maddəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPl-nin zərflər üçün nəzərdə tutulmuş “187” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır.. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nəsimi RPİ-nin 19cu PŞ-nin sahə inspektoru Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, hazırda Nəsimi RPl-nin 20-ci polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 may 2024-cü il tarixdə saat 10:10-da Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidməti əraziləri olan ünvan 10 ünvanda yerləşən «X19» Publik Hüquqi şəxsin həyətyanı sahəsində olan zaman bir nəfər şəxsin səntəlləyərək getidiyini görüb, həmin şəxsə yaxınlaşmış və özlərini təqdim etmişdirlər. Həmin şəxsdən nə üçün səntollədiyini soruşduqda, həmin şəxs özünü şübhəli aparmağa başlamış və sorğu-sual edən zaman həmsin şəxs üzərində psixotrop maddə olduğunu bildirmişdir. Bu zaman onlar həmin şəxsi Nəsimi RPl-nin 20-ci polis şöbəsinə dəvət etmiş və həmin şəxs, şəxsiyyəti onlara sonradan məlum olan Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə 20-ci polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması X12a həvalə olunmuşdur. X12 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın cibindən 01 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümdə psixotrop maddə «patı» deyilən metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin el arasında «patı» deyilən psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 27 may 2024-cü il tarixdə ünvan 10 ünvanda yerləşən «X19» Publik Hüquqi şəxsin inzibati binasının yaxınlığında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞnin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 27 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:10-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 18); şəxsi axtarış və götürmə aparılması haqqında 27 may 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 39-40); şəxsi axtarış və götürmə aparılması haqqında 27 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, ünvan 14 bürosunun vəkili X3, mütəxəssis (ekspert) Nəsimi Rayon Polis İdarəsinin inspektor kriminalisti X2 iştirakları ilə, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməkdaşları tərəfindən polis idarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür (i.v. 43-45); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2024-cü il tarixli, 3-16-16/2-6/2992 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N “188” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,348 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: metamfetaminin təmiz çəkisi – 0,348 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,298 qram (i.v. 51-53); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 65); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəsatətin təmin olunması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 27 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (i.v. 86-90); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 106); şübhəli şəxsin tutulması haqqında 13 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:45-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 130); şəxsi axtarış və götürmə aparılması haqqında 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 149); şəxsi axtarış və götürmə aparılması haqqında 13 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid4, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru Şahid3, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, ünvan 14 bürosunun vəkili X6, mütəxəssis (ekspert) Nəsimi Rayon Polis İdarəsinin inspektor kriminalisti X4 iştirakları ilə, Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdə Nəsimi RPİnin 19-cu PŞ-nin əməkdaşları tərəfindən polis idarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə “patı” aşkar olunaraq götürülmüşdür (i.v. 153-155); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1996 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,427 qram ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: metamfetaminin təmiz çəkisi – 0,427 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,377 qram (i.v. 160-163); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 174); Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 15 aprel 2024-cü il tarixli qərarından görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Aydəmirovun ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair 15 aprel 2024-cü il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Əliyev X8 RPİnin X9 azad olunmuşdur (i.v. 191-192); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı Anar Aydəmirovun 15 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 193); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 2878 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 205-206); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (i.v. 214); sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının və məhkəmə narkoloji ekspertizasının rəyləri sübüt əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 02 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,427 qram və 0,348 qram psixotrop maddə metamfetaminlərin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,377 qram və 0,298 qram hissəsi istintaqın sonunda Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, iş üzrə psixotrop maddə metamfetaminlərin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmış və müvafiq əməliyyat tədbirləri keçirilməsi üçün Nəsimi RPİ-nin 19-cu və 20-ci PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilmiş, Təqsirləndirilən şəxs cinayət əməlini təkrar törətməsi ağırlaşdırıcı hal kimi nəzərə alınmış, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal olaraq nəzərə alınmışdır. (i.v. 227-239). Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən. Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı övladları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,348 və 0,427 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli olmasını, himayəsində uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı, üzərində qəti olaraq 07 ay, 28 gün (yeddi ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 27 may 2024cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1) Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinəəsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 (iyirmi səkkiz) iş saatına görə 168 (yüz altmış səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “FİDES” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 27 may 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 191 (yüz doxsan bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,298 qram və 0,377 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 168 (yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “FİDES” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya mü vafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar