Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-461/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi - “FİDES” vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 27 fevral 2023-cü il tarixdə saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi X2 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Saipa” markalı “Tiba SX” markalı **-RN-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə Azadlıq prospekti istiqamətində 20-30 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib həmin vaxt avtomobil yolunu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, travmatik subaraxnoidal qansızma, başın ənsə nahiyəsinin dərialtı hematoması, sağ kürək nahiyəsinin qançırları ilə müşayət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, etibarnamə əsasında idarə etdiyi “Saipa" markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili 2023-cü ilin yanvar ayından etibarən idarə edirmiş. Əsasən taksi fəaliyyəti ilə məşğul olurmuş. Gündəlik olaraq səhər saat 08-də evdən çıxıb axşam saat 21 radələrinədək Bakı şəhərində taksi kimi fəaliyyət göstərirmiş. xx.xx.2023-cü il tarixdə saat 09.00 radələrində qeyd etdiyi avtomobil ilə Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkət edən zaman sağ tərəfdə onunla birgə avtobus hərəkətdə imiş. Avtobus dayanacağa yaxınlaşdığından surətini azaldıb dayanmışdır. Bu zaman o idarə etdiyi avtomobillə avtobusun solundan keçmişdir. Həmin vaxt o təxminən saatda 20-30 km surətlə hərəkətdə imiş. Bu zaman bir nəfər qadın avtobusun qabağından çıxaraq yola doğru hərəkət etmişdir. O ehtiyatsızlıq nəticəsində avtomobilin ön sağ hissəsi ilə onu vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Daha sonra o avtomobildən enmiş və TTYS- na müraciət etmişdir. Hadisə yerinə gələn TTYS avtomobili həmin piyadanı müayinə olunması üçün KTM-ə aparmışdır. O isə hadisə yerində gözləmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlib araşdırma aparmağa başlamışdılar. Verilən sallara cavab olaraq hadisənin xx.xx.2023-cü il tarixdə saat 09.00 radələrində Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində baş verdiyni, hadisənin Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindən Azadlıq prospekti ilə kəsişmə istiqamətində hərəkət edən zaman baş verdiyini, avtomobili təxminən saat 20-30 km surətlə idarə etdiyini, həmin xanımı daha öncə görmədiyini və onunla heç bir şəxsi ədavəti olmadığını, məlum hadisə zamanı həmin qadını görmədiyini, hadisə ani anda baş verdiyini, həmin vurduğu qadın piyada keçidi olmadığından oradan keçdiyini və hadisənin piyada keçidindən kənarda baş verdiyini, məlum hadisə zamanı hava işıqlı və asfalt örtüyü quru olduğunu, piyadaya yaxınlaşan zaman piyadanın anidən surətlə yola çıxdığını və onu avtomobilin ön hissəsi ilə vurduğunu, qadınıvuran zaman o təxminən 4-5 metr məsafə qət etdiyini, məlum hadisə zamanı avtomobilin ön sağ hissəsi piyadaya dəydiyini, hadisə zamanı spirtli içkinin təsiri altında olmadığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs bu hadisədə onun günahının olmadığını, zərərçəkmiş şəxsin anidən avtobusun qabağından çıxaraq onun avtomobilinə dəydiyini, lakin buna baxmayaraq onun ona kömək etdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını bildirərək məhkəmənin ədalətinə inandığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyevə küçəsində yerləşən “Cruqazor” adlı uşaq tədris mərkəzində xadimə vəzifəsində çalışır. Hər gün səhər saat 09:00 radələrində iş saatı başlayır. Gündüz saat 14:00 radələrində isə iş saatı qurtarır. O hər gün evdən işə 21 nömrəli sərnişin avtobusu ilə gəlir. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birinci korpusunun qabağında avtobusdan düşdükdən sonra təxminən 10 dəqiqə piyada hərəkət etdikdən sonra iş yerinin qarşısına çatır. 27 fevral 2023-cüil tarixdə saat 08:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qarşısında asta yerişlə yolu keçirmiş. Həmin vaxt avtomobillərin hərəkəti üçün yaşıl işıq yanırdı. Elə həmin an sol tərəfdən hərəkətdə olan sonradan marka və nömrəsini bildiyi **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil onu ön sağ hissəsi ilə vuraraq yerə yıxmışdır. Hadisə nəticəsində o baş nahiyəsindən xəsarət almışdı. Bundan sonra o ayıldıqda 1 saylı KTM-də olduğunu, onu vuran şəxsin köməyi ilə TTY avtomobili vasitəsi ilə onun xəstəxanaya gətirildiyini bilmişdir. Sonda Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hadisənin baş verməsində heç bir ehtiyatsızlıq olmamışdır. Təqsirləndirilən şəxs hadisədən sonra 50 manat dəyərində dərman alıb xəstəxanadan çıxandan iki ay sonra 50 manatı kartına köçürüb və bir dəfə də 15 manat pul vermişdir. Sonradan dəfələrlə telefon vasitəsi ilə onunla əlaqə saxlamağa cəhd eləsə də, hər dəfə ona məxsus telefonu yoldaşı götürərək “əri evdə yoxdur” deyə cavab vermişdir. Hadisənin baş verdiyi fevral 2023-cü ildən bütün istintaq dövrü ərzində onunla ünsiyyətdə olub maddi zərərlə bağlı məsələni müzakirə etmək hətta müzakirə etməkdən belə imtina etmişdir. Məhkəmə iclasında özünü təqsirli bilməyərək guya hadisə anında özünü hərəkətdə olan avtobusun qarşısından keçərək onun idarə etdiyi avtomobilin qarşısına atmışdır. Onun bu əsaslandırılması onun özünün subyektiv mülahizəsidir, belə hal olmamışdır. Təqsirləndirilən şəxsin davranışları belə nəticəyə gəlməyə əsas verir ki, o, hələ islah yoluna qədəm qoymamışdır, sərgilədiyi qeyd etdiyi davranışlar onun şəxsiyyətini xarakterizə edən hallara aiddir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ona cəza təyin edərkən CM-nin 263.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən sərt cəzanın təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanılması haqqında 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v. 1-2); Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 27 fevral 2023-cü il tarixli protokol, sxem və fotoşəkildən görünür ki, 27 fevral 2023-cü il tarixdə saat 09 radələrində sürücü Təqsirləndirilən şəxs etibarnaməəsasında idarə etdiyi X2 məxsus olan texniki cəhətdən saz vəziyyətdə olan “Saipa” markalı Tiba sx minik markalı **-RN-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkət edən zaman saatda 5 km surətlə hərəkət edən yolu sağ istiqamətdən sol istiqamətə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sağ hissəsi ilə vururaq sonuncunun qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, travmatik subaraxnoidal qansızma, başın ənsə nahiyəsinin dərialtı hematoması, sağ kürək nahiyəsinin qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi faktı təsdiqini tapmışdır (i.v. 6-12); Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən 01 noyabr 2021-ci il tarixdə verilmiş BA seriyalı 131891 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Saipa” markalı Tiba SX markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı sedana vtomobili mülkiyyət hüququ ilə X2 məxsusdur, qeyd olunan avtomobil 08 may 2022-ci il tarixdə notarial qaydada verilmiş ƏN-Vİ seriyalı 095938 nömrəli etibarnaməyə əsasən 08 iyun 2025-ci il tarixədək idarə etmək hüququ ilə sürücü Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir (i.v. 16-17); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 01 mart 2023-cüil tarixli 239 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, travmatik subaraxnoidal qansızma, başın ənsə nahiyəsinin dərialtı hematoması, sağ kürək nahiyəsinin qançırları bərk küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X8 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 27 fevral 2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (i.v. 24-26); “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 84); “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur (i.v. 106); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ədil Bayramovun 20 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 122); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə (xx.xx.2025-ci il tarixədək etibarlı olan) AD 176773 nömrəli “BC" kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 127); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (i.v. 128); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2024-cü il tarixli 8/2008 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Saipa” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 129-132) “Sübutların qiymətləndirilməsi haqqında” 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində CM-in 263-1.1-ci və 264-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş,qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs etibarnamə vasitəsi ilə idarə etdiyi “Saipa” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və ilkin araşdırma zamanı sahibinə təhvil verilməsi nəzərə alınmış, iş üzrə təqsirləndirilən şəxs Hüseynov X1 hüququnun olması nəzərə alınmış, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, baxış protokolları, ekspertiza rəyləri iş üzrə sübut növü kimi qəbul olunmuşdur (i.v. 147-152) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarəti yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsiilə düzgün tövsife dilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqdaiki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (i.v. 128) Qətimkan tədbirinin seçilməsi barədə 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsbarəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 122) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “Saipa” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş ekspertizalar üzrə 100 (yüz) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “FİDES” vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “FİDES” vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımıngöstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351- 353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Saipa” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “FİDES” vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından FİDES” vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-461/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-461/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver