Məhkəmə qərarları › İş №1(006)-477/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-477/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-477/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 31 avqust 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 19 mart 2025ci il tarixdə saat 18:10-da Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 102 saylı ünvanın qarşısında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun boynuna taxdığı qızıl boyunbağının üzərindəki 585 əyarlı 1,19 qram çəkidə zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 250 manat dəyərində qızıl kulonu dartıb ələ keçirməklə açıq talayıb əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir müxtəlif mərc oyunları oynayır. Bu səbəbdən ailəsində də problemlər yaranmışdır. Mərc oyunları oynadığı üçün onun müxtəlif şəxslərə borcları yaranmışdır. 19 mart 2025-ci il tarixdə yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsində kafelərdən birində spirtli içki qəbul etmişdir. Daha sonra Nəsimi rayonu ərazisinə gəlmiş, Nəsimi rayonu, 20 Yanvar küçəsi ilə hərəkətdə olan zaman bir nəfər qadını görmüşdür. Həmin qadın tək olmuşdur. O da spirtli içkinin təsiri altında həmin qadının qarşısına keçmişdir. Həmin qadınla bir neçə saniyə üzüzə dayandıqdan sonra sağ əlini onun boynuna ataraq sepini qırmağa çalışmışdır. Bu zaman sepin kulonu əlində qalsa da, sepin özünü götürə bilməmişdir. O, kulonu götürdükdən sonra tez bir zamanda qaçmağa başlamışdır. Həmin qadın onun arxası ilə qışqırmışdır. Lakin o, geriyə baxmadan oradan uzaqlaşmışdır. Bir neçə dəqiqə qaçdıqdan sonra Nəsimi rayonu, "Moskva" univermağında "Rubin" adlı mağazaya daxil olmuşdur. Həmin mağazada özünə məxsus olan kulonu satmaq istədiyini demişdir. Satıcı ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir. Daha sonra satıcı kulonu tərəziyə qoyaraq çəkisini ölçmüş və alış-satış kitabında qeydiyyat aparıb ona imza çəkdirmişdir. Bundan sonra satıcı ona 100 manat vermişdir. O da pulu və şəxsiyyət vəsiqəsini götürərək mağazanı tərk etmişdir. Əldə etdiyi pulu borclarının ödənməsinə xərcləmişdir. 20 mart 2025-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvanın qarşısında onu saxlayaraq polis şöbəsinə gətirmişlər. O, hadisəni spirtli içkinin təsiri altında törətmiş, hadisə zamanı tək olmuş və heç kimin köməyindən istifadə etməmişdir. O, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, heç bir silah və ya silah qismində əşya tətbiq etməmiş, saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı zorakılıq hərəkətlərinə məruz qalmamışdır. Daha sonra törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, 19 mart 2025-ci il tarixdə axşam saatlarında işlədiyi Yasamal rayonu, Elmlər Akademiyası metrosu yaxınlığında yerləşən "Bilik” tədris mərkəzindən evə qayıdan zaman saat 18 radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi 102 ünvanında bir nəfər şəxs arxadan ona toxunmuşdur. Zərərçəkmiş şəxs həmin şəxsin tanışlarından biri olmasını güman etmişdir. Bu zaman həmin şəxs onun önünə keçərək, onunla bir neçə saniyə üzüzə dayanmışdır. Həmin şəxs qəfildən əlini onun boynunda olan qızıl sepə atmışdır. O, sepi dartaraq qopartmaq istəsə də, buna nail olmamış, lakin sepin üzərində olan 585 əyarlı, 1,19 qram çəkidə qızıl kulon həmin şəxs tərəfindən ələ keçirilmişdir. Bundan sonra həmin şəxs qaçmağa başlamışdır. O, kömək çağıraraq onun arxası ilə qaçmışdır. Bir neçə saniyə qaçdıqdan sonra çata bilməyəcəyini başa düşmüş və dayanmışdır. Bundan sonra polis orqanlarına müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisəni törədən şəxs orta boylu, qara saqqallı, təxminən 30-35 yaşlarında, əynində qara rəngli şalvar və açıq rəngli gödəkçə olan kişi cinsinə mənsub şəxs olmuş, hadisə zamanı xəsarət almamış, ətrafda başqa heç kimi görməmişdir. Daha sonra ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam şəkildə ödənildiyini, onunla barışdığını və heç bir tələbi və şikayətinin olmadığını bildirərək, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, Nəsimi ayonu, Məmmədcəfər Cəfərov küçəsində yerləşən "Moskva” univermağında "Rubin" adlı mağazada qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində bir nəfər şəxs mağazaya gələrək özünə məxsus olan qızıl kulonu satmaq istədiyini demişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həmin şəxs vəsiqəni təqdim etdikdə onun xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Daha sonra həmin kulonu ondan alaraq baxmış və tərəzidə çəkisini ölçmüşdür. Həmin kulonun 1,2 qram çəkisi olmuşdur. Daha sonra alış-satış kitabında qızılın çəkisini, alacağı qiyməti və satan şəxsin məlumatlarını qeyd edərək ona imza çəkdirmişdir. Həmin şəxsə 100 manat təqdim etmiş və o, pulu götürərək mağazadan çıxmışdır. Kulonu gətirən şəxsi əvvəllər tanımamış, həmin şəxs qaraşın kişi cinsinə mənsub, ağ gödəkçə, qara şalvar geyinmiş şəxs olmuşdur. O, qızılın oğurluq olması barədə məlumatsız olmuş və kulonu istintaq orqanına təqdim etmək istədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.48-49); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.58); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-196/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 (iki) ay 29 (iyirmi doqquz) gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 20 mart 2025-ci il tarixdən, saat 18:30-dan hesablanmışdır (i.v.81-82); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 4 ünvanın qarşısıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.6-9); - “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş şəxslər arasından 3-cü sırada durmuş Təqsirləndirilən şəxs tanıyıb, məhz həmin şəxsin ona məxsus kulonu boğazından qopardaraq qaçdığını bildirmişdir (i.v.24-30); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətini harada və hansı qaydada törətdiyini hadisə yerində əyani göstərmiş, həmin vaxt hadisənin ünvan 4 ünvanın qarşısında baş verməsi müəyyən olunmuşdur (i.v 72-74); - “Təqdim edilmiş sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid istintaqa təqdim etdiyi maddi sübut əhəmiyyəti kəsb edə biləcək 01 ədəd kulon, 01 ədəd satışın video görüntüləri olan CD disk və alqı-satqı kitabçasındakı qeydlər Nəsimi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı Rahim Bəhmənov tərəfindən istintaq zərurəti ilə bağlı götürülmüşdür (i.v.89-91); - “Təqdim edilmiş sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi sübut əhəmiyyəti kəsb edə biləcək 01 ədəd sep Nəsimi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı Rahim Bəhmənov tərəfindən istintaq zərurəti ilə bağlı götürülmüşdür (i.v.95); - “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntülərdən birincisi xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu, 20 Yanvar küçəsində quraşdırılmış təhlükəsizlik kameraları vasitəsilə qeydə alınmışdır. Görüntülərdən aydın olur ki, xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsindən üzü Memar Əcəmi metrosu istiqamətində ağ rəngli gödəkçə, qara rəngli şalvar, qara ayaqqabı geyinmiş şəxs qaçaraq hərəkət edir. Növbəti görüntülər Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində yerləşən "Moskva" univermağında yerləşən Şahid məxsus "Rubin" qızıl mağazasının univermağında yerləşən təhlükəsizlik kameraları vasitəsilə qeydə alınmışdır. Görüntülərdən aydın olur ki, əvvəlki videoda qaçaraq hərəkət edən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində "Rubin" qızıl mağazasına daxil olaraq şəxsiyyət vəsiqəsini və bir ədəd kulonu Şahid təqdim edir. Şahid həmin kulonu tərəzidə çəkdikdən sonra alğı-satqı kitabçasında qeydiyyat aparır və iki ədəd 50 manatlıq əskinası həmin şəxsə verir. Həmin şəxs pulları götürərək oradan uzaqlaşır. (i.v.103); - “Maddi sübut kimi tanınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus kulon, hadisəyə dair CD disklər, eləcə də Şahid işlədiyi “Rubin” mağazasının təhlükəsizlik lameralarının görüntüləri və alqı-satqı kitabçasındakı qeydlər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (i.v.104-105); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 aprel 2025-ci il tarixli, 6/1536 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan boyunbağı (kilid yeri yoxdur) – metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 0,81 qramdır; 1 ədəd sarı rəngli metaldan, günəş formalı kulon (asılqan yeri yoxdur) – metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,19 qramdır. Aparılmış tədqiqatın dəyəri 75 manat təşkil edir (i.v.107-108); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-cü il tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim olunan ətrafı 13 guşəli günəş şəkilli metal kulonu üzərində olan izlərdən, kənarında olan naxışlardan birinin əyilməsindən və təqdim olunan uzunluğu 54 sm uzunluğda metal sepi kənarında olan əziklərdən tanımışdır (i.v 109); - “Maddi ziyanın ödənilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs olan Zərərçəkmiş şəxs dəymiş olan 300 manat maddi ziyanı tam olaraq istintaqa təqdim etmişdir (i.v.118); - Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, 01 ədəd qızıl kulon, 01 ədəd qızıl sep, 300 (üç yüz) manat pul dəymiş zərər kimi Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır (i.v.119); - Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir, qarşı tərəflə barışmışdır, heç bir tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Ərizənin nəzərə alınmasını xahiş etmişdir (i.v.120); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, polis şöbəsindən daxil olmuş hadisəyə dair videogörüntülər olan CD diskin, 01 ədəd kulonun, alqı-satqının görüntüləri əks olunmuş CD disk və alış-satış kitabından çıxarışın maddi sübut kimi tanınması, kulon və sepin zərərçəkmiş şəxsə qaytarılması, disk və çıxarışın iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i.v.121-127); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.100-101); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il və xx.xx.2022-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. İş materiallarında olan CD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, diskdə 02 ədəd videofayl vardır. Birinci videofayl açıldıqda görüntüdə xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsindən üzü Memar Əcəmi metrosu istiqamətində ağ rəngli gödəkçə, qara rəngli şalvar, qara ayaqqabı geyinmiş şəxsin qaçaraq hərəkət etməsi müşahidə olunur. İkinci videofayldakı görüntülər Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində yerləşən "Moskva" univermağında yerləşən Şahid məxsus "Rubin" qızıl mağazasının təhlükəsizlik kameraları vasitəsilə qeydə alınmışdır. Görüntülərdən aydın olur ki, əvvəlki videoda qaçaraq hərəkət edən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində "Rubin" qızıl mağazasına daxil olaraq şəxsiyyət vəsiqəsini və bir ədəd kulonu Şahid təqdim edir. Şahid həmin kulonu tərəzidə çəkdikdən sonra alqı-satqı kitabçasında qeydiyyat aparır və iki ədəd 50 manatlıq əskinası həmin şəxsə verir. Həmin şəxs pulları götürərək oradan uzaqlaşır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.(3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, ilk dəfə cinayət törətməsini, ali təhsilli olmasını, vurulmuş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, ali təhsilli olmasını, əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək, yəni 03 (üç) ay 27 (iyirmi yeddi) gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kulonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və hadisəyə dair videogörüntülər olan CD disk, alqı-satqının görüntüləri əks olunmuş CD disk və alış-satış kitabından çıxarış cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 75 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək, yəni 03 (üç) ay 27 (iyirmi yeddi) gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut – 01 ədəd kulonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - hadisəyə dair videogörüntülər olan CD disk, alqı-satqının görüntüləri əks olunmuş CD disk və alış-satış kitabından çıxarış cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 08 (səkkiz) saata görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar