Məhkəmə qərarları › İş №1(006)-467/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-467/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-467/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkil X14 iştirakları ilə xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsi ev 12, mənzil 28-də olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış və bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə və digər üsulla ötürməyə cəhd etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,917 qram təşkil edən narkotik vasitə heroini və təmiz çəkisi 1,219 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşıyaraq həmin narkotik vasitə və psixotrop maddəni 19 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən və məhkəmə baxışında iştirak etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilmiş hadisə barədə məlumatı olmayan dostu X15 ötürülməsi üçün 02 büküm halında bir ədəd dönərin içərisində yerləşdirib yoxlamadan gizlətmək üçün digər üç ədəd dönər və iki ədəd “Coca Cola” içkisi ilə birlikdə 1 ədəd sellofan paketə yerləşdirib həmin gün saat 13 radələrində istintaqa məlum olmayan taksi sürücüsünə verərək ünvan 1 ünvanda yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına aparmasını bildirmiş, bundan sonra hadisədən məlumatı olmayan Peyman Fərhadovun qohumu X5 həmin paketi qeyd olunan ünvandan götürərək məhkəmə binasında Peyman Fərhadova təqdim etməsini xahiş etmiş, sonuncu bağlamanı götürərək Bakı Ağır Cinayətlər Məhkəməsinin binasına daxil olub Peyman Fərhadova verilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy Taborunun əməkdaşları, ədliyyə giziri Şahid2 və ədliyyə giziri X11 vermiş və təqdim edilmiş bağlamada olan əşyalar sonuncular tərəfindən yoxlanılarkən qanunla qadağan olunmuş əşyaların olmasına dair şübhələr olduğundan hadisə yerinə çağırılmış Nəsimi RPİ-nin 22ci Polis Şöbəsinin əməkdaşları tərəfindən bağlamaya baxış keçirilmiş və baxış keçirilərkən bağlamada olan bir ədəd dönərin içərisindən 01 bükümdə təmiz çəkisi 0,917 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi 1,219 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edildiyindən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə və digər üsulla ötürməyə cəhd etmişdir. Məhkəmədə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, dostu Peyman Fərhadov barəsində istintaqı aparılan cinayət işi üzrə həbs olunub Bakı İstintaq Təcridxanasında saxlanılarkən onunla əlaqə saxlamış hal-əhval tutmuşdur. Bundan başqa o, dostu Peymanla danışarkən sonuncu ondan özü üçün geyinməyə gödəkçə istəmişdir. 19 noyabr 2020-ci il tarixdə Peymanın barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasının olması barədə məlumatı olmuşdur. Buna görə o, Peyman üçün gödəkçədən əlavə yemək də göndərmək istəmişdir. Buna görə hal-hazırda xatırlamadığı dönər satılan dükandan 3 ədəd dönər və 2 ədəd kola içkisi alaraq Peymanın qardaşı Elmaza zəng edərək, Peymanın məhkəməsinin saat neçədə olacağı ilə maraqlanıb Elmaza demişdir ki, Peyman gödəkçə istəyib, bir də ona dönər, kola almışdır və onları Peymana aparmaq istədiyini bildirmişdir. Bundan sonra, Elmaz ona məhkəmənin təxminən saat 13-14 radələrində olacağıını demiş, bir qədər sonra o, yenidən Elmaza zəng edərək özünün gələ bilməyəcəyini deyib göndərəcəyi sovqatı qarşılamağı xahiş etmişdir. Bundan başqa, Elmaza demişdir ki, “Mercedes” markalı taksi avtomobili ilə sovqatı göndərir, saat 13 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin qabaq qapısının qarşısında qarşılasın. Həmin taksi onun tanışı olmamışdır, taksi avtomobilini hazırda xatırlamadığı taksi şirkətinə zəng edərək Günəşli qəsəbəsinə gəlməsini, oradan da Bakı Ağır Cinayətlər Məhkəməsinə getməsini sifariş etmişdir. Elmaz ona işdə olduğunu deyib kimisə ora göndərəcəyini demişdir. Taksi avtomobili gəlnə kimi üzərində olan narkotik vasitə heroini və metamfetamini aldığı dönərlərdən birinin içərisinə qoymuşdur. Həmin narkotik vasitələri Suraxanı rayon, Günəşli qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 80 manata almışdır ki, Peymana göndərsin. O, özü heroindən və metamfetamindən heç vaxt istifadə etməmişdir. Həmçinin, Peyman ondan narkotik vasitə istəməmişdir. Peyman ondan yalnız gödəkçə istəmişdir. Lakin, o, özü Peymanın narkotik vasitə istifadə etdiyini bildiyi üçün ona özünün xəbəri olmadan sürpriz olaraq narkotik vasitələri hədiyyə göndərmək istəmişdir. Ona görə də o, dönərin içərisinə heç kimin xəbəri olmadan 2 büküm heroin və metamfetamin qoyub dönərləri, kolaları və gödəkçəni sellofan paketə yığmışdır. Taksi avtomobili gəldikdə isə sellofan paketi taksiyə vermiş, bundan əlavə xidmət haqqı kimi həmin taksi sürücüsünə 6 manat pul verib sellofan paketi Bakı Ağır Cinayətlər məhkəməsinin qabaq qapısının qarşısında gözləyən şəxsə verməsini xahiş etmişdir. Həmçinin, Elmaza zəng edərək “Mercedes” markalı qara rəngli taksi avtomobilinin saat 13 radələrində Bakı Ağır Cinayətlər məhkəməsinin qarşısına gələcəyini demişdir. Lakin, sellofan paketin içərisində olan dönərin içərisində olan narkotik vasitə və psixotrop maddə barədə Elmaza, həmçinin taksi sürücüsünə heç nə deməmişdir. Təxminən 2-3 saat sonra Elmaz ona zəng edərək əmisi oğlunun məhkəmənin giriş qapısında polis əməkdaşları və ədliyyə işçiləri tərəfindən saxlanıldığını, taksi avtomobilindən götürdüyü sellofan paketdə olan dönərin içərisindən narkotik vasitələr aşkarlandığını bildirib ona niyə belə bir hərəkət etdiyini irad tutmuşdur. Bundan başqa, Peyman Fərhadovla həbs olunduqdan sonra görüşməsə də, telefon əlaqəsi saxladığını, 19 noyabr 2020-ci il tarixdə Elmaz Fərhadovla bir neçə dəfə telefon əlaqəsi saxladığını, Elmazla Peyman üçün dönər, kola və gödəkçə göndərməklə bağlı danışdığını, lakin Emazın onun Peyman üçün dönərin içərisində narkotik göndərəcəyindən xəbəri olmadığını, Elmaza Peyman üçün sovqat göndərəcəyini dedikdən sonra Elmazın özü gələ bilməyəcəyi üçün məhkəmənin qarşısına əmisi oğlunu göndərdiyini, üç ədəd dönərdən bir ədədinin içərisinə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özünün qoyduğunu, lakin bundan nə taksi sürücüsünün, nə Elmazın, nə də ki, Elmazın əmisi oğlunun xəbəri olmadığını bildirmişdir. İfadəsinin sonunda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu, asma xəstəsi olduğunu bildirərək, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Hadisə baş verən vaxt Bakı şəhəri 194 saylı orta məktəbdə 11-ci sinifində oxumuşdur. Əmisi oğlu X13 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə iclası olmalı imiş. Bununla bağlı 19 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Nəsimi rayonu, S.Vurğun küçəsi 30-da yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinə getmişdir. Əmisi oğlu X13 qardaşı X23 ona zəng edərək demişdir ki, məhkəmənin qarşısında qabaq qapıda gözlə “Mersedes 190” markalı taksi gələcək, həmin taksi ilə Peymanın dostu Elnur Peymana məxsus qara rəngli gödəkçə və dönər göndərəcək, həmin dönər və gödəkçəni taksidən götürüb məhkəmədə Peymana verərsən. Bundan bir qədər sonra ‘‘Mersedes 190” markalı taksi gəlmiş, taksi avtomobilindən 3 ədəd dönər, 2 ədəd kola və əmisi oğlu Peyman Fərhadova məxsus qara rəngli gödəkçəni götürüb Nəsimi rayonu, S.Vurğun küçəsi 30-da yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin arxa qapısından içəri daxil olmuşdur. Məhkəmənin giriş hissəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin konvoy xidmətinin əməkdaşları ona yaxınlaşaraq kimin yanına gəldiyini soruşmuşlar. O, konvoy əməkşdalarına əmisi oğlu X13 məhkəmədə işi olduğunu, onun yanına gəldiyini və ona gödəkçə, dönər və kola gətirdiyini bildirmişdir. Onlar ondan dönərləri, kola içkilərini və gödəkçəni almışlar. Ondan gətirdiklərinin dəqiq Peyman Fərhadov üçün gətirdiyini soruşmuşlar. Daha sonra onu otağa dəvət etmişlər. Bundan sonra otağa polis əməkdaşları da gəlmiş və Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Ona konvoy əməkdaşları və polis əməkdaşları birlikdə gətirdiyi əşyalara bir yerdə baxmağı təklif etmişlər. O, razılaşdıqdan sonra gətirdiyi əşyaları açmağını təklif etmişlər. O, gətirdiyi dönərlərdən birini açdıqda dönərin içərisindən 2 ədəd ayrı-ayrı bükülü çıxmış, konvoylar və polis əməkdaşları ona həmin bükülünün içərisində nə olduğunu soruşduqda o, həmin bükülüdən xəbəri olmadığını, həmin dönərləri, kola içkilərini və gödəkçəni taksi sürücüsünün gətirib ona verdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, baxışda iştirak etmək üçün 2 nəfər şahid, yəni polis əməkdaşları, video çəkiliş aparan bir nəfər mütəxəsis və atası X9 dəvət etmişlər. Ondan üstündə, paltarında və paltarlarının ciblərində, bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o, əyləşdiyi stuldan qalxaraq əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 70 qəpik pulu çıxarıb təqdim etmişdir. Başqa üzərində hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərinə baxış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi qara rəngli gödəkçənin boynuna, iç və sağ-sol yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra əynində olan qara rəngli sviterə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Şalvarının kəmərinə və şalvarına baxış keçirilmiş, kəmərdən və şalvardan hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra isə ona ayaqqabılarını çıxarmağı tələb olunmuş, o da, ayaqqabılarını çıxarıb silkələmiş, heç bir əşya aşkar edilməmiş və ayaqqabısını geyinməyi və üst-başını səliqəyə salmağı tələb edilmişdir. Sonra isə əlində olan şəffaf sellofan torbanın içərisində olan dönərin içərisində aşkar olunan iki ədəd bükülüyə baxış keçirilmişdir. Baxış zamanı torbada 3 ədəd “dönər” və 2 ədəd 0.5 litrlik “Coca Cola” olduğu müəyyən edilmişdir. Dönərlərin içərisində başqa heç nə aşkar olunmamışdır. Dönərin birinin içərisindən isə 2 ədəd şəffaf sellofan büküm aşkar edilmiş maddəyə baxış keçirilmişdir. Bükümlərə baxış zamanı birinin içərisində kristal quruluşlu toz şəklində maddə, digərində isə toz şəklində qəhvəyi rəngdə maddə aşkar edilmişdir. Ondan sorğu zamanı həmin maddələrin nə olduğunu soruşduqda bu barədə məlumatının olmadığını, həmin dönərləri Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi olan əmisi oğlu X15 çatdırmağı üçün əmisi oğlu Elmaz Fərhadovun ona zəng edərək Peymanın dostu Elnur adlı şəxs tərəfindən Mersedes markalı dövlət nömrə nişanı 174 olan taksi vasitəsiylə göndərdiyini, həmin taksidən sellofan torbanı götürüb məhkəmə binasına girdiyini demişdir. Bundan sonra iştirakçılara həmin iki ədəd sellofan bükülüdə olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Üzərindən aşkar olunan 70 qəpik pulu isə özünə qaytarmışlar. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş, həmin zərfin içərisi boş olmuşdur. Bundan sonra həmin bükülülər zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 22-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 190 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. O, heç vaxt narkotik vasitənin satışı və istifadəsi ilə məşğul olmamış, ümumiyyətlə əvvəllər heç vaxt narkotik vasitə görməmişdir. Polis əməkdaşları tərəfindən və konvoy əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamış, onun həmin dönərin içərisində narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmamış, əgər bu barədə məlumatı olsa idi, həmin sellofan torbanı götürməzdi, həmin sellofan torbanı verən taksi avtomobili “Mersedes 190” markalı avtomobil olmuş, avtomobilin təxmini rəngi qara rəngdə olmuş, dövlət nömrə nişanını tam xatırlamamışdır, bildiyi odur ki, avtomobilin dövlət nömrə nişanında 174 rəqəmi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qardaşının dostu kimi tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. X3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparılmışdır. 19 noyabr 2020-ci il tarixdə qardaşı Peyman barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi olmalı imiş. Həmin gün qardaşının dostu Elnur istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə zəng edərək qardaşının ondan gödəkçə istədiyini, ona görə də, məhkəməyə gedib qardaşına məhkəmədə gödəkçə və dönər verəcəyini bildirmişdir. O, buna etiraz etməyib ona minnətdarlığını bildirmiş, bundan təxminən bir saat sonra Elnur yenə ona zəng edərək məhkəməyə gələ bilməyəcəyini, Peymana çatacaq əşyaları “Mersedes 190” markalı taksi avtomobili ilə göndərəcəyini, həmin avtomobilin dövlət nömrə nişanının rəqəminin 174 olduğunu demişdir. O da, Elnura məhkəməyə gedə bilməyəcəyini, işləri olduğunu dedikdən sonra Elnur ona bir nəfər tanışlardan taksini qarşılamağa göndərməyini xahiş etmişdir. Bundan sonra o, əmisi oğlu X7 zəng edərək məhkəmədə iştirak etməyi və Elnurun taksi ilə göndərdiyi əşyaları götürüb Peymana verməsini xahiş etmişdir. Əmisi oğlu Mirteymur Fərhadov etiraz etməyib 19 noyabr 2020ci il tarixdə saat 13 radələrində Nəsimi rayonu, S.Vurğun küçəsi 30-da yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına gəlmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında qabaq qapıda “Mersedes 190” markalı taksi avtomobili ilə görüşüb taksidən içərisində qara rəngli gödəkçə, dönər və kola içkisini götürüb məhkəmə binasına daxil olmuşdur. Sonradan ona məlum olmuşdur ki, məhkəmənin giriş hissəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin konvoy xidmətinin əməkdaşları və polis əməkdaşları əmisi oğlu Mirteymur Fərhadovun taksidən götürdüyü sellofan paketdə olan dönərin içərisindən narkotik vasitələr aşkar etmişlər və əmisi oğlunu polis əməkdaşları Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. O, heç vaxt narkotik vasitənin satışı və istifadəsi ilə məşğul olmamış, onun həmin dönərin içərisində narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmamışdır. Əgər məlumatı olsa idi, bunun qarşısını alardı və əmisi oğlunu göndərməzdi. Elnura zəng edərək baş verənlər barədə sorğu-sual etmiş, Elnur isə ona aid heç nə olmadığını, gedib məsələni qardaşı Peymanla həll eməsini demiş, bundan sonra ona əsəbləşərək söymüş və sonra mobil telefonunu söndürmüşdür. O, özü qardaşına zəng etməmiş, hadisədən 2 gün sonra Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşı Peyman onun mobil telefonuna zəng edərək baş verənlər barədə maraqlanmış, o, qardaşı Peymanı sorğu-sual edərək ona iradını bildirib niyə belə hərəkətlər etdiyini soruşmuşdur. Peyman onun suallarından yayınaraq “sənə sonra cavab verərəm” deyib telefonu söndürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-nin İŞ-də cinayət işi olduğuna görə 05 fevral 2021-ci il tarixdə axtarışa verilmişdir. Tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 23 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. Polis Şöbəsində inzibati otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra onun üzərinə 23.02.2021-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-də keçirilmiş baxış zamanı onun əynindəki açıq göy rəngli cins şalvarın sağ qabaq cibindən “Kent” markalı siqaret qutusu və həmin siqaret qutusunun içərisindən iki ədəd bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Ondan üzərindən aşkar olunan maddənin nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin tiryək olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs başqa qeyri qanuni əşya aşkar edilməmişdir. Həmin narkotik vasitəyə bənzər maddələr zərfə qoyulub möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa, Elnura Həsənovla şifahi sorğu-sual zamanı 2020-ci ilin noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı gedən dostu X15 dolayı yolla narkotik vasitə göndərdiyini, lakin X13 bundan xəbəri olmadığını, narkotik maddəni dostuna xəbərsiz hədiyyə etdiyini bildirmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi barədə məlumat olmuşdur. Onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Həmçinin şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs heç bir vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 19 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsində xidmətdə olarkən məhkəmə binasına bir nəfər cavan oğlan daxil olaraq qohumu X13 Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi olduğunu bildirib ona sovqat gətirdiyini bildirmişdir. Həmin cavan oğlanın əlində sellofan paket olmuşdur. Onlar yaxınlıqda xidmətdə olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdalarının iştirakı ilə məhkəmədə otaqların birində həmin şəxsin iştirakı ilə sellofan paketin içərisinə baxış keçirmişlər. Baxışı mobil telefon vasitəsilə çəkilişlə etmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin sellofan paketin içərisində iki ədəd kola içkisi, üç ədəd dönər və bir ədəd qara rəngli gödəkçə olmuşdur. Onlar dönərlərin içərisinə polis əməkdaşlarının və həmin şəxsin iştirakı ilə baxış keçirdikdə bir ədəd dönərin içərisindən 02 ədəd narkotik vasitəyə bənzər büküm aşkar olunmuşdur. Onlar həmin şəxsdən bükümün içərisində olan əşyaların nə olduğunu soruşduqda həmin şəxs bükümlərdən məlumatı olmadığını, həmin sellofan paketi əmisi oğlu Peyman Fərhadovun dostu Elnur adlı şəxsin taksi ilə göndərdiyini bildirmişdir. Həmin şəxsin özünün anket məlumatlarını soruşduqda isə o, ad və soyadının X12 olduğunu bildirmişdir. Dönərin içərisində aşkar olunmuş bükümlə bağlı onlar polis əməkdalarının və iş yoldaşı Şahid3 iştirakı ilə akt tərtib etmişlər və imza etmişlər. Bundan sonra X8 Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşlarına təhvil vermişlər. X12 dönərin içərisindən aşkar olunmuş bükümlərdən məlumatı olmadığını, həmin sellofan paketi əmisi oğlu Peyman Fərhadovun dostu Elnur adlı şəxsin taksi ilə göndərdiyini bildirmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı X10 tərəfindən tərtib edilmiş və Nəsimi rayon Polis İdarəsinin 22-ci PŞ-nin əməliyyat müvəkkilləri Kənan İsmayılov və Şahid1, mütəxəssis X27, şübhəli şəxs qismində saxlanılmış X12 və atası X16 tərəfindən imzalanmış 19 noyabr 2020-ci il tarixli maddi sübuta baxış keçirilməsi və götürülməsi barədə protokoldan görünür ki, şəxsi axtarışdan əvvəl X7 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. X12 oturduğu stuldan qalxaraq sol cibində olan ümumlikdə 70 qəpik pulu təqdm etdi. Üzərində başqa heç bir əşyanın olmadığını bildirdi. Daha sonra X6 əlində olan şəffaf sellofan torbanın içərisində olan dönərin içərisində aşkar olunan iki ədəd bükülüyə baxış keçirildi. Baxış zamanı torbada 3 ədəd “dönər” və 2 ədəd 0.5 litr “Coca” olduğu müəyyən edildi. Dönərlərin içərisində başqa heç nə aşkar olunmadı. Dönərin birinin içərisindən isə 2 ədəd şəffaf sellofan büküm aşkar edilmiş maddəyə baxış keçirildi. Bükümlərə baxış zamanı birinin içərisində kristal quruluşlu toz şəklində maddə, digərində isə toz şəklində qəhvəyi rəngdə maddə aşkar edildi. X1 sorğu zamanı həmin maddələrin nə olduğunu soruşduqda, o bu barədə məlumatının olmadığını, həmin dönərləri Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi olan əmisi oğlu X20 adlı şəxsə çatdırmağı üçün əmisi oğlu Elmaz Fərhadov ona zəng edərək Peymanın dostu Elnur adlı şəxs tərəfindən Mersedes markalı 174 nömrəli taksi vasitəsiylə göndərdiyini bildirdi. Bundan sonra iştirakçılara həmin iki ədəd sellofan bükülüdə olan narkoik vasitə “Metamfetamin” və “Heron”-ə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra sağ qabaq cibindən cığaraya bükülü kristal ağ rəngli narkotik vasitə “Metamfetamin” və “Heroin”-ə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 22-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 190 nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirildi. Yoxlanılma və maddi sübutu götürmə zamanı iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı. Çəkiliş zamanı "Sony" markalı videokameradan istifadə edildi. Ona görə də, protokol tərtib olundu, ucadan oxundu, protokolun düzgünlüyü imzalarla təsdiq edildi (cild 1, i/v 23- 25). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 19.11.2020-ci il tarixli, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2020-ci il tarixli, 6/2548 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №190” dairəvi möhür əksi, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,917 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 1,219 qram olan ağ rəngli kristallik formada maddə metamfetamindir (cild 1, i/v 31-34). İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin yaxalanması barədə 23.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdə tutulmuşdur (cild 1, i/v 67). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-94/2021 saylı, 25.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23.02.2021-ci il tarixdən hesablanmaqla 01 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 13.04.2021-ci il tarixli 4(006)-156/2021 saylı qərarı ilə həbsdə saxlama müddəti 16.06.2021-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 184-187, 241- 243). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı X10 tərəfindən tərtib edilmiş və Nəsimi rayon Polis İdarəsinin 22-ci PŞ-nin əməliyyat müvəkkilləri Vüsal Qasımov, Səid Hüseynov, Şahid1, mütəxəssis X17, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 23 fevral 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki açıq göy cins şalvarın qabaq sağ cibindən bir ədəd Kent Markalı siqaret qutusunu çıxardıb həmin qutunun içində isə iki ədəd bükümdə siqaret kağızının içərisində qara rəngli xüsusi spesifik iyə malik olan narkotik maddəyə bənzər “Tiryek” deyilən maddə askar edildi. Həmin maddəni haradan və nə üçün aldığını soruşduqda bildirdi ki, özü üçün istifadə etmək üçün almışdır, təxminən bir ildir ki, istifadə edir, Günəşli qəsəbəsindən tanımadığı şəxsdən 30 manata almışdır. Bütün bunlardan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı: ilk öncə onun geyindiyi açıq göy rəngli cins şalvarı, sonra isə boz rəngli idman gödəkçəsinin cibləri yoxlanıldı, basqa qanunla qadağan olunmuş əsya aşkar olunmadı. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olundu o, ayaqqabılarını çıxarıb silkələdi, sonra isə corablarını çıxarıb çevirməklə baxıldı, əlavə olaraq heç bir qanunsuz əşya aşkar edilmədi və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması tələb edildi. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olundu o, həmin bükümlərdə olanların narkotik vasitə olduğunu bildirdi. Bundan sonra iştirakçılara həmin bükülülərdə olan narkoik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra sağ qabaq cibindən "Kent” markalı siqaret qutusu və həmin siqaret qutusunun içərisindən iki bükülü içərisində qara rəngli narkotik vasitəyə bənzər “Tiryek” deyilən maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 22-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 190 nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirildi. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edildi. Ona görə də protokol tərtib olundu, ucadan oxundu, protokolun düzgünlüyü imzalarla təsdiq edildi (cild 1, i/v 111-117). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2021-ci il tarixli, 6/799 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərilərində “...(imza) Həsənov...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,155 qr., 0,092 qr., ümumi təmiz çəkisi 0,247 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (cild 1, i/v 128- 132). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i/v 216). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X35 Şəxsi Ambulator X4 03 mart 2021-ci il tarixli 649 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 230-231). İş materiallarına əlavə olunmuş DİN-in Təhlükəsizlik Şəhər Xidmətindən alınmış 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə olan 1 saat 09 dəqiqə 07 saniyəlik video görüntüdə istintaq üçün əhəmiyyət kəsb edən 37-ci dəqiqə 31ci saniyəsindən 37-ci dəqiqə 46-cı saniyə qədər olan müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin giriş qapısının qarşısında səkinin üstündə piyada zolağı olan istiqamətdə bir nəfər əynində qara ayaqqabı, qara rəngli şalvar, qara rəngli uzun gödəkçə geymiş cavan oğlan dayanır. Ətrafda insanlar vardır, avtomobil yolu ilə maşınlar hərəkət edir. Video görüntünün 38-ci dəqiqə 47-ci saniyəsindən 38-ci dəqiqə 59-cu saniyə qədər olan müddət ərzində Bakı Ağır Cinayətlər Məhkəməsinin giriş qapısının qarşısından sağ tərəfdə səkinin üstündə həmin əynində qara ayaqqabı, qara rəngli şalvar, qara rəngli uzun gödəkçə geymiş cavan oğlan dayanır. Video görüntünün 40-cı dəqiqə 14-cü saniyəsindən 40-cı dəqiqə 29-cu saniyə qədər olan müddət ərzində Bakı Ağır Cinayətlər Məhkəməsinin giriş qapısının qarşısından sağ tərəfdə səkinin üstündə həmin əynində qara ayaqqabı, qara rəngli şalvar, qara rəngli uzun gödəkçə geymiş cavan oğlan dayanır. Video görüntünün 41-ci dəqiqə 24-cü saniyəsindən 41-cı dəqiqə 39-cu saniyə qədər olan müddət ərzində Bakı Ağır Cinayətlər Məhkəməsinin giriş qapısının qarşısından sağ tərəfdə səkinin üstündə həmin əynində qara ayaqqabı, qara rəngli şalvar, qara rəngli uzun gödəkçə geymiş cavan oğlan dayanır. Video görüntünün 42-ci dəqiqə 51-ci saniyəsindən 43-cü dəqiqə 05-ci saniyə qədər olan müddət ərzində Bakı Ağır Cinayətlər Məhkəməsinin giriş qapısının qarşısında sakininin üzərində piyada zolağı istiqamətində həmin əynində qara ayaqqabı, qara rəngli şalvar, qara rəngli uzun gödəkçə geymiş cavan oğlan dayanır. Video görüntünün 44-cü dəqiqə 18-ci saniyəsindən 44-cü dəqiqə 31-ci saniyə qədər olan müddət ərzində Bakı Ağır Cinayətlər Məhkəməsinin arxa qapısının qarşısında həmin əynində qara ayaqqabı, qara rəngli şalvar, qara rəngli uzun gödəkçə geymiş cavan oğlan dayanır. Arxa qapıda dayanmış həmin cavan oğlanın əlində ağ rəngli sellofan paket vardır. Baxışda iştirak edən şahid X12 bildirmişdir ki, müşahidə kamerasının qeydə aldığı həmin görüntüdəki, əynində qara ayaqqabı, qara rəngli şalvar, qara rəngli uzun gödəkçə geymiş cavan oğlan onun özüdür. 19 noyabr 2020-ci il tarixdə 13 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında dayanmaqda məqsədi Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi olan əmisi oğlu X15 göndəriləcək sovqatı qarşılamaq üçündür. Bundan başqa X12 bildirmişdir ki, sellofan paketi əmisi oğlunun dostu Elnur adlı şəxs taksi ilə göndərmiş, o, taksidən sellofan paketi götürdükdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin arxa qapısına yaxınlaşaraq məhkəmə binasına daxil olmuşdur (cild 1, i/v 246-247). Məhkəmə baxışı zamanı qeyd olunan videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 26.04.2021-ci il tarixli, diskə baxış keçirilməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş “mobil operatora daxil olmuş zənglər olan CD diskə baxış keçirilməsi haqqında” 21 aprel 2021-ci il tarixli protokolla müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin əhatə dairəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsi ilə X18 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 19 noyabr 2020-ci il tarixdə 11:58 dəqiqədən başlayaraq müxtəlif saatlarda danışıqlar aparılmışdır (cild 1, i/v 244-245). İş materiallarına əlavə olunmuş diskə baxış keçirilməsi haqqında 06 may 2021-ci il tarixli protokoldan görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taborunun əməkdaşı Şahid2 tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd DVD diskin yaddaşında olan video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 55 saniyəlik video görüntüdə X12 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Toborunun əməkdaşlarının iştirakı ilə sellofan paketi açır. Sellofan paketi açdıqdan sonra paketin içərisində olan dönərin arasından şəffaf sellofan kəsiyinə bülmüş 02 ədəd büküm aşkar olunur. Video görüntüdən görünür ki, X12 çaşqın şəkildə ətrafa baxır. Baxışda iştirak edən şahid X12 bildirmişdir ki, video görüntüdə olan şəxs onun özüdür. Onun dönərin içərisində olan bükümlərdən əvvəlcədən xəbəri olmamışdır, sellofan paketi əmisi oğlu X13 dostu göndərmişdir. O, bu barədə həmin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Toborunun əməkdaşlarına da bildirmişdir (cild 2, i/v 7). Məhkəmə baxışı zamanı qeyd olunan kompakt diskdə olan olan videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 06.05.2021-ci il tarixli, diskə baxış keçirilməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan 11.06.2021-ci il tarixli “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin qərarından görünür ki, 11 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir (cild 2, i/v 24-26). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 16 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 30-31). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 30 iyul 2021-ci il tarixli qərardan görünür ki, bir bükümdə təmiz çəkisi 0,917 qram olan narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 1,219 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kim tanınması və ekspertiza tədqiqatından sonra qalıq 0,867 qram heroin və 1,169 qram metamfetaminin saxlanılması üçün Nəsimi RPİ-də saxlanca təhvil verilməsi qərara alınmışdır (cild 2, i/v 41-52). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 30 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəxsi istehlak miqdarında olan 0,247 qram narkotik vasitə tiryəkin Azərbaycan Respublikasında dövriyyəsi qadağan edildiyindən sübut növü kimi qəbul edilməsi və qalıq 0,147 qram hissəsinin məhkəmə baxışınadək Nəsimi RPİ-də saxlanca təhvil verilməsi qərara alınmışdır (cild 2, i/v 41-52). Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 1(006)-467/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs tapılanadək iş üzrə icraat dayandırılmışdır. Bakı şəhər Nəsimi rayon Polis İdarəsi 22-ci X31 rayon məhkəməsinə ünvanlanmış 22 noyabr 2021-ci il tarixli, 082-42521-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə saat 21:00-da ünvan 4 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 1(006)-467/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317- 1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317- 1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdən 16 iyun 2021ci il tarixədək tutulduğu və həsdə saxlanıldığı 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 163 (yüz altmış üç) manat, 64 (altmış dörd) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,867 qram heroin və 1,169 qram metamfetamin məhv edilməli və həmçinin iş üzrə sübut kimi qiymətləndirilmiş və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,147 qram tiryək məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 317-1.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 08 (səkkiz) ay, 06 (altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 163 (yüz altmış üç) manat, 64 (altmış dörd) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,867 qram heroin və 1,169 qram metamfetamin məhv edilsin. İş üzrə sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,147 qram tiryək məhv edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar