Məhkəmə qərarları › İş №1(006)-475/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-475/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-475/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Günay Alim qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2, Zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 14 oktyabr 1989-cu il tarixdə Saatlı rayonu, Cəfərxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Saatlı rayonu, Cəfərxan kəndində qeydiyyatda olan, tutulduğu günə qədər həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 dekabr 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov prospekti ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «BBK4819» saylı mobil baza stansiyasının qarşısına gəlib ətrafda kənar şəxslərin olmamasından istifadə edərək özündə olan istintaqla müəyyən edilməyən kəlbətinlə həmin bazanın çöl tərəfdə olan ictimai əhəmiyyətli rabitə xətti sayılan hər metrinin qiyməti 10 manat olmaqla ümumilikdə 260 manat dəyərində 26 metr uzunluğunda qeyri-metal izolyasiya təbəqələrindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət elektrik naqilini kəsməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 MMC-yə 260 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 may 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov prospekti ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «BBK4819» saylı mobil baza stansiyasının qarşısına gəlib, ətrafda kənar şəxslərin olmamasından istifadə edərək özündə olan istintaqla müəyyən edilməyən kəlbətinlə həmin bazanın çöl tərəfdə olan ictimai əhəmiyyətli rabitə xətti sayılan hər metrinin qiyməti 12 manat olmaqla ümumilikdə 540 manat dəyərində 45 metr uzunluğunda qeyri-metal izolyasiya təbəqələrindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət elektrik naqilini kəsməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 MMC-yə 540 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 may 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov prospekti ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «BBK4819» saylı mobil baza stansiyasının qarşısına gəlib, ətrafda kənar şəxslərin olmamasından istifadə edərək özündə olan istintaqla müəyyən edilməyən kəlbətinlə həmin bazanın çöl tərəfdə olan ictimai əhəmiyyətli rabitə xətti sayılan hər metrinin qiyməti 12 manat olmaqla ümumilikdə 480 manat dəyərində 40 metr uzunluğunda qeyri-metal izolyasiya təbəqələrindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət elektrik naqilini kəsməklə gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 MMC-yə 480 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 may 2021-ci il tarixdə saat 04 radələrində ünvan 3 ünvanda yerləşən «Dostluq» kinoteatrının qarşısına gəlib həmin kinoteatrın damında quraşdırılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan mobil baza stansiyasının çöl tərəfdə olan ictimai əhəmiyyətli rabitə xətti sayılan hər metrinin qiyməti zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 6 manat 50 qəpik olmaqla ümumilikdə 149 manat 50 qəpik dəyərində 23 metr uzunluğunda elektrik naqilini özündə olan istintaqla müəyyən edilməmiş kəlbətinlə kəsməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxs "xxxx" MMC-yə 149 manat 50 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 iyun 2021-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov prospekti ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «BBK4819» saylı mobil baza stansiyasının qarşısına gəlib, ətrafda kənar şəxslərin olmamasından istifadə edərək özündə olan istintaqla müəyyən edilməyən kəlbətinlə həmin bazanın çöl tərəfdə olan ictimai əhəmiyyətli rabitə xətti sayılan hər metrinin qiyməti 12 manat olmaqla ümumilikdə 180 manat dəyərində 15 metr uzunluğunda qeyri-metal izolyasiya təbəqələrindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət elektrik naqilini kəsməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 MMC-yə 180 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 04 iyun 2021- ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov prospekti ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «BBK4819» saylı mobil baza stansiyasının qarşısına gəlib, ətrafda kənar şəxslərin olmamasından istifadə edərək özündə olan istintaqla müəyyən edilməyən kəlbətinlə həmin bazanın çöl tərəfdə olan ictimai əhəmiyyətli rabitə xətti sayılan hər metrinin qiyməti 12 manat olmaqla ümumilikdə 120 manat dəyərində 10 metr uzunluğunda qeyri-metal izolyasiya təbəqələrindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət elektrik naqilini kəsməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 MMC-yə 120 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin dekabr ayında maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən Zərərçəkmiş şəxs1 şirkətinin yanından hər dəfə keçərkən şirkətin çölündə naqilləri görmüş və qərara gəlmişdir ki, həmin naqilləri oğurlasın. İlk dəfə 15 dekabr 2020-ci il tarixdən 16 dekabr 2020-ci il tarixə keçən gecə saat 04 radələrində şirkətin yanına gəlmiş, əvvəlcə ətrafa nəzər salmışdır ki, kənarda kiminsə olub-olmadığına əmin olsun. O, heç kimin olmadığına əmin olduqdan sonra özü ilə götürdüyü kəlbətinlə şirkətin çölündə olan qalın mis naqilləri kəsməyə başlamışdır. Həmin vaxt təxminən 26 metr naqil kəsmiş və həmin naqilləri özü ilə gətirdiyi çantaya qoyub aparmışdır. Sonra o, Mirəli Qaşqay küçəsində olan tikintilərin birində həmin naqilləri əridib əldə etdiyi misi sonradan səyyar əlvan metal qəbul edən qaraçılara satmışdır. Bundan sonra 2021-ci ilin may ayında yenə də oğurluq etmək qərarına gəlmiş, həmçinin Zərərçəkmiş şəxs1 şirkətinin yanından keçərkən oğurladığı naqillərin bərpa olunduğunu görmüşdür. Bu səbəbdən 2021-ci ilin may ayının 07-dən 08-nə keçən gecə saat 03 radələrində əvvəlki qaydada şirkətin yanına gəlib ətrafda heç kimin olmamasına əmin olduqdan sonra özü ilə gətirdiyi kəlbətinlə təxminən 45 metr mis naqilləri kəsmiş və onları tikilidə əridərək əldə etdiyi misi qaraçılara satmışdır. Bundan başqa, 2021-ci ilin may ayının 12-dən 13-nə keçən gecə saat 03 radələrində əvvəlki qaydada şirkətin yanına gəlib ətrafda heç kimin olmamasına əmin olduqdan sonra özü ilə gətirdiyi kəlbətinlə təxminən 40 metr mis naqilləri kəsmiş və onları tikilidə əridərək əldə etdiyi misi qaraçılara satmışdır. Bundan başqa, 2021-ci ilin may ayının 28-dən 29-na keçən gecə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Dostluq» kinoteatrının binasının yanında qalın elektrik naqilləri görüb, həmin naqilləri oğurlamaq qərarına gəlmişdir. Bunun üçün özü ilə götürdüyü kəlbətinlə həmin binanın kənarı ilə gedən elektrik naqilinin təxminən 23 metrini kəsib çantaya qoyaraq oradan uzaqlaşmışdır. Sonradan həmin naqilləri əridib içərisində olan misi səyyar əlvan metal alışı ilə məşğul olan tanımadığı şəxslərə satmış, pulunu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2021-ci ilin iyun ayının 01-dən 02-nə keçən gecə saat 04 radələrində yenə də Zərərçəkmiş şəxs1 adlı şirkətə məxsus çöldə olan mis naqilin 15 metrini oğurlamaqla həmin naqili əridib əldə etdiyi misi qaraçılara satmışdır. Bundan başqa, 2021-ci ilin iyun ayının 03-dən 04-nə keçən gecə saat 04 radələrində yenə də həmin şirkətə məxsus çöldə olan mis naqilin 10 metrini oğurlamaqla həmin naqili əridib əldə etdiyi misi qaraçılara satmışdır. Sonuncu dəfə isə 2021-ci ilin iyun ayının 05-dən 06na keçən gecə saat 04 radələrində yenə də həmin şirkətə məxsus çöldə olan mis naqilin 5 metrini oğurlamaqla həmin naqili əridib əldə etdiyi misi qaraçılara satmışdır. Əldə etdiyi misləri küçədə səyyar əlvan metal qəbulu ilə məşğul olan qaraçılara satmış, onlara misin oğurluq olması ilə bağlı heç bir söz deməmiş, hər dəfə əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Sonuncu dəfə 06 iyun 2021-ci il tarixdə oğurluq etdikdən sonra əldə etdiyi naqili tikiliyə aparıb orada əritmişdir. Ümumiyyətlə, son zamanlar oğurladığı naqilləri əridib tikilidə yığmışdır ki, onları sonra satsın. 07 iyun 2021-ci il tarixdə gündüz saatlarında tikiliyə gələrək əritdiyi naqillər olan kisəni götürərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində törətdiyi əməlləri etiraf etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, 16 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən «BBK4819» saylı mobil baza stansiyasından 26 metr tərkibi mis olan naqillər oğurlanmışdır. Bundan əlavə, 08 may 2021-ci il tarixdə həmin mobil baza stansiyasından 45 metr elektrik naqilləri oğurlanmışdır. Sonradan 13 may 2021-ci il tarixdə təkrarən həmin mobil baza stansiyasından «sip» tipli 40 metr elektrik naqilləri oğurlanmışdır. Bundan əlavə, 02 iyun 2021-ci il tarixdə mobil baza stansiyasından təkrarən 15 metr elektrik naqilləri oğurlanmışdır. Bundan əlavə, 04 iyun 2021-ci il tarixdə təkrarən mobil baza stansiyasından 10 metr alüminium naqillər oğurlanmışdır. Bundan başqa, 06 iyun 2021-ci il tarixdə mobil baza stansiyasından 5 metr mis naqillər oğurlanmışdır. Həmçinin 06 iyun 2021-ci il tarixdə mobil baza stansiyasında baş vermiş oğurluq zamanı 3 ədəd «Benning İD PSU» markalı avadanlıqlar zədələnmişdir. Yuxarıda göstərdiyi oğurluq hadisələrinin hamısı gecə saatlarında baş vermişdir. 06 iyun 2021-ci il tarixdə oğurluq hadisəsindən xəbər tutduqdan sonra DİN «102» xidmətinə zəng vurub bu barədə məlumat vermiş, müraciətindən sonra həmin oğurluq hadisələrinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuş və sonuncu tutulmuşdur. Baş vermiş oğurluq nəticəsində MMC-yə ümumilikdə 1580 manat maddi ziyan dəymişdir. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 MMC-yə ümumilikdə 1580 manat məbləğində maddi zərər dəymişdir. Göstərilənləri nəzərə alaraq, vurulmuş maddi zərərə görə 1580 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının 28-dən 29na keçən gecə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus ünvan 4 ünvanda yerləşən «Dostluq» kinoteatrının üzərindəki mobil baza stansiyasının 23 metr elektrik naqilləri oğurlanmışdır. Bu barədə həmin sahənin texniki-istismar mühəndisi Şahid2 məlumat aldıqdan sonra bu barədə Zərərçəkmiş şəxs2 MMC-nin rəhbərliyinə bildirmiş və MMC-dən məktubla Nəsimi RPİ-nin 21-ci polis bölməsinə müraciət olunmuşdur. Oğurlanmış elektrik naqilinin hər bir metri 6 manat 50 qəpik olmaqla cəmi 23 metr naqilin oğurlanması nəticəsində MMC-yə 149 manat 50 qəpik ziyan maddi dəymişdir. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə ümumilikdə 149 manat 50 qəpik manat məbləğində maddi zərər dəymişdir. Göstərilənləri nəzərə alaraq, vurulmuş maddi zərərə görə 149 manat 50 qəpik məbləğində pulun və 20 (iyirmi) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-yə verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən hazırki vaxta kimi "xxxx" MMC-də texniki-istismar mühəndisi işləyir. MMC ilə Zərərçəkmiş şəxs2 MMC arasında bağlanmış müqaviləyə əsasən MMC "xxxx" MMC-yə məxsus mobil baza stansiyalarına nəzarət etməklə həmin stansiyalarda baş vermiş nasazlıqları aradan qaldırmaqla məşğul olur. 2021-ci ilin may ayının 28-dən 29-na keçən gecə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus ünvan 4 ünvanda yerləşən «Dostluq» kinoteatrının üzərindəki mobil baza stansiyasının 23 metr elektrik naqilləri oğurlanmışdır. Bu barədə o, dispetçerdən məlumat alıb səhər saatlarında hadisə yerinə getdikdə görmüşdür ki, kinoteatrın binasının aşağı hissəsində olan və binanın yanı ilə çəkilmiş təxminən 23 metr uzunluğunda elektrik naqilləri kəsilərək oğurlanmışdır. Sonradan onlar təmir-bərpa işləri aparmışlar və mobil baza stansiyasına işlək vəziyyətə gətirmişlər. Oğurlanmış elektrik naqilin əsası mis materialdan olmuş, içərisindəki naqillər 4 ədəd damardan ibarət olmuşdur. O, oğurluq faktını aşkar etdikdən sonra bu barədə rəhbərliyə məlumat vermiş, rəhbərlik isə bununla əlaqədar "xxxx" MMC-yə bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 MMC-də sahə mühəndisi işləyir. 06 iyun 2021-ci il tarixdə saat 05 radələrində şirkətdən ona bildirmişlər ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi və Bakıxanov küçələrinin kəsişməsində yerləşən obyektin damında quraşdırılmış stansiyaya məxsus bazada enerji yoxdur. O da həmin yerə getmiş və orada olan zaman həqiqətən də Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi və Bakıxanov küçələrinin kəsişməsində yerləşən obyektin damında quraşdırılmış stansiyaya məxsus bazadan 5 metr uzunluğunda olan elektrik naqilinin oğurlandığının şahidi olmuş və bu barədə rəhbərliyə məlumat vermişdir. Bununla bağlı MMC-nin hüquqşünası dərhal hadisə ilə bağlı DİN «102» xidmətinə zəng vuraraq məlumat vermişdir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.35); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 4(006)-235/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 07 iyun 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.73-76); - "xxxx" MMC 21 iyun 2021-ci il tarixli məktubla məktubla RPİ-nin 21-ci polis bölməsinə müraciət edərək ünvan 5 ünvanında yerləşən “Dostluq” kinoteatrının binasının damında yerləşən stansiyaya baxış keçirilən zaman stansiyanın 60 metrlik enerji kabelinin 23 metrinin oğurlanmasının aşkar olunduğu göstərilmişdir. Qeyd olunan məktub 21 iyun 2021-ci il tarixli məktubla Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. (İ cild, i.v.106); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 6/2796-9/4873 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş qeyri-metai izolyasiya təbəqələrindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtılsarı rəngli simlərdən ibarət, üzərində “ZHONGLİ SCİ-TECH GROUP ZA-RVV 0.6/1 kV” və “70°C İEC 60502-İ CG İEC 60332-1 İEC 60332-3-22 SUN. RES.” yazıları olan, bir hissəsinin izolyasiya təbəqəsi olmayan, təxminən 71,5 sm uzunluqlu, ümumi diametri təxminən 21,0 mm, damarlardan bir ədədinin diametri təxminən 6,5 mm, qırmızımtıl-sarı rəngli simlərin bir ədədinin diametri təxminən 0,3 mm olan 1 ədəd kabel nümunəsi mis əsaslı ərintidən hazırlanmışdır; 2,55 qram kütləli, təxminən 17,5 sm uzunluqlu, diametri 2,5 mm olan, gümüşü rəngli məftil nümunəsi alüminium əsaslı ərintidən hazırlanmışdır. Aparılmış fıziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq təqdim edilmiş kabelin 1 metrinin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 10,00 manat, 2021-ci ilin may-iyun aylarına təxminən 12,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (İ cild, i.v.120-123); - “Sübutların qiymətləndirilməsi haqqında” 10 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 5 metr alüminium naqillər xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilmiş və saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (İ cild, i.v.133-144); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin tərəfindən 07.08.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 24.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin 04.08.2016-cı il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, 01.12.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli qərarı ilə 07.11.2017-ci il tarixli hökm dəyişdirilərək CM-nin 29,177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, CM-nin 29,177.2.3-cü maddəsi ilə 03 il 03 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13.09.2018-ci il tarixli qərarı ilə CM-nin 29,177.2.3-cü maddəsi ilə təyin edilmiş 03 il 03 ay azadlıqdan məhrum etmə cəzası 02 il 09 aya endirilmiş və 04.02.2020-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə 02 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur (İ cild, i.v.127-129); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, sonuncu vurulmuş maddi zərərə görə 149,50 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə verilməsini məhkəmədən xahiş etmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 MMC tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, sonuncu vurulmuş maddi zərərə görə 1580 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (qulruğo) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. "Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə, həmin Məcəllənin 177.2.3-2-ci maddəsi isə eyni əməllərin neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs bu hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən məhkəmə aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 07 iyun 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə zərər çəkmiş hüquqi şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 MMC və "xxxx" MMC tərəfindən verilmiş mülki iddiaların dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddialar təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında mülki cavabdeh – təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş hüquqi şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs2 MMC-yə 149,50 manat, Zərərçəkmiş şəxs1 MMC-yə isə 1580 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs1 MMC-nin mülki iddiaları təmin edilməli, Zərərçəkmiş şəxs1 MMC-yə dəymiş ziyana görə 1580 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməli, Zərərçəkmiş şəxs2 MMC-yə dəymiş ziyana görə isə 149,50 manat məbləğində pul vəsaiti və mülki iddianın verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 iyun 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin mülki iddiası təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 149,50 (yüz qırx doqquz manat, əlli qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin mülki iddiası təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 1580 (min beş yüz səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar