Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-47/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 65 saylı MKİS-də icraçı mühasib vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmiş və bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib ünvan 3 ünvanda yerləşən mənzilin Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olması və əlaqələrindən istifadə edərək həmin mənzili sonuncunun adına sənədləşdirəcəyinə dair həqiqəti əks etdirməyən yalan məlumatlar verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin oktyabr ayının sonlarında ünvan 5 ünvanda yerləşən ünvan 6 sonuncunun tanışı Şahid2 vasitəsilə göndərdiyi, həmin dövrün məzənnəsi ilə 11985 manat təşkil edən 7050 ABŞ dolları pulu, 22 noyabr 2018-ci il tarixdə həmin ünvanın qarşısında Zərərçəkmiş şəxs 38000 manat olmaqla ümumilikdə 49985 manat pulu alıb ələ keçirdikdən sonra 2019-cu ilin aprel ayının sonlarında istintaqa məlum olmayan mənbədən əldə etdiyi ünvan 7 ünvanın üzərində «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair Nəsimi rayon Məhkəməsi tərəfindən verildiyi göstərilən mülki iş üzrə məhkəmə iclasının keçirilməsini özündə əks etdirən 29 mart 2019-cu il tarixli, 2(006)-2017/2019 nömrəli saxta bildirişi və 2019-cu ilin avqust ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi ünvan 9 ünvana dair Zərərçəkmiş şəxs Otella qızı ilə icarə müqaviləsinin bağlanmasını özündə əks etdirən Nəsimi Rayon İcra hakimiyyəti başçısı tərəfindən imzalandığı göstərilən 14 iyun 2019-cu il tarixli, 139 nömrəli saxta sərəncamı ünvan 10 ünvanda yerləşən ünvan 11arşısında Zərərçəkmiş şəxs verməklə bilə-bilə saxta sənəddən istifadə edib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2013-cü ildə Nizami rayonu 141 saylı MKİS-in mühasibi işləmiş, Şahid2 da həmin MKİS-in mühəndisi vəzifəsində işlədiyi vaxtdan tanıyır. 2014-cü ilin yanvar ayından hazıradək Nəsimi rayonu 65 saylı MKİS-də baş mühasib vəzifəsində işləyir. 2018-ci ilin oktyabr ayının əvvəllərində Ramin ilə mobil telefon vasitəsi ilə danışarkən Ramin tanışı Nəzrin Əhmədovaya ev almaq istədiyini demiş və onun satılan evlər barəsində məlumatı olub-olmadığını soruşmuş, o da bu barədə maraqlanıb ona məlumat verəcəyini demişdir. O, bu barədə 65 saylı MKİS-in rəisi vəzifəsində işləmiş mərhum Adil Əliyevə məlumat vermişdir. X12 rayonu, M.Cəlal küçəsi, ev 54, 112 saylı mənzildə yaşayan məcburi köçkünlərin həmin evdən çıxarıldıqdan sonra 50.000 (əlli min) manat müqabilində Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə sənədləşəcəyini bildirmişdir. O, Raminə zəng edərək bu barədə məlumat verdikdə, Ramin Nəzrin ilə danışdıqdan sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 1-2 gün sonra Ramin ona zəng edərək Nəzrinin qeyd edilən mənzili almaq istədiyini dedikdə, o, 65 saylı MKİS-ə gələrək MKİS-in rəisi Adil Əliyev ilə bu barədə danışmasını istəmişdir. 2019cu ilin noyabr ayının sonlarında, saat 15 radələrində Ramin və Nəzrin 65 saylı MKİS-ə gəldikdə, o, onları Adil Əliyev ilə tanış etmişdir. Ramin və X13 ilə evin alqı-satqısı ilə bağlı söhbət etməyə başlayan zaman o, oranı tərk edərək söhbətlərində iştirak etməmişdir. Təxminən 10-15 gün sonra Ramin və Nəzrin 65 saylı MKİS-ə gəldikdə, X14 göstərilən evi almaq məqsədi ilə 50.000 manat məbləğində pul verəcəyini demişdir. Ramin və X10 iş otağına daxil olduqdan 5-10 dəqiqə sonra çıxmışlar. Ramin evin alınması üçün Adil Əliyevə 50.000 manat məbləğində pul verdiklərini demiş və həmin vaxt əvvəllər MKİS-də mühasib işləmiş Şahid6 da orada olmuşdur. Bundan sonra Ramin və Nəzrin onunla əlaqə saxlayaraq evin sənədləşmə işlərinin nə yerdə olduğunu soruşmuş, o da bu barədə Adil Əliyevdən maraqlanıb onlara məlumat vermişdir. 2019-cu ilin mart ayında o, Ramin və Nəzrinlə 65 saylı MKİS-də görüşərkən onlara evin sənədləşmə işlərinin uzandığını, bu səbəbdən də Adil Əliyevə verdikləri 50000 manat pulu geri istəmələrini demişdir. Nəzrin isə Adil Əliyevin 2019-cu ilin sentyabr ayınadək sənədləşmə işlərinin yekunlaşacağını dediyini, ona görə də həmin tarixədək gözləyəcəyini bildirmişdir. 2019-cu ilin iyun ayında Adil Əliyev idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. O, Nəzrinlə əlaqə saxlayaraq hadisə barədə ona məlumat vermiş və yenidən pulunun geri almasını istəmişdir. Nəzrin isə Raminin ailəsi ilə birlikdə Türkiyəyə getdiyi üçün onunla əlaqə saxlaya bilmədiyini demiş və 50000 manat pulu onun tanışlığı ilə verdiyi üçün pulu onun alıb geri qaytarmasını istəmişdir. Həmin vaxt Adil Əliyev ağır dərəcəli bədən xəsarətləri aldığı üçün ondan 50000 manat pulu geri istəyə və onun 50000 manat pulu kimə verməsini öyrənə bilməmişdir. 2019-cu ilin iyul ayında Adil Əliyev aldığı xəsarətlərdən 1 saylı X9 vəfat etmişdir. Bundan sonra Ramin və X5 vasitəsi ilə tanıdıqlarını bildirmiş və 50000 manat pulu da geri qaytarmasını ondan istəmişlər. O isə pulun Adil Əliyevə verildiyini və həmin puldan ona heç bir məbləğdə pul verilmədiyini, ona görə də həmin pulu verməyəcəyini demişdir. Ramin və Nəzrin də onunla mübahisə etməyə başlayaraq pulu ondan alacaqlarını demişlər. O, X6 Əlibəyliyə atasının Ramin və Nəzrindən 50.000 manat aldığını və bu səbəbdən də həmin pulun geri qaytarılmalı olduğunu bildirsə də, Şahid5 hərbi xidmətdən yeni qayıtdığı üçün hadisə barədə onun heç bir məlumatının olmadığını, həmçinin atasının da ona bu barədə heç bir söz demədiyini bildirmişdir. Sonradan isə ondan şikayətçi olmamağı üçün Nəzrinə dəymiş ziyanı ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi də yoxdur. Lakin o, Nəzrinə qarşı dələduzluq etməmişdir. Qeyd edilənləri nəzərə alaraq onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2018-ci ilin sentyabr ayının sonlarında tanışı Şahid2 onunla əlaqə saxlayaraq 65 saylı MKİS-də işləyən tanışı Gülayənin ona zəng edərək, Nəsimi rayonu, 4cü mikrorayon, M.Cəlal küçəsində yerləşən 3 otaqlı mənzildə qeyri-rəsmi yaşayan məcburi köçkünlərin çıxarılaraq başqa evə yerləşdiriləcəyini və həmin evin 50000 (əlli min) manata satışa çıxarılacağı barədə məlumat verdiyini demişdir. Ramin ondan həmin evi almaq istəyib-istəmədiyini soruşmuş, o da bu barədə anası Şahid9 ilə məsləhətləşib ona xəbər edəcəyini bildirmişdir. O, Raminin təklifi barədə anası ilə məsləhətləşdikdən sonra yaşadığı Yasamal rayonu, M.Seyidov küçəsi, ev 19, 20 saylı mənzili satıb həmin evi almaq qərarına gəlmişdir. O, Raminə zəng edərək yaşadığı mənzili satqdıqdan sonra Gülayənin təklif etdiyi mənzili ala biləcəyini demiş, həmçinin Gülayəyə nə qədər inanıb-inanmadığını soruşmuşdur. Ramin də Gülayəni uzun müddətdir tanıdığını və onun 65 saylı MKİS-də işlədiyini, ona görə də Gülayənin onu aldatmasından şübhələnmədiyini demişdir. Təxminən 2-3 gündən sonra saat 19 radələrində Ramin ilə görüşmüş, daha sonra Raminin idarə etdiyi avtomobillə 65 saylı MKİS-in qarşısına gedərək Gülayə ilə görüşmüş və oradan da Gülayənin təkİifi ilə Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsində yerləşən evin qarşısına getmişlər. Gülayə 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin sol tərəfindəki evi göstərərək həmin evin satıldığını bildirmişdir. O, evə baxmaq istədiyini dedikdə Gülayə həmin evdə hal-hazırda məcburi köçkünlərin yaşadığını və onların evin satılmasından məlumatı olmadığını, məlumatlarının olduğu təqdirdə isə evdən çıxmaqdan imtina edəcəklərini, belə olan halda da onun həmin evi ala bilməyəcəyini bildirmişdir. O, Gülayədən evin onun adına necə sənədləşdiriləcəyini soruşmuş, Gülayə isə həmin evin məhkəmə tərəfindən adına rəsmiləşdiriləcəyini, sənədləşmə işlərini isə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən tapşırıqla həyata keçiriləcəyini və onun adına sərəncam veriləcəyini demişdir. Daha sonra Gülayə tez-tez ona zəng edərək həmin ev ucuz qiymətə satıldığından başqa şəxs tərəfindən alınacağını, ona görə də 50000 manat pulun tez bir zamanda verilməli olduğunu demişdir. O isə yaşadığı ev satıldıqdan sonra həmin pulu verə biləcəyini demişdir. Təxminən 4-5 gündən sonra Ramin onunla əlaqə saxlayaraq Gülayənin ona zəng etdiyini və Nəsimi Rayon İcra Hakimiyyətindən evin ilkin ödənişi kimi 12000 manat məbləğində pul istənildiyini dedikdə o, Raminə qeyd edilən məbləğdə nağd pulunun olmadığını bildirmişdir. Daha sonra Ramin tanışı Rövşəndən 12000 manat borc alaraq Gülayəyə verməyi, evi satdıqdan sonra da borcunu ödəməsini təklif etmiş, o da Raminin təklifi ilə razılaşmışdır. 2018-ci ilin oktyabr ayının sonlarında Ramin ona zəng edərək, Gülayə ilə 65 saylı MKİS-də görüşdüyünü və Rövşəndən borc olaraq aldığı 7050 ABŞ dolları məbləğində pulu ona verdiyini demişdir. 22 noyabr 2018-ci il tarixdə o, yaşadığı evi 52000 manata satdıqdan sonra Gülayəyə zəng edərək evini satdığını və borclu qaldığı 38.000 manatı da ödəmək istədiyini bildirmiş, Gülayə də 65 saylı MKİS-də olduğunu demişdir. Bundan sonra o, Gülayə ilə 65 saylı MKİS-in qarşısında görüşmüş və 38000 manat məbləğində pulu ona vermişdir. Həmin vaxt Gülayə 1 ay müddətində evin sənədləşmə işlərini həll edəcəyini bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Gülayə evi onun adına rəsmiləşdirməmişdir. O və Ramin Gülayə ilə tez-tez əlaqə saxlayaraq evin nə vaxt onun adına rəsmiləşdiriləcəyini soruşduqda isə Gülayə hər dəfə müxtəlif bəhanələr gətirərək məsələnin tezliklə həll olunacağını demişdir. 2019-cu ilin aprel ayının əvvəllərində Gülayə ona zəng edərək artıq evin onun adına sənədləşdirilməsi üçün məhkəmə iclasının 12 aprel 2019-cu ildə keçirilməsi barədə məhkəmə bildirişini onunla görüşüb vermək istədiyini demişdir. Həmin gün saat 19 radələrində Gülayə ilə yaşadığı evin qarşısında görüşmüş və Gülayə məhkəmə bildirişini ona vermişdir. O, 12 aprel 2019cu il tarixdə məhkəmə iclasında olub-olmadığını soruşduqda, Gülayə bu məhkəmə iclaslarının formal olaraq keçirildiyini, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə bu işlə əlaqədar tapşırıqlar verildiyini bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq göstərilən ev onun adına sənədləşdirilməmiş, o və Ramin məsələ ilə əlaqədar dəfələrlə Gülayəyə zəng etmiş, Gülayə isə hər dəfə müxtəlif bəhanələr gətirərək, evin tezliklə onun adına rəsmiləşdiriləcəyini demişdir. 2019-cu ilin iyun ayının sonlarında Gülayə ona zəng edərək evin onun adına sənədləşdirilməsinə dair Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən sərəncam verildiyini bildirmişdir. 2019-cu ilin avqust ayının əvvəllərində Gülayə ilə yaşadığı evin qarşısında görüşdükdə Gülayə ona Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamını vermişdir. Sərəncamda onun Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 54, 112 saylı mənzilin icarədarı olması qeyd edilmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində mənzilə çıxarış alınması üçün o, Ramin və Gülayə ilə birlikdə 1 saylı «Asan Xidmət» Mərkəzinə gedərək sənədləri məsul şəxsə təqdim etdikdə, həmin əməkdaş sənədlərin düzgün formada olmadığını, bundan əlavə bir çox sənədin də çatışmadığını demişdir. O, Gülayədən sənədlərin niyə tam olmadığını soruşduqda Gülayə yenidən müxtəlif bəhanələr gətirməyə başlamışdır. Ramin Gülayənin hərəkətlərindən şübhələnərək Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etdikdə, məsul şəxs göstərilən mənzil barəsində heç bir sərəncam verilmədiyini, həmin mənzilin şəxsi mülkiyyətdə olduğunu və heç bir qurumun həmin evə dair sərəncam vermək hüququnun olmadığını ona demişdir. Bundan sonra Gülayənin onu və Ramini aldatdığını anlamışlar. Daha sonra o, Nəsimi Rayon Məhkəməsinə müraciət etdikdə göstərilən evin onun adına sənədləşdirilməsinə dair heç bir məhkəmə prosesinin keçirilmədiyi və ona görə də heç bir məhkəmə bildirişinin verilmədiyi bəlli olmuşdur. Baş verən bu hadisələrdən sonra o, Gülayədən 50000 manat pulunu geri qaytarmasını istəmiş, Gülayə də hər dəfəsində ona müxtəlif tarixlərdə pulunu geri qaytaracağını deyərək onu aldatmışdır. Hazırda ona dəymiş ziyan tam olaraq təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, 1995ci ildən 1999-cu ilədək Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışdır. Təhsil aldığı müddətdə də Zərərçəkmiş şəxs tanımışdır. Təqsirləndirilən şəxs ilə 2013-cü ildə 141 saylı Mənzil Kommunal İstismar Sahəsində işləmişdir. Belə ki o, 141 saylı MKİSdə mühəndis, Gülayə İsayevə isə həmin MKİS-də mühasib vəzifəsində işləmişdir. 2018-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ona zəng edən zaman söhbət əsnasında Gülayə Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsində yerləşən 3 otaqlı mənzildə qeyri-rəsmi olaraq məcburi köçkünlərin məskunlaşdığını, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən həmin evdən məcburi köçkünlərin çıxarılaraq başqa evə yerləşdiriləcəyini, həmin evin də dəyərindən ucuz qiymətə, yəni 50000 (əlli min) manata satışa çıxarılacağını demişdir. O isə maddi imkanı olmadığı üçün həmin mənzili ala bilməyəcəyini ona bildirmişdir. O, bu barədə tanışı Zərərçəkmiş şəxs zəng edərək məlumat vermiş, Nəzrin də anası Şahid9 ilə məsləhətləşdikdən sonra ona məlumat verəcəyini demişdir. Bir neçə saatdan sonra Nəzrin ona zəng edərək anası ilə məsləhətləşdiyini və özünün yaşadığı 1 otaqlı mənzili satdıqdan sonra həmin mənzili almaq istədiyini bildirmişdir. O, Gülayəyə zəng edərək tanışı Zərərçəkmiş şəxs həmin evi almaq istədiyini, ona görə də Nəzrin ilə birlikdə həmin evə baxmaq istədiklərini bildirdikdə Gülayə etiraz etməyərək birlikdə həmin evə baxa biləcəklərini demişdir. 2-3 gün sonra o, Nəzrin ilə görüşmüş, daha sonra idarə etdiyi avtomobillə 65 saylı MKİS-in qarşısına gedərək orada Gülayə ilə görüşmüşlər. Gülayənin təklifi ilə Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsində yerləşən evin qarşısına getmiş və Gülayə 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin sol tərəfindəki evi göstərərək həmin evin satıldığını bildirmişdir. Nəzrin evə baxmaq istədiyini bildirdikdə isə Gülayə həmin evdə hal-hazırda məcburi köçkünlərin yaşadığını, onların evin satılmasından məlumatı olmadığını, onlar həmin evə baxış keçirdikdə isə məcburi köçkünlərin evin satılmasından məlumatı olacağını, belə olan halda isə evdən çıxmaqdan imtina edəcəklərini demişdir. Nəzrin Gülayədən evin onun adına necə sənədləşdiriləcəyini soruşmuş, Gülayə də həmin evin məhkəmə tərəfindən onun adına sənədləşdiriləcəyini, sənədləşmə işlərində heç bir problem yaranmayacağını demişdir. Bundan sonra Nəzrin yaşadığı ünvan 12 ünvanını satışa çıxarmışdır. Gülayə isə ona və Nəzrinə tez-tez zəng edərək həmin evin ucuz qiymətə satıldığı üçün başqa şəxslər tərəfindən alınacağını, bu səbəbdən də tez bir zamanda pulu gətirmələrini istəmişdir. O isə Nəzrinin evini satışa çıxardığını, satıldıqdan sonra pulu verə biləcəklərini demişdir. Təxminən 4-5 gün sonra Gülayə yenidən onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Nəsimi Rayon İcra Hakimiyyətindən evin ilkin ödənişi kimi 12000 manat məbləğində pul istənildiyini, həmin pulun tez bir zamanda verilmədiyi halda isə evin başqa səxsə satılacağını demişdir. O da Nəzrinə zəng edərək Gülayənin dediklərini ona çatdırmışdır. Nəzrin isə evinin satıldığı halda 12000 manat pulu verə biləcəyini dedikdə, o, Nəzrinə 12000 manat pulu tanışı Rövşəndən borc alıb Gülayəyə verəcəyini, evi satıldıqdan sonra borcunu qaytarmalı olduğunu demiş, Nəzrin də onunla razılaşmışdır. Bundan sonra o, tanışı Şahid1 zəng edərək ona 12000 manat borc pul verməsini və yaxın müddətdə borcunu geri qaytaracağını demiş, Rövşən də ona borca pul verməyə razılaşmışdır. Təxminən 3 gün sonra, yəni 2018-ci ilin oktyabr ayının sonlarında o, pulu götürmək üçün Rövşənin yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən evinə getdikdə Rövşən ondan borc almasının səbəbini soruşmuşdur. O, Rövşənə həmin məsələ barədə danışdıqda, X4 aldada biləcəyini demiş, o isə Gülayəni uzun müddət tanıdığını, ona görə də Gülayənin Nəzrini aldadacağını düşünmədiyini demişdir. O, Rövşəndən borc olaraq 7050 ABŞ dolları məbləğində pulu aldıqdan sonra sabahı gün saat 12 radələrində o, 65 saylı MKİS-ə gedərək Gülayə ilə görüşmüşdür. O, Gülayəyə 7050 ABŞ dolları pul verib qalan 38000 manat pulu da ev satıldıqdan sonra veriləcəyini demişdir. 22 noyabr 2018-ci il tarixdə Nəzrin yaşadığı evi 52000 manata satmış və həmin gün saat 17 radələrində ona zəng edərək Gülayə ilə 65 saylı MKİS-in qarşısında görüşərək 38.000 manat pulu Gülayəyə verdiyini, onunla da görüşdükdə 12000 manat pulu verəcəyini demişdir. Təxminən 3-4 gün sonra o, Nəzrinin yaşadığı evə getmiş və Nəzrin 12000 manat pulu ona vermişdir. Nəzrin Gülayənin 1 ay müddətində evin sənədləşmə işlərini həll edəcəyini ona bildirmişdir. Bundan sonra o, tanışı Rövşən ilə görüşərək 12000 manat borcunu geri qaytarmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq ev Nəzrinin adına sənədləşdirilməmişdir. Bununla əlaqədar o, Gülayə ilə tez-tez əlaqə saxlamış, evin nə vaxt Nəzrinin adına sənədləşdiriləcəyini soruşmuşdur. Gülayə isə ayrı-ayrı vaxtlarda evin sənədləşdiriləcəyini deyərək onları aldatmışdır. 2019-cu ilin aprel ayının əvvəllərində Nəzrin ona zəng edərək Gülayənin onunla mobil telefon vasitəsi ilə əlaqə saxladığını və evin onun adına sənədləşdirilməsi üçün məhkəmə iclasının 12 aprel 2019-cu ildə keçirilməsi barədə məhkəmə bildirişi verdiyini demişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq göstərilən ev Nəzrinin adına sənədləşdirilməmişdir. Bu barədə o və Nəzrin dəfələrlə Gülayə ilə əlaqə saxladıqda, Gülayə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 2019-cu ilin iyun ayının sonlarında Nəzrin ona zəng edərək, Gülayənin onunla mobil telefon vasitəsi ilə danışarkən evin onun adına sənədləşməsi barədə Nəsimi Rayon İcra hakimiyyətinin sərəncamının verildiyini bildirmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində evin çıxarışının alınması üçün o, Nəzrin və Gülayə ilə birlikdə 1 saylı «Asan» Xidmət Mərkəzinə gedərək məsul şəxsə müraciət etdikdə həmin şəxs sənədlərə baxış keçirərkən sənədlərin düzgün formada olmadığını, bundan əlavə bir çox sənədin də çatışmadığını demişdir. O, Gülayədən sənədlərin niyə tam olmadığını soruşmuş, Gülayə də yenidən ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, Gülayənin hər dəfəsində müxtəlif bəhanələr gətirərək onları aldatdığını görüb Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etdikdə isə məsul şəxs göstərilən ünvanın başqa bir şəxsə məxsus olduğunu, hər hansısa bir orqanın həmin ünvanı satmaq ixtiyarının olmadığını demişdir. Bundan sonra Gülayə tərəfindən Nəzrinə verilən Nəsimi Rayon İcra Hakimiyyətinə məxsus sərəncamın saxtalığı ona bəlli olmuşdur. Gülayə onları aldadaraq Nəzrinə məxsus 49985 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. O, dəfələrlə Gülayə ilə əlaqə saxlayaraq ondan Nəzrinin pulunu geri qaytarmasını tələb etsə də Gülayə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, 1995ci ildən 1999-cu ilədək Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almış və Şahid2 onun tələbə yoldaşı olmuşdur, həmin ərəfələrdə Zərərçəkmiş şəxs da həmin universitetdə təhsil almışdır. Təqsirləndirilən şəxs isə Şahid2 vasitəsi ilə tanımışdır. Belə ki, 2018-ci ilin oktyabr ayının sonlarında Ramin ona zəng edərək 12000 manat məbləğində borca pul verməsini istəmiş, o da ona borca pul verməyə razılaşmışdır. Təxminən 3 gün sonra o, Raminə zəng edərək onun yaşadığı evə gələrək 12000 manat pulu götürməsini istəmişdir. Həmin gün saat 18 radələrində Ramin onun yaşadığı evə gəlmişdir. Ramin ilə söhbət zamanı ondan borc pul istəməsinin səbəbini soruşduqda, Ramin 65 saylı MKİS-də işləyən tanışı Gülayənin ona zəng edərək Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən 3 otaqlı evdə məcburi köçkünlərin məskunlaşdığını, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən məcburi köçkünlər həmin evdən çıxarıldıqdan sonra evin 50000 manata satışa çıxarılacağını, Nəzrinin özünə məxsus evi satıb 50000 manat pulu Gülayəyə verdikdən sonra Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən evin Nəzrinin adına sənədləşdiriləcəyini, lakin Gülayənin hal-hazırda sözügedən evin alınması məqsədi ilə ilkin ödəniş kimi 12000 manat pul istədiyini bildirmişdir. O, sözügedən mənzilin ucuz qiymətə satıldığından şübhələnib Raminə Gülayənin onu və Nəzrini aldada biləcəyini dedikdə Ramin Gülayəni uzun müddət əvvəldən tanıdığını, onunla birlikdə 141 saylı MKİS-də işlədiyini, ona görə də Gülayənin onları aldatmasından şübhələnmədiyini demişdir. Bundan sonra o, Raminə 7050 ABŞ dolları məbləğində pul verdikdə, Ramin Nəzrinin evi satdıqdan sonra ona olan 12000 manat borcunu geri qaytaracağını bildirmişdir. 2018-ci ilin noyabr ayının sonlarında saat 19 radələrində Ramin onun yaşadığı evə gəlmişdir. Söhbət zamanı Ramin Nəzrinin yaşadığı evi sataraq Gülayəyə 38000 manat pul verdiyini, ona verəcəyi 12000 manat pulu da Nəzrində aldığını, Gülayənin də Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 1 ay müddətində sözügedən evin Nəzrinin adına sənədləşdiriləcəyini dediyini bildirmişdir. Bundan sonra Ramin ona 12000 manat pulu vermişdir. 2019-cu ilin aprel ayın da o, Ramin ilə danışarkən evin Nəzrinin adına sənədləşməsi ilə əlaqədar Nəsimi Rayon Məhkəməsində proseslər keçirilməsi barədə bildirişləri Gülayə Nəzrinə vermişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq ev Nəzrinin adına sənədləşməmişdir. 2019-cu ilin avqust-sentyabr ayında ona məlum olmuşdur ki, evin Nəzrinin adına sənədləşməsi barədə Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamını Gülayə Nəzrinə vermişdir. Həmin vaxtdan 1-2 ay sonra sözügedən mənzilin Nəzrinin adına sənədləşməsi üçün Ramin, Nəzrin və Gülayə «Asan» Xidmət Mərkəzinə müraciət etmiş, lakin sənədlər düzgün və tam olmadığından evin sənədləşməsi mümkün olmamışdır. Bundan sonra Ramin Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etdikdə Gülayə tərəfindən Nəzrinə verilən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamının saxta olması müəyyən edilmişdir. O, Gülayənin gələcəkdə Ramindən və Nəzrindən pul almasını etiraf etməyəcəyini düşündüyündən Raminə və Nəzrinə Gülayə ilə danışarkən gizli olaraq onun səsini yazmalarını demişdir. Ramin və Nəzrin də bu fikrin yaxşı olduğunu deyərək onun səsini yazacaqlarını demişlər. X3 pul alması barədə danışdıqlarını səsyazma proqramı vasitəsilə mobil telefona köçürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirdi ki, Nəsimi rayonu 2 saylı SİƏ nümayəndəliyində məsləhətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilə heç bir qohumluğu, ədavəti və ya düşmənçiliyi yoxdur. X2 onun atasıdır. 2019-cu ilin iyul ayının əvvəllərində X16 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış və aldığı xəsarətlərdən 09 avqust 2019-cu il tarixdə 1 saylı kliniki tibbi mərkəzdə ölmüşdür. X16 65 saylı MKİS-in rəisi vəzifəsində işlədiyi dövrdə Təqsirləndirilən şəxs həmin MKİS-in mühasibi vəzifəsində işləmişdir. Şahid2 və Zərərçəkmiş şəxs isə tanımır. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Şahid2 və Zərərçəkmiş şəxs tərəfindən mənzil alınması üçün 50.000 manat məbləğində ödəniş edildiyini və həmin pulun qaytarılmalı olduğunu bildirmişdir. O isə hərbi xidmətdən yeni qayıtdığı üçün həmin məsələ barədə heç bir məlumatının olmadığını bildirmişdir. Şahid8 məhkəməyə teleqram ünvanlayaraq məhkəməyə gəlməyə imkanının olmadığını, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, Şahid8 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli, 5/204 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs adına olan 139 nömrəli, 14.06.2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamının üzərində olan möhür əksi hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə, birbaşa axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs adına olan 139 nömrəli, 14.06.2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamının üzərində olan “Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti SƏNƏDLƏR ÜÇÜN” məzmunlu möhür əksi təqdim edilmiş eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil edir (i/v 154-157). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16.03.2021-ci il tarixli, 4/252 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, cinayət işinin materiallarında olan 14.06.2019-cu il tarixli, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamının aşağı hissəsindəki imza- Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, cinayət işinin materiallarında olan 14.06.2019-cu il tarixli, 139 nömrəli Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamının aşağı hissəsindəki imzanın - Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır (i/v 158-161). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 13 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 146). İş materiallarında olan 28 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında qərardan görünür ki, 14 iyun 2019-cu il tarixli, 139 nömrəli Nəsimi Rayon İcra Hakimiyyətinin saxta sərəncamı və 29 mart 2019-cu il tarixli, 2(006)-2107/2019 saylı Nəsimi rayon məhkəməsinin bildirişinin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi barədə qərar qəbul olunmuşdur (i/v191-213). İş materiallarında olan 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 235-236). İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, maddi və mənəvi tələbi, şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinin özü tərəfindən inkar edilməsi özünü müdafiə xarakteri daşıyır, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin tam olaraq ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmişdir ki, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayət hesab olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli, 7 nömrəli qərarında qeyd edilmişdir ki, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə görə, həmin Məcəlləinin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə baxışı zamanı araşdırılarkən müəyyən edilmişdir ki, iş materiallarında 111-ci vərəqdə olan “Mənzil icarə müqaviləsinin” Zərərçəkmiş şəxs ilə bağlanması barədə” Bakı şəhəri Nəsimi Rayon İcra hakimiyyəti başçısının sərəncamının tərtib edilmə tarixi kimi 14.06.2019-cu il göstərilmiş, habelə Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılmış sənədin Zərərçəkmiş şəxs 2019-cu ilin avqust ayında verildiyi iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. İşin hallarından görünür ki, həmin sənəd ən geci 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs olmuşdur. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş xeyli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayətinə görə, dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 320.2-ci maddəsində nəzərdə tutulmuş bilə-bilə hüquq verən və ya vəzifədən azad edən saxta sənədlərdən istifadə etmə cinayətinə görə, min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi dələduzluq cinayətinə görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin ağır maddi vəziyyətini də nəzərə alır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmçinin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatı baxımından böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir və həmin əməl Təqsirləndirilən şəxs tərəfindən 2019-cu ilin avqust ayında törədilmişdir. Bununla belə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan başqa, həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə, ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, xeyli miqdarda ziyan vurmaqla törətdiyi dələduzluq əməlinə görə 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilməli, lakin bilə-bilə hüquq verən və ya vəzifədən azad edən saxta sənədlərdən istifadə etməsi əməlinə görə isə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin hissədə onun barəsində cəza təyin edilməməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Ekspertiza xərci 183,52 (bir yüz səksən üç manat əlli iki qəpik) manat təşkil edir. Maddi sübut kimi tanınmış 14 iyul 2019-cu il tarixli, 139 nömrəli Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin saxta sərəncamı və 29 mart 2019-cu il tarixli, 2(006)-2107/2019 saylı Nəsimi rayon məhkəməsinin bildirişinin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinsin, həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmasın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 183,52 (bir yüz səksən üç manat əlli iki qəpik) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 14 iyun 2019-cu il tarixli, 139 nömrəli Nəsimi Rayon İcra Hakimiyyətinin saxta sərəncamı və 29 mart 2019-cu il tarixli, 2(006)-2107/2019 saylı Nəsimi rayon məhkəməsinin bildirişinin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-47/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-47/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver