Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-479/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi “M.B.M” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 11 saylı cəzaçəkmə müəssisəsi inzibati binasında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,122 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 26 avqust 2024-cü il tarixdə saat 21:30-da Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən «8 Noyabr» metrostansiyasının yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,122 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclasında iştirak edən dövlət ittihamçısı - Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı izahat verərək təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin ağır cinayətlər kateqoriyasına aid olmasını bildirmiş və bu səbəbdən hazırkı cinayət işinin baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi “M.B.M” Vəkil Bürosunun vəkili X2 ayrı-ayrılıqda izahat verərək, cinayət işinin aidiyyatı üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, ********* saylı cinayət işi Bakı şəhəri Nəsimi rayon Prokurorluğu tərəfindən texniki səhv nəticəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmiş, lakin iş rayon (şəhər) məhkəməsinə aid olmadığına görə məhkəmə aidiyyəti üzrə ağır cinayətlər məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər” haqqında Qanunun 15ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. 234.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddə, yəni – Azərbaycan Respublikası Cinayət məcəlləsinin 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına aid olduğundan iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 75 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-479/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-479/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver