Məhkəmə qərarları › İş №1(006)-463/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-463/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-463/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1987-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 24 avqust 2020-cı il tarixdə saat 14:00 radələrində yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 16 ünvanında yerləşən “Kövsər” adlı dükanın qarşısında yolun birinci hərəkət zolağında piyada keçidinə 5 metr məsafə qalmış geriyə doğru 4-5 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsinin geriyə hərəkəti zamanı manevri təhlükəsiz etməklə hərəkətin digər iştirakçılarına maneə yaratmamalı, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli olduğu və qeyd olunan tələbləri yerinə yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, cinayətkarcasına etinasızlıq edib yol hərəkəti qaydalarını pozub idarə etdiyi avtomobilin arxa hissəsi ilə yolu sağdan sol tərəfə keçmək üçün səkidən 2 metr məsafə qət edib avtomobillərin ötüb keçməsini gözləmək uçun yolun hərəkət hissəsində dayanmış piyada Zərərçəkmiş şəxs vuraraq sonuncunun həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid sol bud sümüyünün burmalardan keçən sınığı kimi xəsarətlərini yetirmiş və həmin xəsarət nəticəsində gövdənin arxa səthinin, sağrıların geniş ölçüdə, başın ənsə və sol daban arxası nahiyələrinin ocaqlı yataq yaraları ilə əlaqədar inkişaf etmiş septikotoksiki vəziyyəti, bronxopnevmoniya, eksudativ plevrit nəticəsində baş vermiş kəskin ağciyər-ürək çatışmazlığı ilə müşayiət olunan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır avtomobil idarə edir və hadisə vaxtı "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. O, sürücülük fəaliyyətini ağ rəngli "Kia Rio” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həyata keçirmişdir. İdarə etdiyi dövr ərzində həmin avtomobilin texniki cəhətdən saz olması üçün lazım olan bütün tədbirləri görmüşdür. Avtomobil “Retro Holding" MMC-nin mülkiyyətində olduğundan hər axşam avtomobili Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən dayanacağa aparmış və orada hər gün avtomobilin sazlığı və texniki tələblərə uyğunluğu yoxlanılmışdır. 24 avqust 2020-cı il tarixdə işi ilə əlaqədar qeyd olunan avtomobili Buzovna qəsəbəsində yerləşən dayanacaqdan götürmüş və saat təxminən 14 radələrində ünvan 2 ünvana gəlmiş və avtomobili yolun hərəkət istiqamətində sağ tərəfdə saxlayaraq düşmüş və bir sıra ərzaq məhsulları almaq üçun dükana getmiş, daha sonra isə avtomobilə əyləşmişdir. Həmin vaxt qeydiyyat nömrəsini xatırlamadığı avtomobil idarə etdiyi avtomobilin qarşısında saxlamış, yolun hərəkət istiqamətində idarə etməni davam etdirə bilmədiyi üçün məcbur olub avtomobili geriyə doğru idarə etmişdir ki, qarşısındakı avtomobil ilə ara məsafəsi yaradaraq həmin avtomobilin arxasından dönərək hərəkət axımı istiqamətində idarə etməni davam etdirsin. Bu zaman avtomobili geriyə doğru təxminən 4-5 km/saat surətlə idarə edərkən avtomobilin arxa hissəsi ilə şəxsi vurduğunu hiss etmişdir. Tez bir zamanda avtomobildən düşmüş və sonradan adını və soyadını bildiyi Zərərçəkmiş şəxs və Şahid avtomobili ilə vurduğunu görmüşdür. Bundan sonra hadisə yerinə gələn şəxslərin iştirakı ilə onları avtomobilə əyləşdirib tez bir zamanda tibbi yardım göstərilməsi üçün Sabunçu şəhər Klinik xəstəxanasına aparmış, onlara ilkin tibbi yardım göstərilməyə başlanmışdır. Onlara tibbi yardım zamanı göstərilən xəstəxana xərclərini ödəməklə yanaşı, dərman xərclərini də, ödəmişdir. Ardınca isə onlar xəstəxanadan buraxılmış və onları yaşadıqları ünvan 3 ünvana gətirmişdir. Hadisədən təxminən bir ay sonra Zərərçəkmiş şəxs vəfat etdiyini bilmiş və bundan sonra onun barəsində cinayət işi üzrə icraat başlanılmışdır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi üçün bütün imkanlarından istifadə etdiyini, zərərçəkmiş şəxsin ailəsinə köməklik etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X6 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Atası Zərərçəkmiş şəxs öldüyü günədək, yəni 26 sentyabr 2020-ci il tarixə kimi onunla eyni ünvanda yaşamışdır. 24 avqust 2020-ci il tarixdə anası Şahid və atası Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 16 ünvanında yolu keçən zaman "Kia Rio” markalı avtomobilin sürücüsü avtomobilini geriyə doğru hərəkət etdirərkən valideynlərini avtomobilin arxa hissəsi ilə vurmuşdur. Həmin vaxt mərhum atasının ayağı qırılmış, anası isə çanaq hissəsindən xəsarət almışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs və yaxınları valideynlərinə qulluq etmiş və maddi ehtiyaclarını ödəmişlər, bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışıq barəsində razılığa gəlmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, bu səbəbdən sonuncu barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» X8 məhkəmə-tibbi ekspertizasının 26.10.2020-ci il tarixli, 104 saylı rəyindən görünür ki, 1948-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə, tibbi sənəddə yazılanlara və əlavə laborator tədqiqatların cavabına əsaslanaraq, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq Zərərçəkmiş şəxs meyitində məhkəmə-tibbi müayinə zamanı morfoloji dəyişikliklər və xəsarətlər aşkar edilmişdir; sol bud sümüyünün burmalardan keçən sınığı, postravmatik dövr septikotoksiki vəziyyəti, gövdənin arxa səthinin və sağrıların geniş ölçüdə başın ənsə və sol daban arxası nahiyələrinin ocaqlı yataq yaraları, ağciyərdə bronxopnevmoniya, eksudativ plevrit, qeyd olunan xəsarətləri sol bud sümüyünün burmalardan keçən sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 24.08.2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi və dərəcəsinə görə posstravmatik dövr septikotoksiki vəziyyətlə müşayiət olunduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi sol bud sümüyünün burmalardan keçən sınığı gövdənin arxa səthinin və sağrıların geniş ölçüdə, başın ənsə və sol daban arxası nahiyələrinin ocaqlı yataq yaraları ilə əlaqədar inkişaf etmiş postravmatik dövr septikotoksiki vəziyyəti, bronxopnevmoniya, eksudativ plevrit nəticəsində baş vermiş kəskin ağciyər-ürək çatışmazlığı olmuşdur (i/v 77-80). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» X8 məhkəmə-tibbi ekspertizasının 17.12.2020-ci il tarixli, 104 saylı rəyə əlavəsindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarət və morfoloji dəyişikliklərin xarakterik xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, ölümün səbəbi arasında aparıcı səbəbin təyini ilə əlaqədar Sol bud sümüyünün burmalardan keçən sınığının hadisə baş verdikdən dərhal sonra (yəni çox az müddət ərzində) ölüm baş vermiş olsaydı, o halda həmin xəsarətin ölümü ilə birbaşa səbəbli əlaqəsi ola bilərdi. Belə ki, xəsarətin ən çox rast gəlinən və qorxulu ağırlaşması kəskin böyrək çatışmazlığıdır ki, bu ağırlaşma əsasən travmatik şok, kəskin qanitirmə, yumşaq toxumaların geniş əzilmələrində uzun müddətli sıxılma sindromunda inkişaf edir. Lakin, Zərərçəkmiş şəxs posttravmatik dövrdə ölümə gətirib çıxaran gecikmiş ağırlaşmalara aid yataq yaraları ilə əlaqədar ikincili qoşulan infeksiyalar nəticəsində septikotoksiki vəziyyət, bronxopnevmaniya və eksudativ plevrit kəskin ağciyər-ürək çatışmazlığına səbəb olmuşdur. Bu da ona dəlalət edir ki, Zərərçəkmiş şəxs ölümünə birbaşa səbəbin sol bud sümüyünün burmalardan keçən sınığı deyil, gövdənin arxa səthinin və sağrıların geniş ölçüdə, başın ənsə və sol daban arxası nahiyələrinin ocaqlı yataq yaraları ilə əlaqədar inkişaf etmiş posttravmatik dövr septikotoksiki vəziyyəti, bronxopnevmaniya və eksudativ plevrit nəticəsində baş vermiş kəskin ağciyər-ürək çatışmazlığı olmuşdur. Dərəcəsinə görə, sol bud sümüyünün burmalardan keçən bitişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malikdir. Gövdənin arxa səthinin və sağrıların geniş ölçüdə, başın ənsə və sol daban arxası nahiyələrinin ocaqlı yataq yaraları ilə əlaqədar posttravmatik dövrdə ikincili qoşulan infeksiyalar nəticəsində bronxopnevmaniya və eksudativ plevritin törətdiyi kəskin ağciyər-ürək çatışmazlığı sağlamlığa zərərvurmanın dərəcəsinin məhkəmə-tibbi eskpertizası qaydalarının təyininə əsasən həyat üçün təhlükəli olan patoloji vəziyyətlərə aiddir (i/v 90-93). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» X8 məhkəmə-tibbi ekspertizasının 09.07.2021-ci il tarixli, T 143/2021 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində sol bud sümüyünün burmalardan keçən sınığı postravmatik dövr septikotoksiki vəziyyətlə fəsadlaşan gövdənin arxa səthinin və sağrıların geniş ölçüdə, başın ənsə və sol daban arxası nahiyələrinin ocaqlı yataq yaraları ağciyərdə bronxopnevmoniya eksudativ plevrit aşkar edilmişdir. Qeyd olunan xəsarət-sol bud sümüyünün burmalardan keçən sınığı-bərk küt əşyanın (əşyaların) təsınndən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 24.08.2020-ci ildə yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə postravmatik dovr septikotoksiki vəziyyətlə müşayiət olunduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs olumunə səbəb sol bud sümüyünün burmalardan keçən sınığı nəticəsində gövdənin arxa səthinin, sağrıların geniş ölçüdə, başın ənsə və sol daban arxası nahiyələrinin ocaqlı yataq yaraları ilə əlaqədar inkişaf etmiş septikotoksiki vəziyyəti, bronxopnevmoniya. eksudativ plevrit nəticəsində baş vermiş kəskin ağcıyər-ürək çatışmazlığı olmuşdur. Bu səbəbdən də yetirilən xəsarətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır (i/v 129-133). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 07.10.2020-ci il tarixli, 8/1669 saylı rəyindən görünür ki, "Kia Rio” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i/v 62-64). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.08.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, məhkumluğu ödənilmişdir (i/v 126-127). İş materiallarında olan Bakı şəhəri 44 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş **********084 və **********113 saylı ərizələrdən görünür ki, X6 və Şahid tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir tələb və ya şikayət yoxdur (i/v 73-74). İş materiallarında olan qəbzdən görünür ki, X6 1000 manat pul vəsaitini Təqsirləndirilən şəxs atasından qəbul etmişdir (i/v 75). İş materiallarında olan sürücülük vəsiqəsinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 30.01.2020-ci il tarixdən 30.01.2030-cu il tarixə kimi etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. "Retro Holding” MMC tərəfindən Təqsirləndirilən şəxs tərəfindən "Kıa Rio" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi məqsədi ilə 856 nömrəli yol vərəqəsi verilmişdir (i/v 21-22). İş materiallarında olan AF seriyalı, 037189 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B, C kateqoriyalı sürücülük hüququna malikdir. İş materiallarında olan AZ-İİ 122071 saylı, 12 noyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 26 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir (i/v 45). İş materiallarında olan 22 iyul 2021-ci il tarixli “Sübutların qiymətləndirilməi, əməlin tövsif edilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilərək "xxxx" MMC-nin sərəncamında olması nəzərə alınmışdır (i/v 036-142). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 24.08.2021-ci il tarixli, 2/6200 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır (i/v 6). İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 23 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 161). Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən məhkəməyə təqdim edilmiş 07.09.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, dəymiş zərər tam olaraq ödənilmişdir, hal-hazırda ona qarşı heç bir maddi tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 100 (yüz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-nin sərəncamında olması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-463/2021 saylı, 16 avqust 2021-ci il tarixli qərara əsasən 17 avqust 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-nin sərəncamında olması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar