Məhkəmə qərarları › İş №1(006)-479/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-479/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-479/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:45 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsoviç, müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1981-ci ildə Türkmənistan Respublikasında doğulmuş, türkmən, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsoviç ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 08 iyun 2022-ci il tarixdə, saat 17:30 radələrində ünvan 2 ünvanında Bakı dəmir yolu vağzalının ərazisində yerləşən ictimai yer hesab edilən sanitar qovşaqda yüksək səslə qışqıraraq nalayiq ifadələr işlətməsini ona irad bildirən Zərərçəkmiş şəxs pilləkənlərlə sanitar qovşaqdan çıxmaq istəyərkən arxadan yaxınlaşıb ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətdə təşəkkül tapmış birgə yaşayış qaydalarına əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq etməklə müşayiət olunan hərəkətlər edib əsaslı səbəb olmadan itələyərək yerə yıxmış, üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs xayalıq nahiyəsindən bıçaqla bir dəfə vurub ona xayalığın sağ yarısında kəsilmiş yara izi olan çapığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirib sağlamlığa yüngül zərər vurmaqla qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxsoviç ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmuşdur və işsiz olduğuna görə küçələrdən dəmir yığaraq dolanmışdır. O, arabir narkotik vasitələrdən də istifadə etmişdir. Hal-hazırda xatırlamadığı tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Bakı dəmir yolu vağzalı ərazisində olarkən tanış olan iki nəfər şəxs ona yaxınlaşaraq narkotik vasitəni hazırlamaq üçün yer tapa bilmədiklərini bildirmiş, o da həmin şəxslərə kömək etmək məqsədilə Bakı dəmir yolu vağzalı ərazisində olan ayaqyolunda həmin narkotik vasitəni hazırlaya biləcəyini bildirmişdir. Daha sonra, o, iki nəfər şəxsdən götürdüyü bıçağı narkotik vasitəni hazırlamaq üçün üzərində saxlamış və həmin ayaqyoluna daxil olmuşdur. Yanında olan iki nəfər şəxs isə ayaqyolunun giriş hissəsi tərəfdə onu gözləmişdir. O, narkotik vasitəni hazırlayarkən həmin iki nəfər şəxsdən birini çağırmaq üçün uca səs tonuyla danışmış və həmin vaxt sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs ona uca səslə danışdığı üçün irad bildirmişdir. O, Zərərçəkmiş şəxs “televizor pultu deyil ki, səsi artırıb ya azaldam” deyə cavab verdikdən sonra sonuncu ona yaxınlaşaraq baş nahiyəsindən vuraraq ayaqyolunu tərk etmək istəmişdir. O da ona qarşı edilmiş hərəkətdən hiddətlənərək zərərçəkmiş şəxsin ardınca getmiş və əlində olan bıçaqla onu qorxutmaq istəsə də, təsadüfən əlindəki bıçaq zərərçəkmiş şəxsə dəyərək xəsarət yetirmişdir. Bu vaxt ətrafda olan şəxslər səs-küy yarandığına görə ora gəlmiş və yaxınlıqda olan polis nəfəri onu polis bölməsinə aparmışdır. Onun xuliqanlıq niyyəti olmamış və hadisə zərərçəkmiş şəxsin ona qarşı etdiyi hərəkətdən yaranmışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşiman olduğunu, himayəsində iki ailəsinin və uşaqlarının olmasını bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Seyfulla oğlu verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxsoviçi hadisə ilə əlaqədar tanımış və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Bakı dəmir yolu vağzalındakı ayaqyoluna getmiş, həmin vaxt ayaqyolunda sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs uca səslə qışqıraraq danışmış, o da həmin vaxt sonuncuya sakit səslə danışmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək onunla mübahisə etmişdir. O, mübahisənin daha da kəskin xarakter aldığını görüb ayaqyolunun içərisində müəyyən olunmuş yerdə əlini yuyub çölə çıxmaq istəmişdir. O, ayaqyolunu tərk edərkən Təqsirləndirilən şəxs arxadan ona yaxınlaşaraq əlindəki bıçağı sağa-sola fırladaraq onu vurmaq istəmiş, o, bıçaq zərbələrindən yayınaraq oradan qaçmaq istəyərkən bıçaq onun cinsiyyət orqanına dəymiş, nəticədə sağ xaya nahiyəsindən xəsarət almışdır. Baş vermiş hadisə nəticəsində səs-küyə ərazidə xidmət edən polis əməkdaşı və tanımadığı bir neçə şəxs gəlmişdir, ona xəsarət yetirən şəxsi polis idarəsinə, onu isə tibbi yardım çağıraraq xəstəxanaya aparmışlar. Hadisə baş verdiyi vaxtda kənarda tanımadığı şəxslər olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsoviçi şəxsən tanımasa da, uzun illər onun anası ilə birlikdə işləmişdir. Onunla və zərərçəkən şəxslə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hadisə vaxtı Bakı şəhəri, Nəsimi rayonu, Bakı dəmir yolu vağzalı ərazisində ayaqyolunda xadimə işləmişdir. xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində işdə olarkən əvvəllər tanıdığı Yağmur adlı şəxs ayaqyoluna gəlmiş, daha sonra ondan ayaqyolunun çöl hissəsində olan şəxsi çağırmasını xahiş etmiş, o da həmin şəxsi çağırmışdır. Həmin tanımadığı şəxs ayaqyoluna Təqsirləndirilən şəxs yanına gəldikdən sonra sonradan şəxsiyyəti ona məlum olan zərərçəkmiş şəxs ayaqyoluna gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin “söz atmasını” eşitsə də, həmin vaxt aralarında nə mübahisə olmasını bilməmişdir. Bir müddət sonra zərərçəkmiş şəxs ayaqyolundan əlini yuyaraq çıxmaq istəyərkən Təqsirləndirilən şəxs ayaqyolunun pilləkənlərində əlindəki bıçaqla həmin oğlanı vurmuşdur. Həmin vaxt ətrafda şəxslər olmasa da, sonradan səs-küyə yaxınlıqda olan şəxslər gəlmişdir. Bundan sonra polis əməkdaşı gələrək hər iki şəxsi aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsoviçi və zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirən vaxt, axşam saatlarında “Kövser” adlı obyektin yanındakı ictimai ayaqyolundan qışqırıq səsləri eşidib həmin yerə getmiş, sonradan şəxsiyyətləri məlum olan Təqsirləndirilən şəxsoviçin əlində bıçaqla yerdə oturaqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs cinsiyyət orqanından bıçaqla xəsarət yetirdiyini görüb dərhal bıçağı Yağmurun əlindən alaraq onu DYNPİ-nə gətirmiş, xəsarət alan Zərərçəkmiş şəxs isə tibbi yardım alması üçün xəstəxanaya aparılmışdır. Hadisə zamanı ayaqyolunun qarşısında tanımadığı 6-7 mülki şəxs olmuş, onlar hadisəyə kənardan tamaşa etmiş, hadisə vaxt isə bir qadının qışqıraraq kömək çağırdığını eşitmişdir. İş materiallarında olan DYNPİ-nin SQM üzrə PPX bölüyünün polis nəfəri Şahid2 tərəfindən tərtib edilmiş və Şahid1 iştirakı ilə keçirilmiş 08 iyun 2022-ci il tarixli aktdan görünür ki, 08 iyun 2022-ci il tarixdə, saat 17:30 radələrində sonradan şəxsiyyətləri məlum olan Təqsirləndirilən şəxsoviçin ünvan 2 ünvanında, Bakı dəmir yolu vağzalının ərazisində yerləşən ayaqyolunun qarşısındakı pillələrdə, ictimai yerdə bıçaqla Zərərçəkmiş şəxs Seyfulla oğlunun xaya nahiyyəsindən xəsarət yetirməsi ilə əlaqədar hadisə zamanı istifadə olunmuş bıçaq Təqsirləndirilən şəxsoviçdən təhvil alınmışdır (i/v 6). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X2” X9 25 avqust 2022-ci il tarixli 592 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən xayalığın sağ yarısında kəsilmiş yara izi olan çapığı iti əşya təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (78-80). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxsoviç 24 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı ilə onun barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 16 sentyabr 2022-ci il tarixli qərarına əsasən onun həbsdə saxlanılma müddəti 18 noyabr 2022-ci il tarixədək uzadılmışdır (i/v 71, 105-109, 151-154). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizaı Mərkəzinin 22 iyun 2022-ci il tarixli, 3/813 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində hər-hansı əlavə və dəyişikliklər edilməmiş, soyuq silah hesab edilmir (i/v 48-49). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 4921 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsoviçdə OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 157-158). İş materiallarında olan “Maddi sübut kimi tanımaq və saxlanılmaya təqdim etmək haqqında” 05 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 08 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxsoviçdən götürülmüş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün DYNPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilməsi qərara alınmışdır (i/v 138). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünün surətindən və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxsoviç Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2003-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxsoviç Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 saat ictimai işlər cəzası təyin edilmişdir (i/v 127-129, 130-134, 135-136). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxsoviçlə barışmışdır, hal-hazırda ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən qismən etiraf edilsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxsoviçin zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxsoviçin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxsoviçin tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və və X5 Polis İdarəsində saxlanılan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilməli, Təqsirləndirilən şəxsoviçdən 64 (altmış dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi «Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxsoviçin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsoviçə məhkəmə istintaqı dövründə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsoviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsoviçin cəza çəkməsinin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsoviçin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsoviçdən 64 (altmış dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxsoviçə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və X5 Polis İdarəsində saxlanılan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar