Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-476/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X6 22 iyul 2024-cü il tarixdə şər, böhtan ataraq 28-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizədə absurd və heç bir sübut təqdim etmədən onu ölümlə hədələməsi və xx.xx.2024-cü il tarixdə güya birgə mülkiyyətləri olan mənzilə qalxaraq atası X8 təhqir etdiyi barədə şikayət etmişdir. Ona 28-ci Polis Bölməsindən zəng olunaraq bölməyə dəvət olunmuş və təqdim edilən görüntü ona böhtan atıldığını sübut etmişdir. Bundan əlavə X1 yaxınlaşaraq onun adından birgə mülkiyyətlərinə aid olan mənzilin blokuna daxil olmaq üçün domofon çipini almış və onun bunu öyrənib “Kristal Abşeron”un komendantından çipi tələb etməsini öyrəndikdən sonra ora gedərək komendantlıqda onun cinayətkar olduğunu və sözdə onun təhlükəsizliyinə onların təminat verməli olduğunu bildirmişdir. Bundan sonra adı qeyd edilən şirkətdə onun işgüzar nüfuzuna ciddi xələl gəlmiş və şirkətin komendantı və rəhbəri Fikrət Məmmədovla görüş zamanı sonuncu X6 tərəfindən onlara şikayət olunduğu bildirmiş və domofon açarının Gülşən Qurbanovanın götürdüyünü demiş və ona çipi verməkdən imtina etmişlər. Nəticə etibarı ilə o, şirkətə ərizə ilə müraciət etməyə məcbur olmuşdur. X6 bununla kifayətlənməyərək övladları ilə onun cinayətkar olduğu barədə təbliğatlar aparır və bunu da atası X10 onların birgə mülkiyyəti olan mənzildə qeydiyyatsız yaşayaraq həyata keçirirlər. X6 onun ailə qurmasından hiddətlənərək “Facebook” sosial şəbəkəsində saxta “Aysel Nəcəfli” adlı profil yaratmış və profildə onunla qıcıqlandırıcı danışıq apararaq onu cinayət törətməyə təhrik etmək istəmişdir. Uşaqla görüş zamanı bu barədə yalnız X3 məlumat verildikdən sonra bütün profildəki danışıqlar silinmişdir. Əvvəllər də uşaqla ünsiyyət zamanı onu birgə mülkiyyətlərində olduğu mənzilə dəvət etmək istəmiş və ona təkrar şər, böhtan atmaq istəmişlər və övladlarını əldə oyuncaq kimi istifadə etmək istəmişlər. Uşaqla ünsiyyət üçün iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdiyi zaman X6 yenə şər, böhtan xarakterli qarşılıqlı iddia ərizəsi yazmış və onun göstərilənlərin şər, böhtan olduğunu arayış, foto və videolarla göstərməsinə baxmayaraq sonuncu öz iddiasında təkid etmişdir. X6 övladları oxuyan məktəb və baxçaya gedərək onun təhsil ocağına buraxılmaması və ona övladları barədə məlumat verilməməsi barədə məktəb rəhbərliyinə hədə-qorxu gəlmiş, onun cinayətkar və cani olduğunu onlara bildirmiş və onun barəsində mənfi təəssüratın yaradılması istiqamətində addımlar atmışdır. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə övladları ilə ünsiyyət üçün Yasamal rayonu “MİDA” yaşayış kompleksi, bina 14, mənzil 16ya gedərkən qızının sağ gözündə xəsarət görmüş, qızından səbəbini soruşarkən dəmir dəydiyini bildirmişdir. Bundan sonra o, foto qeydiyyat etmişdir. xx.xx.2023-cü il tarixdə o, qızı və oğlu ilə təkrar ünsiyyət zamanı qızının bu dəfə sağ gözündə xəsarət izi görmüşdür və təkrar nə olduğunu soruşmuş, qızı bu dəfə onu anasının vurduğunu və dirsəyi ilə zərbə endirdiyini bildirmişdir. O, “Elmlər Akademiyası” metrostansiyası ərazisində olan parkda keçmiş həyat yoldaşından bunun səbəbini soruşanda o, gözünün üstünü həşarat dişlədiyini bildirmiş və beləliklə də onda ciddi şübhələr oyatmışdır. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə 28-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş və 13 saylı uşaq poliklinikasına çağırış etmişdir. Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı polis mayoru Kamil Rahmanovun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, övladı X7 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ yuxarı göz qapağının hematoması, ödemi küt əşyanın təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Eyni ilə xx.xx.2023-cü il tarixdə uşaqlarla ünsiyyət zamanı oğlu X4 gözündə zərbə izi görmüşdür. Oğlundan onun şəklini çəkmək istəyən zaman onun qaçması onda ona zərbənin bilərəkdən vurulması şübhəsini artırmışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə 28-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Kamil Rahmanovun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından görünür ki, övladı X11 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ almacıq nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir. Bütün bu hallar onda övladlarının anası tərəfindən fiziki və psixoloji sağlamlığının təmin olunmadığına əminlik yaradır. xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsi Ramin Xəlilovun sədrliyi ilə keçən məhkəmə prosesində hakimə bilərəkdən yalan məlumat verərək onun polisə böhtan olaraq verdiyi ərizəsini bildirmiş və sözdə onun polisə müraciətindən sonra onun addımlarını dayandırdığını bildirmişdir. Hazırda uşaqlarla ünsiyyət prosesində X6 tərəfindən ciddi böhtana məruz qalır, bilərəkdən uşaqlarına təhrif olunmuş məlumatlar verir, onun işgüzar əlaqədə olduğu şirkətə gedərək onu cinayətkar adlandırır (baxmayaraq ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə məhkumluğu vaxtından əvvəl götürülmüşdür), ailəsində münaqişə yaradılması üçün ciddi təbliğatlar həyata keçirir, bilərəkdən şər, böhtan xarakterli ərizələr yazır və onunla birgə mülkiyyətlərində olan mənzillə maraqlanmaması üçün qanunsuz yollarla mane olur və ona “Park Yasamal” yaşayış kompleksində aldığı bina 14, 1 blokuna girişini qanunsuz yollarla və böhtanla əngəlləyir. X2 əməllərindən o və onun ailəsi ciddi problemlər yaşayırlar. Onun haqlı tələblərinə mane olmaqla, övladlarına xəsarət yetirməklə və bilavasitə şər, böhtan xarakterli əməlləri ilə ona həm maddi və mənəvi ziyan vurur. Bununla da, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini və X2 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayət ərizəsində X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi fərqləndirilməmişdir. Həmçinin, şikayət ərizəsində X3 istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, X2 28-ci Polis Bölməsinə və məhkəməyə şikayət ünvanlaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrində göstərilmiş “Təhqir” və “Böhtan” cinayətinin tərkibini yaratmır. Həmin maddələrdə göstərilmiş “Təhqir” və “Böhtan” cinayətinin tərkibinin yaranması üçün - təhqir və böhtan kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldığı təqdirdə yaranır. Müvafiq dövlət orqanlarına ünvanlanmış ərizədə göstərilənlər məlumatların kütləvi şəkildə yayılması sayılmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Beləliklə də, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödəniləcək məbləğ 6 manat müəyyən edilmişdir. Odur ki, X3 göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Universal Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X3 göstərilmiş hüquqi xidmətə görə Universal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-476/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-476/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver