Məhkəmə qərarları › İş №1(006)-461/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-461/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-461/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:15 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şuşa şəhəri, Pənahəli Xan küçəsi, ev 1, mənzil 17-də qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Bağlar Massivində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 21 iyul 2023-cü il tarixdə saat 04:01-də təmizləyici işlədiyi Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən «Baku Cafe» restoranında olarkən digər şəxslərin olmamasından istifadə edib özgənin əmlakını gizli olaraq talama məqsədilə restoranın içərisində qoyulmuş saxlanc yeri kimi istifadə olunan seyfin qapısını balta ilə sındıraraq oraya qanunsuz daxil olub içərisindən 4550 manat nağd pulu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin fevral ayından ünvan 1 ünvanda yerləşən «Baku Cafe» restoranında təmizləyici işləmişdir. Belə ki, hər gün gecə saat 02 radələrindən səhər saat 08 radələrinədək kafedə qalıb təmizlik işləri aparmış, həmin vaxt kafedə ondan başqa heç kim olmamışdır. Qeyd olunan kafeni Zərərçəkmiş şəxs adlı şəxs icarə əsasında işlətmiş, həmçinin kafedə aşbaz kimi Fərhad adlı şəxs çalışmışdır. Lakin həmin vaxtlarda maddi cəhətdən sıxıntıları olmuş və həmin sıxıntlar səbəbindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə, 21 iyul 2023-cü il tarixdə saat 04 radələrində kafedə olarkən kafedə olan seyfi qırıb oğurluq etmək fikrinə gəlmişdir. O, kafedə balta götürüb bir neçə zərbə vurmaqla seyfin qapısını qırmış və seyfi açıb içərisində olan pulları götürüb kafedən getmişdir. Kafedən aralandıqdan sonra pulları saymış və orada 4550 manat pul olduğunu görmüşdür. Həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Kafedən çıxdıqdan sonra isə aşbaz işləyən Fərhad adlı şəxsə mobil telefonunun “Whatsapp” mobil tətbiqindən mesaj yazaraq törətdiyi əməli etiraf etmiş və məsələni polisə bildirməmələrini, oğurladığı pulu qaytaracağını, maddi sıxıntıları olduğuna görə pulu götürdüyünü bildirmişdir. Bundan sonra Şahid zənglərini açmamışdır. 27 iyul 2023-cü il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir. Polis idarəsində o, cinayət əməlini etiraf edərək hadisə barədə ətraflı məlumat vermişdir. İfadəsinin sonunda əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi “Baku Cafe” restoranında təmizləyici işləyən şəxs kimi tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Baku Cafe” restoranını icarə əsasında işlədir. Kafe səhər saat 09:00-dan gecə 01:00-dək fəaliyyət göstərir və qeyd olunan kafe bağlandıqdan sonra isə bir qayda olaraq kafedə gecə təmizləyicisi qalır və kafeni səliqəyə salır. Təqsirləndirilən şəxs 1 ilə yaxın müddət onun icarə əsasında işlətdiyi kafedə işləmiş və onu mədəni insan olaraq tanımışdır. 21 iyul 2023-cü il tarixdə səhər saat 09 radələrində kafedə aşbaz işləyən Şahid ona zəng edərək kafedə gecə təmizləyicisi işləyən Təqsirləndirilən şəxs həmin gün səhər saatlarında kafedə heç kimin olmamağından istifadə edərək kafenin seyf kassasını sındıraraq içində olan 4550 manat pulu gizli olaraq talayıb oğurluq etdiyini bildirmişdir. O, kafeyə gəldikdə və müşahidə kamerasına baxdıqda 21 iyul 2023-cü il tarixdə saat 04:01 radələrində Təqsirləndirilən şəxs kafedə olan zaman müşahidə kamerasının istiqamətini dəyişərək kassa masasının altına yerləşdirilmiş seyf kassanı yerindən çıxarıb balta ilə sındırmasını və içində olan 4550 manat pulu oğurlamasını, bundan sonra isə kafeni tərk edib getməsini müşahidə etmişdir. Bundan başqa, Şahid ona Təqsirləndirilən şəxs səhər saat 06:37-də ona mesaj yazaraq probleminin olduğunu, məcburiyyətdən kassadan pul götürdüyünü, 3-4 aya qaytaracağını bildirmişdir. Bundan sonra isə o, qeyd olunan əməlin qanuni qaydada həll edilməsi üçün Nəsimi RPİ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq cinayət hadisəsi nəticəsində seyf kassası sındırılmış və içərisindən 4550 manat pul oğurlanmışdır. Seyfin sındırılması nəticəsində 200 manat, ümumilikdə isə 4750 manat məbləğində maddi ziyan dəymişdir. Lakin sonradan, Təqsirləndirilən şəxs atası tərəfindən dəymiş maddi ziyandan 2000 manatı ödənilmiş, qalan məbləğin isə 18 ay ərizində hissə-hissə ödəniləcəyi barədə öhdəlik götürülmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs “Baku Cafe” restoranında təmizləyici işləyən şəxs kimi tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Hadisə baş verdiyi vaxt ünvan 1 ünvanda yerləşən «Baku Cafe» restoranında aşbaz işləmiş, həmin kafeni isə icarə əsasında Zərərçəkmiş şəxs işlətmişdir. Həmin kafe hər gün saat 09:00-dan gecə saat 01:00-a kimi fəaliyyət göstərir və gecə saatlarında Təqsirləndirilən şəxs kafeyə gələrək səhər saatlarına kimi təmizlik işləri aparmış və həmin vaxt kafedə heç kim olmamışdır. 21 iyul 2023-cü il tarixdə saat 01:00-a kimi kafedə işlədikdən sonra yaşadığı evə getmişdir. Həmin gün, saat 09 radələrində yuxudan oyandıqdan sonra mobil telefonuna baxmış və “Whatsapp” mobil tətbiqində Təqsirləndirilən şəxs ona yazdığı mesajı oxumuşdur. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən ona «Şef salam Şef Sizin özəl insansınız mərdliyinizə və kişiliyinizə sonsuz güvənirəm və sizə hörmətim böyükdür ona görə sizə yazdım məni içəridə çöldə elə bir problemim var ki məcburiyətdən belə bir iş görmüşəm. Kassadan pul götürmüşəm çox çıxılmaz vəziyyətdə idim amma onu bilinki mən gəlib sizinlə görüşəcəm 3- 4 aya qaytaracam birdənə mənə köməklik edin ölmüşəm məni yerdən götürün xaiş edirəm polis qarışmasın gəlib görüşüb verəcəm məni bağışdıyın» məzmununda mesaj göndərilmişdir. O, mesajı oxuduqdan sonra Təqsirləndirilən şəxs zəng vursa da, əlaqə yarada bilməmişdir. Bundan sonra, o, dərhal kafenin sahibi Zərərçəkmiş şəxs zəng vurub hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs hadisə barədə məlumatlı olduqdan sonra baş verənlərlə bağlı polisə müraciət etmişdir. Həmin vaxt işə gəldikdə seyfin balta ilə qırılmasını və içərisindən pulların oğurlanmasını görmüşdür. İş materiallarında olan “Baxış keçirilməsi barədə” 21 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən «Baku Cafe» restoranıdır, baxış zamanı kafedən bir ədəd qapısı sındırılmış seyf və bir ədəd balta iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (i/v 8-12). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-387/2023 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(006)-514/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 16 noyabr 2023-cü il tarixədək uzadılmışdır. (i/v 48, 70-73). İş materiallarında olan 27 iyul 2023-cü il tarixli “Götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd diskdə olan videofayl açıldıqda müəyyən edilmişdir ki, videofayl 56 saniyə nıüddətindədir, videogörüntüdə bir nəfər qısaqol köynəkdə üzü saqqallı şəxs 21 iyul 2023-cü il tarixdə saat 04:01-də ünvan 1 ünvanda yerləşən «Baku Cafe» restoranının daxilində olan müşahidə kamerasına yaxınlaşıb həmin kameranı yuxarı qaldırır və sonra kafenin seyf qoyulan hissəsinə keçir, müşahidə kamerası qaldırılmış vəziyyətdə olub başqa səmti çəkdiyindən orada nə baş verməsi görünməmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, görüntülərdə olan şəxs kafedə gecə təmizləyicisi kimi gəlib işləyən Təqsirləndirilən şəxsdur, sonuncu müşahidə kamerasını yuxarı qaldırır ki, seyfdən oğurluq törətməsi müşahidə kamerasına düşməsin. (i/v 27). İş materiallarında olan “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 27 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid təqdim etdiyi 01 ədəd fotoşəkildə “Watsapp” mobil tətbiqində Şahidla Təqsirləndirilən şəxs arasında yazışma əks olunmuş, həmin yazışmada Təqsirləndirilən şəxs tərəfindən 21 iyul 2023-cü il tarixdə saat 06:37-də Şahid “Şef salam Şef Sizin özəl insansınız mərdliyinizə və kişiliyinizə sonsuz güvənirəm və sizə hörmətim böyükdür ona görə sizə yazdım məni içəridə çöldə elə bir problemim var ki məcburiyətdən belə bir iş görmüşəm. Kassadan pul götürmüşəm çox çıxılmaz vəziyyətdə idim amma onu bilinki mən gəlib sizinlə görüşəcəm 3- 4 aya qaytaracam birdənə mənə köməklik edin ölmüşəm məni yerdən götürün xaiş edirəm polis qarışmasın gəlib görüşüb verəcəm məni bağışdıyın» məzmununda mesaj göndərilmişdir. Baxışda iştirak edən Şahid təqdim etdiyi fotoşəkildəki mesajı ona Təqsirləndirilən şəxs göndərdiyini və oğurluq etdiyini etiraf etdiyini bildirmişdir. (i/v 35-36). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilib CM-nin 69.4-cü maddəsinə əsasən 1500 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2017-ci il tarixdə Abşeron rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli qanun tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilib, cəzası azaldılaraq 500 manat cərimə cəzası saxlanılmış, xx.xx.2017-ci il tarixdə Abşeron rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.8-ci bəndinə əsasən təyin olunmuş 500 manat cərimə cəzasından azad edilmişdir. (i/v 74-75). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd seyf, 01 ədəd balta, zərərçəkmiş şəxsin təqdim etdiyi içərisində hadisənin görüntüləri olan 01 ədəd disk, Təqsirləndirilən şəxs oğurluq etməsini etirafı ilə bağlı yazmış olduğu mesaj əks olunmuş 01 ədəd fotoşəkil maddi sübut kimi tanınmış və 01 ədəd seyf, 01 ədəd baltanın saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, 01 ədəd disk və 01 ədəd fotoşəkilin cinayət işi materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. (i/v 80-87). İş materiallarına əlavə edilmiş 27 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın 2000 (iki min) manatı ödənildiyindən və qalan ziyanın hissə-hissə ödəniləcəyi barədə razılaşma əldə olunduğundan Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş Şuşa Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(077)-154/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2009cu il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs himayəsinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X6 ad və soyadlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin verdikləri ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək peşman olmasını, himayəsində bir uşağının olmasını, dəymiş ziyanın qismən ödənilməsini, həmçinin zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 17 (on yeddi) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Sumqayıt şəhər Probasiya idarəsinə həvalə edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd seyf hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk və 01 ədəd fotoşəkilin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-461/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərara əsasən 01 noyabr 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 17 (on yeddi) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd seyf hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk və 01 ədəd fotoşəkilin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar