Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-48/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, əvvəl məhkum olunmamış, Neftçala şəhəri, M.Rəsulzadə küçəsi, ev 12, mənzil 08-də qeydiyatda olan, Bakı şəhəri, Səbail rayonu, Bağlar küçəsi, döngə 01, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə həbsdə olan, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində tanışı Şahid3 ilə birlikdə ünvan 1 ünvanda yerləşən “OBA market” mağazasına daxil olaraq satış üçün piştaxtaya qoyulmuş 60 qəpik dəyərində peçenyeni Şahid3 ilə birlikdə şalvarının kəmərbəndinin alt hissəsinə yerləşdirdikdən sonra mağazanı tərk edib qarşısında olarkən həmin halı mağazaya quraşdırılmış müşahidə kamerası vasitəsilə aşkar edən oranın müdiri Zərərçəkmiş şəxs ona yaxınlaşıb götürdükləri məhsulu geri qaytarması və etdikləri hərəkətə görə iradını bildirməsi səbəbindən üzərindən 02 manat nağd pulu çıxarıb Zərərçəkmiş şəxs təqdim etməsinə baxmayaraq, sonuncunun pulu götürməkdən imtina edib onunla kobud davranmasını cüzi səbəb kimi bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan münaqişənin yaranmasına səbəb olmaqla cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozmaqla yanaşı, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan, yəni ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs üzərinə hücum edib sonuncuya zor tətbiq edərək xuliqanlıq niyyəti ilə qəsdən sifət nahiyyəsindən bir dəfə baş zərbəsi və yumruqla sol qulaq nahiyyəsindən zərbə vurub ona burun sümüklərinin az yerdəyişmiş sınığı, burun çəpərinin əyilməsi və burunla tənəffüsün ikitərəfli əhəmiyyətli dərəcədə pozulması ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi, sol qulaq seyvanının səthi əzilmiş-cırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə mağazadan götürdükləri peçenyeni yerə tullayıb hadisə yerini tərk edərək qərəzli xuliqanlıq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, təxminən saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında Neftçala rayon sakini olan Nihal adlı tanışı ilə görüşmüşdür. Nihal Neftçala rayonuna getmək üçün ondan 2-3 manat pul istəmişdir. O da Nihal ilə görüşdükdən sonra onu Neftçala rayonuna yol salmaq üçün 3-cü mikrorayon dairəsində Neftçala rayonuna yola düşən avtomobillərin dayandığı yerə piyada getməyə başlamışlar. Təxminən saat 18:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində yerləşən “OBA” marketin yanından keçəndə ac olduqları üçün Nihal ilə birlikdə həmin marketə daxil olmuşlar. Marketdən Nihalla o özü hər biri bir ədəd peçenyeni götürüb ciblərinə qoymuş, kassada pulunu ödəməyib marketdən çölə çıxmışlar. Həmin vaxt marketdə işləyən, sonradan adının Radim olduğunu bildiyi bir şəxs onlara yaxınlaşıb qollarından tutaraq onları dartışdırmağa başlamışdır. O isə Radimə bir ədəd peçenye götürdüklərini, pulunu da ödəyəcəyini, yaxud da malı qaytaracağını deyib cibindən pul çıxardıb ona versə də, sonuncu pulu götürməyib onları nalayiq sözlərlə təhqir etmişdir. O isə Radimə demişdir ki, söyüş söyməyə ehtiyac yoxdur, səhv edib peçenyeni gizlincə götürüblər, pulunu da ödəyirlər. Daha sonra onlar ciblərindən peçenyeni çıxardıb vermək istəmiş, lakin Radim söyüş söyməyinə davam etdiyi üçün o, əsəbləşib başı ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt Nihal onları ayırmaq üçün araya girmiş, Radim də Nihalın arxasına keçmiş, daha sonra Nihal Radimi qucaqlayıb kənara itələmişdir ki, o, Radimi vura bilməsin. Bu zaman o, bir dəfə də Radimin qulaq nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Daha sonra o, Nihal ilə oradan çıxıb getmiş və gedərkən peçenyeləri səkinin kənarına atmışlar. Törətdiyi əməldən peşman olduğunu və zərər çəkmiş şəxslə barışdığını bildirərək ona yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdən ünvan 1 ünvanda yerləşən “OBA” marketdə mağaza müdiri işləyir. xx.xx.2023-cü il tarixdə, saat 18:21-də mağazada iş otağında əyləşib kameraya baxan zaman iki nəfər şəxsin gəzişdiyini, onlardan birinin əlini şalvarının qarın hissəsinə aparıb hansısa əşyanın qoymasını görmüşdür. Əvəvlcə elə başa düşmüşdür ki, həmin şəxs şüşə qabda olan 15 manat dəyərində kofe qabını götürüb. Buna görə də dərhal iş otağından çıxaraq mağazadan bayıra çıxmış həmin şəxsləri səsləyib onlara yaxınlaşmış və nə üçün oğurluq etdiklərini deyib götürdükləri əşyanın geri qaytarılmasını tələb etmişdir. Bu zaman həmin şəxslərdən biri, adını sonradan bildiyi Təqsirləndirilən şəxs cibindən 02 manat pul çıxarıb ona uzadıb demişdir ki, götürdükləri ərzağın pulunu götürüb getsin. O isə ona demişdir ki, pulun lazım deyil, götürdüyü məhsulu geri qaytar, sonra çıxıb get, lakin bir daha bu mağazaya gəlmə. Onun bu sözündən sonra İmanverdi qəfildən araya keçib onun sifət nahiyəsinə bir dəfə başı ilə zərbə vurmuşdur. Bundan sonra onun yanındakı oğlan araya keçmiş, o da onun arxasında durmuşdur. Elə bu vaxtı İmanverdi bir dəfə də onun qulaq nahiyəsinə yumruq zərbəsi endirmiş, o da zərbənin təsirindən özünü itirmiş, bu şəxslər isə oradan çıxıb getmişlər. Sonra görmüşdür ki, onlar oğurladıqları hər biri 60 qəpik dəyərində 02 ədəd peçenyeni səkinin kənarına atıblar. Dava-dalaş zamanı onun burnu sınmış, sol qulaq nahiyəsindən xəsarət almışdır. Məhkəmə istintaqında Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 05 ildən artıq müddətdir ki, tanıyır, dostluq münasibətləri vardır. İmanverdi Neftçala rayonunda yaşayırdı, bir neçə il olar ki, Bakı şəhərinə köçmüşdür. Baş vermiş dava-dalaşdan bir neçə gün əvvəl o, Bakıya gəlmişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 18 radələrində o, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında İmanverdi ilə görüşmüş və söhbət zamanı ona bildirmişdir ki, Neftçala rayonuna gedir, üzərində pul azdır, ona bir neçə manat borca pul versin. İmanverdi də ona etiraz etməyib yol pulu verəcəyini demişdir. Onlar 3-cü mikrorayon dairəsində Neftçala rayonuna yola düşən avtomobillərin dayandığı yerə piyada getməyə başlamışlar. Təxminən saat 18:30 radələrində “OBA” marketin yanından keçəndə ac olduqları üçün İmanverdi ilə birlikdə həmin marketə daxil olmuşlar. Marketdən İmanverdi ilə o, 02 ədəd kiçik bir peçenyeni götürüb ciblərinə qoymuş, kassada pulunu ödəməyib marketdən çölə çıxmışlar. Həmin vaxt marketdə işləyən bir nəfər cavan oğlan onlara yaxınlaşıb qollarından tutub onları dartışdırmağa başlamışdır. İmanverdi də hər birinin bir ədəd peçenye götürdüklərini, pulunu da ödəyəcəyini, ya da malı qaytaracağını deyib şalvarının cibindən pul çıxardıb həmin oğlana verəndə, sonuncu onları nalayiq sözlərlə təhqir etmişdir. Onlar söyüş söyməyə ehtiyac olmadığını, səhv edib peçenyeni gizlicə götürdüklərini, pulunu da ödəyəcəklərini bildirmişlər. Daha sonra peçenyeni çıxardıb həmin oğlana qaytarmaq istəsələr də, bu şəxs söyüş söyməyinə davam edib qollarından tutmuşdur. Həmin vaxt İmanverdi əsəbləşmiş və başı ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurmuşdur. O da onları aralaşdırmağa çalışmış, mağazanın işçisi onun arxasına keçmişdir ki, İmanverdi onu vura bilməsin. Bu zaman İmanverdi bir dəfə də həmin oğlanın qulaq nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Daha sonra o, İmanverdini kənara çəkib oradan çıxıb getmiş, peçenyeləri də səkinin kənarına atmışlar. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirdi ki, o, ünvan 1 ünvanda yerləşən binanın birinci mərtəbəsində icarəyə obyekt götürüb qardaşı İlqar ilə birlikdə qızıl-zinət əşyalarının təmiri ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 18 radələrində işlədiyi yerin giriş qapısının yanında qardaşı İlqar ilə birlikdə dayanıb söhbət edərkən görmüşdür ki, yaxınlıqda yerləşən “OBA” marketdə işləyən Radim iki nəfər ilə mübahisə edir. Həmin vaxt bu iki nəfərdən biri Radimi başı ilə vurmuş, o da onlara tərəf yaxınlaşanda digər şəxs onları aralaşdırmış və Radimi vuran şəxsi oradan uzaqlaşdırmışdır. Dava-dalaş zamanı küçə ilə keçən tanımadığı bir neçə nəfər ətrafda olmuş, mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 890 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - burun sümüklərinin az yerdəyişmiş sınığı, burun çəpərinin əyilməsi və burunla tənəffüsün ikitərəfli əhəmiyyətli dərəcədə pozulması ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi, sol qulaq seyvanının səthi əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (baş, əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil (İ cild, i.v.13-16); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2167 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (22 iyun 2023 cü il tarixdə) öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (İ cild, i.v.73-74); • “DVD diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokola əsasən 01 ədəd DVD diskdəki video görüntüdən görünür ki, diskdə 03 ədəd video fayl vardır. 1-ci video fayla əsasən Təqsirləndirilən şəxs və Şahid3 “OBA” marketdən çölə çıxırlar, onların arxasınca Zərərçəkmiş şəxs marketdən çıxır, onların arasında mübahisə baş verir, daha sonra Təqsirləndirilən şəxs baş nahiyyəsi ilə Zərərçəkmiş şəxs bir dəfə zərbə vurur, Şahid3 isə araya keçir, Zərərçəkmiş şəxs zərbədən qorunmaq üçün Şahid3 arxasında dayanır, həmin vaxt Təqsirləndirilən şəxs bir dəfə də Zərərçəkmiş şəxs yumruq zərbəsi vurur. Şahid3 Zərərçəkmiş şəxs qucaqlayıb kənara çəkir, daha sonra Təqsirləndirilən şəxs və Şahid3 oradan uzaqlaşıb gedirlər. 2-ci video fayla görə marketin içərisində Şahid3 əlində olan hansısa əşyanı köynəyinin altına qoyur. 3-ci video fayldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 marketin içərisndə hərəkətdədirlər (İ cild, i.v.91, disk); • Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərara əsasən hadisəni özündə əks etdirən videogörüntülər olan bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.109-118); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.66-67); • Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-830/2023 saylı qərarına əsasən ********* cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablanmışdır (İİ cild); • Zərərçəkmiş şəxs tərəfindən notariat qaydasında verilmiş xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş, bununla əlaqədar ona qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacaq (cild İİ). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunur ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci, yaxud 126.2.4-cü və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir (5-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapıb. Həmin Qərara görə qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək) (6-cı bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, eyni zamanda onun hazırda digər iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 210 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə, həmin Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bağlar küçəsi, döngə 01, nömrəsiz fərdi yaşayış evini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-48/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-48/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver