Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-470/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 168 ünvanında qeydiyyatda olmaqla yaşamış, Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli, 1(006)-466/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə və 3.500 (üç min beş yüz) manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndiriləş şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə, təmiz çəkisi 0,450 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış və 27.05.2021 -ci il tarixdə saat 20:00-da Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb PB-yə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən həmin narkotik vasitə heroin 01 ədəd qızılı kağız bükümündə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli biməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan “Heroin” istifadə edir və onda fiziki asılılıq vardır. O, istifadə etdiyi narkotik vasitələri mütəmadi olaraq müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 26.05.2021-ci il tarixdə “Papanin” adlanan əraziyə gedərək orada tanımadığı şəxslə görüşərək ondan narkotik vasitə olan “Heroin” almışdır. 27.05.2021-ci il tarixdə ünvan 3 ünvanın qarşısında dayanan zaman 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib polis olmalarını bildirdikdən sonra ondan şəxsiyətini təsdiq edən hər hansı bir sənəd tələb etdikdə onun üzərində şəxsiyyətini təsdiq edən hər-hansı bir sənədin olmadığını bildirdikdə, polis əməkdaşları onu PB-nə dəvət etmişdirlər. PB-də olan zaman polis əməkdaşları onunla şifahi sorğu apardıqda, o polis əmədaşlarına narkotik vasitə audəçisi olduğunu və üzərində şəxsi istifadə üçün narkotik maddə gəzdirdiyini bildirmişdir. PB-də olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulmuşdur. Bu zaman həmin proses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınmışdır. O, da həmin suala cavab olaraq üzərində narkotik vasitə hesab olunan “Heroin” olmasını bildirmişdir. Daha sonra o masaya yaxınlaşaraq əynində olan açıq qara rəngli gödəkçəsinin sağ yan cibindəki siqaretin içərisinin qızılı kağızına bükülmüş 1 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümü açdıqda isə onun içində qəhvəyi rəngli dənəvari olan narkotik vasitə “Heroin” təhqiqata təqdim etmişdir. Daha sonra həmin maddə boş bir zərfə qoyularaq onurn və digər iştirakçıların iştirakı ilə möhürlənib MEM-nə göndərilmişdir. Buda videokamera vasitəsi ilə qeydə alınmışdır. Daha sonra həmin videogörüntüyə baxılmış, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, özünü təqsirli bilməsini, ailəli olmaqla, himayəsində 1 azyaşlı uşağının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün, şahidin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 27.05.2021-ci il tarixdə saat 20:00 radələrində inzibati ərazisində ünvan 4 ünvanın qarşısında Nəsimi RPİ-nin 20-ci PBnin CA üzrə kiçik inspektoru Şahid2 ilə birgə xidmət aparmışdırlar. Bu zaman həmin ünvanda bir nəfər şəxsin özünü şübhəli apardığını aşkar etmişdirlər. Onlar həmin şəxsə yaxınlaşan zaman həmin şəxsdən şəxsiyyətini təsdiq edən hər hansısa bir sənədi təqdim etməyini tələb etmişdirlər. Lakin həmin şəxs heç bir sənəd təqdim etmədiyindən onlar həmin şəxsi Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişdirlər. Şəxsiyyəti sonradan onlara məlum olan, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 6 ünvanda yaşayan vətəndaş C.H.Muxtarova PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı Orxan Hacıyev tərəfindən müdafiəçi təyin edilmiş və onun üzərinə baxışın keçirilməsi və şəxsi axtarışın aparılmasını video qeydiyyata almaq üçün mütəxəssis dəvət edilmişdir. Onun, Şahid2, təhqiqatçı O.Hacıyevin, müdafiəçinin və video qeydiyyata almaq üçün çağırılmış mütəxəssisin iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra sonuncuya üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs əynindəki açıq qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış və onun üzərindən, paltarlarından və corablarında digər hər hansısa bir əşya aşkar edilməmişdir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisi açılaraq, onun içərisində olan maddənin nə olduğu soruşulduqda o bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir və onu Papanin adlanan ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün almış və üzərində saxlamaqla daşımışdır. Daha sonra aşkar olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Nəsimi RPİ-nin 20-ci PB-nin CA üzrə kiçik inspektoru Şahid2 ifadəsi elan olundu və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən sonuncu əynindəki açıq qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümü çıxardaraq təqdim etmişdir. Cinayət işinin 21-22-ci vərəqələrində olan 27 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 93-97-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 29 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 may 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 56-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 may 2021-ci il tarixli 6/2138 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan - bir ədəd bükümdəki maddə, təmiz çəkisi 0,450 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Qeyd: ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 0,450 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,400 qram qalıq qalmışdır. Cinayət işinin 56a-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik müəyyən edilmişdir. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator X1 ekspert komissiyasının 04.08.2021-ci il tarixli 2669 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda emosional iradi sferasının dəyişkənliyini və öz psixi vəziyyətinə tənqidi münasibətinin kifayət qədər olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 99-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum olunmuşdur, 2) Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 69.3, 67.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə və 3.500 (üç min beş yüz) manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, 26.10.2019-cu il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Cinayət işinin 120-124-cü vərələrində olan Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 69.3, 67.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə və 3.500 (üç min beş yüz) manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin 125-ci vərəqəsində olan 04 avqust 2021-ci il tarixli Bakı şəhər Probasiya İdarəsinin 3-4481 nömrəli məktubunda görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 3500 manat cərimə cəzası ödəməmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xidməti otaqların birində polis əməkdaşlarının və mütəxəssisin iştirakları ilə 17 may 2021-ci il tarixdə saat 22-40 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman sonuncuya üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs açıq qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir və o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra onun üzərində axtarış aparmağa başlanılmışdır, lakin heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə onun təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümlü açılaraq həmin bükümün içərisindəkinin nə olduğunu deməyim ona təklif olunmuşdur və o həmin bükümün içərisində olan narkotik vasitənin "heroin” olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə, haradan, necə və nə məqsədlə əldə etməyini bildirmişdir. Cinayət işinin 126-134-cü vərəqələrində olan 04 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,400 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini evli, himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 1(006)-466/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 69.3, 67.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə və 3.500 (üç min beş yüz) manat məbləğində cərimə cəzalarına məhkum olunmasına və 26.10.2019-cu il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq, sonuncu məhkumluğu olduğu və cərimə cəzasını ödəmədiyi halda(Bakı şəhər Probasiya İdarəsinin 04 avqust 2021-ci il tarixli məktubu) 26 may 2021-cı il tarixdə yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona hazırki hökmlə təyin edilmiş cəza Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 1(006)-466/2017 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş 3.500 (üç min beş yüz) manat cərimə cəzası ilə həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən tam birləşdirilərək qəti cəza təyin edilməli və həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sonuncunun barəsində təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 27 may 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 04.08.2021-ci il tarixli 2669 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,400 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat 82 (səksən iki) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir.İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 1(006)- 466/2017 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş 3.500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tam birləşdirilərək ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3.500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 3.500 (üç min beş yüz) manat cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 may 2021-ci il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanmas otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,400 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-470/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-470/2021
10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver