Məhkəmə qərarları › İş №1(006)-48/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-48/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-48/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs2, Müdafiəçilər Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(011)-40/2022 saylı hökmü ilə 01 il 06 ay sınaq müddəti təyin edilməklə şərti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2001-ci il tarixdə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 1(004)-119/2022 saylı hökmü ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22.08.2021-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Tabo” geyim mağazasının qarşısına gəlib orada aralarında apardıqları vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə mağazanın giriş qapısını əlində olan istintaqa məlum olmayan vintaçanla aralayıb açmaqla oraya qanunsuz daxil olaraq mağazanın ümumi zalında satışa qoyulmuş zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 dəstinin qiyməti 45 manat olmaqla, ümumilikdə 225 manat dəyərində 5 ədəd “Nike” markalı idman geyimi dəstini, 01 ədədinin qiyməti 32 manat olmaqla, ümumilikdə 256 manat dəyərində 08 ədəd “Dolce Gabbana" markalı şalvarı, 01 ədədinin qiyməti 25 manat olmaqla ümumilikdə 150 manat dəyərində 06 ədəd "Gucci” markalı şalvarı, 01 ədədinin qiyməti 22 manat olmaqla, ümumilikdə 66 manat dəyərində 03 ədəd “Denim” markalı şalvarı, 01 ədədinin qiyməti 18 manat olmaqla,ümumilikdə 252 manat dəyərində 14 ədəd “Port" markalı köynəyi, 01 ədədinin qiyməti 17 manat olmaqla, ümumilikdə 170 manat dəyərində 10 ədəd "Stefano Ricci” markalı köynəyi, 01 ədədinin qiyməti 17 manat olmaqla, ümumilikdə 68 manat dəyərində 04 ədəd “Paradise” markalı köynəyi, 01 ədədinin qiyməti 20 manat olmaqla,ümumilikdə 200 manat dəyərində 10 ədəd “Brioni” markalı koftanı, 01 ədədinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 04 ədəd “Liwali” markalı yun koftanı, 01 ədədinin qiyməti 20 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 05 ədəd "Denim” markalı şalvarı, 01 ədədinin qiyməti 15 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 02 ədəd “Konbat” markalı şalvarı, 01 ədədinin qiymət 20 manat olmaqla, ümumilikdə 160 manat dəyərində 08 ədəd üç düyməli "Liwali" markalı koftanı gizli olaraq talamaqla zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1757 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22.08.2021-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Tabo” geyim mağazasının qarşısına gəlib orada aralarında apardıqları vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 isə mağazanın giriş qapısını əlində olan istintaqa məlum olmayan vintaçanla aralayıb açmaqla oraya qanunsuz daxil olaraq mağazanın ümumi zalında satışa qoyulmuş zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 dəstinin qiyməti 45 manat olmaqla, ümumilikdə 225 manat dəyərində 5 ədəd “Nike” markalı idman geyimi dəstini, 01 ədədinin qiyməti 32 manat olmaqla, ümumilikdə 256 manat dəyərində 08 ədəd “Dolce Gabbana" markalı şalvarı, 01 ədədinin qiyməti 25 manat olmaqla ümumilikdə 150 manat dəyərində 06 ədəd "Gucci” markalı şalvarı, 01 ədədinin qiyməti 22 manat olmaqla, ümumilikdə 66 manat dəyərində 03 ədəd “Denim” markalı şalvarı, 01 ədədinin qiyməti 18 manat olmaqla ümumilikdə 252 manat dəyərində 14 ədəd “Port" markalı köynəyi, 01 ədədinin qiyməti 17 manat olmaqla, ümumilikdə 170 manat dəyərində 10 ədəd "Stefano Ricci” markalı köynəyi, 01 ədədinin qiyməti 17 manat olmaqla, ümumilikdə 68 manat dəyərində 04 ədəd “Paradise” markalı köynəyi, 01 ədədinin qiyməti 20 manat olmaqla,ümumilikdə 200 manat dəyərində 10 ədəd “Brioni” markalı koftanı, 01 ədədinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 04 ədəd “Liwali” markalı yun koftanı, 01 ədədinin qiyməti 20 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 05 ədəd "Denim” markalı şalvarı, 01 ədədinin qiyməti 15 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 02 ədəd “Konbat” markalı şalvarı, 01 ədədinin qiyməti 20 manat olmaqla, ümumilikdə 160 manat dəyərində 08 ədəd üç düyməli "Liwali" markalı koftanı gizli olaraq talamaqla zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1757 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 22.08.2021-ci il tarixdə Gənclik metrostansiyasının yaxınlığında “Çanaqqala” restoranının yanında təsadüfən tanışı Ümüdlə görüşüb söhbət etmişdir. O, Ümüdə gedib oğurluq etmələrini, nə götürsələr yarı bölmələrini təklif etmişdir. Ümüd razılaşdıqdan sonra onlar bir az gəzişmiş, gecə saat 2-3 radələrində yolun qırağı ilə gedərkən “Tabo” geyim mağazasını görmüşlər. O, Ümüdə ətrafa baxmasını, gələn olarsa öskürərək xəbər etməsini tapşırmışdır. Daha sonra o, vintaçanla mağazanın qapısını açmış, birinci kassanı axtarmağa başlamışdır. Lakin kassanı tapmamışdır. Sonra yerdə 2 ədəd çanta görmüş, həmin çantaları götürmüş, mağazadakı paltarlardan çantalara yığmışdır. Çıxanda Ümüdün çöldə olmadığını görmüşdür. O da oradan uzaqlaşıb parka getmiş, anası onun oğurluq etdiyini bilməsin deyə həmin gecə parkda yatmışdır. Səhər açılanda Ümüdü tapacağını, aparıb onunla paltarları satacaqlarını fikirləşmişdir. Lakin səhər qalxanda görmüşdür ki, paltarlar yoxdur. O, paltarları sata bilməmiş, paltarlar parkda oğurlanmışdır. Daha sonra dəymiş zərəri ödəməyə hazırda imkanı olmadığını bildirmiş, əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 22.08.2021-ci il tarixdə “Şuşa” restoranının qarşısında dayanıb telefonla oynadığı vaxt tanışı Cavid ilə görüşmüşdür. Cavid ona gedib bir yerdə oturub çay içmələrini təklif etmiş, o da razılaşmışdır. Cavid ona oğurluq etmələrini təklif etmiş, o isə razılaşmamışdır. Cavid ona qıraqda duracağını, onluq bir şey olmadığını, özünün həll edəcəyini demişdir. Gecə saat 2- 3 radələrində 28 May metrostansiyasının yaxınlığından keçən zaman “Tabo” geyim mağazasını görmüşlər. Cavid ona qıraqda durmasını, özünün içəri girəcəyini, əgər nə isə problem çıxsa onu tanımadığını bildirmişdir. Cavid mağazaya girmiş, o isə çöldə dayanmışdır. Bir qədər durduqdan sonra Caviddən səs çıxmadığını görüb çıxıb evə getmişdir. Cavidin mağazaya oğurluq etməyə girdiyini bilsə də, oradan nə götürdüyündən xəbəri olmamışdır. Onun çöldə dayanmaqda məqsədi Cavidi gözləmək olmuşdur. Onun təqsiri yalnız ondan ibarət olmuşdur ki, o, Cavidi gözləməməli və ya sonuncunun əməli barədə polisə məlumat verməli idi. Daha sonra dəymiş zərəri ödəməyə hazırda imkanı olmadığını bildirmiş, əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 22.08.2021-ci il tarixdə səhər saat 10:00 radələrində icarəyə götürdüyü “Tabo” geyim dükanına gəlmiş və dükanın qapısının açıq olduğunu görmüşdür. İçəri girəndə bir az dağınıqlıq olduğunu görmüş, mallar yerə səpələnmiş vəziyyətdə olmuş, mağazadan çoxlu sayda geyim əşyaları oğurlanmışdır. Ondan sonra dostu Orxan dükana gəlmişdir. Telefonunun enerji təchizatı olmadığı üçün dostundan telefonu almış və dostunun telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək mağazadan oğurluq edilməsi ilə bağlı polisə məlumat vermişdir. Oğurluq hadisəsi zamanı ona 1757 manat məbləğində maddi zərər dəymişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olduğunu bildirmiş və onlara ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ara-sıra dostu Zərərçəkmiş şəxs kömək etmək üçün sonuncunun icarəyə götürdüyü “Tabo” geyim dükanına baş çəkir. 22.08.2021-ci il tarixdə səhər saatlarında dükana gələn zaman Qürbət ona dükandan oğurluq edildiyini demiş və telefonunun enerji təchizatı olmadığı üçün onun telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.87); - “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.142-143); - 27.08.2021-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu 21.08.2021-ci il tarixdə saat 22 radələrində Nərimanov rayon ərazisində yerləşən “Şuşa” restoranının qarşısında təsadüfən tanışı Ümüd adlı şəxsə rast gəldiyini və onunla birlikdə oğurluq etmək qərarına gəlməsini bildirdi. Daha sonra o, zibil qutusunun yanında 01 ədəd vint açan alət taparaq onu götürdüyünü və Ümüd ilə birlikdə Nəsimi rayonu ərazisinə gəldiklərini qeyd etdi. Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 197 saylı ünvanda “Tabo” geyim mağazasının onların diqqətini çəkdiyini və həmin dükandan oğurluq etmək qərarına gəldiklərini bildirdi. Ümüd hər hansı bir təhlükə yarandıqda məlumat vermək məqsədilə çöldə gözləyirdi, o isə “Tabo” geyim mağazasının qapısını üzərində olan vint açan alətlə aralayaraq dükana qanunsuz olaraq daxil olmaqla oradan müxtəlif ölçüdə və çeşiddə paltarlar oğurlamışdır. Daha sonra Ümüd adlı şəxslə aralarında qabaqcadan əldə edilmiş razılaşmaya əsasan əldə olunmuş əmlakı Ümüd ilə bölməmək üçün sonuncunun onu çöldə gözləməsinə baxmayaraq onun görməməsindən istifadə edib dükandan çıxararaq oğurladığı paltarlar ilə birlikdə hadisə yerindən uzaqlaşmışdır. Daha sonra taksiyə minərək 20 Yanvar metrostansiyasının qarşısına getmiş və orada oğurluq yolu ilə əldə etdiyi əmlakı tanımadığı şəxsə 50 manat müqabilində satmışdır (i.v.48-51); - 08.09.2021-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu 21.08.2021-ci il tarixdə saat 22 radələrində Nərimanov rayon ərazisində yerləşən “Şuşa” restoranının qarşısında təsadüfən tanışı Cavid adlı şəxsə rast gəldiyini və onunla birlikdə oğurluq etmək qərarına gəldiklərini bildirdi. Cavid zibil qutusunun yanında olan 01 ədəd sahibsiz vint açan aləti götürərək ona oğurluq etmək üçün vasitə kimi bu alətdən istifadə edəcəyini bildirmişdir. Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 197 saylı ünvana yaxınlaşanda “Tabo” geyim mağazası onların diqqətini çəkdi və həmin dükandan oğurluq etmək qərarına gəldilər. O, hər hansısa bir təhlükə yaranarsa çöldə gözləyirdi, Cavid isə üzərində olan vint açan alətdən istifadə edib dükanın qapısını aralayaraq ora qanunsuz daxil olmuşdur. O, Cavidi bir saata yaxın dükanın yaxınlığında gözləmiş, lakin bir saat keçdikdən sonra dükana yaxınlaşaraq qapısının açıq, içərisinin isə qaranlıq olduğunu görmüşdür. Daha sonra isə ətrafa boylanaraq Cavidin heç yerdə olmadığını görmüş və onun oğurladığı əmlakı əvvəlcədən razılaşdıqları kimi bölmək istəməməsini dərk edərək hadisə yerindən uzaqlaşmışdır; - “Sübutların qiymətləndirilməsi haqqında” 26.09.2021-ci il tarixli qərardan görünür ki, hadisənin baş vermə anını özündə əks etdirən 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmışdır (i.v.151-161); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (i.v.100); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (i.v.101); - İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ara məhləyə daxil olurlar. Daha sonra isə əvvəlcə Təqsirləndirilən şəxs2, onun arxasında Təqsirləndirilən şəxs1 məhlədən çıxırlar. Təqsirləndirilən şəxs2 pilləkəndə oturub Təqsirləndirilən şəxs1 gözləyir, Təqsirləndirilən şəxs1 isə ara məhlədən çıxdıqda oradan uzaqlaşıb görüntüdən itir; - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli, 1(011)-40/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş və ona 01 il 06 ay sınaq müddəti təyin edilmişdir; - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.03.2022-ci il tarixli, 1(004)-119/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; - Bakı şəhər Probasiya İdarəsinin 26.04.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 cəzasından 05 gün çəkmiş və onun 26.04.2022-ci il tarixə 02 il 05 ay 25 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.3cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, oğurluq cinayətinin törədilməsində iştirak etməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, digər Təqsirləndirilən şəxs1 ifadəsi, həmçinin iş üzrə digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini səmimi etiraf etməsini və peşman olmasını, yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, yetkinlik yaşına çatmamasını, habelə təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli, 1(011)-40/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş və ona 01 il 06 ay sınaq müddəti təyin edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli, 1(011)-40/2022 saylı hökmü müstəqil icra olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlini qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini qismən etiraf etməsini, habelə təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 1(004)-119/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda onun 27.04.2022-ci il tarixə 02 il 05 ay 24 gün çəkilməmiş cəzası qalmışdır. Təqsirləndirilən şəxs2 hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 1(004)-119/2022 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 1(004)-119/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının hazırda çəkilməmiş 02 il 05 ay 24 gün müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq hökmün çıxarıldığı 27 aprel 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 42 saata görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 42 saata görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(011)-40/2022 saylı hökmü müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 1(004)-119/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 05 ay 24 gün müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 42 saata görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 42 saata görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar