Məhkəmə qərarları › İş №1(006)-466/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-466/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-466/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Natavan döngəsi 4 ünvanında qeydiyyatda olan, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)- 253/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 08:10 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Balık Ekmek” kafesinin qarşısına gəlib kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra üzərindəki istintaqla müəyyən edilməyən vintaçanla kafenin plastik materialdan olan giriş qapısının kilidini açıb oraya qanunsuz daxil olaraq kafenin zalında qoyulmuş masanın üzərindən Zərərçəkmiş şəxs məxsus bir ədəd 450 manat dəyərində “İpad 9” markalı planşeti və zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 80 manat dəyərində “Xiaomi 8A Sunset” markalı mobil telefonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 533 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, övladı xəstə olduğu üçün ona təcili pul lazım olmuş və buna görə də 08 aprel 2023-cü il tarixdə, saat 06 radələrində oğurluq etmək qərarına gəldiyi üçün özü ilə vintaçan götürüb evdən çıxmışdır. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bakı Sağlamlıq Mərkəzinin yaxınlığında gəzişib daxil olmaq üçün “münasib” obyekt axtaran zaman həmin klinikanın yaxınlığında yerləşən “Balık Ekmek” kafesinin ətrafında sakitlik olması, həmçinin obyektin bayır tərəfində kamerasının olmaması diqqətini çəkdiyi üçün ora tərəf yaxınlaşmışdır. Yaxınlaşdıqdan sonra özü ilə gətirdiyi vintaçanla kafenin plastik qapısını açıb oraya daxil olmuş və sağ tərəfdə kənarda qoyulmuş taxta stolun üzərində 01 ədəd planşet və 01 ədəd mobil telefon olduğunu görərək onları götürmüşdür. Bu əşyaları cibinə qoyduqdan sonra kafenin başqa bir hissəsinə baxmamış və dərhal oradan çıxmışdır. Mobil telefonun üzərində olan GSM nömrəni qırıb tullamışdır. Götürdüyü əşyaları Sabunçu rayonunda yerləşən “rus bazarı” adlanan bazarda tanımadığı şəxsə 40 manata satmışdır. Daha sonra törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yerləşən “Balık-Ekmek'’ kafesini icarə əsasında bir ildən artıq müddətdir ki, işlədir. Hər gün həmin obyekti səhər saat 10-da açır, gecə saat 01 radələrində bağlayır. Həmişə olduğu kimi 08 aprel 2023-cü il tarixdə gecə saat 01 radələrində işlədiyi obyektin qapısını bağlayıb evə getmişdir. Həmin gün, yəni 08 aprel 2023-cü il tarixdə səhər saat 10 radələrində obyektə gələrkən naməlum şəxs tərəfindən obyektin giriş qapısına müdaxilə edilərək açılmasının şahidi olmuşdur. Obyektə girdikdə isə masanın üzərində olan bir ədəd “İphone” markalı planşetin və bir ədəd “Redmi” markalı mobil telefonun oğurlandığının şahidi olmuşdur. Bundan sonra obyektə quraşdırılmış müşahidə kamerasının qeydə aldığı videogörüntülərə baxdıqda ona aydın olmuşdur ki, 08 aprel 2023-cü il tarixdə saat 06:11-də bir nəfər cavan oğlan obyektin giriş qapısını əlində olan vintaçanla qapıya müdaxilə edib qapını açaraq obyektə daxil olmuşdur. Obyektin içərisində müşahidə kamerası salonun içərisini çəkmədiyinə görə həmin şəxsin telefonu və planşeti götürdüyü an kamerada qeydə alınmamışdır. Bundan sonra DİN-nin 102 Xidmətinə zəng edib məlumat vermiş, daha sonra Nəsimi RPİ-nin 20-ci PB-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, “Redmi” markalı mobil telefonun içərisində 070-591-9393 saylı GSM nömrəsi olmuşdur. Oğurluq nəticəsində ona 633 manat maddi ziyan dəymişdir. Belə ki, o, “İphone” markalı planşeti 900 manata alsa da, işlənməsini nəzər alıb həmin planşeti 600 manat dəyərində qiymətləndirir. Bundan başqa “Redmi” markalı mobil telefonu işlənmiş vəziyyətdə 50 manata alsa da, hal-hazırda həmin mobil telefonu 30 manat dəyərində qiymətləndirir. “Redmi” markalı mobil telefonun içərisində olan nömrəni isə 3 manata aldığına görə mobil nömrəni 3 manat dəyərində qiymətləndirir. Ona görə də ona ümumilikdə 633 manat maddi ziyan dəymişdir. Daha sonra təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır (i.v.1); - xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Nəsimi rayonu, M.Qaşqay küçəsi 82 saylı ünvanda yerləşən “Balık Ekmek” restoranının giriş qapısının kilidinə müdaxilə edilərək qanunsuz daxil olmaqla oğurluq hadisəsi baş vermişdir (i.v.8-9); - xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.31); - Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-253/2023 saylı qərarından görünür ki, Xəzər RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (i.v.35- 36); - xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnməklə ibtidai istintaq davam etdirilmişdir (i.v.39); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7112 nömrəli rəyindən görünür ki, 01 ədəd “İpad-9” markalı planşetin 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti 450.00 manat, 01 ədəd “Xiaomi Redmi 8A Sunset” markalı mobil telefonun 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti 80.00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.61-64); - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.86-87); - xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin təsdiq edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 17 may 2023cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri təsdiq edilmişdir (i.v.104) - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən “Balık Ekmek” kafesindən oğurluq cinayətini hansı qaydada törətdiyini hadisə yerində əyani göstərmişdir (i.v.108-110); - xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə içərisində hadisəni özündə əks etdirən videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmışdır (i.v.111-115); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.46-47). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzasının əvvəlini 07 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-256/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2023-cü il tarixdən hesablansın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-256/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar