Məhkəmə qərarları › İş №1(006)-465/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-465/2025

12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-465/2025 12.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci ildə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Xok kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Zaqatala Rayon Məhkəməsinin 1(033)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən ABŞ dolları ilə götürdüyü krediti ödəməkdə çətinlik çəkdiyini bilib, onu həmin kredit borcunu həll edəcəyinə dair yalan vəd verib aldadaraq, bunun üçün guya 3000 (üç min) manat pul tələb olunduğunu bildirib inandırmaqla bu adla sonuncudan 01 mart 2024-cü il tarixdə, saat 16 radələrində ünvan 3 ünvanında yerləşən «28 May» metrostansiyasının əsas çıxışının qarşısında 3000 (üç min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayından Zərərçəkmiş şəxs “İnşaatçılar” metrosu yaxınlığında kababçı kimi işlədiyi kafeyə gedibgəlmişdir. Zərərçəkmiş şəxs söhbət zamanı qızının ali təhsilli olduğunu, işə düzəltmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs tanıdığı adamların olduğunu və 500 manat pulun müqabilində neft şirkətinə işə düzəldə biləcəyini söyləmişdir. Daha sonra o, Fədailə bildirmişdir ki, həmin adamlarla danışdığını və həmin adamların 500 pulu istədiklərini bildirmişdir. Fədail onun dedikləri ilə razılaşmış və 2024-cü ilin yanvar ayının ortalarında həmin 500 manat məbləğində pulu “İnşaatçılar” metrosunun yaxınlığında ona vermişdir. Sonradan o, Fəadilin işinə köməklik göstərə bilmədiyini, pulun onda qaldığını və həmin pulu xərclədiyini demişdir. Zərərçəkmiş şəxs işin hansı səbəblərdən alınmadığını soruşduqda müxtəlif bəhanələr gətirərək işin düzələcəyini bildrimişdir. Daha sonra yenə kafedə olduğu zaman Fədailin oğlu atasına zəng vuraraq “Access” bank yenidən onun maaş kartından müəyyən miqdarda pul tutulduğunu bildirmiş, o, məsələni öyrənmək istədikdə Fədail “Access” bankdan dollarla kredit götürdüyünü və ödəmədiyi üçün oğlunun maaş kartından hər ay müəyyən qədər məbləğ tutulduğunu bildirmişdir. O, Fədailə tanış adamının olduğunu və bu məsələni həll edə biləcəyini bildirmişdir. Daha sonra o, Fədailə bildirmişdir ki, 3000 manat müqabilində bu işi həll edə bilər. Fədail ondan hansı vasitə ilə bu işi görəcəyini soruşduqda o, tanış adamının olduğunu və banklarda olan ABŞ dolları ilə rəsmişləşmiş kreditləri Azərbaycan manatına çevirə bildiyini demişdir. Bundan sonra o, Fədailə həmin adamla danışdığını və 3000 manat pul istədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, Fədail ilə görüşmüş və 3000 manat məbləğində pulu “28 May” metrostansiyasının əsas çıxışının qarşısında Fədaildən götürərək işin tezliklə həll edəcəyini bildirmişdir. Həmin zaman Fədail ondan düzəldəcəyini söz verdiyi qızının işini soruşduqda o, Fəadilə bu işin o işə aidiyyəti olmadığını, hər iki işi ayrı ayrılıqda düzəldəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Fədail ona zəng vuraraq yenidən oğlunun maaş kartından pul tutulduğunu bildirmişdir. O, Fədaildən ilk öncə aldığı 500 manatı və sonradan aldığı 3000 manat pulu öz şəxsi ehtiyyaclarına xərclədiyini bildirmiş və nə vaxtsa əlinə pul gələndə Fədailin pullarını qaytaracağını demişdir. 2024-cü ilin mart, aprel, may aylarında hər ay üçün 350 (üç yüz əlli) manat pulu, ümumilikdə 1050 manat məbləğində pulu Fədailin oğlunun bank hesab kartına köçürmüş, göstərilən məbləğdən əlavə pulu qaytarmamışdır. Onun məqsədi Fədaildən pulu alıb öz işlərinə xərcləmək olmuşdur. Onun həmin zaman pula ehtiyyac olduğundan bu addımı atmış, işin həll edilməsi məqsədi ilə heç kimlə danışıq aparmamış, Zərərçəkmiş şəxs almış olduğu puldan özü 1050 manat qaytarmış, daha sonra isə qardaşı onun yerinə 500 manat pul Fədailə vermişdir. Ümumilikdə 1550 manat pulu qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini bildirərək barəsində ədalətli məhkəmə qərarının qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2024-cü ilin yanvar ayında “İnşaatçılar” metrosu yaxınlığında kafedə kababçı işləyən zaman həmin məkana müştəri kimi gələn Təqsirləndirilən şəxs ilə tanış olmuş, danışıqlar zamanı Əyyub onu inandırmışdır ki, onun bir çox əlaqələri var və lazım olanda iş görə bilir. Həmin ərəfələrdə o, ali təhsilli qızına iş axtarırdığını Əyyuba bildirmiş və Əyyub da öz növbəsində ona qızını neft şirkətinə işə düzəltmək adı ilə qızına məxsus sənədlərin surətləri ilə bərabər 500 manat məbləğində pulu 2024-cü il yanvar ayının ortalarında almışdır. Sonralar davamlı olaraq Əyyub onun yanına gəlib getməyə başlamışdır. Fevral ayının axırlarında Əyyub kafedə onun yanında olan zaman oğlu Hilal zəng vuraraq “Access” bank yenidən onun maaş kartından 50 faiz miqdarında pulunu tutduğunu bildirmişdir. Belə ki, həmin kredit dollarla olduğundan, sonralar dolların məzənnəsi qalxdığı üçün o həmin məbləği ödəməkdə çətinlik çəkmişdir. O, bu barədə Əyyuba bildirdikdə Əyyub ona narahat olmamağı və həmin yerdə qohumunun işlədiyini, köməklik göstərəcəyini bildirmişdir. Daha sonra Əyyubun deməsinə görə qohumuna zəng edib və məsələni həll etməyə razılıq vermişdir. Bundan sonra Əyyub ondan “Access” bankda olan ABŞ dolları ilə qalıq borc məsələsini həll edilməsi üçün 3000 manat məbləğində pul tapıb ona verməsini və məsələni bir dəfəlik həll edəcəyini bildirmişdir. Bu məqsədlə o, həyat yoldaşı Şahid1 adına başqa bankdan 4000 manat kredit götürmüş və xx.xx.2024-cü il tarixdə pul əlində olanda Əyyuba zəng edərək “28 May” metrostansiyası yaxınlığında olduğunu, işi düzəldən qohumu ilə birlikdə həmin ərazidə görüşmələrini bildirmişdir. O, “28 May” metrosunun qarşısında getmiş, Əyyub da həmin əraziyə tək gəlmiş və qohumunun həyat yoldaşı ilə yaxınlıqda kafedə yemək yediyini, həmin pulu onun götürərək qohumuna verəcəyini bildirmişdir. O, 3000 manat məbləğində pulu Əyyuba vermişdir. Əyyub isə öz növbəsində ona “sabah bu məsələ həll olunacaq” deyərək, çıxıb getmişdir. Lakin xx.xx.2024-cü il tarixdə yenidən oğlu Şahid2 maaş kartından pul tutulduqda o, Əyyuba zəng edərək soruşduqda, sonuncu narahat olmamağı həmin məbləği onun ödüyəcəyini bildirmişdir. Beləliklə 2024-cü ilin mart, aprel may ayları üzrə hər ay 350 manat, ümumi 1050 manat pulu Əyyub onun oğlu Hilalın bank kartına göndərmiş, lakin bundan sonra Əyyub işin düzəlmədiyini, pulun yerdə qalan məbləğini qaytaracağını bildirsə də, 1050 manatdan əlavə məbləği geri qaytarmamış və müxtəlif bəhanələr gətirərək onu aldadaraq yalan vədlər vermişdir. Daha sonra isə Əyyubun qardaşı bu iş üzrə ona 500 manat ödəniş etmişdi. Lakin, bir ildən artıqdır müddətdir ki, Əyyub işi düzəltmək adı ilə onu aldadıb aldığı pulun qalıq hissəsini geri qaytarmamışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin qismən ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onların “Access” banka kredit borları olmuş, həmin kredit isə oğlunun maaşına yönəlmişdir. Hər ay oğlunun maaş kartından kreditin 50 faizi çıxmışdır. Bu barədə X11 bildirmiş, sonuncu da dostunun oğlunun “Access” bankda işlədiyini, 3000 manat müqabilində borcu sildirə biləcəyini bildirmişdir. O, banka gedərək öz adına 4000 manat kredit götürmüş və həmin pulu ərinə vermişdir ki, Əyyuba bu işin həlli üçün versin. Əri Fədaildə həmin puldan 3000 manatı Əyyuba vermişdir ki, onların bankda olan borclarını sildirsin. Əyyub həmin pulu götürərək krediti tez zamanda sildirəcəyini bildirmişdir. Lakin, ayın sonu çatdıqda yenidən oğlunun maaş kartında 350 manat pul tutulmuşdur. X11 zəng edərək məsələni izah etdikdə, sonuncu narahatçılığa əsas olmadığını həmin pulu özünün geri qaytaracağını bildirmişdir. Beləliklə də, 3 ay ayda 350 manat olmaqla, cəmi 1050 manat pulu Əyyub ərinin kartına göndərmişdir. Lakin, sonradan Əyyub zəng edərək işin alınmadığını, qalıq pulu qaytaracağını bildirəsə də, hazırkı vaxtadək hər hansı pul qaytarmamışdır. “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, HK-1/136 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 1); “hadisə yerinə baxış keçirilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında «28 May» metrostansiyasının əsas çıxışının qarşısıdır (Cild İ, i.v. 34-37); “zərər çəkmiş şəxs qismində tanımaq haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır (Cild İ, i.v. 38-39); “təqdim edilmiş əşyanın götürülməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, icraatda olan ********* nömrəli cinayət işi üzrə araşdırmanın tam, obyektiv və hərtərəfli aparılmasının təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə, həmçinin onun arvadı Şahid1 arasında “Whatsapp” tətbiqi vasitəsilə olan 4 (dörd) vərəqdən ibarət yazışmaların A4 kağızda çap edilmiş formatda fotoşəkillər, 1 (bir) ədəd “CD” disk və vəd edilən işlərin həlli üçün onlar tərəfindən "xxxx" ASC-dən əldə olunmuş istehlak kreditinin ödəniş cədvəlinin surəti ünvan 4 ünvanda yerləşən X5 Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin 27 nömrəli xidməti otağında götürüldü (Cild İ, i.v. 37-38); "xxxx" ASC-yə məxsus ödəniş qrafikindən görünür ki, Şahid1 "xxxx" ASC-dən 4000 manat məbləğində kredit götürmüşdür (Cild İ, i.v. 57); “CD diskdə olan səs yazılarına baxış keçirilməsi barədə” 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin materiallarında olan 01 ədəd DVD diskə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. İcraatda olan ********* nömrəli cinayət işi üzrə vətəndaş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən bir ədəd CD diski kompyuterin DVD-Rom yerinə daxil edilərək müəyyən edildi ki, diskin yaddaşında “Whatsapp Audio 2024-10-31 at 12.03.39 (1)”, “Whatsapp Audio 2024-10-31 at 12.03.39”, “Whatsapp Audio 2024-10-31 at 12.03.40 (1)”, “Whatsapp audio 2024-10- 31 at 12.03.40 (2)”, “Whatsapp Audio 2024-10-31 at 12.03.40”, “Whatsapp Audio 2024-10-31 at 12.03.41(1)”, “Whatsapp Audio 2024-10-31 at 12.03.41(2)”, “Whatsapp Audio 2024-10-31 at 12.03.41(3)”, “Whatsapp Audio 2024-10-31 at 12.03.41”, “Whatsapp Audio 2024-10-31 at 12.03.42(1)”, “Whatsapp Audio 2024-10-31 at 12.03.42(2)”, “Whatsapp Audio 2024-10-31 at 12.03.42”, “Whatsapp Audio 2024-10- 31 at 12.03.43(1)”,“Whatsapp Audio 2024-10-31 at 12.03.43(2)”, “Whatsapp Audio 2024-10-31 at 12.03.43”, “Whatsapp Audio 2024-10-31 at 12.03.44(1)” və “Whatsapp Audio 2024-10-31 at 12.03.4” adlı on yeddi ədəd audio səs yazısı faylı çıxır. Zərərçəkmiş şəxs və həyat yoldaşı Şahid1 əvvəllər tanıdıqları Təqsirləndirilən şəxs arasındakı audio səs yazıları özündə əks etdirir. Həmin səs yazılarından “Whatsapp Audio 2024-10-31 at 12.03.39 (1)” audio səs yazı 41 saniyə, “Whatsapp Audio 2024-10-31 at 12.03.39” audio səs yazı 2 dəqiqə 3 saniyə, “Whatsapp Audio 2024-10-31 at 12.03.40 (1)” audio səs yazı 1 dəqiqə 9 saniyə, “Whatsapp audio 2024-10-31 at 12.03.40 (2)” audio səs yazı 23 saniyə, “Whatsapp Audio 2024-10-31 at 12.03.40” audio səs yazı 32 saniyə, “Whatsapp Audio 2024-10-31 at 12.03.41(1)” audio səs yazı 19 saniyə, “Whatsapp Audio 2024-10-31 at 12.03.41(2)” audio səs yazı 12 saniyə, “Whatsapp Audio 2024-10- 31 at 12.03.41(3)” audio səs yazı 21 saniyə, “Whatsapp Audio 2024-10-31 at 12.03.41” audio səs yazı 18 saniyə, “Whatsapp Audio 2024-10-31 at 12.03.42(1)” audio səs yazı 28 saniyə, “Whatsapp Audio 2024-10-31 at 12.03.42(2)” audio səs yazı 39 saniyə, “Whatsapp Audio 2024-10-31 at 12.03.42” audio səs yazı 29 saniyə, “Whatsapp Audio 2024-10-31 at 12.03.43(1)” audio səs yazı 17 saniyə, “Whatsapp Audio 2024-10-31 at 12.03.43(2)” audio səs yazı 13 saniyə, “Whatsapp Audio 2024-10-31 at 12.03.43” audio səs yazı 13 saniyə, “Whatsapp Audio 2024-10-31 at 12.03.44(1)” 5 audio səs yazı saniyə və “Whatsapp Audio 2024-10-31 at 12.03.44” audio səs yazı 19 saniyə davam edir. Əvvəlcə “Whatsapp Audio 2024-10-31 at 12.03.39 (1)”adlı fayl işə salındı və müəyyə edildi ki, audio səs yazı aşağıdakı kimi davam edir. Şahid1- “Siz mənim telefonumu götürmürsüz, gəlin Fədailin halına baxın, o yüzdən uşaq çığıra-çığira durufdu, siz 300 manat tapmırsız göndərməyə? Yalandan cibinizdən pulu çıxratmaqla döyüle. Mən sizdən dillənmirəm, sizin işinizin axırıdıda belə olufdur, tapın göndərin dincəlıək oturaq görək nolur axırı yekə adamsız, zəng vururam telefonu götürmürsüz, gəlin həqiqətən Fədailin halına baxın qılçaları tutuluf qalıbdı bizdə bilmirik.” Sonra ikinci fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.39” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. Şahid1 - Salam sabahınız xeyir, deyəcəkisiz ki, səhər açılan kimi bunlar yenə başladılar, vallah səhər kimi biz yatmamışıq, ana-bala Fədailin qarolunu çəkmişik, bütün bədən qıc olub skoru çağırmışıq dedik inkarkt olub əsəbdən, çünki hamımız onu qınıyırıq ki, tanımadığın adama pul verdin başımıza belə oyun açdın. Sizdən çox xahiş edirəm içinizdə bircə qırıq insaf varsa, allah qorxusu varsa bu işi həll eliyin gətirin o pulu verin. Bizimi sizlə problemimiz yoxdur. Bu nə işidi bizim başımıza açıldı onuda bilmirəm. Daha sonra üçüncü fayl olan“Whatsapp Audio 2024-10-31 at 12.03.40(1)” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. Şahid1 - Salam dünən mən sizə yazanda xətrinizə dəydi, mən niyə hər dəqiqə sizə yazıram, mən elə gəlir ki, sizin pulunuz yoxdur, pul elə sizə çatıb, ortalıqda gedib o pul, indidəverməyə pulunuz yoxdur, gündə bizi bir şeylə aldadırsız ki, filan şey belə oldu, peşman şey belə oldu. Hər gün saat 12:00 dan başdıyırsız gəlməyə bir axşama kimi, axşamda olan kimi mən filan yerdəyəm, filan işim oldu, başıma filan şey gəldi gətirmirsizdə vermirsizdə, biz də evdə öz-özümüzə hirslənirik, nervlənirik bütün əsəblərimiz pozulur. Sonra dördüncü fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.40(2)” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. Şahid1- Ya siz bizə gəlin belə başa düşmürsüz, bacınızıda götürün bizə gəlin əməlli başlı oturaq söhbət eliyək, ya da adresinizi bizə biz gələk. Sonra beşinci fayl olan“Whatsapp Audio 2024-10-31 at 12.03.40” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. X3- Ay sizin başınıza dönüm mən heç kəsə pislik eləməmişəm, demişəm ordan çıxım axşam gətirib verəcəm Fədailə, mənimdə işlərim var demişəm Fədailə 2 ssata görüşəcəm verəcəm. Sonra altıncı fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.41(1)” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. X3- Salam saat 1-2 də Alatavada olacam gedəcəm Fədailin yanına. Sonra yeddinci fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.41(2)” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. Şahid1 – Qanacağın olsun məndə işləmirəm çətin vəziyyətdəyik min min göndər, dərdimizə sərimizə baxda bizim. Sonra səkkizinci fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.41(3)” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. X3 - Salam Solmaz xanım heçnə yadıma düşmür, bi dənə Fədaili düşünürəm, onun allah bəlasını versin elə başıma oyun açırlar ki, yo həll eliyəcəm narahat olma. Sonra doqquzuncu fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.41” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. X3 – Fədail salam qardaş, telefonu səssizə qoymuşdum atmışdım paduşkanın altına inanırsan indi baxıram zəng vurmusan. Sonra onuncu fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.42(1)” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. Zərərçəkmiş şəxs – Ay vijdanı olmuyan, deyirən savax verijəm, o cibindəki pullardan verginən, qarşıma çıxacaqsan, onda üzümə necə baxacaqsan. Sonra on birinci fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.42(2)” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. X3 – Salam Solmaz xanım inanın mirmövsüm ağaya, alllaha and olsun dünən bu köpəyoğlu məni fırladır, gəlib çıxmışam Göyçaya, allah qoysa bu gecə götürürəm pulu, sabah verirəm Fədailə, arxeyin olun narahat olmuyun. Sonra on ikinci fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.42” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. Şahid1 – 10 aydır eyni sözü eşidirikdə narahat olma, nətər narahat olmuyaq, ba nətər narahat olmuyaq, sən bizim pulumuzu ver narahat olmuyaq. vəssalam ayrı bizim narahatçılığımız yoxdur.Ancaq budu bizim narahatlığımız. Sonra on üçüncü fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.43(1)” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. X3 – Axşamınız xeyir Solmaz xanım mən burdayam rayondayam Naxçıvandayam, mən sabah günorta saat 2-3 arası sizə pul atacam, sizədə zəng edib deyəcəm. Sonra on dördüncü fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.43(2)” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. X3 – Salam sabahınız xeyir Solmaz xanım Fədailə deyin təcili məni yığsın. Sonra on beşinci fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.43” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. X3 – Salam axşamınız xeyir Solmaz xanım bi dənə kağız yazmışdıze onu bidənə at mənə. Sonra on altıncı fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.44(1)” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. X3 – Salam axşamınız xeyir yığacam indi bir azdan mən yığacam. Sonra on yeddinci fayl olan “Whatsapp Audio 2024-10-31 at 12.03.44” adlı fayl işə salındı və müəyyən edildi ki, audio səs yazısı aşağıdakı kimi davam edir. Şahid1 – Sənin bu qadın qədər qiryətin olmadı, səhər mənə dedi ki, kart nömərisini atginən pul göndərirəm,bizə borcu var idi,günorta saat 12-yə pul hazır idi göndərdi, Gör nə qədər qiryətli qadındı, heç olmaya ibrət götürginən ba belə insanlardan Audio səslərə baxış zamanı müəyyən edilir ki, Ə.Zərərçəkmiş şəxsAbbasovu və onun həyal yoldaşı Şahid1 ilə aralarında pul məsələsi ilə bağlı danışıqlar olur, Təqsirləndirilən şəxs pulu geri qaytarması üçün müxtəlif bəhanələr gətirir bununla bağlı vəd verməsi təsdiqlənir (Cild İ, i.v. 59-62); “diskə baxış keçirilməsi barədə” 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, icraatda Azərbaycan Respublikası CM-nin 178.1 maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 85, 236-cı maddələrini rəhbər tutub baxış keçirərək protokol tərtib edilmişdir. ********* nömrəli cinayət işi üzrə X6 ilə “whatsapp” ani mesajlaşma vasitəsilə əlaqə saxlanılmışdır. Həmin səs yazma diskə köçürülmüşdür. Elbrus Əliyev hal hazırda Almaniya Federativ Respublikasında yaşadığını, Təqsirləndirilən şəxs tanıdığını lakin Zərərçəkmiş şəxs tanımadığını və onun “Access” bankda olan ABŞ dolları ilə qalıq borc məsələsini həll edilməsi ilə bağlı Təqsirləndirilən şəxs verdiyi 3000 manat məbləğində pulla ümumiyyətlə əlaqəsinin olmadığını bildirmişdir (Cild İ, i.v. 65); Abşeron Rayon Məhkəməsinin 1(012)-333/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən 3800 manat məbləğində cərimə cəzası saxlanılmışdır (Cild İ, i.v. 75-79); “təqdim edilmiş əşyanın götürülməsi haqqında” 17 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, icraatda olan ********* nömrəli cinayət işi üzrə araşdırmanın tam, obyektiv və hərtərəfli aparılmasının təmin edilməsi məqsədi ilə Şahid2 Təqsirləndirilən şəxs hissə hissə ödədiyi 1050 (min əlli) manat pulun ödənişləri ilə bağlı 9 (doqquz) vərəqdən ibarət bank çıxarışlarının surətləri ünvan 5 ünvanında yerləşən X5 Polis İdarəsinin Yevlax X8 5 nömrəli xidməti otağında götürüldü (Cild İ, i.v. 85); Xok kənd İ.Ə.D.Ü.N-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur (Cild İ, i.v. 97); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-134/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir (Cild İ, i.v. 101-102); “təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (Cild İ, i.v. 103-104); “təqsirləndirilən şəxsə ittiham elan etmək üçün tutulması haqqında” 25 noyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə tutulması qərara alınmışdır (Cild İ, i.v. 106-107); “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (Cild İ, i.v. 108); “cinayət işinin icraatının dayandırılması haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yeri müəyyən edilib istintaqa gətirilənədək ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır (Cild İ, i.v. 111); “ittiham elan edilməli şəxsin tuutlması haqqında” 26 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2024-cü il tarixdə, saat 00:10-da Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan olunması üçün tutulmuşdur (Cild İ, i.v. 117-118); “cinayət işinin icraatının təzələnməsi haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (Cild İ, i.v. 121); “X2 azad edilməsi barədə” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs saxlandığı DYNPİ Biləcəri XPŞ-nin MSY-dən azadlığa buraxılmışdır (Cild İ, i.v. 151-152); “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 27 dekabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (Cild İ, i.v. 155-156); “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (Cild İ, i.v. 167); “cinayət işinin icraatının dayandırılması haqqında” 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yeri müəyyən edilib istintaqa gətirilənədək ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır (Cild İ, i.v. 170); Zaqatala Rayon Məhkəməsinin 1(033)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunması qərara alınmışdır (Cild İ, i.v. 175-178); “cinayət işinin icraatının təzələnməsi haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (Cild İ, i.v. 184); 15 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, X1 saxlanılan Təqsirləndirilən şəxs qardaşı X4 dəymiş ziyanı qismən ödəmək üçün könüllü surətdə 500 manat pulu təqdim etmişdir. ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs 500 manat pulu qəbul etmişdir (Cild İİ, i.v. 13); Zaqatala Rayon Məhkəməsinin 1(033)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Abşeron Rayon Məhkəməsinin 1(012)-333/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3800 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə tam toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzasının saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası müstəqil icra olunması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması hökm edilmişdir (Cild İİ, i.v. 30-39); “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (Cild İİ, i.v. 52-53); “qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasının nəzərə alınması qərara alınmışdır (Cild İİ, i.v. 64); “sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, whatsapp audio səs yazışmalarına aid olan 1 ədəd CD diskin maddi sübut növü kimi qiymətləndirilməsi və cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v. 65-75); Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və dəymiş zərərin qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o, əvvəllər məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Zaqatala Rayon Məhkəməsinin 1(033)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən, cərimə cəzası ilə tam toplanılmaqla ona qəti cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla cəza müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməli, Zaqatala Rayon Məhkəməsinin 1(033)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü nəzərə alınmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 15 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Zaqatala Rayon Məhkəməsinin 1(033)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - whatsapp audio səs yazışmalarına aid olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiya məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Zaqatala Rayon Məhkəməsinin 1(033)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən, cərimə cəzası ilə tam toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 15 mart 2025-ci il tarixdən hesablansın, barəsində “həbs” qətimkan tədbiri seçilsin və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, Zaqatala Rayon Məhkəməsinin 1(033)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan - whatsapp audio səs yazışmalarına aid olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar