Məhkəmə qərarları › İş №1(006)-466/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-466/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-466/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 2/7-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində ofisiant işlədiyi ünvan 1 ünvanda yerləşən “3 Bears” kafesinin yanında yerləşən keçiddə, həmin kafeyə müştəri qismində gələn, hesabın ödənilməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol göz nahiyəsindən qəsdən əli ilə vuraraq sonuncuya sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızına ilə müşayiət olunan qançırları, burunun, sol burun-dodaq büküşü nahiyəsinin, bel nahiyəsinin sıyrıqları kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yerləşən “3 Bears” kafesində ofisiant işləyir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 22 radələrində bir nəfər müştəri kafeyə daxil olmuş və kofe sifariş vermişdir. Həmin müştərinin sifarişini verdikdən təxminən 30 dəqiqə sonra müştəri hesabı istəmişdir. Müştəriyə hesabı təqdim edib digər masadan sifarişləri götürən zaman, adını sonradan bildiyi həmin müştəri, yəni Zərərçəkmiş şəxs masadan qalxıb kafeni tərk etmişdir. Bu zaman o, müştərinin hesabı ödəmədən getdiyini düşünüb onun arxasınca kafedən çıxmış və kafenin qarşısında Zərərçəkmiş şəxs hansı səbəbdən hesabı ödəmədən getməsini soruşmuşdur. Həmin şəxs də çox kobud tərzdə onun ünvanına nalayiq ifadələr işlədib hesabı masanın üzərinə qoyduğunu bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış, o da Zərərçəkmiş şəxs kafenin yanında yerləşən keçidə dəvət etmiş və sonuncu tərəfindən ofisiant olduğu üçün alçaldılmağa çalışan zaman əsəblərini cilovlaya bilməyib onun sol göz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Hazırda zərər çəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri ödəmişdir. İşə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 22 radələrində piyada gəzərək ünvan 1 ünvanda yerləşən “3 Bears” kafesinə getmişdir. Orada bir qədər oturub kofe içdikdən sonra hesabı istəmiş, ofisiant hesabı təqdim etdikdən sonra pulu masanın üzərinə qoyub kafedən çıxmışdır. Kafenin qarşısında ofisiant ona yaxınlaşaraq hesabı ödəmədiyini deyib ona irad bildirmişdir. O adını sonradan bildiyi həmin kafedə ofisiant işləyən Təqsirləndirilən şəxs hesabı masanın üzərinə qoyduğunu bildirsə də, sonuncu ona qulaq asmayaraq iradını bildirmiş və bu zaman aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs danışadanışa onu kafenin yanında yerləşən keçidə aparmış və anidən onun sol göz nahiyəsindən yumruqla zərbə vurmuşdur. Zərbənin gücündən o, yerə yıxılmış, Təqsirləndirilən şəxs isə oradan uzaqlaşıb hadisə yerini tərk etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Nəsimi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1277 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları, burunun, sol burun-dodaq büküşü nahiyəsinin, bel nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (İ cild, i.v.27-29); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 365-21326A- 3222 saylı arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.63). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar