Məhkəmə qərarları › İş №1(006)-469/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-469/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-469/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,166 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 05 avqust 2022-ci il tarixdə Nəsimi rayon Polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:00-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd salafan bükümdə təmiz çəkisi 1,166 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 1-2 il olar ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində ünvan 6 ünvanın qarşısında olan zaman ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim eldikdən sonra, onlar onun üzərində narkotik vasitə saxlamağı barədə məlumatlarının olduğunu bildirib, onu saat 21:30-da Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Polis idarəsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkil seçməkdən ötrü siyahı təqdim olunmuş, o, həmin vaxt növbədə olan vəkilin hüquqlarını müdafiə etməsini bildirmişdir. Daha sonra vəkil polis idarəsinə gəlmişdir. Daha sonra vəkil üzərində keçiriləcək şəxsi axtarışda iştirak etməkdən imtina etmiş, o da vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Daha sonra şəxsi axtarışa başlanılmış və ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd selofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan büküm aşkar olunmuşdur. Həmçinin şalvarının sol yan cibindən bir ədəd Kgtel markalı mobil telefon aşkar olunmuşdur. Ona üzərindən aşkar edilmiş əşyaların adını deməklə təqdim etməyi təklif olunmuşdur. O, bir ədəd selofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddənin el içində “Kakos” deyilən narkotik vasitə heroin olduğunu bildirmiş, ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda o, uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 05 avqust 2022-ci il tarixdə Papanin adlanan ərazidən tanımadığı şəxsdən 30 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Kgtel markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün saxlanılmış, 8 manat pul isə özünə qaytarılmışdır. Bundan sonra, iştirakçılara həmin bir ədəd selofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi ona və iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra bir ədəd selofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümdəki narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı və o, həmin zərfin üzərini imzalamışlar. Şəxsi axtarış və götürmə zamanı onun heç bir şikayəti və vəsatəti olmamışdır. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olduğunu bildirərək, yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 05 avqust 2022-ci il tarixdə Nəsimi rayon Polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinə “Valeh” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə bölmədə onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2 və kiçik inspektor Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 05 avqust 2022-ci il tarixdə saat 21 radələrində əməliyyat qrupunun üzvləri ünvan 7 ünvana gəlmişlər. Saat 21:00 radələrində həmin ünvanda olarkən əməliyyat məlumatına uyğun şəxsi görüb həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və qanunsuz olaraq narkotik vasitəni əldə edib özündə saxlaması, daşıması ilə bağlı şübhələndiklərini demişlər. Daha sonra, həmin şəxsi Nəsimi rayon Polis idarəsinə gətirmişlər. Orada xidməti otaqların birində həmin şəxsə yəni, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edilmiş, sonuncuya videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də, buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd büküm aşkar edilmiş, daha sonra Valehin əynindəki şalvarın sol yan cibindən Kgtel markalı mobil telefon aparatı, şalvarının arxa cibində isə 8 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdəki maddənin nə olması soruşulduqda, bildirmişdir ki, həmin bükümdəki maddə “heroindir”, həmin heroini tutulduğu gün “Papanın" adlanan ərazidə olarkən tanımadığı şəxsdən 30 manata almışdır. Ondan aşkar olunmuş büküm götürülmüş, sərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 05 avqust 2022-ci il tarixdə Nəsimi rayon Polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinə “Valeh” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə bölmədə Şahid1 rəhbərliyi, onun və kiçik inspektor Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 21 radələrində əməliyyat qrupunun üzvləri ünvan 7 ünvana gəlmişlər. Saat 21:00 radələrində həmin ünvanda olarkən əməliyyat məlumatına uyğun şəxsi görüb həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitəni əldə edib özündə saxlaması, daşıması ilə bağlı şübhələndiklərini demişlər. Daha sonra həmin şəxsi Nəsimi rayon Polis idarəsinə gətirmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı sonuncunun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Həmin hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyaları tam olaraq xatırlaya bilmir. İş materiallarında olan Nəsimi rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş və Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1 və həmin Bölmənin kiçik inspektoru Şahid3, mütəxəssis qismində dəvət olunmuş X6, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan selofan büküm və həmin şalvarın sol yan cibindən bir ədəd Kgtel markalı mobil telefon və 8 manat pul aşkar olunaraq götürülmüşdür (i/v 38-40). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4210 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərtlər üçün N186» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə» yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,166 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 46-49). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,166 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və 1,116 qram qalıq hissəsinin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır (i/v 139-146). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 4918 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 129-130). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Nərimanov Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs barəsində «8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməklə Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəza müddəti 1 il müddətinə azaldılmış və cəza müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (i/v 111-116-124). İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin 13 sentyabr 2022ci il tarixli, 21-1-3-8222-11 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində «8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməklə Nəsimi Rayon Məhkəməsinin 7(006)-62/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəza müddəti 1 il müddətinə azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığı üçün İdarənin qeydiyyatından çıxarılmışdır (i/v 126). İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-407/2022 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 20, 91-94). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməlini törətdiyi üçün məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində göstərilir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 05 avqust 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,116 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-469/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 05 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 1,166 qram olmuş və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,116 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar