Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-472/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X15 və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, barəsində şikayət verilən şəxs X16 yalan olduğunu bilə-bilə barəsində şərəf və ləyaqətimi ləkələyən, alçaldan və nüfuzdan salan, işgüzar nüfuzuna xələl gətirən məlumtaları, kütləvi çıxışlarında qonşularının və yaxınlarının eşidə və qavraya biləcəyi şəkildə ifadə etmiş, bununla da, barəsində mənfi rəy formalaşdırmışdır. Daha sonra adı çəkilən şəxs barəsində təhqirlə müşayiət olunan şər və böhtan xarakterli, əsası olmayan, süni ittiham sübutları ilə Azərbaycan Respublikasının Baş Prokurora cənab X10, Daxili işlər naziri cənab Vilayət Eyvazova, DİN-nin 102 Xidmət Zəng Mərkəzi sisteminə müraciət etmiş, bununla da, şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzunu şübhə altına salan qanunsuz hərəkətlərə yol vermişdir. Barəsində şikayət verilən şəxs X16 daha sonra Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzi sisteminə ünvanladığı müraciətində guya qanunsuzluqlara məruz qalması, pulunun ələ keçirilməsi, aldadılması, ona qarşı dələduzluq hərəkətlərinin edilməsi barədə bilə-bilə ona qarşı böhtan və ləkələyən məlumatlar yaymışdır. Belə ki, böhtan tərkibli müraciət ilə bağlı Abşeron RPİ-nin X13 araşdırmalar aparılmış, tərəflərin izahatları alınmış, toplanmış, material araşdırmanın davam etdirilməsi məqsədi ilə ərazi aidiyyatı üzrə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə göndərilmiş və material 05.08.2021-ci il tarixdə təhqiqatçı polis mayoru Seydi Quliyevin icraatına verilmişdir. Obyektiv araşdırmalar aparılmış və sonuncunun böhtan xarakterli şikayəti əsasında toplanmış materiallara hüquqi qiymət verilmiş və 12.08.2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bununla da, aparılmış araşdırma zamanı onun əməlində etibarından suiistifadə edərək aldatma yolu ilə külli miqdarda pulunu ələ keçirib ona qarşı dələduzluq etməsi öz təsdiqini tapmamış, onun barəsində yazdıqları böhtan olması bir daha təsdiqini tapmış, hüquq mühafizə orqanlarına ünvanladığı böhtan və təhqirli müraciətlərinin yalan olması məlum olmuşdur. Hesab etsək ki, böhtan cinayəti hər hansı formada, istər yazılı, istərsə də şifahi törədilə bildiyindən barəsində şikayət olunan X16, hər iki cəhddə buna nail olmuş, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan böhtan məlumatları yaydığı andan başa çatdırmışdır. Bundan başqa, barəsində şikayət olunan R.B.Əliyev 28.10.2020ci il tarixdə saat 18:53 radələrində ailəsi ilə birlikdə yaşadığı Bakı şəhər, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, “Kristal ünvan 1 ünvanına gələrək, qarşıdurma, səs-küy və qalmaqal yaratmış, hədə-qorxu gəlmiş, mənzildəki məişət əşyalarını sındırmış, şərəf və ləyaqətini alçaldaraq ailəsinin gözü qabağında üzünə tüpürmüş, nalayiq sözlər söymüş, onun “kənarda qadın saxlamağını və ona hər ay “1500 manat” pul vəsaiti xərcləməyini həyat yoldaşı X17 bildirərək onu ailəsinin qarşısında nüfuzdan salmış”, onu ağır cinayətdə ittiham etməklə ona böhtan atmış və qonşuların müdaxiləsindən sonra mənzilini tərk etmişdir. Sonuncunun qanunsuz hərəkətlərinə son qoyulması və hüquqi qiymət verilməsi üçün onun tərəfindən dərhal DİN-nin 102 Xidməti Zəng Mərkəzi sisteminə zəng olunmuş, tərəfindən şikayət ərizəsi ilə Bakı şəhər, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət olunmuş və barəsində şikayət olunan Rizvan Əliyev səmimi peşmançılıq çəkdiyini və səhvini etiraf etdiyini, ailəsindən üzr istəməsini nəzərə alıb ibtidai araşdırmaya xitam verilməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan başqa, barəsində şikayət olunan Rizvan Əliyev əməllərindən peşmançılıq çəkdiyini bildirsə də, bir daha məkirli yalanlarını davam etdirmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 221.3, 139-1.1 və 315-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş övladları Burxan və Bəysəfa Əliyevlərin cinayət işində zərərçəkmişlər Abşeron RPİ-nin Mehdiabad qəsəbəsindəki bölmənin zabitləri Dəyanət Piriyev və X18, DİN-nin ünvanına böhtan xarakterli yazılar, onun barəsində isə “Polisi müdafiə edən” “İşverən” adlandıraraq Prezident Aparatına müraciətlər ünvanlamışdır. Bununla da, barəsində şikayət olunan R.B. Əliyev qanuna zidd hərəkətlərə yol verərək onun fəaliyyətinə maneələr yaratmış, nəticədə öz iqtisadi potensialından tam istifadə edə bilməyərək qanunla nəzərdə tutulmuş hüquqlarından qismən məhrum olunmaqla əsassız olaraq bölmələrə, idarələrə, aidiyyatı qurumlara izahat verilməsi üçün dəvət olunmuşdur. Barəsində şikayət olunan X4 övladları Burxan və Bəysəfa Əliyevlər CM-nin 221.2.1, 221.2.2, 221.3 və 139-1.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq, barələrində Abşeron rayon məhkəməsinin hökmü ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, Rizvan Əliyev 28 iyun 2020-cı il tarixdə ona müraciət etmiş və arvadı X19 ilə müqavilə bağlanmış, Fərdi Hüquq Bürosuna Rizvan Əliyev 200 manat müqavilə üçün pulu ödəmiş və notarial qaydada Rahilə Əliyevaya etibarnamə verilmiş və Rahilə Əliyevaya hüquqi yardımlar verilmişdir. Bundan başqa Rizvan Əliyevin övladları ilə bağlı müraciətlər olunmuş və CM-nin 221.2.1, 221.2.2, 221.3, 139-1.1-ci maddələrindən 315-ci maddəsinə tövsif olunmuşdur. Daha sonra Rizvan Əliyevə izah olunmuşdur ki, onun övladları Abşeron rayon, X14 əməkdaşları Dəyanət Piriyev və Taleh Kərimova bədən xəsarətləri yetirdikləri üçün onlarla barışıq əldə olunmalı və DİO-nun əməkdaşlarından üzür istənilməlidir. 28.10.2020-ci il tarixdə saat 18:53 radələrində X16 ailəsinin yaşadığı ünvana Rahilə Əliyeva ilə gələrək, onun ünvanına Abşeron rayon polis idarəsinin, X14 əməkldaşlarını öldürəcəyi ilə hədələmiş, etik normadan kənar ifadələr edərək, xuliqanlıq etmiş və ona polislərlə əlbir olduğunu bildirib, 3 gün ona vaxt vermiş, polis əməkdaşlarını yola gətirmədiyi təqdirdə, ailəsini öldürəcəyi ilə hədələmiş və şərəf və ləyaqətini alçaltmışdır. Beləki, X4 qanunsuz hərəkətləri ilə hədə-qorxu gəlmə yolu ilə müşayiət olunan ziddiyyətləri barədə DİN 102 xidmətinə zəng edərək, Bakı şəhəri, Nəsimi Rayon Polis idarəsinin, 19-cu polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bununla bağlı barələrində şikayət etdiyi X16 və X7 izahatları alınmış və onlar izahatlarında, ona guya 16.000 manat verdiklərini, daha sonra guya onlara 5000 manat borcu olduğunu və biri-birindən fərqli izahatlar vermişlər. Nəsimi RPİ-nin 19-cu PŞ-də aparılan araşdırmalar zamanı, sonuncular peşmançılıqlarını bildirdikdən sonra, 19-cu PŞ-də şikayətinin olmaması ilə bağlı aparılan araşdırmaya xitam verilməsini xahiş etmişdir. Daha sonra Rizvan Əliyev onun barəsində süni ittiham sübutlar ilə dolu şər və böhtan xarakterli şikayət ərizələri ilə hüquq mühafizə orqanlarına müraciət etmiş, şikayət ərizəsində gah ona 22.000 manat, daha sonra 16.000 manat və daha sonra 5000 manat onlara borcunun olduğunu bildirmişdir. X20 pul verməyib, onun şikayət ərizəsində göstərdikləri şər və böhtandır. O, Rizvan Əliyevin arvadı X19 ilə müqavilə bağlayıb, bunun müqabilində Fərdi Hüquq Bürosuna 200 manat dövlət rüsumu keçirilmişdir. Rizvan Əliyev ona pul verməyib, sonuncu onun barəsində şikayət ərizəsində göstərdikləri tam yalan və böhtandır, bununla bağlı da Bakı şəhər, Nəsimi rayon Polis İdarəsinin 19-cu X21 bölməsində 12 avqust 2021-ci il tarixli № 083-12548-1221 nömrəli “cinayət işi başlanmasını rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Cəmiyyətdə tutduğu mövqeyindən və sosial vəziyyətindən asılı olmayaq, hər bir insanın şərəf və ləyaqəti müdafiə olunmalıdır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. CM-nin 147.1-ci maddəsinin mənasına görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma--min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni Məcəllənin 148-ci maddəsinin mənasına görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma--min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2 maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zəzər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 88.1.3-cü maddəsinə əsasən cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittaham qaydasında şikayət vermiş şəxs - xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Göstərilənləri nəzərə alaraq X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib, cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X15 bildirmişdir ki, tərəfindən X1 qanunsuz hesab etdiyi hərəkətləri ilə bağlı müvafiq hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Lakin həmin müraciət böhtan xarakteri daşımamış, yəni kütləvilik əlamətinə malik olmamış, bu müraciət yalnız müvafiq qurumların X1 barəsində qanuni tədbirlər görülməsinin təmin edilməsi məqsədilə edilmişdir. Hətta əgər tərəfindən edilmiş həmin müraciət böhtan xarakterli olsaydı belə, müvafiq dövlət orqanına ünvanlanmış olduğundan kütləvi çıxış hesab edilə və onun əməli isə cinayət kimi qiymətləndirilə bilməzdi. Bundan əlavə şikayət ərizəsində qeyd edilən halların absurd olduğunu, yəni xüsusi ittihamçının evinə getmədiyini, onu evində həyat yoldaşının qarşısında alçaltmadığını, təhqir və böhtan xarakterli ifadələr işlətmədiyini, həmçinin şikayət verən şəxsin yaxın qohumlarının və qonşularının yanında onun şərəf və ləyaqətini alçaldan heç bir təhqir və böhtan xarakterli sözlər demədiyini, əksinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən onun barəsində təhqir və böhtan xarakterli məlumatlar işlədilmiş və ona şər və böhtan atılmışdır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X11 bildirmişdir ki, X8 istinad edilən əməldə cinayət əlamətləri yoxdur və şikayət əsassızdır. Belə ki, hər hansı şəxsin bu və ya digər məsələ ilə bağlı dövlət orqanlarına müraciət etməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları bildirmiş (yaymış) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Yəni, X15 tərəfindən müvafiq hüquq mühafizə orqanına edilmiş müraciət kütləvilik əlamətinə malik olmadığından sonuncuya istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi yaranmır. Bundan başqa, X3 xüsusi ittiham qaydasında şikayət vermiş X5 yaxın qohumlarının və qonşularının yanında onun şərəf və ləyaqətini alçaldan təhqir və böhtan xarakterli ifadələri ilə bağlı da bildirmək istəyir ki, əgər bu hal baş vermiş olsaydı belə onun hərəkətlərində kütləvilik olmadığından Cinayət Məcəlləsinin qeyd olunan normalarının tələblərinə cavab vermir. Göstərilənləri nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə olan hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Çünki, burada kütləvilik əlaməti yoxdur. Əgər böhtan xarakterli məlumatlar mətbuatda dərc edilsə, radio və televiziya verilişlərində səsləndirilsə, elektron vasitələrlə yayınlansa, kinoxronikal proqramlarda nümayiş etdirilsə, əsərlərdə təsvir edilsə, yığıncaq və toplantılarda deyilsə və sair üsullarla yayılsa idi, o zaman həmin məlumatlar qeyri-müəyyən şəxslər dairəsi üçün açıq olardı və burada kütləvilik əlaməti də mövcud olardı. Bundan əlavə xüsusi ittiham qaydasında şikayətdən, xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən şikayətdə göstərilən cinayətin harada, nə vaxt və necə törədilməsi, törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər mötəbər sübutlarla təsdiq edildiyi əks olunmamışdır. Göründüyü kimi şikayət ərizəsində X8 istinad edilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147.1 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X12 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X8 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-472/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-472/2021
06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver