Məhkəmə qərarları › İş №1(006)-475/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-475/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-475/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,504 qram çəkidə narkotik vasitə heroini və 0,339 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 14 sentyabr 2022-ci il tarixdə Nəsimi rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:10-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 bükümdə 0,504 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 01 bükümdə 0,339 qram çəkidə kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddə ona məxsus olmamışdır. O, 2014-cü ildən metadon kursundadır, müalicə alır, narkotik vasitə qəbul etmir. xx.xx.2022-ci il tarixdə birlikdə metadon kursuna getdiyi bir nəfər tanışı ilə Xarici Dillər Universitetinin yanından Nəsimi rayon polis idarəsinə tərəf gəzəgəzə gedən zaman idarəyə çatmamış tanışı ona balaca bir qutu vermiş, mağazaya gedibgələcəyini bildirərək ondan aralanmış və sonuncu kənara çəkilən kimi polis əməkdaşları ona yaxınlaşaraq saxlamış və polis idarəsinə aparmışlar. Polis əməkdaşları ona yaxınlaşan zaman tanışının verdiyi qutu əlində olmuş, qutunun içərisinə baxmamış və içərisində nə olduğunu bilməmişdir. Əgər qutuda narkotik vasitə olduğunu bilsəydi, götürməzdi. İdarədə şəxsi axtarış aparılan zaman üzərindən iki ədəd büküm aşkar olunmuş və həmin bükümlərdən birinin içərisində “kokos” adlanan narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olmuşdur. Həmin maddələrə görə heç bir pul ödəməmişdir. Polis idarəsində içərisində narkotik vasitə və psixotrop maddə olan bükümlərin ona məxsus olmadığını, az öncə həmin maddələri tanışının ona verdiyini bildirsə də, ona qulaq asan olmamış, həmin bükümlərin ona məxsus olduğunu boynuna götürmədiyi halda onu külli miqdarda narkotik vasitə saxlamaqda ittiham edəcəkləri ilə hədələmişlər. O da məcbur olub həmin bükümlərin özünə məxsus olduğunu bildirmiş və izahatına qol çəkmişdir. Onu hədələyən polis əməkdaşlarının adlarını bilməmiş, eyni zamanda onların hərəkətlərindən heç bir yerə şikayət etməmiş, ailə üzvləri də şikayət etməməsini məsləhət bilmişlər. Daha sonra etdiyi əməldən peşman olduğunu, xəstə olduğunu və müalicəsinin yarımçıq qaldığını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən «Elvin» adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması və daşıması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması üçün ondan və şöbənin kiçik inspektoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid1la birlikdə saat 01 radələrində əldə etdikləri məlumat əsasında ünvan 5 ünvanın qarşısında olarkən saat 01:10 radələrində «Elvin» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində narkotik vasitələri üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, «Elvin» adlı şəxsi Nəsimi RPİ-yə dəvət etmişlər. Orada olarkən «Elvin» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və sonuncu onlarla birlikdə Nəsimi RPİ-yə gəlmişdir. Polis idarəsində təhqiqatçı İlham Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olubolmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd yaşıl rəngli şəffaf sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs əlində olan bir ədəd “Nokia” markalı mobil telefonu da təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 14 sentyabr 2022-ci il tarixdə Nəsimi rayonu Rəşid Behbudov küçəsində Xarici Dillər Universitetinin qarşısında “Samir” adlı şəxsdən 30 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim eldiyi iki ədəd büküm və bir ədəd mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin Cinayət axtarışı şöbəsinin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.26); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Nəsimi rayon prokuroruna vəsatət verilmiş, lakin Nəsimi rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri Fərid Dadaşov tərəfindən vəsatət təmin edilməyərək Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.86-88); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.89-90); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5156 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №186” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd yaşıl şəffaf sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli maddə, bir ədəd yaşıl rəngli şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə; Təqsirləndirilən şəxs –imza; imzalar, tərtib etdi : İlham Məmmədovimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi -0,504 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd bükümdəki təmiz çəkisi -0,339 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (i.v.62-64); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2022-ci il tarixli, 5745 saylı rəyindən görünür ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MOP (+), AMP (+) aşkar olunmuşdur. Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.110-111); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümimi təmiz çəkisi 0,504 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,454 qram qalığı və ümumi təmiz çəkisi 0,339 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0,289 qram qalığı xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları və maddi sübutla tanış oldduqdan sonra saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına verilmişdir (i.v.120-128); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə Nəsimi RPİ-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan, bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan yaşıl rəngli şəffaf sellofan bükümlər və əlində olan bir ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür (i.v.49-52); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 26 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.1, 234.1, 66,3-cü maddələrinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, xx.xx.2013-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur (i.v.106-108); - “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Nokia” markalı mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (i.v.117); - Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs ilk öncə əlindəki özünə məxsus “Nokia” markalı mobil telefonu masanın üzərinə qoyduqdan sonra əynindəki göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd yaşıl şəffaf sellofana bükülmüş birinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan bükümü, ikincisinin isə içərisində ağ rəngli kristalşəkilli maddə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra o, bir ədəd yaşıl şəffaf sellofan kağıza bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddənin el içində “kokos” deyilən narkotik vasitə heroin olduğunu, ikinci yaşıl şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli maddənin el içində “patı” deyilən psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri Nəsimi rayonu, Rəşid Behbudov keçəsində Xarici Dillər Universitetinin qarşısında “Samir” adlı şəxsdən 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, üzərində olan narkotik vasitənin ona məxsus olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, səmimi ifadələr vermiş, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilmişdir. Halbuki, Elvun Məmmədov ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 01 (bir) gün tutulma müddəti həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 27 dekabr 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 5745 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, 0,504 qram narkotik vasitə heroinin qalıq 0,454 qram hissəsi və 0,339 qram olan psixotrop maddə metamfetaminin qalıq 0,289 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 01 gün tutulma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra 0,504 qram narkotik vasitə heroinin qalıq 0,454 qram hissəsi və 0,339 qram olan psixotrop maddə metamfetaminin qalıq 0,289 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar