Məhkəmə qərarları › İş №1(006)-469/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-469/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-469/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Yevlax şəhəri, Dostluq küçəsi, mənzil 42-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində nömrəsiz fərdi tikili evdə yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1078/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,649 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 16:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2mi RPİ-nin 22-ci Polis şöbəsinə gətirilib, orada video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,649 qram təşkil edən kustar üsulla hazırlanmış, həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda dəqiq yerini xatırlamadığı ünvanda olarkən adını bilmədiyi bir oğlanla təsadüfən rastlaşmış, həmin oğlan onun narkotik vasitə alüdəçisi olduğunu bildikdən sonra bir çet (patı) yəni psixotrop maddə olan metamfetamini 35 manata satdığını bildirmişdir. Həmin oğlanla razılaşıb 35 manat verərək ondan bir büküm yəni, 01 ədəd gümüşü falqa kəsiyində «patı» yəni psixotrop maddə metamfetamini alıb sonra da özü istifadə etmək məqsədilə əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində tanışları Pərvin və Qızana ilə birlikdə ünvan 5 ünvanın qarşısında olarkən mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq özlərini Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları kimi təqdim edib ondan şübhələndikləri üçün Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. Tanışları Pərvin və Qızana da könüllü olaraq onunla birlikdə PŞ-ə gəlmişlər. Polis nəzarətində olduğu üçün həmin bükümü cibindən çıxarıb kənara atmaq imkanı olmamışdır. PŞ-də ona hüquq və vəzifələri elan olunmuş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra xidməti otaqların birində polis əməkdaşları ona xəbərdarlıq edib video çəkliş aparmaqla müdafiəçinin, tanışları Pərvin və Qızananın iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarışa başlamazdan əvvəl polis əməkdaşları ona üzərində dövriyyəsi qadağan olunan maddələr və əşyalar varsa təqdim etməsini təklif etmişdirlər. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən tanımadığı şəxsdən aldığı bir ədəd bükümü və cibində olan 10 manat pulu çıxardıb masanın üzərinə qoymuş, həmin bükümün içərisində «patı» yəni, psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı həmin psixotrop maddəni tanımadığı şəxsdən alıb öz istifadəsi üçün saxladığını bildirmişdir. Üstündə aşkar edilmiş həmin büküm özünün və axtrarışda iştirak edən şəxslərin yanında zərfə qoyulub möhürlənib zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmış və bu barədə polis əməkdaşı protokol tərtib etmişdir. Protokol ucadan oxunduqdan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Təqdim etdiyi 10 manal pulu isə özünə qaytarılmışdır. İfadəsinin sonunda narkotik vasitənin istifadəçisi olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rəfiqəsi Millanın vasitəsi ilə Pərvini isə Xaliqin vasitəsilə tanımışdır. Aralarında heç bir qohumluq münasibətləri olmamışdır, sadəcə dostluq etmişdirlər. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində ünvan 6 ünvanın qarşısında tanışları Xaliq və Pərvin ilə olarkən mülki geyimdə iki nəfər ona yaxınlaşaraq özlərini Nəsimi RPİ-nin 22ci PŞ-nin əmkdaşları kimi təqdim edib Xaliqdən şübhələndikləri üçün onu həmin polis şöbəsinə gətirmişdirlər. Onlar da Xaliqin tanışları kimi könüllü olaraq sonuncu ilə birlikdə polis şöbəsinə gəlmişdirlər. Orada Xaliq qanunsuz narkotiklərin dövriyyəsində şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və hüquqları ona izah olunmuşdur. Xidməti otaqların birində polis əməkdaşları Xaliqə xəbərdarlıq edib video çəkliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin, tanışlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən ona təklif etmişdirlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O, da şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində «patı» yəni, psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bükümə baxış keçirilən zaman bükümdə ağ kristalşəkilli maddə aşkar olunmuşdur. Xaliq onu psixotrop maddə metamfetamin adlandırıb öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Sorğu zamanı Xaliq polis əməkdaşlarına həmin maddəni bir gün əvvəl Yasamal rayonunda tanımadığı şəxsdən aldığını bildirmişdir. Xaliqdən aşkar edilmiş həmin büküm iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə polis əməkdaşı protokol tərtib etmişdir. Protokol ucadan oxunduqdan sonra müdafiəçinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. Xaliqin təqdim etdiyi 10 manat pul isə onun özünə qaytarılmışdır. Xaliqdən aşkar olunmuş netamfetamindən onun xəbəri olmamış və bunun ona heç bir aidiyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, 29 may 2024-cü il tarixdə xidmətdə olarkən, «Xaliq» adlı şəxsin qanunsuz olaraq ünvan 7 ünvanda narkotok vasitələr, psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, “Xaliq” adlı şəxs xx.xx.1991-ci ildə ünvan 8 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Həmin məlumatla əlaqədar olaraq xx.xx.2024cü il tarixdə ondan və PŞ-nin əməliyyat müvəkkili X2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 29 may 2024-cü il tarixdə saat 16:30-da əməliyyat qrupunun üzvü Elçin Quliyevlə billikdə keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs 2 nəfər şəxslə birlikdə ünvan 7 ünvanın qarşısında müəyyən edilmişdir. Xaliqlə birlikdə həmin ünvanda onunla birlikdə olan adı sonradan məlum olan Şahid2 və Şahid3 da 22-ci PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs video çəkliş aparmaqla müdafiəçinin, tanışları Pərvin və Qızananın iştirakı ilə xidməti otaqların birində üzərində şəxsi axtarış və götümə aparılmışdır. Axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş hər hansı maddələr və əşyalar varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Xaliq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümü və 10 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Xaliq həmin bükümün içərisində «patı» yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni bir gün əvvəl özü istifadə etməsi üçün Yasamal rayonundan tanımadığı şəxsdən 35 manat pul verib aldığını bildirmişdir. Bükümə baxış zamanı içərisində ağ kristalşəkilli psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı Xaliq həmin psixotrop maddəni bir gün əvvəl Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 35 manata aldığını, özü istifadə etmək üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin büküm Təqsirləndirilən şəxs, onunla birlikdə PŞ-nə dəvət edilmiş Şahid2, Şahid3 və axtrarışda iştirak edən şəxslərin yanında zərfə qoyulub Nəsimi RPİ-nin 22-ci PŞ-nin zərflər üçün 190 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və bu barədə müvafiq protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış aparılsa da, üzərində qanunla qadağan edilmiş heç bir maddə və ya əşya aşkar edilməmişdir. Protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış zamanı Xaİiq Hüseynzadənin təqdim etdiyi 10 manat pulu özünə qaytarılmışdır. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin baş təhqiqatçısı Emil Qaralov tərəfindən tərtib edilmiş, həmin Şöbənin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili X7, mütəxəssis X5, müdafiəçi X10, Şahid3 və Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 29 may 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə gətirilib üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə axtarış aparlmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üstündə, paltarında, ciblərində, əşyalarında və bədənində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol cibindən bir ədəd gümüşü kağız bükümü və bir ədəd 10 manatlıq əskinazı çıxararaq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs bundan başqa üzərində başqa hər hansı maddə və ya əşya olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin hər hansı maddə və ya əşya aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşularkən o, kağız bükümdəki maddənin metamfetamin olduğunu, həmin maddəni bir gün əvvəl Yasamal rayonundan tanımadığı şəxsdən özü istifadə etmək üçün 35 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra kağız bükümdəki ağ rəngli, kristalşəkilli maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılır və Nəsimi RPİ-nin 22-ci PŞ-nin zərflər üçün 190 nömrəli möhürü ilə möhürlənir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd 10 manatlıq əskinaz iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılır. Bundan sonra video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılır (i/v 44-46). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 22-23). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2024-cü il tarixli, 3-16-16/2-6/3032 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs (imza) Hüseynzadə...» yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,649 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırılanmış psixotrop maddə-metamfetamindir (i/v 64-67). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanıma haqqında” 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,649 qram çəkidə psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır (i/v 103). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 3810 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 109-110). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 117). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 96). İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır (i/v 121-122). Məhkəmənin şifahi sorğusu nəticəsində əldə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1078/2024 saylı 29 avqust 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü ilə maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib, saxlayaraq daşıması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 80 (səksən) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan, ümumi təmiz çəkisi 0,649 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,599 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-1078/2024 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-469/2024 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (ay) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-1078/2024 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan, ümumi təmiz çəkisi 0,649 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,599 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar