Məhkəmə qərarları › İş №1(006)-478/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-478/2021

23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-478/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Masazır ərazi idarəsi, Masazır kəndində qeydiyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, 30.03.2021-ci il tarixdə saat 15 radələrində “Tap.az” internet elan saytında “Kuba Sniper” markalı mopedin satışa qoyulduğunu görüb özgənin əmlakını ələ keçirmə məqsədilə elanı yerləşdirmiş Zərərçəkmiş şəxs zəng vuraraq qeyd olunan mopedi alacağı adı ilə ünvan 1 ünvanda yerləşən “Mərkəzi Bank”ın qarşısında görüş təyin edib həmin gün saat 21:00 radələrində qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs ilə görüşərək sonuncuya məxsus “Kuba Sniper” markalı mopedi yaxın ərazidə idarə edib yoxladıqdan sonra alacağına dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs razılığı əsasında “Kuba Sniper” markalı mopedə əyləşib hadisə yerindən uzaqlaşaraq qeyd olunan mopedi ələ keçirib qaytarmayaraq Zərərçəkmiş şəxs 1300 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, 30.03.2021-ci il tarixində “Tap.az” saytına daxil olaraq orada yerləşdirilən “Kuba Sniper” markalı mopedi bəyənərək elanda göstərilən nömrəyə zəng etmişdir. Elan yerləşdirmiş Zərərçəkmiş şəxs mopedi istədiyini bildirmiş və mopedi görmək üçün axşam saat 21 radələrində görüş təyin etmişdir. Görüş zamanı vətəndaş Sadıxlıya mopedi yoxlamaq istədiyini və yoxlamaq üçün onu sürməli olduğunu bildirmiş, lakin əslində məqsədi Zərərçəkmiş şəxs aid mopedi onu aldadaraq ələ keçirmək niyyətində olmuşdur. Zərərçəkmiş şəxs mopedi guya ki, sürmək üçün götürdükdə mopedlə Fizuli küçəsi istiqamətində hərəkətini davam etdirmiş və oradan Sumqayıt şəhərinə getmişdir. Bundan sonra 3-4 gün ərzində moped onun sərəncamında olmuşdur. Daha sonra aprel ayının əvvəllərində mopedlə qəza edib, törətdiyi qəza nəticəsində qarşı tərəfə dəymiş ziyanı ödəməyə imkanı olmadığı üçün qarşı tərəfə Zərərçəkmiş şəxs ələ keçirdiyi “Kuba Sniper” markalı mopedi 300 “AZN”ə təklif etmişdir və sonuncu da onunla razılaşmışdır. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları “Kuba Sniper” markalı mopedi satdığı şəxsdən həmin mopedi istintaq hərəkətlərinin aparılması üçün götürmüşlər. Hal-hazırda onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə olaraq, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, özünə məxsus “Kuba Sniper” markalı mopedi satmaq məqsədi ilə “Tap.az” saytında elan yerləşdirmişdir. 30.03.2021-ci il tarixdə saat 15:00 radələrində əvvəllər tanımadığı özünü Mikayıl kimi təqdim edən şəxs zəng edərək onun “Tap.az” saytında 1500 manata elanını yerləşdirdiyi mopedi almaq istədiyini bildirmiş və həmin tarixdə saat 21:00 radələrində Milli Bankın qarşısında görüşərək mopedə baxmaq istədiyini qeyd etmişdir. 30.03.2021-ci il tarixdə o və mopedə baxmaq üçün ona gorüş təyin edən Mikayıl adlı şəxs 21:00 radələrində Milli Bankın qarşısında görüşmüşdürlər. Mikayıl adlı şəxs mopedi sürüb onun texniki vəziyyətini yoxlamaq üçün sürmək istədiyini və daha sonra mopedi satın alacağını ona bildirmişdir və o, Mikayıla mopedi sürməyə icazə vermişdir. Nəticədə, sonradan ad, soyad, ata adının Təqsirləndirilən şəxs olduğunu polis idarəsində bildiyi, Mikayıl adlı şəxs “28 mall” ticarət mərkəzinə əks istiqamətdə üzü Fizuli küçəsinə tərəf mopedlə hərəkət edib və geri qayıtmayaraq ona verdiyi vədə əməl etməyib onun əmlakını aldadıb və etibardan sui-istifadə etməklə ələ keçirib talayaraq ona ümumilikdə 1500 manat ziyan vurmuşdur. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və onun barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən göstərilən halların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan 04.05.2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X3 04.05.2021-ci il tarixdə saat 15:45-də şübhəli şəxs qismində tutulmuşdur (i/v 35). İş materiallarında olan 05.05.2021-ci il tarixli təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında protokoldan görünür ki, 05.05.2021-ci il tarixdə Şahid istintaqa təqdim etdiyi 01 ədəd “Kuba Sniper” markalı moped Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Kənan Həsənzadə tərəfindən götürülmüşdür (i/v 68). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” 06 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 may 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 93-94). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10.05.2021-ci il tarixli arayışdan görünür ki, Əlizadə X2 rayon məhkəməsinin 06.12.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 09 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i/v 96-97). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.05.2021 ci il tarixli, 9/3013 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara-yaşıl rəngli, 2020-ci il buraxılışlı “Kuba Sniper” markalı mopedin istifadədə olması nəzərə alınmaqla 2021-ci il mart ayına olan orta bazar qiyməti təxminən 1300.00 manat müəyyən olunur (i/v 104-105). İş materiallarında olan 18.05.2021-ci il tarixli maddi sübut kimi tanıma barədə qərardan görünür ki, 01 ədəd “Kuba Sniper” markalı mopedin maddi sübut kimi tanınması və istintaq hərəkətləri keçirildikdən sonra saxlanılması üçün qanuni sahibinə təhvil verilməsi qərara alınmışdır (i/v 106). İş materiallarında olan 11.08.2021-ci il tarixli qəbzdən görünür ki, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs ona məxsus mopedi Nəsimi rayon polis idarəsinin müstəntiqi Kənan Həsənzadədən təhvil almışdır (i/v 154). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 23.12.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tövsif edilmişdir. Onun həmin əməli törtəməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materilları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Kuba Sniper” markalı mopedin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-478/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 06 sentyabr 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 302.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Kuba Sniper” markalı mopedin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar