Məhkəmə qərarları › İş №1(006)-475/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-475/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-475/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Qazax şəhəri, X3 küçəsi, ev 4, mənzil 34-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X5 küçəsi ev 4də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:15 radələrində ünvan 1 ünvanda yerləşən “City Mall” Ticarət mərkəzinin qarşısına “Bolt” tətbiqi vasitəsilə taksi sifariş edib həmin sifariş əsasında oraya yaxınlaşan sürücü Zərərçəkmiş şəxs yolun əks istiqamətində dayandığına görə mobil telefonu vasitəsilə sonuncuya zəng vurub avtomobili onun yanına sürməsini tələb etməsinə baxmayaraq Zərərçəkmiş şəxs etirazına görə aralarında mobil telefonda danışıq zamanı yaranmış sözlü mübahisə səbəbindən Təqsirləndirilən şəxs dayandığı yerə yaxınlaşıb avtomobilin açıq pəncərəsindən sükan arxasında əyləşən Nişat İbrahimovun qəsdən sifət nahiyəsindən yumruq zərbələri vuraraq ona - sol göz qapaqlarının və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı “Bolt” taksi şirkətindən istifadəsində olan ***-***-**-** nömrəsi vasitəsilə ünvan 1 ünvanın yaxınlığından yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X5 küşəsi ev 4 ünvanına taksi sifariş vermişdir. Onun sifarişi əsasında gələn taksi sürücüsü X2 ilə bir neçə dəfə telefon əlaqəsi saxlayaraq ondan tez gəlməsini xahiş etsə də, sonuncu onun olduğu yeri tapa bilmədiyindən və o həmin ərazini yaxşi tanımadığından ona olduğu yeri izah edə bilməsədə, həmin məkandan sifariş verdiyini deyərək ona “necə sürürsən ki, məkanı tapa bilmirsən?” deyərkən Zərərçəkmiş şəxs onun ünvanına cinsiyyət orqanının adını çəkməklə nəlayiq ifadə ilə “get burdan” dediyindən Təqsirləndirilən şəxs ona irad tuduqda isə Zərərçəkmiş şəxs onu söymədiyini bildirmişdir. Bu zaman o yaxınlıqdan keçən bir nəfər qadından Zərərçəkmiş şəxs ilə telefon danışığı apararaq onun harada olmasını başa salmasını xahiş etdiyində həmin qadın Zərərçəkmiş şəxsla danışdıqdan sonra onun yolun əks tərəfində olduğunu bildirdiyindən o yolu əks tərəfə keçib ona yaxınlaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs Səfəq oğlu idarə etdiyi Mersedes Benz E220 GDİ markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında əyləşərək avtomobilin sol yan ön qapı şüşəsini aşağı salıb onunla danışarkən o, Nişatdan “niyə məni söyürsən” soruşarkən sonuncu yenə də onunla kobud rəftar edərək onu söymədiyini bildirsədə, üzr istəmədiyindən o əsəblərinə hakim ola bilməyib Zərərçəkmiş şəxs avtomobildə əyləşdiyi halda qapı şüşəsinin aşağı olmasından istifadə edərək əl atıb onun yaxasından tutmaq istəmiş lakin alınmamışdır, ikinci dəfə isə əl atanda şillə ilə üz nahiyəsindən vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs yenə də onu sömədiyini dediyindən o avtomobilin sağ yan ön qapısını açaraq ön oturucaqda əyləşib verdiyi sifarişi icra etməsini bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs ona getmədiyini, onun başına oyun açdıracağını, şöbələrdə süründürəcəyini bildirəndən sonra o avtomobildən enərək başqa taksi sifariş edərək evə getmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o uzun müddətdir taksi fəaliyyəti ilə məşğul olur və hadisə baş verən günə qədər 10 gün olardı ki, BOLT taksi şirkətində özünə məxsus Mersedes Benz E220 GDİ markalı **-KA-*** dövlət qeydiyyat nışanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2023-cü tarixdə saat 19:15 radələrinə BOLT taksi şirkətindən ona verilmiş sifariş əsasında ünvan 1 ünvanda yerləşən “City Mall” Ticarət Mərkəzinin qarşı tərəfinə gələrək sifarişdə qeyd olunan müştərinin yəni, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə zəng edərək sifariş verilən ünvanda olduğunu deyərkən sonuncu ona yolun əks tərəfində olduğunu deyərək ondan həmin yerə gəlməsini tələb edərkən o, Təqsirləndirilən şəxs həmin yerə getməkdən ötrü qabaqdan geriyə dönməli olduğunu və bunun üçün təxminən 2-3 km yol gedəcəyini, qarşıda tıxac olduğundan vaxt itkisi olmasini izah edərək ona başqa taksi sifariş verməsini tövsiyyə etsədə, Təqsirləndirilən şəxs onunla kobud danışaraq nəlayiq ifadələr səsləndirməklə “gözlə orda gəlirəm” dediyindən o, həmin yerdə avtomobildə əyləşərək Təqsirləndirilən şəxs gözləmişdir. Təqsirləndirilən şəxs ona yaxınlaşan kimi “niyə məni söyürsən” soruşaraq onun cavab verməsini gözləmədən avtomobilin sol yan ön qapı şüşəsinin açıq olmasından istifadə edərək onun üz və sol göz altı nahiyəsindən əli ilə zərbə endirərək xəsarət yetirmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs “səni söyməmişəm” deyərkən sonuncu avtomobilə sağ tərəfdən yaxınlaşaraq ön oturacaqda əyləşib etdiyi səhfə görə üzr istəmədən “onda sür gedək” deyərkən o buna etiraz edərək sürməyəcəyini və ondan şikayət edəcəyini bildirdikdə, Təqsirləndirilən şəxs yenə də ondan üzr istəməyib kobud danışaraq avtomobildən düşdükdən sonra o hadisə barədə DİN 102 Xidməti Zəng Mərkəzinə məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X7 xx.xx.2023-cü il tarixli 1500 saylı sağlamlığa zərər vurmanın təyininə dair məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol göz qapaqlarının və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır şişkinlik halında əzilməsi bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni xx.xx.2023-cü il tarixdə əmələ qələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. (i/v 20-22). İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə barəsində 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i/v 50-51). Məhkəməyə təqdim edilmiş 21 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-475/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar