Məhkəmə qərarları › İş №1(006)-483/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-483/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-483/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Sağlamlıq Biznes Mərkəzində birlikdə işlədikləri dövrdə tanış olduğu Şahid1 işə ehtiyacı olan hər hansı şəxsi guya “X2”ndə 800 manat əmək haqqısı olan sürücü vəzifəsinə düzəldəcəyini yalandan bildirərək sonuncu vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs 1800 manat müqabilində həmin vəzifəyə düzəldəcəyinə dair yalan vəd verməklə aldatmış və bu adla 02 mart 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 188-194 ünvanının qarşısında Zərərçəkmiş şəxs 1800 manat pulunu götürüb ələ keçirərək şəxsi ehtiyaclarına xərcləyib verdiyi vədə əməl etməməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 ilə 2020-ci ildə qısa müddət işlədiyi “Sağlamlıq Biznes Mərkəzi”ndə iş yoldaşı olmuşdur. Həmin iş yerindən ayrılsalar da, daimi əlaqələri olmuşdur. 2022-ci ilin fevral ayının 28-i Cahangir ona zəng vuraraq yaxın qohumunun iş axtardığını, ona iş düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. O, bu barədə maraqlanıb xəbər edəcəyini bildirmişdir. 2021-ci ilin sentyabr ayında ürəyindən əməliyyat olunduqdan sonra bəzi şəxslərə pul borcu yaranmışdır. Bu səbəbdən də 2022-ci ilin fevral ayının 28-i axşam saatlarında Cahangirə zəng vuraraq yalandan Azəriqaz idarəsində tanışının olduğunu, orada 800 manat maaşa sürücü işi olduğunu və işin 1000 manat qarşılığında düzələcəyini bildirmişdir. Cahangir isə ona öz qohumuna işin 1800 manata düzələcəyini deyib 800 manatı öz aralarında yarıya böləcəyini bildirmişdir. 2022-ci il mart ayının 2-si saat 10:00 radələrində Cahangir ona zəng vuraraq Yasamal rayonu, Moskva prospekti 75-də yerləşən “Alov” zavodunun yaxınlığında saat 11:00-a görüş təyin edərək işə düzələcək olan Fuadın da sənədləri ilə birgə oraya gələcəyini bildirmişdir. xx.xx.2022-ci il saat 11:00 radələrində o, Yasamal rayonu, Moskva prospekti 75-də yerləşən “Alov” zavodu ilə üzbəüz ağaclıqda, yəni Nəsimi rayonu, Moskva prospekti 188-194 ünvanında Cahangirlə görüşmüşdür. Onlar görüşdükdün 20 dəqiqə sonra Cahangirin qohumu dediyi Fuad gəlmişdir. Onlar Fuadın işə düzəlmək üçün gətirdiyi sənədlərin surətini çıxarıb yaxınlıqdakı ağaclıqda söhbət etməyə başlamışlar. Söhbət zamanı Cahangir pulun taksi ilə gəldiyini və 15 dəqiqəyə çatacağını bildirmişdir. Bu zaman o, Fuada “Azəriqaz”da “Pikap” model maşın sürəcəyini, 800 manat maaş alacağını və 10 gün müddətində işə başlayacağını bildirmişdir. Təxminən saat 12:00 radələrində Cahangir taksinin çatdığını bildirərək ondan 5-10 metr aralaşaraq yolun qırağındakı taksiyə yaxınlaşmış və yolun qırağında taksidən pulu götürüb onun yanına gələrək Nəsimi rayonu, Moskva prospekti 188-194 ünvanında dayandığı ağaclıqda Fuadın yanında pulu saymadan ona vermişdir. O, pulu saymaq istədikdə isə Cahangir gözüylə ona pulu saymamasını işarə etmişdir. Bu səbəbdən də o, Cahangir pulu sayıbsa, onun saymağına ehtiyac qalmadığını bildirmişdir. Bundan sonra Fuada “Azəriqaz”dan ona zəng gələcəyini söyləyərək sağollaşıb oradan uzaqlaşmışdır. Onlardan biraz uzaqlaşdıqdan sonra pulu çıxarıb saydıqda Cahangirin ona 1400 manat pul verdiyini və qalan 400 manatı artıq özünə götürdüyünü başa düşmüş və Cahangirə zəng vurduqda sonuncu öz payına düşən 400 manat pulu götürdüyünü bildirmişdir. Bu hadisədən 5-6 gün sonra Cahangir ona dəfələrlə zəng vuraraq işin aqibətini soruşsa da, o, hər dəfəsində Cahangirə müxtəlif bəhanələr gətirərək işi uzatmışdır. 2022-ci il mart ayının sonlarında o artıq işi uzada bilmədiyini başa düşüb, yalandan Fuadı işə düzəldən adamın bu işi bacarmadığını və pulu ən qısa zamanda geri qaytaracağını bildirmişdir. 1400 manat pulu Şahid1 onun əvəzindən zərər çəkmiş şəxsə vermişdir. Həmin məbləği isə o, Şahid1 ödəyəcəkdir. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun doğma dayısı X1 yaxın dostudur. 2022-ci ilin fevral ayının sonlarında dayısı Gülbala onun işsiz olduğunu və iş axtardığını bildiyi üçün dostluq etdiyi Cahangirə iş axtardığını bildirmişdir. Təxminən 2-3 gün sonra Cahangir dayısı Gülbalanı yığaraq “Azəriqaz” birliyində sürücü işi olduğunu və işə düzəlmək üçün 1800 manat pul ödəmək lazım olduğunu bildirmişdir. X4 yaşadığı üçün onunla telefon əlaqəsi saxlayaraq bu cür iş olduğunu və razılıq verib-vermədiyini soruşmuşdur. O, razılıq verdiyi üçün 2022-ci ilin mart ayının 2-də saat 11:00 radələrində Şahid1 ilə birlikdə Yasamal rayonu, Moskva prospektində yerləşən "Alov” zavodunun qarşısında Sərdar adlı şəxslə görüşmüşlər. “Alov” zavodunun yaxınlığında çayxanada əyləşib yarım saat söhbət etmişlər. Söhbət əsnasında Sərdar onun “Azəriqaz” birliyində “Pikap” model maşın sürəcəyini və növbəti həftə işə çıxacağını, ***-**** manat arası maaşının olacağını bildirmişdir. Həmçinin ondan sürücülük vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətini götürmüş, sonra geri qaytararaq işə çıxanda özünün ora təqdim edəcəyini bildirmişdir. Sərdar ondan və Şahid1 başqa işə düzəlmək istəyən tanışları olduqda xəbər etməyini istəmiş, onlar isə işə ehtiyacı olan başqa tanışlarının olmadığını bildirmişlər. Söhbət bitdikdən sonra pulu ona dayısı Gülbala Siyəzən rayonundan taksi ilə göndərdiyi üçün, onlar hər üçü çayxanadan çıxıb taksini gözləmişlər. Təxminən saat 12 radələrində taksi “Alov” zavodunun qarşısına yaxınlaşmış və o, taksidən 1800 manat pulu götürüb Cahangirə vermişdir. Cahangir isə onun və Sərdarın yanında pulu sayaraq Sərdara vermişdir. Sərdar ona 1 həftə ərzində “Azəriqaz”dan zəng gələcəyini bildirərək sağollaşıb oradan uzaqlaşmışdır. 1 həftə sonra o, işin nəticəsini öyrənmək üçün Sərdara zəng vurduğu zaman Sərdar işi düzəldən adamın anasının rəhmətə getdiyini və yas mərasimi Fizuli rayonunda olduğu üçün həmin adamın Bakıya 3 gün sonra gələcəyini bildirmişdir. Bu danışıqdan sonra o, ancaq Şahid1la əlaqə saxlamış, Cahangir isə ona Sərdarın müxtəlif bəhanələr gətirdiyini, iş alınmadığı üçün onu polisə şikayət edəcəyini bildirmişdir. Bundan əlavə dayısı Gülbala tərəfindən göndərilmiş 1800 manat pulun onun özünə məxsus olmuş, sadəcə olaraq saxlaması üçün dayısına vermiş, Sərdarla danışıqları alındıqdan sonra dayısına zəng vurub pulu göndərməsini xahiş etmiş, Gülbala da 1800 manat pulu taksi ilə olduqları yerə göndərmişdir. Maddi ziyan ona dəymişdir. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2020-ci ildə 2 ay işlədiyi “Sağlamlıq Biznes Mərkəzi”ndə iş yoldaşı olmuşdur. Həmin iş yerindən ayrılsalar da, daima əlaqələri olmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən onun ***-***-**-** mobil nömrəsinə zəng vuraraq, oğlu Fərmanın prezident aparatında sürücü işlədiyini, bacısı oğlunun isə “Azəriqaz” İdarəsində sürücü işlədiyini, həmin idarəyə 3 ədəd təzə nömrəsiz “Pikap” model maşın gətirildiyini və 3 nəfər sürücünün lazım olduğunu bildirmişdir. Uşaqlıq dostu X3 bacısı oğlunu işə düzəltmək istədiyini əvvəllər bildirdiyi üçün sonuncuya zəng vuraraq bu barədə bildirmişdir. Həmin gün axşam onun bacısı oğlu Fuad zəng vuraraq dayısının ona xəbər verdiyini və işə ehtiyacı olduğunu bildirərək işin nə olduğunu maraqlanmışdır. Ona Sərdarın dediyi formada işi izah edərək işə düzəldən adamın inandığı adam olduğunu bildirmişdir. Fuad razılıq verdikdən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq yaxın dostunun bacısı oğlunun işə düzəlmək istədiyini bildirmiş və ondan işə düzəlməyin neçəyə başa gələcəyini soruşmuşdur. Sərdar işə düzəltməyin 2000 manat olduğunu bildirdikdə, ona, Fuadı doğma bacısı oğlu kimi qəbul etməsini bildirmişdir. Bu zaman Sərdar yaxın adam olduğu üçün işin 1800 manata həll olunacağını, hətta bu iş alınandan sonra 400 manat da şirinlik payı verəcəyini bildirmişdir. Sərdarla danışdıqdan sonra həmin gün dostu Gülbalaya zəng vuraraq işin 1800 manat pula düzələcəyini bildirmişdir. İlyasov Gülbala işə razılıq verdikdən 2 gün sonra, yəni 2022-ci ilin mart ayının 2-si səhər saat 10:00 radələrində Sərdara zəng vuraraq Yasamal rayonu, Moskva prospektində yerləşən “Alov” zavodunun qarşısında görüş təyin edərək işə düzələcək olan Fuadın da sənədləri ilə birgə oraya gələcəyini bildirmişdir. Daha sonra Fuada zəng vuraraq görüş yerini ona da bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Sərdarla qeyd olunan ünvanda görüşmüş, təxminən 15 dəqiqə sonra Fuad həmin ünvana gəldikdə yaxınlıqdakı çayxanaya gedərək işin təfərrüatları barədə söhbət etməyə başlamışlar. Söhbət zamanı Sərdar Fuadın işə başladıqdan sonra maaşının ***-**** manat arası olacağını və 2-3 gün sonra işə düzələcəyini bildirmişdir. Yarım saat söhbət etdikdən sonra dostu Gülbala zəng vuraraq 1800 manat pulu Siyəzən şəhərindən taksi ilə göndərdiyini və taksinin “Alov” zavodunun qarşısına çatdığı üçün qarşılayaraq pulu götürməklərini bildirmişdir. Təxminin saat 12:00 radələrində çayxanadan çıxaraq taksidən 1800 manat pulu götürmüşlər və Fuadın yanında pulu sayaraq bütöv şəkildə Sərdara vermişdir. Sərdar pulu götürdükdən sonra pulları saymağa ehtiyac olmadığını bildirib cibinə qoymuş və pulla bərabər Fuadın gətirdiyi sənədlərin surətini götürdükdən sonra sənədləri Fuada geri qaytararaq işə çıxan zaman gətirməsini bildirmişdir. Daha sonra Sərdar sağollaşıb oradan uzaqlaşmışdır. Mart ayının 5-i saat 12:30 radələrində Sərdara zəng vuraraq işin nə yerdə olduğunu soruşduqda, Sərdar bildirmişdir ki, işi düzəltməli olan adamın anası rəhmətə getdiyi üçün o, rayona getmiş və 3 gün sonra qayıdacaqdır. 2 gün sonra Sərdarla təkrar əlaqə saxladıqda həmin adamın hələ də Bakıya gəlmədiyini, lakin narahat olmağına əsas olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 09:00 radələrində Sərdara işi öyrənmək üçün zəng vurduqda, o işin alınmadığını, həmin maşınların artıq sürücülərinin olduğunu bildirdikdə, iş alınmırsa, pulu geri qaytarmasını təkidlə bildirmişdir. Sərdar pulu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirsə də, təkidləri əsasında pulun bir qismini qaytarması üçün həmin gün 20 yanvar dairəsində görüşmək istədiyini bildirmişdir. Sonradan Sərdarla “Azərsu” binasının yanındakı 20 yanvar metrostansiyasının çıxışında görüşmüşdür. Bu zaman Sərdar 400 manat pul verərək yerdə qalan 1400 manat pulu da qısa zamanda geri qaytaracağını bildirmişdir. O da həmin 400 manat pulu zərər çəkmiş şəxsə vermişdir. Bundan sonra Sərdara hər gün zəng vuraraq qalan pulu istədikdə sonuncu, 1400 manat pulu həmin işi düzəldən adama verdiyini və ondan pulu aldığı zaman qaytaracağını bildirmişdir. 08 aprel 2022-ci il tarixdə Sərdara zəng vurub pulu istədikdə o, hal-hazırda bankda olduğunu və bankdan 2000 manat pul götürüb artıqlaması ilə pulu verəcəyini bildirsə də, lakin yenə müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. 1400 manat pulu da o özü zərər çəkmiş şəxsə vermişdir. İbtidai istintaq zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, “Adoc” tikinti və inşaat şirkətində 2018-ci ildən 2022-ci ilədək mühafizəçi kimi işləmiş, 2022-ci ilin yanvar ayından may ayının sonuna kimi isə həmin şirkətdə sürücü kimi işləmişdir. O, ünvan 4 ünvanında atası Təqsirləndirilən şəxs ilə birgə yaşayır. Lakin, atasının işlərindən və gedib-gəldiyi yerlərdən xəbəri olmur. Həmçinin onu da qeyd etmişdir ki, onların soyuq münasibəti var və çox söhbət etmirlər. Atasının kimlərisə aldadıb pulunu alması barədə məlumatı ümumiyyətlə olmamışdır. O, bu barədə polis idarəsinə çağırıldığı zaman atasından soruşmuşdur. Atası isə ona bir nəfərdən pul aldığını və pulu qaytarmadığı üçün polisə şikayət olunduğunu bildirmişdir. Ancaq atasından pulu necə və nə üçün aldığını soruşmamış, çünki əvvəllər də iki dəfə dələduzluq maddəsi ilə məhkumluğu olmuşdur. Yəni atasından soruşsa da, onsuz da ona düzünü danışmayacaqdır. Bu səbəbdən onunla bu barədə başqa bir şey danışmamışdır. İş materiallarında olan: - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçmə barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.119-120); - “İfadələrin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli 4384 saylı protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərilən xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 1800 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 188-194 ünvanının qarşısında ələ keçirdiyi öz təsdiqini tapmışdır (i.v.124-127); - “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli 4955 saylı protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs pulu taksidən Cahangirin götürdüyünü və Sərdara verdiyi zaman pulu sayaraq verdiyini və Sərdarın da pulları saymadan təhvil aldığını bildirmişdir (i.v.88-91); - “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 üzləşdirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (i.v.92-97); - “İfadələrin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli 4991 saylı protokoldan və ona əlave edilmiş fotoşəkillərdən görünür ki, istintaq zamanı Şahid1 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərilən xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmişdir (i.v.128-131); - “Baxış keçirilməsi haqqında” 15 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, vətəndaş Şahid1 müraciəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti “Alov” zavodun qarşısında baş vermişdir. Hadisə yerinə baxış keçirərkən iş üçün əhəmiyyət kəsb edən predmet aşkar olunmamışdır. Ətrafda müşahidə kameraları müəyyən edilməmişdir (i.v.8- 11); - “Götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə səs yazısı olan CD diskin götürülməsi zərurəti yarandığından həmin CD diskin “Cahangir” adlı şəxsdən götürülməsi qərara alınmışdır (i.v.186); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən, həmin Məcəllənin 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilmiş və cəza müddəti 5 il endirilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.39-41); - “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanlanmış 26 may 2022-ci il tarixli məktubdan görünür ki, Birliyin ştat cədvəlində “sürücü” peşəsi nəzərdə tutulmadığına görə vakansiya üzrə müsabiqə elanı verilmir, eyni zamanda Şahid1 müraciəti ilə bağlı Birliyin məlumat bazasında araşdırma aparılmış və heç bir məlumat əldə olunmamışdır (i.v.56); - Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd CD diskə köçürülərək qeydə alınmış səs yazısı sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.193-203); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayəti və maddi tələbi yoxdur, ərizəsinin nəzərə alınmasını xahiş edir. - Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, hazırda zərər çəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə sübut növü kimi tanınmış 01 ədəd CD diskə köçürülərək qeydə alınmış səs yazısı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 9 (doqquz) saata görə 54 (əlli dörd) manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə sübut növü kimi tanınmış 01 ədəd CD diskə köçürülərək qeydə alınmış səs yazısı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 9 (doqquz) saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar